Kirman Rüstəmli yaradıcılığından bir yaşıl yarpaq — Ümbülbanu Həsən qızı Musayevanın qələmindən
Kirman Rüstəmli Hüseyn oğlu 1948-ci ilin soyuq bir qış gecəsində Qədim Naxçıvan torpağının Cəhri kəndində dünyaya göz açmışdır. Çoxuşaqlı ailədə böyüyən Kirman uşaqlıq vaxtlarında anasından eşitdiyi laylalar, oxşamalar, nağıllar onu ədəbi mühitə səsləmişdir. Müharibədən əlil gələn atasının qayğıları, ailə çətinliklərini bu qarayanız oğlan atasına yaxından kömək etməklə bərabər oxuduğu məktəbdə ədəbiyyat dərnəklərində iştirak edir, divar qəzetlərinə məqalələr yazırdı. O, ayları illərə calayaraq qəlbində baş qaldıran yaradıcılıq arzuları ilə ədəbi mühitə 1972-ci ildə “Şərq Qapısı” qəzetində işıq üzü görən “Müharibə” adlı şeiri ilə gəlmişdir.

Əli təbaşirli, dili Vətən nəğməli olan Kirman müəllim Naxçıvan Pedaqoji texnikumunda oxuyarkən təhsilini yarımçıq qoyub hərbi xidmətə getmiş, 1969-cu ilin sonunda ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmişdir. Pedaqoji məktəbin divar qəzetlərində kiçik həcmli şeirlər yazmış, Naxçıvan şəhərində keçirilən ədəbi yığıncaqlarda dinləyici kimi iştirak etmiş, söz ustadlarından örnək olaraq gələcək yaradıcılıq yoluna ilk ədəbi izlər salmışdır. Ali təhsil almaq üçün Naxçıvan Pedaqoji Universitetinə imtahan verərək qəbul olur, ali məktəbi müvəffəqiyyətlə bitirib pedaqoji fəaliyyətini davam etdirir.
Şərəfli müəllim ömrü yaşayan Kirman Rüstəmlinin yaradıcılığında Vətən, torpaq, yurd sevgisi, təbiətin əsrarəngiz gözəlliyi, saf məhəbbətin tərənnümü, müəllim kimi yetirmələrinə olan sonsuz qayğı bir ömür onunla qoşa addımlamışdır. Şairin “Şərq Qapısı”, “Oxu məni”, “Hürriyyət”, “Haqqın səsi”, Tehranda nəşr olunan “Xudafəri” adlı dərgidə, Bakıda nəşr olunan “Yurd”, “Xəzan” jurnalında, çoxsaylı almanaxlarda və sair qəzetlərdə işıq üzü görən şeirləri, “Türk dünyası şeir seçkisi” kitabında (ASKEF-Türkiyədə çıxıb), “Vaqif Məmmədov xatirələrdə” (Elm və təhsil – Bakı 2017), “Göyərçin əllər” poetik toplusu (Elm və təhsil – Bakı 2018) və sair kitablarda çıxan əsərləri Naxçıvan ədəbi mühitində yeni bir imzanın gəlişindən xəbər verir.
Onun yaradıcılığında “Dünya”, “Bu köçün mənzili haradır, belə?”, “Səni özümə tanrı bilmişəm”, “Ocağında kül oldum”, “Bakı sabahın xeyir”, “Xal”, “Gedirəm”, “Məni qınama ana”, “Bənövşəm”, “Sədərəklilər” və sairə belə onlarla şeirlərin rəngarəng mövzusunun əsasında vətənpərvərlik, yurd sevgisi, saf məhəbbətə inam, təbiət, sirli-soraqlı dünyanın bu günü və sabahı durur.
Şairin “Bura Bakıdır”, “Bu köçün mənzili haradır, belə?”, “Qoy dərdimi yuyum, adam”, “Sədərəklilər” şeirlərində və sairə əsərlərində vətənpərvərliklə yanaşı torpaqları zaman-zaman bölünmüş, zorla alınmış Göycə, Zəngəzur, Borçalı, Qarabağ və sairə ərazilərinin yad əllərə keçməsinə, əliyalın xalqa qarşı törədilən haqsızlığa etirazı verilir.
Onun “Qoy dərdimi yuyum, adam” əsərində:
Torpaq da güllədən yara alarmış,
Qalxanı yoxdur ki sipər eyləyə.
Dağım da, daşım da yaralanarmış,
İmdad diləyirlər, mən yandım deyə.
Əliyalın bir xalqın harayını dünyanın sülhsevər insanlarına çatdırmaq istəyir. Şair, “Bu köçün mənzili haradır, belə?”, “Vətənimdə vətənsizəm” və s. şeirlərində bir əsrdə üç dəfə deportasiya olan, od-ocağından qovulan qaçqın və köçkünlərin acı taleyini ürək ağrısı ilə təsvir edir:
Toplayıb illərin ağır yükünü,
Unudub əslini, soyun, kökünü,
Keçirib başına qara börkünü,
Tökülüb yollara verib əl-ələ,
Bu köçün mənzili haradır, belə?
Şairin poetik dünyası bütün türk torpaqlarını gəzir. “Harada haqsızlıq var, orada ədalətin ölümü var,” – deyən Kirman Rüstəmli təklənən xalqının itirilmiş torpaqlarının geri qaytarılmasına olan inam hissinin ölməsindən, məhəbbəti bənövşə ömrü yaşamış qarayaylıq gəlinlərin fəryadında, anaların vaxtsız ağaran saçlarından ürək ağrısı ilə söz açır, hətta, sülhsevər insanlarla bərabər səmalardan da bu haqsızlığa etiraz gözləyir.
Hər gün itiririk inam hissini,
Analar saçına həna yaxmayır.
Göylərə yüksələn nalə səsini,
Səma da dinləyir, niyə çaxmayır?
Misri qılıncları ilə əsrlərə səs salan oğulları haylayır. “Bu gün vətənə döyüşən oğullar gərəkdir” ideyasını gənclərə aşılayan, yaşlaşdığı üçün öz varlığından küsən şair:
Misri qılınc qından çıxmır, deyəsən,
Kişi ol ki, dəbilqəni geyəsən,
Axı, neçə ildir qəzəbini yeyəsən?
Vuran qolum taqətindən düşüb, oy,
Öz varlığım varlığımdan küsüb, oy.
Şuşada – Cıdır düzündə at oynadan paşinyanları lənətləyir,
Cıdırımda at oynadır yağı, oy,
Biz itirdik yurdu, Qarabağı, oy.
Bu misralar şairin milli oyanışa, birliyə çağırışıdır.
Səngərlərdə yaşa dolan, sinəsini düşmənə sipər edən oğulları alqışlayır.
Səngərdə yoğruldun, sən əsgər oldun,
Müqəddəs torpağa qoydun başını.
Savaşda böyüdün, sən yaşa doldun,
Qorudun Vətəni, vətəndaşını. (Şəhidlik)
Üçrəngli bayrağın Ümumimilli liderimiz H. Əliyev tərəfindən yenidən Naxçıvan MR Ali Məclisinin binası üzərində dalğalanması ilk müstəqil dövlətimizin banisi M. Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” ideyalarının yenidən qayıdışını alqışlayan şair “Bayrağım” şeirində M.Ə. Rəsulzadənin obrazını sevərək yaşadır, əbədiləşdirir.
Bu torpağın mayasından yoğrulub,
Anasından oğul aslan doğulub.
Hər qarış torpağın şəhidi olub,
Müstəqil dövlətəm bu gün cahanda,
Üçrəngli bayrağam Azərbaycanda.
Və ya:
Şərqə mən gətirdim hürriyyətimi,
Tanıtdım dünyaya Cümhuriyyətimi.
Ürəkdən gələn hər şeiriyyətimi,
Mən yazdım Günəşin erkən çağında,
Üçrəngli bayrağam Azərbaycanda.
Şair yaradıcılığında milli etik adət-ənənələrimizi, doğma yurda bağlılığı, xüsusən də unudulmaqda olan “Səməni” halvasını dadından söz açır, el qızlarının gözəlliyindən, kənd toylarındakı el adətlərinin təsvirini bədii və poetik dillə verərək keçmişimizi bu günə calayır, ona əbədiyaşarlıq verir, onları gələcək gənclərimizə ərmağan edir.
Xatirə kövrəkdir, yaz bunu qələm,
Necə də əzizdir o günlər mənə.
Keçmişim yaddaşda canlı bir aləm,
Mən hələ borcluyam dünənim, sənə.
“Kəndim” şeirində Naxçıvan tarixində sayılıb seçilən oğulları ilə əsrlərə səs salan doğma Cəhri kəndinin bədii obrazını yaradan şair, kənddəki el adlarını – toponimləri əbədiləşdirir:
Dağın Çalxan Məkkəz dayaq,
Heç dəymədi yad bir ayaq,
Mümkün deyil səndən doymaq,
Cəhri kəndim, Cəhri kəndim….
Ömrüm burda gəlib keçdi,
Bir qızı da könlüm seçdi,
Sənsiz yaşam mənə heçdi,
Cəhri kəndim, Cəhri kəndim.
Özünə məxsus poetik ifadələr, bədii təsvir, ifadə vasitələrindən məharətlə istifadə edən Kirman Rüstəmli “Odlayaqmı”, “Gülüm, yarımsan”, “Qadın”, “Yanındayam mən”, “Xallısan”, “Dəlisən ki, dəli”, “Səni seçmişəm”, “Ocağında kül oldum” və s. şeirlərinin əsasını saf məhəbbət, əhdə vəfa, qadına hörmət, anaya ehtiram və s. insana məxsus sevgi motivləri tutur.
Qar kimisən, yanaqların allanıb,
Kim bəzəyib yaradanda de, səni?
İpək saçın sal deyincə sallanıb,
Gözə gələr baharında de səni.
Bir səyyah kimi Naxçıvan torpağını gəzən, onun əsrarəngiz təbiətinin sirli-soraqlı diyarından zövq alan Kirman Rüstəmlinin “Bənövşəm” şeiri çox lakonik əsərdir. İlk baharın müjdəsi olan bənövşəyə xitabla:
Adın çəkməm nərgiz məndən inciyər,
Yaz gəlməsə qar altında linciyər,
Səni kimsə dərər, tez mənimsəyər,
Qan ağlaram, xəstə ollam bənövşəm.
Gülləri dər, dəstə-dəstə dəstələ,
Mahnı düzəlt, sən onları bəstələ,
Yalqız qalma, hərdən məni də səslə,
Nərgizimdən soraq verim, bənövşəm.
Azərbaycan ədəbiyyatının milli vəzni olan qoşma janrından gözəl əsərlər yazan şair, həmçinin, bayatı və sərbəst mövzularda da qələmini sınamışdır. O, öz əsərləri ilə nəinki Naxçıvan mühitində, Cənubi Azərbaycanda və türk dünyasında da çoxlu oxucu rəğbəti qazanmışdır. Təbii ki, Kirman Rüstəmli yaradıcılığı getdikcə püxtələşir, bitkinləşir, mövzu rəngarəngliyi artır. O, ustad pedaqoq, yaradıcı şair kimi Vətən, el, xalq arasında mənəvi borcundan bəhrələnərək yazıb yaradacaq, öz oxucularını yeni əsərləri ilə sevindirəcəkdir.
Şair Kirman Rüstəmli “Bu köçün mənzili haradır, belə”?, Ankara 2019, Sahil kitab yayın evi.
“Təbrizim”, Tehran, 2023.
“44 günün zəfəri”, Bakı, “İmza” nəşriyyatı.
“Bir daş üstə oturmuşam”, Bakı, 2025, “İmza” nəşriyyatı.
“Ömrün də qar yağan bir fəsli varmış”, Bakı, 2025, “İmza” nəşriyyatı (Publisist yazılar)
kimi nəsr əsərləri vardır.
Bu köçün mənzili haradır, belə?
Toplayıb illərin ağır yükünü,
Unudub əslini, soyun, kökünü,
Keçirib başına qara börkünü,
Tökülüb yollara, verib əl-ələ,
Bu köçün mənzili haradır, belə?
Karvan qatarlaşıb karvan dalınca,
Yurdunda ocağı yanmaz qalınca,
Qışın bu günündə əyni yalınca,
Külək sovurmayır izlərin hələ,
Bu köçün mənzili haradır, belə?
Boşalır bir elin yurdu, yuvası,
Acından ulayır həyət tulası.
Görən, kimə qalır yurdun obası?
Ocağın közünü verirlər selə,
Bu köçün mənzili haradır, belə?
Dağlar da, daşlar da çobansız qalır,
Kimisi torpaqdan bir ovuc alır,
Evinə, yurduna son nəzər salır,
Daraq da vurm ayır dolaşıq telə,
Bu köçün mənzili haradır, belə?
Köçməyi bilməzdik biz ki əzəldən,
Feyziyab olardıq meydən, qəzəldən.
İndisə qapırıq hər közü əldən,
Yollarda qaldıq ki, biz gələ-gələ,
Bu köçün mənzili haradır belə?
Nə vaxt bitəcəkdir köçü elatın,
Tükənir soyları, qoçu elatın,
Axı nədir, tanrım, suçu elatın?
Bağlayır dalına böyük bir şələ,
Bu köçün mənzili haradır, belə?
Kirman Rüstemli
kirman 17.02.2019

Ümbülbanu Həsən qızı Musayeva
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Publisist-yazar.
26.12.2019
Şərur şəhəri.

