Genel

Günel Anarqızı – Hekaye

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Günel Anarqızı

KEÇMİŞƏ SARI

       (hekayə)

Balaş dayı köhnə tranzistorunu götürüb həyətə çıxdı. Arvadının narazı səsini eşitdi:

– Başına papaq qoy, gör gün necə yandırır!

Balaş dayı bu sözə məhəl qoymadan həyətə düşdü, balaca skamyanı lap divarın dıbindəki kölgəliyə çəkib ehmalca əyləşdi, “Araz” radiostansiyasını tutdu. Ciddi qadın səsi xəbər verirdi ki, MDB ölkələrinin növbəti konfransı işə başlayıb… Bu anda tranzistor sanki öskürdü və diktorun səsi xırıldadı.

Balaş dayı dalğanı dəyişdi, muğam ifa edən kişi səsi eşitdı, məmnunluqla başını tərpətdi və stansiyanı itirməməkçün transıztoru astaca asfaltın üstünə qoydu.

Sonra arxasını divara dirəyib ləzzət içində gözlərini yumdu.

Muğam məlhəm kimi bütün vücuduna yayıldı və Balaş dayı düşündü ki, bəzən insana rahatlıq üçün çox az şey lazım olur.

Xəyalında dağları, meşəni, sərin bulağı, su kənarında kiçik yeməkxananı, kömürləri cızıldayan manqalı, manqaldan burula-burula qalxan tüstünü və insanı məst edən kabab iyini canlandırdı. Qoca çinarın kölgəsində ağappaq süfrə salınmış masa, masanın üstündə boşqablara səliqəylə düzülmüş tər-təzə göyərti, qırmızı turp, növbənöv şorabalar, motal pendiri, təndir çörəyi, buz kirni tut arağı, uzaqlarda isə fikirlərini yandınb-yaxan xatirələr aləminə aparan, ürəyi sızıldadan muğam sədaları…

Balaş, qardaş, süz görək, tut arağını isitmək olmaz. Əldən qıvraq ol.

Düz deyirsən, qardaş, tut arağını da, qadın kimi gərək əldən buraxmayasan. Hər ikisiynən qətiyyətli davranmalısan. Ver görüm qədəhini.

Bəli də, başlandı, əvvəlcə bir-birinin sağlığına, sonra ailələrinin, uşaqlarının, valideynlərinin (rəhmətə getmişlərə Allah qəni-qəni rəhmət eləsin!), sonra burada olmayan dostlarının və ümumən dostluğun, bir-birlərini bir kəlmədən, bir işarədən anladıqlarının şərəfınə (axı bəzən münasibətlərinin bütün gözəllıyini vaxtında dəyərləndirmək olmur), demək yenə dostluğun, etibarın, məhəbbətin, gənclik illərinin, yeri gəlmişkən, onlara xidmət edən cavan oğlanın sağlığına; həmişə bir-birlərinin gözünün içinə dik baxmağı bacarmalarının, gələcəkdə də heç vədə, heç vaxt namərdlik eləməməyin və ömürlərinin axırınacan da belə qalacaqlarının şərəfınə badə qaldırdılar.

Balaş dayı ovcunun içiylə yaşarmış gözlərini sildi və Tapdığın artıq neçə ildir dünyada olmadığının, amma Balaşın yaddaşında, elə bil, dünən ölübmüş kimi canlandığını düşündü.

Son vaxtlar nədənsə tez-tez Tapdığı xatırlayır və onu da düşünürdü ki, iki aydır təqaüd almır və yaşamaqçün daha heç bir imkanları qalmayıb.

Buna baxmayaraq Balaş dayı axır üç ildə Məsimin qəbrini düzəltdirmək üçün yığdığı pullara heç vəchlə dəymək istəmirdi. Çünki bilirdi, bu məbləğdən bir qəpik belə götürsə, yavaş-yavaş hamısını xərcləyəcək. Məlum məsələdir: bir dəfə şeytanın fıtvasına uysan, sonra bunu hər dəfə, işin çətinə düşən kimi etməli olacaqsan.

Bir də ona görə ki, bu, Balaş dayının görünməmiş inadkarlıq göstərərək oğlu Məsim üçün eləmək istədiyi son iş idi. Axı o, Məsim qarşısında izaholun-maz və ona görə də daha əzablı, ürəyini parçalayan günah hissi duyurdu. Bəlkə günahı ondaydı ki, oğlunu başqa cür – çoxları kimi laqeyd, şəxsi maraqlarından, eqoist istəklərindən, öz məqsəd və niyyətlərindən, planlarından qeyri hər şeyə biganə, hər haqsızlığa qul kimi dözən, “azacıq aşım, ağrımaz başım” prinsipiylə yaşayan: “Əşi, mənim nə vecimə, onsuz da məndən heç nə asılı deyıl”, – deyə özünə bəraət qazandıran kənar müşahidəçi kimi yetişdirib boya-başa çatdıra bilməmişdi? Bəlkə ona görə ki, “Odun-alovun içinə girərəm, amma bir şərtlə: birinci yox, ikinci, beşinci, qırx altıncı-neçənci oluramsa-olum, amma açılmış yolla gedim”, – deyən, kiminsə qurduğu oyunları oynayanlar kimi tərbiyə edə bilməmişdi Məsimi?

Amma Balaş dayı onu da bilirdi: həyat oyunlarında heç vaxt zəfərlərinlə öyünməməlisən ki, rəqibini – Ölümü qıcıqlandırmayasan. Axı onsuz da nəticədə məhz rəqibin qalib çıxır bu oyunda. Və zəfər çalaraq da ən yaxşı, ən parlaq, ən fədakar iştirakçılarının həyatlarına son qoyur.

Balaş üçün də ən dəhşətlisi oydu ki, Məsim kimiləri yaxınlarından başqa heç kəs qiymətləndirmək belə istəmirdi, çünki əslinə qalsa, kimə lazım idi belələri? Sadəcə, işlərini bitirib yoxluqda qeyb olurdular və öz yerlərini digərlərinə təhvil verirdilər – bax beləcə sadəlövh, romantik və hələ də Xeyirə və Ulu Ədalətə inanan fatalistlərə…

Bunları dərk etdikcə Balaşın beyni qaynayır, ürəyi də az qalırdı yerindən çıxsın. Amma bununla belə, Məsim üçün edə biləcəyi yeganə şey soyuq mərmər parçası – nə vaxtsa yetərincə pul toplayıb qoyacağı başdaşıydı. Qiyməti də heç çox deyildi – cəmi-cümlətanı iki qocanın üç il ərzində yarıac-yarıtox yaşaması…

Əslində, bu qəbirdaşının özü də şərti bir şey idi, heç olmayan qəbrin özü kimi. Qəbri, daha doğrusu, qəbristanlıqdakı yeri Balaş lap çoxdan almışdı və elə zənn edirdi ki, el-oba qaydasınca haçansa orada onun özünü yeganə övladı Məsim dəfn edəcək. İndi qəbir boş qalmışdı. Çünki Balaş hələ həyatda idi, oğlu isə orada basdırıla bilməzdi, axı mina partlayışından sonra Məsimdən heç bir şey qalmamışdı.

Son günlər Balaş da, arvadı Qönçə də su-çörəklə dolanır, boş evi dolaşır və artıq nə barədə düşünəcəklərini bilməyib çarəsizliklərini boyunlarına almağı belə özlərində cəsarət tapmırdılar.

…Bürküydu. Balaşın heç iştahı da yox idi. Amma ara-sıra ağlına gəlirdi ki, ölkəsinin tox və firavan gələcəyi uğrunda uzun illərboyu bu qədər tər töküb işləyəndən sonra ahıl çağında sabahkı günü necə yaşayacağını düşünməli, aclıqdan ölməkdən daha artıq bu ehtimalın özündən təlaşlanmalıdırsa, SOBES müdirini öldürmək kimi dumanlı fıkirlər onu təəccübləndirməməlidir.

Axşamın ala-toranında Balaşın ürəyi daha çox darıxırdı və o, qapının ağzından asdığı nimdaş qol saatına baxıb dərk etdi ki, görünür, bu gün də arvadıyla ac-yalavac yatmalı olacaqlar…

Köksünü ötürdü və qərara gəldi ki, elə sabah SOBES-ə gedib son aylar ürəyində yığılanların hamısını boşaldacaq. Dərhal düşündü ki, axır vaxtlar bu cür fikirlər tez-tez ağlına gəlir və özünü elə toxdatdı ki, səbr etmək də, susmaq kimi qızıldır və dözə bilənlər hökmən bir vaxt haqqını alacaq. Odur ki, Balaş SOBES-ə bu səfərini gələcək naməlum vaxta qədər təxirə saldı.

Qönçə təsəvvür edilən bütün mümkün və qeyri-mümkün dəlillərini ortaya qoyub şikayətlənməkdən və deyinməkdən usanaraq dişini-dişinə sıxıb susurdu. Balaş əvvəl-əvvəl Qönçənin dediklərinə sakit və səbrlə dözür, sonra əsəbi və sərt cavab verir; son nəticədə isə tamam laqeydləşib arvadının qəsdən dinib-danışmamasıyla heç maraqlanmırdı da.

Bir dəfə növbəti dava-dalaşdan sonra Balaş özündən çıxıb: “Əşi, cəhənnəm olsun bu daş”, – deyə pulları götürmək istəyəndə indiyəcən partizan kimi əyilməz və tank kimi möhkəm duran Qönçə yalvarıb-yaxarmağa başladı. Balaşın ayaqlarına yıxılıb oğullarının xatirəsinə and verdi ki, əri nəbadə belə iş tutsun. Balaş arvadını itələdi, biz az tərəddüd etdi, sonra gecə bura qayıtmamağa qərar verib evdən çıxdı.

Bulvarda o yan-bu yana gəzdi, dəniz qırağında skamyada oturub olanları bir az götür-qoy etdi, arvadını nahaq yerə incitdiyini başa düşüb, şam yeməyinə bir stəkan tum alıb evə döndü.

Qönçə tumu görüb əvvəlcə sevindi, sonra beynində nəyisə hesabladı və qanı qaraldı. Birgə həyatlarıboyu arvadının istək və narazılıqlarını gözlərindən oxumağa alışmış Balaş soruşdu ki, arvadı indi niyə qamqara gəzir və “elə-belə” cavabını ahb hirsli-hirsli gedib yatdı.

Səhər çörəyə pullan çatmadı. Məlum oldu ki, dünən Qönçə qarşıdan gələn qış aylarında çörək puluna qənaət etmək üçün bir torba un alıbmış və son pullarının demək olar ki, hamısını buna xərcləyibmiş. Qalan xırda-xuruşa səhər çörək almalıymışlar. Axşam əriylə dalaşandan sonra və onun yenə də evdən getmək istədiyini görüb bu xırda-xuruşu yavaşca Balaşın bom-boş cibinə qoyubmuş. Bu nəcib hərakətdən bixəbər olan Balaş isə arvadını sevindirmək istəyibmiş; indi isə bu “səxavətinin” bəhrəsini görürdü.

O gün ac qaldılar, ancaq nahar vaxtı bütün ömrünü şəhərdə yaşamış və birtəhər babat çörək yapa bilən Qönçə etiraf etdi ki, bir az meyvə də alıb.

Balaş arvadının bu “bədxərcliyindən” qeyzlənsə də, gözlərini boş qabına zilləyib kəlmə də kəsmədi.

Nəhayət, boğaza yığılıb ayağa durdu və həyatda olan yeganə qohumu, əmisi oğlu Salmandan gedib bir az borc almaq üçün geyinməyə başladı. Elə bu vaxt Qönçə əlində şirniyyat dolu iri sini otağa girdi və dedi ki, qonşunun qızı Lətafətin nişanıdır, bizə də pay göndəriblər.

Balaş qaş-qabağını salladı və arvadına tapşırdı ki, elə bu saat payı geri qaytarıb desin ki, hər ikisinin diabeti var və şirin şey yeyə bilməzlər.

Qönçənin ağzı açığa qaldı, nəsə demək istəyirdi ki, Balaş qətiyyətlə onun sözünü ağzında qoydu:

– Heç fıkirləşmisən ki, podnosu necə qaytaracaqsan? Bomboş? Ayıb deyil?

Qönçə də əri kimi məğrur olduğundan və Balaşın bu haqlı iradına heç bir cavab tapmadığından başını aşağı salıb kirimişcə əl dəymədikləri şirnilərlə dolu sinini qonşuya apardı.

Bu hərəkət qonşuya yaman toxundu, axı bu, açıq-aşkar hörmətsizlik idi. Qonşu sinini götürüb dedi ki, lap susuzluqdan ölsə belə, bundan sonra bir stəkan su istəməkçün Balaşgilin qapısına getməyəcək. Elə bil, Qönçənin başına qaynar qazan əndərdilər. Evə dönüb ərini agah elədi ki, axırıncı qonşularıyla da “salam-kəlamı” kəsməli oldu və əgər yaxın zamanlarda hər hansı biri ömrünü Allaha bağışlasa, qalan öləni tək-tənha basdırmalı olacaq.

Balaş bir şey demədi, burnunu çəkdi və üzünü divar tərəfə çevirdi.

Bir gün də belə keçdi.

Gecə Balaş yuxu gördü. Gördü ki, Parapetdə, “Nərgiz” kafesinin qabağında beşyaşlı oğlu Məsimə dondurma alır, o isə dilini çıxarıb dondurmanı yalayır və atasına baxıb soruşur:

– İstəyirsən sən də bir dəfə yala?

Balaş əyilib oğlunun barmaqlarından axan şokoladı diliylə silmək istəyərkən qəfildən arvadının dəli qışqırığına oyanır.

Tez ol, torbanı ver, onu mən almışam!

Aman Allah, sən yuxuda da yemək görürsən? Yuxusunu siyirib-atmış Qönçə yorğun-yorğun:

Balet görməyəcəm ki… – deyir. Və yenə də ac yuxu.

Səhər isə qəndsiz, şəkərsiz təlx çay, dünənki kərpic kimi quru boyat çörək…

Bu çörəyi nədən bişirmisən, daşdan?

 Sən olan yerdə daş nəyə gərək? Balaş söhbəti zarafata salmaq istədi:

– Onda sevin ki, məni yeyirsən, necə olsa, təsəllidir.

Qönçə bu sözləri heç eşitməyibmiş kimi yenə başladı:

 Xahiş edirəm, nə olar, SOBES-ə get, bəlkə bir şey var.

 Getməyəcəyəm, qoy özləri gəlsin.

 Özləri gəlməyəcəklər, ay Balaş. Çox lazımsan onlara. Pensiyanı heç kəsin evinə gətirmirlər.

Bəs indiyə qədər niyə gətirirdilər?

Yazıqları gəlirdi bizə, ay fağır. O da Məsimin ölümündən sonra ilk vaxtlar.

Onda heç lazım da deyil.

Sənə lazım deyil, qoy onda mən gedim.

Yox, yox, bir də yox! Bircə o çatmırdı ki, Balaşın arvadı gedib pul üçün dilənsin.

Balaş, axı bu sənin pulundur, zəhmətinlə qazandığın halalca pulun. Axı niyə tərslik edirsən?

Dedim ki, yox, vəssalam!

Qönçə dodaqlarını büzüb süfrəni yığışdırdı. Balaş bulvarda skamyadan götürdüyü srağagünki qəzetə zilləndi.

Qəzetdə çap olunanların hamısını başdan-ayağa oxumuşdu, indi isə özünü elə göstərirdi ki, guya nəsə diqqətini çəkib. Qönçə dinməz-söyləməz ərini seyr edib başını buladı. Qadının fikirləri çox-çox uzaqlarda idi və yalnız əlində oynatdığı stəkandan bəlli olurdu ki, Qönçə burada, yaxındadır.

Sonra yavaşcadan pıçıldadı:

– Məsim heç vaxt qoymazdı ki, mən ac qalım.

Bunu deyib o biri otağa keçdi.

* * *

Məsim dünyaya gec gəlmişdi. İlk övladlarını Qönçə öz başsoyuqluğu ucbatından tələf etmişdi. Pəncərə şüşələrini silərkən stuldan yıxılmış, qarnı ey-vanın beton döşəməsinə dəymişdi. Sonra uzun müddət hamilə qala bilmirdi və bir daha uşaq doğmasına ümidini kəsmişdi. Bir gün zavodda növbəti analizlərini verərkən bilmişdi ki, boyludur.

Balaş otuz beş yaşındaykən iyirmi doqquz yaşlı Qönçəylə evlənmişdi; qarşılıqlı sevgiylə və qarşılıqlı razılıqla. O vaxt hər ikisi maşınqayırma zavodunda işləyirdilər – Balaş böyük sexin rəisi, Qönçə tibb məntəqəsində tibb bacısı idi. Gündə səkkiz-doqquz saat çalışır, işləri təqdir olunurdu. Hətta “Xruşşovka”nın birinci mərtəbəsində, qarşısında kiçik həyəti olan ikiotaqlı mənzil verilmişdi onlara. Hələ üstəlik, “Zaporojets” maşınının sahibi də olmuşdular.

Balaş partiya təşkilatının fəal üzvlərindən idi və hətta partiyanın hansısa qurultayına nümayəndə də seçilmişdi.

Qönçə otuz dörd yaşında doğdu, dekret məzuniyyətinə çıxdı və daha zavoda qayıtmadı. Beləliklə, stajını da, gələcəkdə təqaüd almaq imkanını da itirmiş oldu. Həyatını bütünlüklə oğlunu böyütməyə həsr etmiş Qönçənin o vaxt heç ağlına da gəlməzdi ki, gənclik etinasızlığıyla atdığı bu addım üçün ömrüboyu heyfsilənəcək.

Məsim yeddiaylıq doğulmuş zəif uşaq idi; sonralar dərslərini tez-tez buraxırdı. Buna baxmayaraq, heç vaxt sinif yoldaşlarından geri qalmazdı, hətta bəzi fənlər üzrə onlardan da irəli idi. Dəqiq elmləri daha yaxşı mənimsəyir, kimya və biologiyanı əla bilirdi, nəticədə regional olimpiadada kimya üzrə birincilik qazanaraq buraxılış sinfinə keçdi və on beş yaşında əla qiymətlərlə ekstern imtahan verib ADU-nun kimya fakültəsinə daxil oldu. Universitetin ən qabaqcıl və ümidverən tələbələrindən biri kimi Məsim tez-tez müxtəlif elmi konfranslarda iştirak edərdi; kafedranın pedaqoji heyətinin sevimlisi olmuşdu. Ali məktəbi bitirəndən sonra isə MDU-nun aspiranturasına daxil olmaq üçün Moskvaya yollandı, burada çətinlik çəkmədən minimumları verdi və mötəbər təhsil ocağının aspirantı olub bu günün işini sabaha qoymadan mudafiəyə hazırlaşmağa başladı. Məsim vaxtının çoxunu kitabxanalarda və qiraət salonlarında xüsusi ədəbiyyat oxumaqla keçirirdi.

Yataqxanada qalan Məsim sakit, bir az qapalı adam təsiri bağışlayırdı; hay-küylü kompaniyaları sevməz, tələbələrin cürbəcür əyləncələrinə qatılmazdı. Onu bir az adamayovuşmaz, yalnız müəyyən sahədə biliklərə aludə olan şəxs sayırdılar. Yaxın dostları yoxdu, bir-iki tanışı vardı ki, vaxtaşırı onlarla axşamlar şəhəri gəzməyə çıxardı, pul sarıdan korluq çəkmirdi, valideynləri ayda iki dəfə ona pul göndərərdilər; yeyib-içməyə də, geyim-keçim almağa da, ara-sıra qızları qonaq eləməyə da çatardı.

80-ci illərin sonları idi. Məsimin təhsil illəri parçalanıb, dağılmaq ərəfəsində olan İttifaqın müxtəlif respublikalarında baş verən millətlərarası çaxnaşmalar vaxtına düşmüşdü. O zamanlar Qarabağ məsələsi təzəcə düyünə düşürdü; Topxana meşəsinin qırılması, Ağdamda iki gəncin qətlə yetirilməsi, vətəndaşlar arasında milli zəmində toqquşmalar, bir çox məmurların işdən çıxarılması və sair məsələlərlə bağlı Bakıda izdihamlı mitinqlər keçirilir, havada cəlbedici və təhlükəli şeylər duyulurdu. Valideynləri sevinirdilər ki, Məsim Bakıda deyil və bütün bu qalmaqaldan, qətiyyətsiz hərəkətlərdən, siyasi səriştəsizlikdən uzaqdır. O işlərdən ki, nəticə etibarilə nəhəng ölkənin dövlət bütövlüyünə birdəfəlik son qoydu.

Öz xalqının bütün bu problemlərindən təcrid olunmuş Məsim Vətənində cərəyan edən hadisələrə ilk vaxtlar çox passiv münasibət bəsləyirdi, amma az sonra bu məsələlərə maraq göstərməyə başlayıb xeyli tarixi kitablarla, coğrafi xəritələrlə, müxtəlif dövrlərin siyasətçilərinin çıxışlarıyla, ədəbiyyat klassiklərinin əsərləriylə ətraflı tanış olub hadisələrin axarına düşdü və artıq ölkənin aparıcı qəzetlərində jurnalistlərin birtərəfli, qərəzli mövqelərinə biganə qala bilmədi. Qəzet səhifələrində, televiziya efirində baş alıb gedən ədalətsiz çıxışlar, problemə yad və yabançı adamların yaratdıqları xoşagəlməz fon, onu əhatə edən müxtəlif millətlərə və dinlərə mənsub olan insanların tam laqeydliyi Məsimi özündən çıxarırdı.

Bu vaxt o, dərslərindən və işindən demək olar ki, iraq düşmüşdü. O dövrdə hələ tam düşmən kəsilməmiş millətin şübhəli şəxsləriylə uzun-uzadı mü-bahisələrə girişir və əsəbdən coşub-daşaraq kiminə yaxşılıqla, kiminə hədə-qorxuyla isbat etməyə çalışırdı ki, Qarabağ heç vaxt erməni torpağı olmayıb və gələcəkdə də olmayacaq.

Bir dəfə yataqxanaların hollunda o vaxtlar populyar olan “Pozisiya” verilişində hadisələrə bu cür qeyri-obyektiv qiymət verilməsindən hiddətlənən Məsim dizinə çırpıb aparıcının ünvanına bir-iki yağlı söz dedi. O andaca haradansa Məsimin arxasından pırtlayıb çıxan “Başkəsən Robik” ləqəbli saqqalı bir yekəpər onu sinəsindən itələdi və ermənicə soydü. Bu Robik Kislovodskda uşaqlıq yoldaşı olmuş rus dostunun, biofakda oxuyan Stasikin yanında qanunsuz qalırdı. Ermənicə bilməyən Məsim hər halda başa düşdü ki, saqqallı onu təhqir etdi. Bakının çoxmillətli həyətlərində qonşu uşaqlardan belə söyüşləri az eşitməmişdi. Güclərinin qeyri-bərabər olduğunu dərk edən Məsim söhbəti ayrı məcraya yönəltməyə çalışdı. Bu olayı adamların içində çözməmək üçün onu təhqir etmiş ermənini kənara çəkmək istədi, amma gözü-başı qızmış Robik artıq rus dilində onun anasını söydü. Məsim qulağının dibinəcən qızardı və Robikin üstünə atılıb onun ətli qulağını dişlədi.

Robik bəyirdi, ora-bura əl-qol atdı, bir müddət hollun döşəməsində vurnuxdu, amma axırda özünü ələ alıb Məsimin başından yapışdı, var gücüylə qədim yataqxananın mərmər sütununa çırpdı. Məsimin gözləri qaraldı, o, Robikin qulağını buraxıb yavaş-yavaş döşəməyə çökdü. Robik yerdə hərəkətsiz qalmış Məsimin qarnına bir təpik ilişdirdi və tüpürub, yenə də doğma erməni dilində söydü.

Bir an sonra Stasik Robikin yanına qaçdı, onun qana bulaşmış qulağına nəsə pıçıldadı və hər ikisi dərhal qapıya tərəf gedib aradan çıxdılar. Şüurunu itirmiş Məsimi Sklifosofski klinikasına apardılar və başını rentgenə salıb kəllə-beyin zədələnməsini müəyyənləşdirdilər.

Ölüm və həyat arasında çırpınan Məsimi ağır müalicədən, üç ay Moskva xəstəxanasında yatandan və yuxularını itirmiş valideynlərinin dəhşətli günlə-rindən sonra “ikinci dərəcəli əlil” arayışıyla evə buraxdılar.

Robiki tapmadılar, aspiranturanı bitirib müdafiə edə bilməyən Məsimi isə institutdan çıxarıb vətənə əlavə müalicə almağa göndərdilər.

Valideynləri uzun illər ağır zəhmətlə qazandıqları pulların hamısını oğullarının müalicəsinə və ayağa durmasına xərclədilər. Bir ildən sonra Məsim artıq sərbəst yeriyə bilir, elementar hərəkətlər edir, eşitdiyi suallara uyğun cavablar verir və hətta şəhərə gəzintiyə də çıxırdı.

Bir il də keçdi, sağalmış Məsim valideynlərindən gizli orduya könüllü yazıldı və onlara kəndə – dostlarınm yanına getdiyini deyib cəbhəyə yollandı.

Bir ay sonra valideynlərinə xəbər çatdı ki, Laçın verilərkən oğulları mina partlayışının qurbanı olub.

Bir gecədə saçları ağarmış Qönçə daha başını boyamadı. Bundan sonra o ancaq tündrəngli paltarlar geyinir və evdən yalnız bazara getməkçün çıxırdı.

Balaşın matı-qutu tamam qurumuşdu. O, ağzına dəsmal tıxayıb hamam otağında başını kafelli divara vurur və gecələr arvadından gizlin ağlayırdı.

Bir müddət sonra Balaşın dözülməz başağrıları başlandı və bir dəfə, axşam ala-toranında rəhmətlik dostu Tapdığı kamança çalan yerdə gördü.

O vaxtdan elə gün olmurdu ki, Tapdıq Balaşın gözünə gah tar, gah da kamança çalan, bəzən Füzulidən və Vaqifdən beytlər deyən, bəzən də təbiət qoynunda masa arxasında oturub tut arağı süzən yerdə görünməsin. Bəzənsə Tapdıq heç nə eləmirdi, eləcə qəmli gözləriylə Balaşı seyr edirdi.

İndi də Tapdıq muğam ifa edir, Balaşsa gözlərini yumub keçmişi təsəvvüründə canlandırdı. Budur, Qönçə və Məsimlə qatara miniblər, Gəncəyə gedirlər, oradan da avtobusla Şuşaya qalxacaqlar.

Qatar təp-təzəydi, SV vaqonunun kupe divarları par-par parıldayırdı, tər-təmiz pəncərələrdən kraxmallı pərdələr asılmışdı. Oğluyla arvadı pəncərənin yanında oturmuşdular, Qönçə boşqablara kartoflu pirojkilər, soyutma yumurtalar, pomidor, xiyar, göyərti düzürdü. Balaş vaqon-restorana spirtli içki dalınca gedirdi.

Qatar yerindən tərpənəndə, vağzal perronunun mənzərələri gözləri qarşısmda kino kadrları kimi dəyişməyə başladı. Əvvəlcə vağzalyanı boş ərazi, sonra bomboz çöllər, daha sonra yamyaşıl əkin sahələri, uca ağaclı meşələr, göllərin güzgüsü, başını duman almış dağlar, balaca kənd və qəsəbələr göründü…

Məsim ağzını açıb təəccüblə doğma torpağın ecazkar gözəlliyinə tamaşa edir və qəzet oxuyan Balaşdan hərdənbir soruşurdu:

– Ata, bəs bu hansı kənddir?

Balaş başını qaldınb pəncərədən baxır və səbrlə cavab verirdi.

Nəhayət, neçənci dəfə eyni sualı eşidən Balaş oğluna məzəmmətlə baxıb, uşağın çəhrayı qürub günəşinin boyadığı sifətində qəribə, çocuğa xas olmayan müdrik bir təbəssümü sezib özü soruşdu:

– Nədi, oğlum?

Cavabında isə Məsimin sakit, qürurlu və inam dolu sözlərini eşitdi:

– Ay ata, bizim nə gözəl Vətənimiz varmış!

…Muğam konserti bitdi, hansısa uşaq verilişinin çağırtısı eşidildi. Balaş gözlərini silib saata baxdı, aramla skamyadan durdu, otağa keçdi, köhnə şifonerin qapısını açdı, əlini dolabın səliqəylə yuyulub-ütülənmiş ağlarla, balışüzləriylə dolu içinə saldı, oradan bir zərfə yığılmış son illərin tədarükünü çıxardı, pulu cibinə qoyub Qönçəni səslədi:

– Hazırlaş, gedirik.

Qönçə təəccüblə ərinə baxdı:

Gedirik? Necə yəni gedirik?

 Balaş sakitcə:

Qatarla – dedi. Qönçə mat-məəttəl:

Hara gedirik? – deyə soruşdu.

Necə yəni hara? Məsimin yanına.

Qadın heç nə demədən yorğun baxışlarını yana çevirdi və otaqdan çıxdı.

Bir saatdan sonra köhnə qatar qocaları Məsimin son Vətəninə, son mənzilinə sarı aparırdı.

2002

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest