Genel

ELÇİN MƏLHƏMLİ –  Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

ELÇİN MƏLHƏMLİ 

 Şeirlər

SALAM, ŞUŞA

Otuz il bizimçün döndün xəyala,Şeirlər

Nəhayət yetişdik şirin vüsala,

Səni görmək üçün çıxmışam yola,

Arzum həqiqətlə yürüyür qoşa,

Salam, Şuşa!

                *     *     *

Qəhrəman ordumuz keçilməz dağla

Gəldi harayına dişlə, dırnaqla,

Qırdı düşmənləri yüngül yaraqla,

Salıb öz izini qayaya, daşa,

Salam, Şuşa!

                 *     *     *

Yaşadın bəxtinə düşən qədəri,

Unut bundan sonra qəmi, kədəri,

Hər dün gözəlləşən gözəl şəhəri

Bütün elim-obam gəzib dolaşa,

Salam, Şuşa!

                *     *      *

Nəhayət yetişdim Cıdır düzünə,

Bələndim Vaqifin şirin sözünə,

Düşərək ustadın aydın izinə,

İlhamım çağladı, təb gəldi cuşa,

Salam, Şuşa!

                *     *     *

Gəldim, gözlərində gülüşü gördüm,

O mavi səmanı, günəşi gördüm,

Səni əbədilik qəlbimə hördüm,

Daha bundan sonra bəxtəvər yaşa,

Salam, Şuşa!

BU ZƏFƏRİ GÖZÜMÜZTƏK QORUYAQ 

O zaman ki, Vətən yada yem idi,

Hər günümüz kədər idi, qəm idi,

Nər oğullar düşmən üstə yeridi,

Mənfurlardan təmizləndi Qarabağ,

Bu zəfəri gözümüztək qoruyaq.

                  *     *     *

Bu torpaqda ulu bizik, əzəl biz,

Hər qarışda babalarım salıb iz,

“Qisas” dedi bizə Vətən eşqimiz,

Yurdumuzdan yadellini darayaq,

Bu zəfəri gözümüztək qoruyaq.

                 *      *     *

Hər qayası and yerimiz, pir oldu,

Pir uğrunda igidlərim şir oldu,

Şəhid qəbri ən müqəddəs yer oldu,

Şəhidləri unutmayaq, arayaq,

Bu zəfəri gözümüztək qoruyaq.

                 *      *      *

Doğransa da Vətən yüz yol, diridir,

Qarabağım dərdin yüzdən biridir,

Bu qələbə ruhdan buzu əridir,

Savalana salam deyir Murovdağ,

Bu zəfəri gözümüztək qoruyaq.

                *      *      *

Nəhayət ki, qovduq yurddan düşməni,

Qarabağdan qaçdı, getdi erməni,

Xoşbəxt görək bundan sonra Vətəni,

İndi daha yaramızı sarıyaq,

Bu zəfəri gözümüztək qoruyaq.

İSTƏYİRƏM 

Əlimi açmışam günəşə sarı,

Ömrümə hərarət, nur istəyirəm.

Qəmi sısqa-sısqa, kədəri yarı,

Sevinci sel kimi gur istəyirəm.

                 *     *     *

Kəlama tapındım, sözə and içdim,

Sözə könül verib canımdan keçdim,

Sözü zərrəbinlə aradım, seçdim,

Olsun yazdıqlarım dürr istəyirəm. 

                 *     *     *

Dolanır başımda min cürə fikir,

Qəlbimdən keçəni yazdım arabir,

Sözlərim yüzüncü qatda gizlənir,

Çoxuna qoy qalsın sirr istəyirəm.

               *     *     *

Hər cür əzablara tapıb dözümü,

Həmişə göstərdim sakit özümü,

Vulkan tək püskürən odlu sözümü,

Çılğın istəyirəm, kür istəyirəm.

                *     *     *

Dünyaya sığmayan qəlbim qəfəsdə,

Rahat gedib-gəlmir artıq nəfəs də,

Sanki özüm ilə durmuşam qəsdə,

Ruhumu səmada hürr istəyirəm.

ŞƏHİD ANASI 

Bir oğul bəsləmişdim 

Qoynumda, qucağımda.

Haqq yola səsləmişdim 

Öz halal ocağımda.

     *     *     *

Verdim ürək dolusu 

Sevgi, məhəbbət ona.

Ol, dedim, el qalası,

Sənə Vətəndir Ana.

     *     *     *

Qorudu oğlum, Vətən,

Səni cəsur ər kimi.

Xəbər gəldi cəbhədən,

“Dayanıb sipər kimi”.

     *     *     *

Öz qanı ilə yudu

Torpağını, daşını.

O əbədi uyudu,

Uca edib başını.

     *     *     *

Lay-lay deyirəm yenə,

Balama yatağında.

Tapşırdım, Vətən, sənə,

Qoy yatsın qucağında.

SAVAYI

Nə yazılıb ki, alnıma

Kədərdən, qəmdən savayı?

Nələr düşüb qismətimə

Azacıq, kəmdən savayı?

          *     *     *

Dərdin üstünə dərd yağır,

Dərd qəlbimi edib yağır,

Varmı bu dünyada ağır

Mənim şələmdən savayı?

          *     *     *

Üz döndərib bu həyat da,

Yox ruhumda toy, büsat da,

Nə gördüm ki, bu həyatda 

Dərddən, ələmdən savayı?

          *     *     *

Bütöv Vətən pərən-pərən,

Çarə varmı buna görən?

Varmı ürəyimi görən

Vərəq, qələmdən savayı?

          *     *     *

Vətən eşqi sonsuz dəniz,

Bu eşq necə ülvi, təmiz,

Nə olar ki, candan əziz

Mənə ölkəmdən savayı?

VƏTƏN

Tarixinin hər günü qan yaddaşı,

Hər qayası bir şəhidin baş daşı,

Hər bulağı bir ananın göz yaşı,

Nə əzabdır sən çəkirsən, can, Vətən?

                  *     *     *

Qan çilənir gül üzünə hər səhər,

Ağı olur dilimizdə nəğmələr,

Nə vaxt bitər bu dərd, qüssə, qəm, kədər?

Nə vaxt doğar taleyinə dan, Vətən?

                  *     *     *

Düşmənləri torpağından tez qovaq,

Bitsin artıq bu ədavət, bu nifaq,

Qoy atasız böyüməsin bir uşaq,

Torpağına tökülməsin qan, Vətən.

                  *     *     *

Birlik olsun tək məqsədin, amalın,

Birləsinlər cənub ilə şimalın,

Günəş kimi şəfəq saçsın camalın

Sənsən bizə şərəf, şöhrət, şan, Vətən.

GÜNDÜZ GEDİR, GECƏ GƏLİR

Başımda qüssə dumanı

Gündüz gedir, gecə gəlir.

Dərdlə yüklü qəm karvanı 

Gündüz gedir, gecə gəlir.

          *     *     *

Bağlanıb Tanrı qapısı,

Tutmağa yoxdur əbası,

Axsayan kədər yabısı

Gündüz gedir, gecə gəlir.

          *     *     *

Sönüb sevincin sobası,

Geyinmişəm qəm libası,

Tanrının kədər zopası

Gündüz gedir, gecə gəlir.

          *     *     *

Ürəyimə düşən yara,

Hər gün məni çəkir dara,

Fikir adlı “bəxtiqara”

Gündüz gedir, gecə gəlir.

          *     *     *

Hardan əsdi kədər yeli,

Əydi qəddi, bükdü beli,

Dağ çayı tək qüssə seli

Gündüz gedir, gecə gəlir.

AĞLA, GÖZƏLİM, AĞLA

Bir gün məni də mələk

Aparar, qalarsan tək,

Alıb bir qara örpək

Bağla, gözəlim, bağla.

Ağla, gözəlim, ağla.

          *     *     *

Ay qəlbimin hakimi,

Yağarsan leysan kimi,

Yaddaşında şəklimi

Saxla, gözəlim, saxla.

Ağla, gözəlim, ağla.

          *     *     *

Qucaqla baş daşımı,

Sıx gözünün yaşını,

Torpaq altda nəşimi

Dağla, gözəlim, dağla.

Ağla, gözəlim, ağla.

          *     *     *

Payız yağışı kimi,

Çox islatma qəbrimi,

Get evdə köynəyimi

Qoxla, gözəlim, qoxla.

Ağla, gözəlim, ağla.

          *     *     *

Tənha qalmamaq üçün,

Məni hər zaman düşün,

Gəlim yuxuna hər gün,

Yoxla, gözəlim, yoxla.

Ağla, gözəlim, ağla.

BİLMƏSİN

Bir busə ver buxaqından, nə olar,

Nə xal bilsin, nə üz bilsin, nə dodaq.

İkimizin arasında sirr qalar,

Nə dil bilsin, nə göz bilsin, nə qulaq.

                  *     *     *

Qoşalaşaq çıxaq çölün düzünə,

Gəzə-gəzə düşək bulaq izinə,

Təslim olaq məhəbbətin özünə,

Nə çöl bilsin, nə düz bilsin, nə bulaq.

                  *     *     *

Çağır məni tez özümü yetirim,

Alım səni, qucağıma götürüm,

Ehmallıca dağ çayından ötürüm,

Nə bel bilsin, nə diz bilsin, nə balaq.

                  *     *     *

Qəlbimizə eşq şərabı içirtdik,

Sərxoş edib sərt yollardan keçirtdik,

Barı indi ona möhkəm çarıq tik,

Nə mil bilsin, nə biz bilsin, nə oymaq.

                  *     *     *

Eşq od imiş, düşdüm eşqin oduna,

Yandı canım, çat Elçinin dadına,

Hər gün təzə nəğmə qoşum adına,

Nə kül bilsin, nə köz bilsin, nə ocaq.

ŞAMAXI 

Çoxları bu yurda nəfsini saldı,

Ona kəc baxanı vurdu Şamaxı.

Silahla gələndən öcünü aldı,

Yenilməz qalatək durdu Şamaxı.

                  *     *     *

Bağdaddan Dərbəndə uzanıb qolu,

Tarixi şərəflə, şöhrətlə dolu,

Zamanla kəsilib, eh, sağı, solu,

Kimlər taleyini burdu, Şamaxı?

                  *     *     *

Xaqani sözündə vardır nəsihət,

Nəsimi dünyası fəlsəfə, hikmət,

Nişat, Seyyid, Sabir, Zülali, Səhhət…,

Saysız şairlərin yurdu Şamaxı.

                  *     *     *

Hər yandan səslənir muğamat səsi,

Bu səs heyran edir eşidən kəsi,

“Şirvan şikəstəsi” xalqın bəstəsi,

Sarəncdi, Şahnazdı, Şurdu Şamaxı.

                  *     *     *

Sözün bulağından içdi bu Elçin,

Şairlər məktəbin keçdi bu Elçin,

Sözləri yontayıb biçdi bu Elçin,

Şeirdən abidə qurdu, Şamaxı.

Elçin Məlhəmli
Elçin Məlhəmli

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest