Kişi sözü

Rəhim Karim (Qırğızıstan)

Kişi sözü

 Altı yaşlı Əkbər müsəlman adət-ənənəsinə görə sünnət olunmalı idi. El arasında deyildiyi kimi, uşağın kiçik toyunu edib onu “müsəlman eləmək” lazımdır. Və müsəlman adətlərinə görə, bu ənənəvi mərasim müəyyən bir yaşda: üç, beş və ya yeddi yaşına qədər həyata keçirilməlidir.

     Bu baxımdan balaca Əkbər müxtəlif yollarla atası Mahmudun qərarından yaxa qurtarmağa çalışırdı. Bu mövzunun uşağı qorxutduğu açıq-aydın görünürdü və  sadəcə bu sözləri eşidəndə  rəng-ruhu günü-gündən  solurdu. Ona görə də  necə olur olsun, bu “dəhşətdən” qaçmağın yollarını arayırdı. 

–  Oğlum, gələn il məktəbə getməlisən. Yaxşı olar ki, dərs ili başlamamış sənin sünnət məsələni edək. Əks halda, sinif yoldaşlar, həmyaşıdların səni səhv başa düşəcək, daha doğrusu, səni ələ salacaqlar… 

– Yaxşı, nə olursa olsun. Mən istəmirəm. Bilirəm ki, çox ağrıdacaq məni.Bəs, qanaxma dayanmazsa nə olacaq? Onda  ölərəm, axı. Və siz də  ağlayarsınız. Yox, yox, mən nəyin bahasına olur-olsun razılaşmaram. Mənə gülsünlər də  vecimə deyil… 

     Beləliklə, Mahmudun kiçik oğlu Əkbərlə “kişi söhbəti” uğursuzluqla bitdi.

Əkbər bu “kişi söhbətinə” çox ciddi və ağrılı yanaşır, buna görə də özünü utancaq və qorxaq hesab edirdi. Başına gələcəc bu “dəhşət ” dən çox narahat  olurdu.

   –  Mən dəfələrlə demişəm ki, uşağı kiçik yaşında ikən, məsələn, üç yaşına  qədər sünnət eləmək lazımdır ki, ağlının kəsməyən vaxtına düşsün. O zaman uşaq böyüklər kimi  fikirləşməz, – deyə həyat yoldaşı Mənzurə ərinin sözlərini təkzib elədi…

 – Bəs mən nə etməliyəm? O illərdə aləm qarışmışdı biri-birinə, Sovetlər birliyi dağılmışdı. Keçmiş ittifaq respublikaları bir-bir müstəqilliklərini elan edərək milli valyutalarını dövriyyəyə buraxmışdılar. Özünüz də yaxşı xatırlayırsınız ki,  bir ayda əlimə nə qədər pul gəlirdi.Cəmi-cümlətanı qırx sum! Bu pula bir kisə un belə ala bilmirdim. Hələ sünnət toyunu demirəm. Bildiyiniz kimi, adət-ənənəmizə görə ən azı bir neçə quzu kəsilməli,  təntənəli səhər yeməyi və şam yeməyi verilməli, ən azı iki-üç yüz qonaq dəvət edilməlidir. Hələ, günorta yeməyinə nə qədər qadın dəvət edilməlidir, onu da yaxşı bilirsiniz.

     Əkbər öz otağındakı yatağına uzanıb valideynlərinin mübahisə etdiyini eşidəndə  balaca ürəyi getdikcə daha da sürətlə döyünməyə başladı. Ya qorxudan, ya da utandığından… Rəngi soldu, sonra qızardı…

    Qızıl payız gəlmişdi. Axır ki,Əkbər birinci sinfə getdi. Yaxşı oxuyurdu. Məktəbdə yeni dostlar qazanmışdı. Bütün məhəllə uşaqları səhər məktəbə gedir, günorta evə qayıdırlar.

    – Əkbər, ata-anan  səni niyə hələ də sünnət etməyib, – dedi, dəcəl Batır.

   – Mən ayaqyolunda görmüşəm. Mavlyan dərhal reaksiya verdi.- “Əkbər hələ də sünnət olunmayıb”- dedi.

     Bu sözlərdən sonra uşaqlar bir ağızdan gülüb onu lağa qoydular.

 Əkbər uzun müddət idi ki, sinif yoldaşlarının bu xoşagəlməz söhbətini xatırlayırdı.Və hər dəfə də bu söhbət yadına düşəndə o, xeyli  üzülür və kədərlənirdidi. Üstəlik dostları da ondan qaçmağa başlamışdı… Ən yaxın dostları belə görüşəndə ondan qaçırdılar. Onun ilk dərs ili belə keçdi. Nəhayət yay tətili başladı. Bir dəfə Əkbər özü atasını ciddi “kişi söhbətinə” dəvət elədi:

   – Ata, mən sünnət olunmağa qərar verdim. Məni həkimə apar. Bu sünnət işini tezliklə həll edək. Mən də dostlarım kimi əsl müsəlman olmaq istəyirəm…

  Həmin gün Əkbərin valideynləri onu tanış cərrahın yanına aparıblar və o, dərhal Əkbərin sünnət məsələsini həll elədi. Əkbərsə özünü çox yaxşı apardı – heç cınqıri da çıxmadı, ağlayıb  göz yaşı da tökmədi. Həkim də onu tərifləyib: 

 – Nə deyə bilərəm, sən əsl qəhrəmansan, igidsən, -dedi. Həkimin bu sözləri uşağı ruhlandırıb, özünə inamını artırdı. 

   Əkbər isə evə tamam başqa – xoşbəxt, cəsur və qürurlu bir uşaq kimi qayıtdı…

Qırğız dilindən – Nazim Əhmədli çevirdi  

Pin It on Pinterest