İki rayonun qəhrəmanı olan yaralı qazimiz
Kanal32.az “Bitməyən ömürlər” rubrikasında Vətən müharibəsinin-2-ci Qarabağ savaşının qəhrəmanlarından birini təqdim edir:
Talıbzadə Əli Əliələsgər oğlu 1997-ci il dekabrın 21-də Neftçalada dünyaya göz açıb. Neftçala rayonunun Bankə qəsəbəsindəki S.Vurğun adına 2 №-li tam orta məktəbdə təhsil alıb. Vətənpərvərliyi ilə hər zaman müəllimlərinin diqqətini çəkib. Vətən, torpaq sevgisi onun hərbiyə olan marağını həmişə ön plana çıxarıb. Bunun nəticəsi kimi uşaqlıqdan hərbiçi olmağı arzulayıb. Bu arzuya çatmağın ilk addımı isə 2018-ci il iyun ayının 26-da-məhz Silahlı Qüvvələr Günündə reallaşıb və hərbi xidmətə yollanıb. Hərbi xidmətdə Baş atıcı və manqa komandiri vəzifəsinə yüksəlib. Hərbi xidmətini başa vurduqdan sonra mülki həyatını davam etdirib.
Ancaq onun hərb sahəsindəki xidməti yenidən,məhz 27 sentyabr 2020-ci il tarixdən Vətən müharibəsinə qatılmaqla başlayır. Ordu sıralarına qoşulan Əli Tablıbzadə torpaqlarımızın mənfur düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə sözün əsl mənasında cəsarətlə,mərdliklə vuruşur və xüsusi şücayət göstərir. Qəhrəmanımızın döyüş yolu Fizuli və Cəbrayıldan keçir. 02 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı bədəninin müxtəlif nahiyələrindən güllə və qəlpə yaraları alır. Məlum olur ki, düşmən gülləsi onun sol ayağını dəlib keçir. Həmçinin, sağ ayağının altından 4 qəlpə yarası, sağ çiynindən isə 1 qəlpə yarası alır. İlkin tibbi yardım göstərildikdən sonra döyüş meydanından çıxarılan Əlii hospiatala çatdırılır. Sonra o, Bakıdakı Travmatologiya institutunda əməliyyat edilir. Müalicə isə hazırda davam edir. Lakin yaralı qazimizin yenidən əməliyyat olunmasına ehtiyac var. Belə ki, onun ayaq nayihəsindəki damar yolları bağlanıb.
Onu da qeyd edək ki, 23 yaşlı Talıbzadə Əli Əliələsgər oğlu Ali Baş komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Biz də redaksiya olaraq qəhrəman qazimizə Allahdan şəfa diləyirik və onun tezliklə sağlamlığına qovuşmasını arzulayırıq.
Müəllif: Kanal32.az