GenelGüncelKültür Sanat

ETİBAR ƏBİLOV – Hekayə

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Etibar Əbilov
Etibar Əbilov

ETİBAR ƏBİLOV

GÜNLƏRDƏN BİRİ…

          Hekayə

  Səhər saat 8-in yarısında telefonumun səsinə yuxudan oyanıram.Ekranda qızımın adını görürəm.

  -Necəsən ata?- Qızımın üzündəki həyacanı sezməmək mümkün deyil.Mən onun bu həyəcanına öyrəncəliyəm.

  -Sağ ol qızım,yaxşıyam.Sən necəsən?

  Bilirəm ki,özü haqqında heç nə deməyəcək.Elə də olur:

  -Gecə necə yatmısan?- Narahatlıqla soruşur.

  Bütün gecəni üst-üstə iki saat yatmamışam.Başım ağrıyır.Amma bunu qızıma deyə bilmərəm.

  -Yaxşı yatmışam qızım.

  -Ana hanı bəs?

  Anası qonşu otaqda,şəkərə qarşı özünə iynə vurur.Bilirəm ki,o da halsızdır.Son vaxtlar təzyiqi hər səhər yüksək olur.Yeriyəndə səntirləyir.

  -Anan da yaxşıdır.

  -Hardadır ana?- Qızım narahatlıqla sualını təkrar edir.

  -Çay dəmləyir- Səsimi yüksəldirəm ki,yoldaşım da səsimi eşitsin.Bir azdan qızım  onunla da danışacaq…Yoldaşım da bir azdan mənim kimi rol oynamalıdır.Özünü həmin rola hazırlaması üçün eşitdirirəm səsimi ona.

  -Gec gələr?

  -Yox…Çağırıram indi.

  Yoldaşımı səsləyirəm.Yoldaşım asta addımlarla otağa gəlir.Üzündəki ağrılı ifadəni artıq qova bilib.Telefonu alır.Gülər üzlə:

  -Salam,sabahın xeyir qızım- deyir.

  -Necəsən ana?..İynəni vurmusan?

  -Vurmuşam qızım.

  -Təzyiqini ölçmüsən?

  -Ölçmüşəm.

  -Neçədir?

Yoldaşımın axır vaxtlar yaddaşı da pozulub.Ona görə də cavabı bir qədər ləngiyir.

  -Ölçməmisən,hə?- Qizim gərginliklə soruşur.

  -Yox,yox…ölçmüşəm- Yoldaşım nəyisə götür-qoy edir- 125-in 90-a…

  -Düz deyirsən?

  Yoldaşım istəmədən,yalandan and içir.

  Oızım onun sözünə inanır,ya özünü inandırır…Hər halda bir az təskinlik tapır.

  -Yaxşı ana…Uşağın səhər yeməyini verim,evdəki də ( həyat yoldaşı) harasa getməlidir,onu yola salım,yenə də zəng edəcəm.

  Telefonu söndürür.

  -Təzyiqini ölçdün?- Narahatlıqla yoldaşımdan soruşuram.

  -Ölçdüm.

  -Neçə idi?

  -Yuxarısı 160,aşağısı 110.

  -Dərman atmısan?

  -Yox…Yeməyimi yeyım,sonra atacam.

  Durub geyinirəm.Əl- üzümü yuyub yoldaşımın şəkərini ölçürəm.Şəkəri normadan yüksəksir.

  -Sənin də əllərin əsir- Yoldaşım əllərimə baxa-baxa kədərlə dillənir .

  -Gecə yatmamışam…Ondandır.

  -Bilirəm.

  Yoldaşım da gecəni pis yatıb.Tez-tez yuxudan oyandığından,mənim yatmadığımı bilir.

  Bu gün istirahət günüdür.Süfrə arxasında üz-üzə əyləşmişik.

  -Bu gün bir yerə gedəcəksən?

  -Hə…Səlimə demişəm.Onun maşını ilə uşağın qəbri üstünə gedəcəyəm…İkinci həftədir getmirəm.

  Hər ikimiz susuruq.Oğlumun vəfarından 14 ilə yaxın vaxt keçir.Yoldaşım şəkər xəstəliyini də,təzyiqi də,ürəyindəki problemi də,keçirdiyi insultu da o vaxtdan tapib.

  Gözlərinə baxıram.Gözlərində yüz ilin ağrısı,həsrəti və yorğunluğu var.

  -Bəlkə mən də gedim səninlə.-Yoldaşım kədərlə səslənir…

  -Yox- deyirəm…-Bu vəziyyəydə?..Ayaq üstə güclə dayanırsan…Başqa vaxt apararam səni…Bir az özünə gəl,sonra…

  Heç nə demir.

  -Yeməyini ye.

  -Doydum – deyir.

  Armudu stəkandakı çayını yarısına qədər içib.Bir-iki tikə çörək,bir qismət də pendir yeyib…

                   11fevral 2024.Neftçala

Pin It on Pinterest