Həyan Durmazlar

Gəlin, ərz eyləyim sizə halımı,
Ağrılar yağıtək sarmış yanımı,
Yetər, incitməyin yazıq canımı,
Ürək, sevgi istər, yaxın durmazlar!

Başım üstündə var, qara buludlar,
Ömrümdən çəkilməz boranlı qışlar,
Görən, niyə yaşar ürəyi daşlar?!
Məzluma, fəqirə, həyan durmazlar!

Dərd bulayıb ürəyimin başını,
Gəlin atın, qəddarlığın daşını,
Baxan qoca bilir, bilməz yaşımı,
Görən, keçib gedər, halım sormazlar!

Dayan canım, təvaxil et darıxma,
Bir müşkülə düşdün əsla karıxma,
Yarını keçmişəm az var qırxıma…
Qəribə, yoxsula, həyan durmazlar!

Əlimdə saz yoxdur, dilimlə dedim,
Ac olanda, dərd bişirdim, qəm yedim.
Sizlər anlamazsız, mən çıxım gedim,
Yaram çox dərindir, məlhəm bulmazlar!

Elsevər, ağarsın saçın, saqqalın,
Önündə sipər ol, çaqqal-çuqqalın.
Sənə yer etməsin, hər gönü qalın,
Məhv olub gedərlər, belə qalmazlar!

Elsevər Hüseynoğlu
Bakı~03/04/2020

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest