Elnarə Qaragözova: Azərbaycan Ədəbiyyat şünaslığında ədəbi cərəyan məsələsi

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Elnarə Qaragözova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Ədəbi cərəyanlar sektoru

Fil.f.d., aparıcı elmi işçi 

Azərbaycan Ədəbiyyat şünaslığında ədəbi cərəyan məsələsi

Ədəbi cərəyanlar müəyyən dövrdə formalaşaraq həmin tarixi zamanın xüsusiyyətlərini əks etdirir, ədəbi prosesdə bir növ mayak rolunu oynayır.Ədəbiyyatşünaslıqda ədəbi cərəyan məsələsinə hər zaman xüsusi diqqət yetirilmişdir. Azərbaycan ədəbiyyatşünaslığında da ədəbi cərəyana dair bir sıra araşdırmalar aparılmış, dəyərli tədqiqatlar dərc edilmişdir. Qeyd etməliyik ki, ədəbiyyatşünaslığımızda  çox zaman ədəbi cərəyan anlayışı ədəbi məktəb və üslub məfhumları ilə qarışdırılır. Bu günədək Azərbaycan ədəbiyyatşünaslığında məhz ədəbi cərəyan məsələsinə dair xüsusi araşdırma aparılmamış, yalnız ədəbi cərəyanın ümumi mahiyyətinə, ayrı-ayrı cərəyanlara, bu cərəyanları təmsil edən yazarların yaradıcılığına həsr edilmiş tədqiqatlar elmi ictimaiyyətə təqdim edilmişdir. Məqsədimiz Azərbaycan ədəbiyyatşünaslığında ədəbi cərəyan məsələsini qoyuluşuna diqqət yetirilərək ədəbiyyatşünaslığımızda ədəbi cərəyanların ümumi tədqiq tendensiyaları araşdırmaqdır.

         İlk öncə ədəbi cərəyanın mahiyyətini aydınlaşdırmaq üçün Azərbaycan ədəbiyyatşünaslarının ədəbi cərəyana verdikləri təriflərə diqqət yetirək. Mikayıl Rəfilinin 1958-ci ildə nəşr edilmiş “Ədəbiyyat nəzəriyyəsinə giriş” dərsliyində ədəbi cərəyan belə izah edilir: Məfkurə, həyata münasibət, həyat hadisələrini təsvir və qiymətləndirmə prinsiplərinə görə; bədii üsulları etibarilə bir-birinə yaxın olan yazıçılar müəyyən bir platformada birləşmiş olurlar ki, buna da ədəbi cərəyan deyilir.” (4, 258) Lakin növbəti cümlədə ədəbi cərəyanla ədəbi məktəb anlayışı eyniləşdirilir, sinonim anlayışlar  kimi  təqdim edilir: “Ədəbi cərəyan yaxud ədəbi məktəb bu cür yazıçıların yaradıcılıq birliyini təşkil edir. Həmin birlik bu yazıçıların məfkurəsində, üslubunda, həyatı əks etdirmək üsulunda, hadisələri işıqlandırmaq, süjeti qurmaq qaydalarında, həyatı təsvir etmək üçün müraciət etdikləri bədii təsvir vasitələrində və nəhayət, dil xüsusiyyətlərində öz əksini tapır.” (4, 258)

         Nazif Qəhrəmanlı 2008-ci ildə dərc edilmiş “Ədəbiyyat nəzəriyyəsi” dərsliyində ədəbi cərəyan anlayışını bu şəkildə izah edir: “Ümumiyyətlə, bir sıra şair və yazıçıların ədəbi qruplaşmalarını və yaradıcılıq birliklərini ədəbi cərəyan adı ilə adlandırmaq qəbul edilmişdir. Ədəbi cərəyan müəyyən zaman kəsiyində biri birinə ideologiya və həyat təcrübəsinə, üslub və bədii metoduna görə yaxın olan sənətkarların əsas ideya-bədii xüsusiyyətlərinin vəhdətidir. Ədəbi cərəyan da üslub və metod kimi tarixi anlayışdır. Bəzən biz müxtəlif zamanlarda yaşamış, lakin bir cərəyana məxsus olmuş sənətkarlarda oxşar cəhətləri aydın görürük.” (3,42) Nazif Qəhrəmanlı metodla ədəbi cərəyanı fərqləndirsə də onların genetik cəhətdən əlaqəli olduqlarını, birinin digərinin növbəti inkişaf fazası olduğunu bildirir: “Cərəyanlar əyaniləşmiş və gerçəkləşmiş metodlardır. Məsələn, romantizm cərəyanı romantizm metodunun, realizm cərəyanı isə eyni adlı metodun əsasında yaranıb formalaşmışdır. Ədəbi cərəyanlar dünya ədəbiyyatında konkret bədii konsepsiyanın tipologiyası kimi meydana çıxan, bədii həqiqətə yanaşmanı və üsullarını ehtiva edən, onların növbələşməsini əks etdirən axınlar sistemi, onları əlaqələndirən qanunauyğunluqdur. O həm də bədii prosesin estetik kateqoriyasıdır.” (3,42)

         Ədəbi cərəyanın yaranmasını şərtləndirən amillər hansılardır? Mikayıl Rəfili “Ədəbiyyat nəzəriyyəsinə giriş” dərsliyində qeyd edir: “Müxtəlif dövrlərdə müəyyən tarixi şəraitdən asılı olaraq müxtəlif ədəbi cərəyanlar meydana çıxır ki, bunların əmələ gəlməsi konkret tarixi şəraitdən, həyatdakı ictimai mübarizələrdən, cəmiyyətdə baş verən dəyişikliklərdən asılıdır. Cəmiyyətdəki mübarizələri əks edən bu cərəyanlar bir-birini əvəz edir, sənət və ədəbiyyat tarixinin müəyyən inkişaf mərhələlərini təşkil edir” (4, 258).  Nazif Qəhrəmanlı isə  ədəbi cərəyanın meydana çıxma şərtlərini bu şəkildə izah edir: “Məlumdur ki, hər bir tarixi dövr öz ədəbi meyl və istiqamətlərini yaradır. Cərəyanlar da əvvəlcə meyl və ya təmayül şəklində, daha sonra istiqamət və cərəyanlar şəklində formalaşır. Ədəbi cərəyanlar eyni vaxtda da fəaliyyət göstərə bilər. Belə ki, XX əsrin əvvəlində bir sıra ədəbiyyatlarda olduğu kimi Azrbaycan ədəbiyyatında da romantizm və tənqidi realizm yanaşı fəaliyyət göstərir. Elə həmin illər rus ədəbiyyatında futurizm, simvolizm, akmeizm və s. cərəyanlar demək olar ki, eyni vaxtda yaranmağa başlayır.” (3,43)

         Rəhim Əliyev həmin il nəşr olunan “Ədəbiyyat nəzəriyyəsi” dərsliyində yazır: “Adətən yeni dərnək  və cərəyanların öz manifestçiləri və tənqidçiləri olur. Belə hallarda ədəbi manifestlərin müəllifləri və şərhçiləri olan tənqidçilər əsərlərin və cərəyanların yayılmasında və populyarlaşmasında əsərdən daha artıq rol oynaya bilirlər. Bu, daha çox modernist cərəyanlara məxsus müəlliflərlə baş verə bilir. Ümumən, ədəbi mühit və dərnəklərlə ədəbi tənqidin münasibətləri və qarşılıqlı təsiri mürəkkəb bir problemdir. Bir sıra hallarda əsərlərin populyarlığı cərəyanların və tənqidi məktəblərin yaranmasına səbəb olur, digər hallarda isə əksinə olur.” (1, 357)

         Ədəbi cərəyan dövrləşdirmə konsepsiyasının əsası kimi. Akademik İsa Həbibbəylinin elmi yaradıcılığında da ədəbi cərəyanlar konsepsiyası mühüm yer tutur. Akademikin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası İsa müəllimin bu sahədə apardığı çoxillik araşdırmaların, gərgin elmi zəhmətin bəhrəsidir. Əsasını Azərbaycançılıq konsepsiyası təşkil edən monoqrafiyada Azərbaycan ədəbiyyatının dövrləşdirilməsinin yeni variantı əsaslandırılaraq elmi ictimaiyyətə təqdim edilir. Qeyd etməliyik ki, akademik monoqrafiyada Azərbaycan ədəbiyyatı tarixinin 10 dövrdən ibarət təsnifatını təqdim edir:

Qədim dövr Azərbaycan ədəbiyyatı.Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər)

Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər)

İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)

Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)

Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)

Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr)

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək)

Azərbaycan ədəbiyyatında sosializm realizmi dövrü (1920-1960-cı illər)

Milli – mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər)

Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən) (2, 114)

Təsnifatın diqqətçəkən məqamlarından biri  ədəbi cərəyanların ədəbiyyatın tarixi inkişaf dövrləri kimi qeyd edilməsidir. Fikrimizcə, tarix elmindəki ictimai formasiyalar tarix elminin strukturunda  önəmli yer tutduğu kimi ədəbi cərəyanlar da ədəbiyyat nəzəriyyəsinin əsaslarından biridir. Tarixi formasiyalar bəşəriyyətin, ədəbi cərəyanlar  isə bəşəri fikrin əsas sütunlarıdır. Tarixi formasiyalar tarixin, ədəbi cərəyanlar isə ədəbiyyatın inkişafında yeni mərhələlərin, istiqamətlərin başlanmasını özündə ehtiva edir. Tarixi formasiyalar ümumbəşəri olsa da hər xalqın tarixində özünəməxsusluğu ilə seçilir. Ədəbi cərəyanlar da ümumədəbiyyat məsələsi olsa da milli ədəbiyyatlarda həmin cərəyanlar yeni keyfiyyətlər qazanır, özünəməxsus elementləri ilə diqqəti cəlb edir.

Müasir Azərbaycan ədəbiyyatşünaslığında ədəbi cərəyanların tədqiqi tendensiyaları. Müasir Azərbaycan ədəbiyyatşünaslığında ədəbi cərəyanların tədqiqində aşağıdakı tendensiyalar izlənməkdədir:

1. Ədəbi cərəyan dünya ədəbiyyatı kontekstində tədqiq edilərək cərəyanın xarakterik xüsusiyyətləri vurğulanır.

2. Ədəbi cərəyanın Azərbaycan ədəbiyyatşünaslığındakı təzahür şəkli, variativliyi araşdırılır.

3. Ədəbi cərəyan həmin cərəyana məxsus yazarın yaradıcılığı fonunda tədqiq edilir.

 “Ədəbi cərəyanlar” sektoru. Müasir Azərbaycan ədəbiyyatında izlənən əsas cərəyanlar realizm, modernizm, magik realizm, postmodernizm cərəyanlarıdır. Ədəbiyyatşüanaslığımızda hal-hazırda sadalanan cərəyanlara xüsusi diqqət yetirilir, bu sahədə araşdırmalar, tədqiqatlar aparılır. 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat institutunda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılan və akademikin rəhbərliyi ilə fəaliyyət göstərən “Ədəbi cərəyanlar” sektoru da Azərbaycanda ədəbi cərəyanlar probleminin araşdırılması işində mühüm addımlardan biridir. Hal-hazırda sektorda realizm, modernizm, postmodernizm, akademizm ədəbi cərəyanları üzrə araşdırmalar aparılır, əldə edilən nəticələr ölkə daxilində və xaricində dərc edilərək elmi ictimaiyyətə çatdırılır.  

Ədəbİyyat sİyahısı

  1. Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı, Mütərcim.(dərslik) 2008, 360 s.

2.     Həbibbəyli İ. Azərbaycanədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri. Bakı, “Elm”, (monoqrafiya) 2019, 452 s.

3.     Qəhrəmanlı N. Ədəbiyyatnəzəriyyəsi.(dərslik)Bakı, 2008, 106 s. Rəfili M. Ədəbiyyatnəzəriyəsinə giriş. Bakı, APİ nəşriyyatı.(dərslik) 1958, 274 s

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest