KİRMAN RÜSTƏMLİ – NAHÇIVAN
Kərkük
bayatıları(xoyratları.)
Kərkükdən gələn səsə,
Tanrım,qarışıb nəsə.
Məni yandırdı yaxdı,
Söndürmədi bir kimsə.
Mosul,bəlalı Mosul,
Kim etdi səni yoxsul?
Petroluna sahib çıx,
Sən olarsan kölə, qul.
Türkmən,Kərkük bir şeydi,
Avazı yanıqlı neydi.
Dili dilimə bənzər,
Bizdən fərqli,güneydi.
Kərkük qızı utancaq,
Bəd nəzərdən sınacaq.
Baxışları od,alov,
Ora düşən yanacaq.
Evləri var koma -koma,
Torpaqları oyma-oyma.
Kərkükü necə sevdim,
Əldən alarlar,qoyma.
Kirman Rüstəmli
18.12.2023.
Allanıb torpağın talası, gözü,
Lalələr bürüyüb nə qədər düzü,
Elə bil qanayıb torpağın üzü,
Qaradan xal qoyub bağrına lalə,
Dərmandır,şəfadır ruhuma lalə.
Tanrı yaradanda xalın bəzəyib,
Al-əlvan ləçəkdən alın bəzəyib.
Necə yaradıbsa kalın bəzəyib,
Toxunsan qanayar, o gəlməz ələ,
Göbəyi sürməli ,kuzəmi lalə?
Ləçəyi çox incə,zərifdən zərif,
Mən necə deməyim gözələ tərif,
Adına sığınıb cəmi dörd hərif,
Lam yazılır zərlə,bir də zəbərlə,
Müqəddəs sayılmır bizlərə lalə?.
Bu torpağın çiçəyinə söz olmaz,
Tamaşada, inan mənə, göz doymaz.
Çiçək var ki, dərilsə də heç solmaz,
Çökər bunlar yaddaş kimi xəyalə,
Fatasına bürünərmiş qız,lalə.
Kirman Rüstəmli
24.12.2023.
Türkləşən dünya
Türkləşən dünyamın təməli varmış,
Tarixdə hər türkün əməli varmış,
Bir dövlət qurmuşlar qan bahasına,
Sancağı vardırsa,türküm yaşarmış.
Ulusu dünyanın göy tanrısıdır,
Turanı dünyanın bilin, yarısıdır.
Biz iki dövlətik, tamam bir canda,
Bayrağı mavinin ay parasıdır.
Qaqauz doğmadır,nə qədər bizə,
Gözləri bənzəyir gözlərimizə,
Sakarı,çuvaşı ,qıpcağı belə,
Vurulub bizlərin sözlərimizə.
Əl-ələ verimişik,sıramız mətin,
Gedirik Turana yolumuz çətin.
Bizim var olmamız Turanla bağlı,
Ay türküm,bu arzun sənin qismətin.
Kirman Rüstəmli
17.12.2023
Güllə olub, sözümüz?
Ürəyimi ovub,soyub dərd əkən,
Bu yükləri, gəl, sən vurma arxama.
Bu dünyada cəhənnəmin var ikən,
O dünyanın cəhənnəmin saxlama.
Ayaq alta tir-tir əsir qıl körpü,
Qır qazanın çəkir məni özünə.
Az yondumu dərimizi bu törpü?
Hər gün düşək qaynar qazan gözünə?..
Əməl saleh, salma məni bəlaya,
Görməyirsən sənə asi olanı?
Əl qaldırım sənə, ərşi əlaya,
Yandır odda bizi dərdə salanı.
Gözümüzdən damcı deyil qan axır,
Ağlamaqdan toranlaşıb gözümüz,
Nədən bizə doğma deyil, yad baxır?
Güllə olub, kimə dəyib sözümüz?
Kirman Rüstəmli
15.12.2023
Adını siz qoyun.
Bu ömrüm girovdu sənin yolunda,
Ürəkdə xərclədim varidatımı.
Havayı tapmadım özümü səndə,
Ucaltdın sən mənim şərəf,adımı .
Kahkəşan doludur ulduzla, gülüm,
Sən onların biri, ən parlağısan.
Bizdən asılı deyil, itimlə ölüm,
Sən mənə həmişə şirin nağılsan.
Qismət qazanılmır, Allah vergisi,
Taleyin yazısın heç kim pozanmaz..
Ömür səhifələri sən-mən dərgisi,
Bunu vərəqləyən pisə yozanmaz.
Kirpiyim yuxusuz, gözüm yuxusuz,
Xatirən bunlarda asıla qalıb,
Gözlərim yol çəkir,mənzili sonsuz,
Fikrim də dumanlı,qısıla qalıb.
Şairə xanım Zöhrə Qaraqızına ithaf.
Şair ürəyi.
Arzuların çin- çin edər ,qatlayar,
Dərd üstündən köhnə dərdin atlayar,
Ağrı gələr, ürəyində çatlayar,
Gecə gündüz dözər ona kürəyi,
Gör ,necə kövrəkdir şair ürəyi.
Döyüntüsü ara,sıra pozular,
Güman gedər, hər bir dərdə yozular,
Qara Qızı, çox olmadı dozalar?
Gətir dilə arzu, həvəs, diləyi,
Gör, neçə kövrəkdir, şair ürəyi.
Bəzən, volokardin də çatmaz dadına,
Gəncliyini sən salmadın yadına?
Ağrı ögey idi, sən tək qadına,
Məşəqqət zəhməti, halal çörəyi,
Gör,necə kövrəkdir, şair ürəyi.
Döyün,döyün,gəl itirmə Zöhrəni,
Heç saraltma üz bənizi ,çöhrəni,
Elə işlə, qoy biz görək bəhrəni,
Tanrı,yaşat sən bizlərə Zöhrəyi,
Gör necə kövrəkdir ,şair ürəyi.
Kirman Rüstəmli
10.12.2023
Mənim şəhərim.
Bu şəhər qalıb yuxusuz,
Kirpikləri heç qapanmır.
Xatirələri çox, sonsuz,
Ürəklərdə yer tapanmır.
İnsanların üz gözündən,
Sevinc, təbəssüm yox olub,
Ahılların hər sözündən,
Taleyi küsgün göz dolub .
Bu fırtınalar şəhəri,
Dalğası dağlar qədərdir.
İnsan var ölüb səhəri,
Yaşam ölməkdən betərdir.
Qapanmış pəncərələrdən,
Evlərə dolmayır həyat,
işığı yox hücrələrdən,
Ölüm,itim yağır qat-qat .
Bu şəhər mənim şəhərim,
Nazını çəkə bilmirəm.
Gözdə boğuldu qəhərim,
Göz yaşın tökə bilmirəm.
Bir ömrü itirdim burda,
Həyatımı kirlətdim.
Surə doldu,döndüm yurda,
Şəhər, səndən kir ələdim.
Kirman Rüstəmli
05.12.2023
Məmməd Araza
Nə qədər zər atdın, dünya başına,
Qoşası təkindən az oldu ,Araz.
Nursun qayasında,qara daşında,
Göyərən çiçəklər tez soldu,Araz.
Taxtası dünyanın zərinə həsrət,
Daşları düzülmür ta marsa doğru.
Kiminsə əlinə düşürsə fürsət,
Zərdən oğurlayır, zər atan oğru.
Qışın ayazında yoxuşu qarlı,
Nursun dərəsində donub ki bulaq.
Üstü çardaqların nə qədər tarlı,
Hər yeri bürüyüb ağappağ alaq.
Adına münasib Araz ağlayır,
Qatarlar sahilə yan almır daha.
Daməvənd başına qara bağlayır,
Qızılquş o qızı heç çalmır daha.
Mismarın qırıldı əlində yəqin,
Daməvənd qopmadı nədən yerindən?
Qan soran dimdikli o qara vəqfin,
Boğazın boğmadın bir az dərindən.
Heç kimin olmadı, dünya beləcə,
Gəlsən, titrətməyək dünyanın simin.
Həvənin dişində çözülməz dükcə,
Dünya nə sənindir, nə də heç heç kimin.
Kirman Rüstəmli
01.12.2023.
QIZ.
Yanağın allanmış,qız,
De,odmu qalanmış qız.?
Duydum, sənə göz dəyib,
Söylə, bu yalanmış ,qız.
Bu boy, buxun ,sərv qamət,
Allahdan sənə qismət.
Qız, üzündə həya var,
Bax budur namus,ismət.
Bəzək sənə nə lazım,
Halaldı əhdi nazım.
Qız, bəxtin açıq olsun,
Talehinə var yazım.
Mələyə baxmaq olmaz,
Baxmaqla doymaq olmaz.
Dünya dolu qız ilə,
Hər kəsə uymaq olmaz.
Gül, çiçəyə nə deyim,
Yemək deyil mən yeyim.
Qız, ismətin ucadır,
Öndə durub baş əyim.
Yanağın allanmış, qız,
Odmu qalanmış ,qız?
Duydum sənə göz dəyib,
Söylə, bu yalanmış, qız.
Kirman Rustemli
02.09.2020
Kirman müəllim atamın. ” Pəncərədə qalan gözlər” şerinin 5 misrasını sizə göndərirəm Onun ardını siz davam etdirə bilərsiniz? (Qızı)
Dostlar, aşağıdaki beş misralıq şeir naxçıvanlı müəllim, çoxdan dünyasını dəyişmiş Leysan Seyidova məxsusdur .
(1920-1999)
Pəncərədə qalan gözlər.
Düşünürsən dərin-dərin,
Qapanmayır kipriklərin.
Hara dikilmiş nəzərin?
Niyə olmuş talan gözlər?
Pəncərədə qalan gözlər.(Leysan Seyidov)
Bilirəm ki, gələcəksən,
Göz yaşımı siləcəksən.
Ağlamağı biləcəksən,
Qovuşacaq yanaq,üzlər,
Pəncərədə qalan gözlər.
Məncə həsrət bitən deyil,
Xəyallarım itən deyil,
Sevdam varsa ötən deyil,
Dolsun evə gülüş, sözlər,
Pəncərədə qalan gözlər.
Gözləməyin mənası var,
İnsanda ümüd yaradar.
Həsrət səni edər vadar,
Yaş ələnər,bilənlər,
Pəncərədə qalan gözlər.
Zaman, axı, zaman deyil,
Əcəl ,ömür,aman deyil.
Ömür yaylı kaman deyil,
Unutmadıq səni bizlər,
Pəncərədə qalan gözlər.
Leysan Seyidov.(1920-1999)
Kirman Rüstəmli.
Qadın
Ağrısın ,acısın çəkər içinə,
Hönkürsə göz yaşın içər içinə,
Bir qarış torpağı biçər içinə,
Taleyi yollarda qırılan qadın,
Qul tək ona buna sırılan qadın.
Nə qədər dərdi var,çözülər bir an,
Üzünə gülməyir bu günki dövran,
Hardan onu tapdı, bahalıq,böhran?
Dilində gizlətdi analıq adın,
Həm doğması ona yad olan qadın.
Bəxtinə düşənə qismətim deyir,
Əl çatmır yağlıya,yavanın yeyir,
Zər-ziba istəmir ,sadəsin geyir,
Əyilmir heç zaman önündə yadın,
Bir üzü anadır, bir üzü qadın.
Həyatdır heç kimin gülmür üzünə,
Solaxay silləsi dəyir gözünə,
Ümidlə güvənir yenə özünə,
Çoxdan unutdu o, şirinin dadın,
Allahı dilində şükr edən qadın.
İstəyi xəyalda od tutar,yanar,
Yaxşı günlərini barmaqla sanar,
Allahın çağırar, tanrısın anar,
Dərilən gül təkin atılan qadın,
Bazarda mal təkin satılan qadın.
Kirman Rustemli
13.11.2023.
Böyük şəxsiyyətlər unudulmur.Əgər, o, yaşadığı tarixi dəyişdiribsə, hökmən xalqının qan yaddaşına həkk olunubdur.Məhz M.Ə.Rəsulzadə belə şəxsiyyətlərdən biri olubdur. Bu gün onu hörmətlə yad edirik.
Mən ağlaram gilə- gilə,
Dərdlərimi billə bilə.
Haray çəkib düşdün dilə,
-Tarix yazdın, oldun əmin,
Bu vətəndə Məmməd Əmin.
Sən simvolu azadlığın
Bünövrəsi qardaşlığın.
Sərkərdəsi yurddaşlığın,
Türk ulusu bir həmdəmin,
Bu vətəndə Məmməd Əmin.
O yüksələn al bayrağın,
Olubdur sənə dayağın.
Yenməyəcək o növrağın,
Yaraşığı göy aləmin,
Bu vətəndə Məmməd Əmin.
Peyğəmbərin Rəsul Allah,
Qohunmluğun vardır, vallah.
Kaş bunları duya Allah,
Sığındı ona görkəmin,
Bu vətəndə Məmməd Əmin.
KİRMAN RÜSTƏMLİ
Kirman bəyin zamanla səsləşən şeirlərini hər zaman sevə sevə oxuyuram