GenelGüncelKültür Sanat

İbrahimxəlil

NazımAhmetli

Kırımınsesi Gazetesi

Azervaycan Temsilcisi

İbrahimxəlil

Şeirlər

Ümid dayanacağı

Bu qürub çağında sanki günəş də

son damlasınacan içilib gedir.

Bircə mən qalıram dayanacaqda,

hərə yuvasına çəkilib gedir.

                  ***

Naringi qabığı atılıb qalıb;

əzgil çəyirdəyi, qırıq tar simi…

Harda ki, dərd qalın, əyin yuxadır,

açan tapılarmı qarlı tilsimi?

                  ***

Nə pul itirən var, nə mal, görünür,

hərə bir üsulla şəfa alıbdır?

…Di gəl ki, hərədən bir ümid düşüb,

hərədən bir ümid düşüb qalıbdır.

                  ***

Yığvaldı… yığıram ümidləri mən,

şamı son axşamdan, nolar, qoparın!

Hərədən bir ümid düşüb qalıbdır;

düşən ümidləri gəlin aparın!

                  ***

Bircə mən qalıram dayanacaqda…

…adam ümidini ürəksiz yeyir.

Ulduza baxaraq duza batırıb,

adam ümidini çörəksiz yeyir.

                  ***

Orda isti xörək, isti də yataq,

orda yağlı düyü, yağlı ət olar.

Nə var bir adamın üşüməyinə;

ümid üşüyəndə qiyamət olar!

                  ***

Düşən ümidləri gəlin aparın,

yoxsa hər ümid də baş alıb gedir.

Bir də görərsiniz dayanacaq da

məchul bir qatara qoşulub gedir…

Arada-sırada Ortacalada

Xumar vaxtlarında belədi Tiflis;

yüz-yüz qəhər süzüb yaşadır səni.

Arada-sırada Ortacalada

Tiflis əmirinə oxşadır səni?..

                  ***

…Xilafət dövründən əsrlər ötüb,

hər zövqə-səfaya zaman qənimdir?

Tiflis əmirinə oxşadır səni?

…hərdən elə bilir fərman sənindir!

                  ***

Duyğular göyərir çuxurlarından;

qubar da qarışır qarda çalaya.

Bir də sarıyanız sarmaşıq kimi

can elə sarılır Ortacalaya!

                  ***

Nəbzin Ortacala nəbzidi eynən:

tab-taqət, tağtavan tar-mar olursan.

Xumar vaxtlarında belədi Tiflis;

sən də ona baxıb xumar olursan!

                  ***

Sonra “xumar oldum” oxuyur hamı:

yavuz yağışlarda hamı isdanmış?!

Öpüşü ört-basdır ölkə də sanki

Gürcüstan deyilmiş, Xumarıstanmış!..

Ay dağlar

Burda naşı olduğumu

duman bilməsin, ay dağlar.

Bu qərib halıma təkcə

yaman gülməsin, ay dağlar.

                  ***

Yağışda Yar həvəsi nə? –

çox yüyürür qəfəsinə.

Aldanıb tütək səsinə

deynən: gəlməsin, ay dağlar.

                  ***

Üzəgülən ümidlərin

nədən tez töküldü sənin?

Mənim anam öldü… sənin

anan ölməsin, ay dağlar!

 Mən baharla qayıtdım

Yüz bahar verdi qürbət…

 …üfüqdəndi qan izi?

Mən baharla qayıtdım

 vətənə bir dan üzü…

             ***

Yüz bahar verdi qürbət  –

dedi: sarılma hədər;

vətənin beş qarışı

 mənim baharım qədər.

             ***

Yoxsa elə bilmişdin

qərib qumrutək quşdu?

…Mən baharla qayıtdım;

gəldm – vətəndə qışdı…

             ***

Gülən gözümə baxıb

 bahar da saz götürdü…

 – Ax, yaramaz, – dedilər, –

qışı vaxtsız gətirdin!

Gözəl səs

Nəfəsdə bir gözəl səs olur, dağlar,

çoxu gül dərəndir – buna gəlirlər.

Mən nəfəs dərməyə gəlirəm bura;

döşündə dərirəm – mənə gülürlər.

             ***

Nəfəsdə bir gözəl səs olur, vallah…

…nəfəsini dərən bir səs oluram.

Mən öz nəfəsimi unudub burda –

sənin nəfəsinlə nəfəs alıram.

             ***

Tanrıya salavat zirvələrin də

qara qışda bəyaz gəmidir, dağlar?

Cəm olduq başına, canın sağ olsun,

ömür də nəfəslər cəmidir, dağlar.

             ***

Bu pulsuz-parasız havanı – sənin – 

bax, ciyər dolusu içəri aldım.

Nəfəsim qaralmaz, kəsilməz daha;

dağ – aran arası köçəri qaldım.

             ***

Çoxunun qəfəsdən qaçdığı yerdə

çox öpdüm, ay dağlar… döş qəfəsini.

Sənin nəfəsinlə çox nəfəs aldım;

canım çox istədi xoş nəfəsini.

                       ***

 Nəfəsdə bir gözəl səs olur, neynim,

sığınacaq yeri – sinə əmanət.

Sən əhdə hamıdan əmanətdarsan,

sonuncu nəfəsim sənə əmanət…

 Mən də Sınıq körpü kimi

Mən sınmayan şairiydim Sınıq körpünün…

…içərilər elə doldu eşikdə qaldım.

Gələcəyi günə sərən qocalar bilər:

mən də Sınıq körpü kimi keçmişdə qaldım.

                       ***

Şər vaxtını şeir bilib alatoranda

cəllad: – Bunun işığını söndürün, – dedi, –

medal-medal, orden-orden sınan deyil bu;

bunu Sınıq körpü kimi sındırın! – dedi.

                       ***

Eh, şairin özü sınmaz, qələmi sınar…

…beli sınan məzarçı da ayaz sanmasın.

Qəbrim üstü – buz  üstüdü… bəlkə də sındım…

…təki orda o qıyqacı Araz sınmasın!

İnsan – sevdiyinə sarılar, canım

İnsan – sevdiyinə sarılar, canım,

məsələn, şah gedib taca sarılır.

…Allahdan aşağı uca – ucaya,

qocaya həmişə qoca sarılır?

                       ***

Məsələn, çiçəyi kim azdırdı ki,

 məsələn, kim dedi: arıya sarıl?

…Mən sarı deyiləm, sarı sarmaşıq,

mən sarı deyiləm, sarıya sarıl.

                   ***

Getdim dərdi qalın, əyni də yuxa;

məsələn, şaxtaya, dona görə mən.

Gizlində sarıldım Sınıq körpüyə,

çox dilə düşmədim ona görə mən…

                    ***

Sən mənə sarılma, sarı sarmaşıq,

mən sarı deyiləm, sarıya sarıl…

Burda Tiflis, orda Təbriz

Deyirəm: Sınıq körpüyəm,

sən yenə məndən keçirsən.

Yeriyirsən sayrı-saman;

çayır-çəməndən keçirsən?

                  ***

Burda Tiflis, orda Təbriz:

körpümü qəhətdi, canım?

Get, səni yoldan eləyər

Sınıq körpü həyəcanım…

                       ***

Karvanqıran ulduzdumu

alatorandakı işıq?

Yandırarlar körpüləri;

yandırarlar – mən qarışıq.

                       ***

Körpümü qəhətdi, canım,

durub sınıq sarıyırlar?

Mənim muzeylik sinəmi

turistlərçün qoruyurlar.

                       ***

Körpüdən çox körpü var… get…

biz tərəfi yasaqla sən.

Yandırdığın körpülərin

barı külünü saxla sən…

Qan yerinə mürəkkəb

Şair dediyin də belədi, dağlar;

düymə duyğuları dinənə qədər.

Bir qələm misilli qəddənər ruhu;

qanı mürəkkəbə dönənə qədər.

                       ***

Dan yerində bənd-bənd can yonqarları –

bax, şeir şəklində ələdi, dağlar.

Yaz-qış Sarf Qayada, Sənəkuçanda

şair dediyin də belədi, dağlar!

                       ***

Dərddən dağa çıxıb bəxtəvər alan, –

dağlar, ağır-yüngül bir yükə baxır?

Bir gün damarından qan alan həkim

görər – qan yerinə mürəkkəb axır!

                       ***

Qan qardaşı kimi qanı qaynadı;

yolu yollarına culanıb sənin.

Sən də şairsənmi, yaxalığına

elə bil mürəkkəb calanıb sənin!

                       ***

…Axar damar-damar yaylaq yolları,

sizdə nə günəşlər doğdular, dağlar!

…Dəryalar mürəkkəb idi… şairi

bir gün mürəkkəbdə boğdular, dağlar!

Qalaktika

Yusif Səmədoğlunun xatirəsinə

Rüzgar var qalaktikada –

lap Araz qıraqlarıtək.

Ürək necə qırılmasın –

meteor qırıqlarıtək!..

                       ***

Südyolunu südmü, yoxsa

qalın-qalın qarmı tutar?

Ulduzlar qalaktikada

bir yerdə qərarmı tutar?

                       ***

Qar gələr hey bürəm-bürəm:

qələm-qələm yananlara;

eh, gildən, palçıqdan deyil,

ulduzdan yarananlara…

Aylı Tiflis axşamları

Tiflis! Mənim tənhalığım Ayla bir beçələdi…

…fırlanır qərib kimi hüznü həzin səyyarə.

Düz gecənin gırt yarısı, düz bağrımın başından –

yelkənimin yetim vaxtı iki ümid göyərə:

biri Yetim Gürcü ola, biri Yetim İbrahim.

                       ***

Biri bir xaça bağlıdı, biri də ayparaya,

bütün xaçlar, ayparalar Allahdan aşağıdı.

Tiflis! Gün düşərmi heç gecədəki yaraya?

…və bir halda, olan-qalan iki Haqq aşığıdı:

biri Yetim Gürcü ola, biri Yetim İbrahim.

                       ***

Bir gün bütün lüğətlərdən silinər “yetim” sözü…

…Tanrı bütün millətləri birdən bir millət edə.

“Yar” – “yarı” sözündəndi, əl qaldırsın yarıyan…

…sən adda Yara doğru qarlı yollar qət edə:

biri Yetim Gürcü ola, biri Yetim İbrahim.

                       ***

Tiflis! Mənim tənhalığım Ayla bir beçələdi…

…o üzdən ümidləri, yanaqları batığam.

Bir Yetim Gürcü qala, bir də Yetim İbrahim;

varıb gedəm buralardan – görəndə ki, artığam…

Bir hava düşürdü sümüklərimə

Bir hava düşürdü sümüklərimə…

…dərdlər arazbarı azalırdılar.

Eh, bəlkə də mənim sümüyümdəndi;

qarmona sümükdən dil salırdlar.

                       ***

Sümüklərim çıxdı, sınmaq bilmədim –

skeleti çıxan Sınıq körpütək.

Qanım qaynayırdı sınıqçılara,

yaşıl ümidləri yanıq kirpitək!

                       ***

Bir ucunda Tiflis, birində Təbriz;

Aytək qəlbiləndim qəlb yüklərimə.

Oynaya-oynaya yıxılan dağlar! –

bir hava düşürdü sümüklərimə.

                       ***

Bir hava düşürdü sümüklərimə;

göylərdən özgə də yurd-yuva yoxdu…

Oynaya-oynaya yıxılan dağlar! –

biləsiniz: məni o hava yıxdı…

                       ***

Eh, adı dilimin ucunda qalıb,

adında az-az göz yaşları vardı…

Oynaya-oynaya yıxılan dağlar! –

sanki adınıza oxşarı vardı.

Fəxri Uğurluya

Ay dost, bu da şəhri-Tiflis!..

…uçmaq həvəsin öldürmə.

Mən sonuncu Şeyx Sənanam,

amma şeyxlərə bildirmə.

                       ***

Sizin Laçın tərəflərdən

bir gün ağ-ağ fillər gələr!?

…Şeyx Sənan olmaq eşqiylə

hələ çox tifillər gələr.

                       ***

Belə ki, yaz gülür, ay dost,

yollar ifçin-ifçin olar.

Burda Kürə danışdığım

yuxu Bakıda çin olar.

           Keçdi

Duyğular belədi, dağlar, –

bir də gördün Çindən keçdi.

Bir də gördün Yer təkindən,

göylərin içindən keçdi.

                       ***

Yox şairin yer davası,

yanıqdı yurdu-yuvası.

Ona qəriblik havası

bir qərib köçündən keçdi.

                       ***

Dərd dənnədi hər dəhandan,

Ərzurumdan, Ərdahandan…

Kəsildi yüz imtahandan,

eh, cəmi üçündən keçdi.

                       ***

Görməz hər sayrı-samanı,

sözü öpdü asimanı.

Bir gün nevroloq zamanın

çalbığ çəkicindən keçdi…

Arazın altı noylar…

“Məndə siyasət adlı bir

mərəz yox”..M.Şəhriyar

Getdi xanlar, xanlıqlar,

çox gözdə muraz qaldı.

O qədər xan içindən

bircə xan Araz qaldı!

                       ***

Çaylar canımdan axır;

demirəm: çayam burda.

Yarı dəmir, yarı daş;

bir noy, noyçayam burda.

                       ***

Hər həyat da bir çaymış…

…hər can – bir qubardandı?

Bəs “Araz” deyildikcə

səksənənlər hardandı!?

                       ***

Bir noy, noyçayam burda…

…qələm-qələm meşələr.

“Arazın altı noylar” –

oxuyur bənövşələr.

                       ***

Ovçu düşərgələri

qannı döşdə tikilər.

Təşnə marallar gecə

gəlib teştə tökülər.

                       ***

Eh, haçandan-haçana

qayaları haçayam.

Saxsı, ağac qarışıq

burda bir noy, noyçayam.

                       ***

Qarda dağları xiffət

az-az alçaltmış olar.

Orda navalçalara

salamım çatmış olar…

Anamın pensiya kağızı

Qızılı yarpaqlar qızıl payızda

yağır narın-narın… bir əldən yağır –

elə bil anamın pensiyasıdır;

ütələk-ütələk nəvələr yığır!

                       ***

…Bir gün soğulacaq qızıl irmaqlar

nə qədər axsan da qızıl axında!

Anamın pensiya kağızı bəlkə

ən qəmli şeirdir payız haqqında…

                       ***

Ağ saçları payız qoxuyurdu, eh…

…hər dəfə həsrəti gizləmək qalır.

Anam durnalarla köçdü bir axşam,

durna qatarını gözləmək qalır.

Tiflisin Dezertir bazarına

Mən kitab dezertiriyəm…

bir var qanadsız uçanlar!

Fərq eləməz… Bağdad, Roma;

bir var ordudan qaçanlar.

                       ***

Mən kitab dezertiriyəm…

…fil dərdini dizə sürtər.

Nə deyim, ay bazar, daha? –

sən – Dezertir, mən – dezertir!

                       ***

Fərari fikirlərlə bir

sevdalı sətirlər dinər.

Bir gün sənin yollarında

adam dezertirə dönər…

                       ***

Dərdli daxıllar dalında

qəhərin də qom-qom olub.

Bazar! Ulduz yağmurunda

hərə bir bazarkom olub!

                       ***

Mən kitab dezertiriyəm;

cild-cild olar canın tabı.

Bir sabah siftə əvəzi

yandır çıxdığım kitabı!

                       ***

Ura günüymüş oralar;

yığdığım uralar imiş.

Yandır gəldiyim kitabı;

kitab ki, buralar imiş!

                       ***

Əsrim belə keçib gedir –

elə sürgünə, yataba!

Mən kitab dezertiriyəm:

bu kitabdan – o kitaba,

o kitabdan – bu kitaba!..

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest