GenelGüncelKültür Sanat

Həsən bəy Zərdabi’nin milliyyətcə rus olan tələbəsi- Qaladaqiyyəli (Qumbaşılı) akademik M.A.Pavlov (1863-1958)

Akademik Pavlov xatirələrində atasız-anasız böyüdüyünü tez-tez yada salsa da, özünü zarafatla “küçə uşağı” adlandırsa da, “o vaxt onundoğuduğu kənddə heç küçə yox idi” deməyi də unutmurdu

Bakı Real Məktəbində Həsən bəy Məlikzadənin (Zərdabinin) ən sevimli tələbələrindən biri sonralar dünya elmində özünə şərəfli yer tutan akademik metallurq Mixail Aleksandroviç 9 yanvar 1863-cü də Bakı Quberniyasının Lənkəran uyezdində anadan olmuşdur. O, 1874-cü ildə Lənkəranda ikisinifli şəhər məktəbini bitirərək, Bakıya gəlmiş, qəbul imtahanında verilən suallara yaxşı cavab verdiyinə görə savadlı müəllimləri ilə məşhur olan Bakı Real Məktəbinə daxil olmuşdur.
M.A.Pavlov 1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirərək, çar Rusiyasında və SSRİ-də metallurgiya sənayesinin aparıcı mütəxəssislərindən biri kimi tanınmış, istehsalatla elmi əlaqələndirərək metallurgiya sənayesinin akademiki kimi tarixin yaddaşında qalmışdır.
Bugünki söhbətimiz özünü Azərbaycan vətəndaşı hesab edən, ömrünün ahıl çağlarında belə Azərbaycanı və Azərbaycan dilini unutmayan, SSRİ Elmlər Akademiyasının akademiki, 2 dəfə Stalin mükafarı laureatı adına, 5 dəfə Lenin ordeninə layiq görülmüş həmyerlimiz Sosialist Əməyi Qəhrəmanı Mixail Aleksandroviç Pavlov haqqındadır.

Lənkəranlı Pavlovların Azərbaycana gəlişi 1855-ci ilə – Pusiya-Türkiyə müharibəsi dövrünə təsadüf edir.

Mixailin babası Don kazaklarından idi. O, Ust-Bıstryanski, arvadı (Mixailin nənəsi ) isə Kunduryuçey stanitsasından idi. Mixailin babası Rusiya-İran sərhədlərində hərbi xidmət edən Rusiya vətəndaşı olsa da, sonralar Azərbaycan torpağını özünə vətən bilmiş, dünyasını burada dəyişmiş, burada da dəfn olunmuşdur.
Mixailin sonralar yazdığı xatirələrindən məlum olur ki, o, atasını xatırlamır, anası isə oğlunu 7 yaşında yetim qoymuşdur.
Pavlovlar əvvələr Astarada yaşamışlar. Sonralar, Mixailin 9 yaşında məktəbə getmək məsələsi ortaya çıxanda, ailə üzvləri onu yaxınlıqda məktəb olmadığı üçün , Lənkərandakı ikisinifli məktəbə göndərməyi qərara alırlar. Belə ki, Mixailin xalasının (anasının kiçik bacısının) ailəsi artıq bir neçə ay idi ki, Astaradan Lənkərana köçmüşdü. Xala özü oxumaq və yazmaq bilməsə də , bacısı oğlunun yaxşı təhsil almasına çalışırdı. O, “МИШУ НАДО УЧИТЬ” fikrində israrlı idi.
Mixailin xalasının əri A.V.Znamenski əvvəllər Astara Gömrük İdarəsində kiçik məmur vəzifəsində işləyirdi. 1872-ci ildə isə o, Lənkəran Gömrük İdarəsinə üzv vəzifəsinə təyin edilir.
Ailənin Lənkərana köçməsi də məhz bununla əlaqədar idi. Xala, A.V.Znamenski kimi ləyaqətli bir kişiyə ərə getdiyinə görə özünü xoşbəxt sayırdı. O, Mixaili də belə bir vəzifə sahibi kimi görmək istəyirdi.

Lənkəranın 20 kilometrliyində yerləşən 10 kazak ailəsinin yaşadığı Qaladaqiyyə yaşayış məntəqəsindən ( indi bu yaşayış məntəqəsi Qumbaşı kəndi adlanır.Kənd Masallı inzibati ərazi bölgəsinə aiddir-N.N.)

Lənkərana oxumağa gələn Mixail burada yaşayan milliyyətcə gürcü olan bir ruhaninin evində – onun uşaqları ilə bir otaqda kirayədə yaşayır. Üç kiçik uşaq anası olan xala, bacısı oğlunu öz kiçik mənzilində saxlaya bilməsə də, ondan öz xalalıq qayğısını əsirgəmir.

Lənkəran şəhər məktəbinin birinci sinfi üç bölməli idi. Dərrakəli olduğuna görə Mixaili 2-ci bölməyə qəbul edirlər. Mixail 2-ci sinfi qurtaran il A.V.Znamenskinin iş yerini dəyişirlər. O, ailəsi ilə bərabər Bakıya köçür. 1874-cü ilin payızında Mixail də Bakıya köçür və Bakı Real Məktəbinin 2-ci sinfinə qəbul olunur.
Mixail düz 3 il xalasıgildə, onun uşaqları ilə bir otaqda yaşayır.

Bakıya köçən A.V.Znamenskinin xasiyyəti burada tanınmaz dərəcədə dəyişmişdi. O, Mixailin babasından – öz qayınatasından Mixailin onlarda qalması üçün kirayə pulu almaq istəyir. Baba kirayə pulu əvəzinə, ona Lənkərandan müntəzəm olaraq ərzaq məhsulları – qaz, öprdək, balıq göndərir.
IV sinfə keçəndə Mixail bu ailəni yaxşı tanıyan Monamaxovgilə köçür. Artıq Mixail Pavlov özü pul qazanmağın çəmini tapır; repetitoruq edir, həm A.V.Znamenskinin iddialı borcunu qaytarır, həm də ali məktəbdə oxumaq üçün pul toplayır. Bu işdə Mixailə BRM-nin müəllimləri vasitəçilik edir, onu varlı ailələrə tanıdırlar.

BRM-də oxuyarkən M.Pavlov heç vaxt yataqxanada yaşamayıb, son siniflərdə oxuyarkən ayrıca mənzil kirayələyib və Bakı Real Məktəbini qurtararkən attestatında əla qiymətlərin içində təkcə

bir “3”-ü olub. O da rəsm və rəsmxətdən. Lakin bu “3”-ə baxmayaraq, ona fərqlənmə attestatı veriblər. Mixail sonralar yazırdı ki, o, rəsm və rəsmxəti heç də başqalarından pis çəkmirmiş. Rəsm müəllimi öz fənni ilə yanaşı, məktəbin kitabxanasına da rəhbərlik edirmiş. Mixailin Bakı Real Məktəbinin kitabxanasına tez-tez müraciəti rəsm müəlliminin xoşuna gəlmirmiş. Ona görə də ona aşağı qiymət yazıb. O, bunu narahatçılıqla qarşılayırdı. Mixail xatirələrində başqa müəllimlərin adını yazsa da, rəsm müəlliminin adını çəkmir.

Mixail Pavlov və onun sinif yoldaşları ali məktəbə girmək üçün mütləq VII sinfi qurtarmalı idilər. VII sinfi qurtaranlar 2 illik yunker məktəblərinə daxil olub zabit ola bilərdilər. Mixailin babası da bunu istəyirdi. Qeyd edək ki, Mixail Bakı Real Məktəbində oxuyanda nənəsi həyatdan köçmüşdü, babası isə özündən xeyli cavan bir qadınla evlənmişdi. O artıq, nəvəsinə əvvəlki qayğılarını göstərə bilmirdi: Mixailin tez-tez yaşayış yerıni dəyişməsi də bununla baglı idi.

Mixailin babası nəvəsinin tezliklə bir işə düzəlməsini istəyirdi. Mixail babasını inandırıb, daha bir il oxuyur, sinfin digər 8 şagirdləri ilə bərabər şimala üz tutur: onların çoxu Peterburq Dağ-Mədən İnstitutuna daxil olmaq istəyirdi. Bu da təbii idi. Bakı neft təlatümündə idi. Bakı hələ Nobelləri tanımasa da, hamı neftdən danışırdı.
O vaxtlar Bakıda tanışlar bir-biri ilə salamlaşmaq məqamında soruşurlarmış:
“Burğun atır,yəni neft buruğun fantan vurur?”

1880-ci ilin mayında Mixailgil bakılı zəngin gənclərin geydikləri ağ kostyumda 7 yoldaş olub Şimala yola düşürlər. Gəmi ilə Həştərxana, oradan çay gəmisi ilə Tsaritsinə, oradan da dəmir yolu ilə yollarına davam edirlər. O, Moskvadakı Kənd Təsərrüfatı Akademiyasına daxil olmağı qərara alır. Sonralar fikrini dəyişir,metallurq olmaq istəyir.

Mixailin ən yaxın dostlarından biri azərbaycanlı Cəbrayıl bəy iidi.


Danışdıqlarımın çoxu M.A Pavlovun “Metallurqun xatirələri ” kitabındandır. Burada müəllim-şagird münasibətləri, Bakı Real Məktəbi və onun müəllim kadrları haqqında arxiv sənədləri ilə üst-üstə düşən maraqlı paralelləri vardır.
M.A.Pavlovun xatirələrində ən çox diqqəti cəlb edən müəllim – Həsən bəy Məlikovdur.
Xatirələrdən məlum olur ki, Həsən bəy aşağı siniflərdə hesabdan, VI sinifdə isə uşaqlara təbiət tarixindən dərs deyirmiş. Təbiət tarixinə aid dərslik olmadığına görə, Həsən bəy tələbələrinə (şagirdlərinə) mövzunu yazdırar, növbəti dərsdə dərsi konspekdəki yazılara əsasən soruşarmış.
Tələbələr 7-ci sinfə keçəndə öyrənirlər ki, Həsən bəy Bakı Real Məktəbini tərk etmək məcburiyyətində qalmışdır. Onlar öz sevimli müəllimləri ilə vidalaşmaq, yaxşı dərslərinə görə ona təşəkkür etmək məqsədilə Həsən bəyin evinə gedirlər.

M.A.Pavlovun “Metallurqun xatirələri” əsəri ilk dəfə 1943-cü ildə Moskvada çap olunmuşdur. “Xatirələr”də M.A.Pavlovun Azərbaycanla bağlı 17 illik həyatı kitabın ilk iki fəslin 16 bölməsində işıqlandırılmışdır. Əsərin bu hissəsi bakılı gənclərin Peterburqa gəlişi ilə başa çatır. Həmyerlimiz akademik M.A.Pavlovun daim qurub yaratmağa meyilli olan mənalı həyatının sonrakı səhifələrini əsərin digər fəsillərindən və digər mənbələrdən öyrənirik.

M.A.Pavlov 1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirib, Vyatsk metallurgiya savodunda mühəndis işləyir. İstehsalatda işləyə-işləyə elmlə də məşğul olur: ilk elmi məqaləsini 1894-cü ildə çap etdirir. O, 1904-cü ildə artıq, professor idi, müxtəlif ali məktəblərdə dərs deyirdi.
Onun elmi əsərləri çoxdur. Şah elmi əsəri isə 1949-cu ildə Moskvada çap etdirdiyi 628 səhifəlik “Çuqunun metallurgiyası”dır.

M.A.Pavlov 1958-ci il yanvarın 10-da Moskvada dünyasını dəyişir. O, Moskvadakı Vveden qəbiristanlığının 5-ci sahəsində dəfn olunur. Qəbiristanlığın planına baxanda 5-ci sahə “M” hərfini xatırldır. Bəlkə də bu “Metallurq” sözünün baş hərfinə işarədir. Başqa bir maraqlı fakt 1963- cü ildə M.A.Pavlovun anadan olmasının 100 illiyi münasibətilə SSRİ-də buraxılmış poçt markasında akademikin yaxasında Sosialist Əməyi Qəhrəmanı ulduzu bir yox, iki göstərilmişdir. Rəssam, yəqin ki, o vaxtkı rəhbərliyin səhvini düzəltmək, Lənkərandan olan akademiki iki ulduzlu görmək istəyirmiş.

Uşaqlıq və gənclik illəri türkdilli ölkədə keçən M.A.Pavlovun elmi əsərlərini – külliyyatını türk düntyasının elmi ictimaiyyətə çatdırmaq, Azərbaycana doğmalıq hissi ilə yazılmış “Metallurqun xatirələri” memuarını tərcümə edib oxucuların istifadəsinə vermək hamımızı düşündürməlidir.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkolo

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

28.06.2021

Ədəbiyyat

1.Akademik M.A.Павлов.Воспоминания металлурга. Москва,1943.

2.Həsən bəy Zərdabinin lənkəranlı məşhur tələbəsi – академик Павлов …
www.anl.az/down/meqale/525/2016/mart/480671.htm

3.Həsən bəy Zərdabinin lənkəranlı məşhur tələbəsi – akademik Pavlov,

08.03.2016, 525-ci qəzet

4.davam.az/print:page,1,21373-azrbaycan-milli-mtbuatnn-yaranmasn…
Jun 10, 2015 –

5.Həsən bəy Zərdabinin lənkəranlı rus akademik tələbəsiModern.az.21.03.2013

Pin It on Pinterest