GenelGüncelKültür Sanat

Ehtiram İlham

Nazım AHMEDLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Ehtiram İlham

 Şeirlər

Get-gedə

                        Atilay üçün


Ehtiyacdandımı, ya yaşdandımı,
Azalır başımda ağıl, get-gedə.
Mən yaşadığımdı cəhənnəm özü,
Bitir cənnət haqda nağıl, get-gedə.
                  ***
Gözümü açandan gözüm yaşdadı,
İşim əlamanda, qaçhaqaçdadı.
Nə ki, niyyətim var, zaman xışdadı,
Arzum uzaqlardan baxır get-gedə.
                       ***
Dünyada qalası dünya malıdı,
Tanrı sevdasıdı, haqq amalıdı.
Oğul atasına oxşamalıdı,-
Sənə oxşayıram, oğul, get-gedə.

 
O da mən yaşdaydı…

46 yaşımın tamamından bir neçə
gün sonra oğlumun 11 yaşı olasıydı.
Yadıma düşdü ki, atamı itirəndə mən oğlum,
atam da mənim indiki yaşımdaydı –
onda, 1980-ci ildə…


 

Mən də sən boydaydım o vaxtı, hələ
Ağlım da başdaydı baban gedəndə.
Gücüm çatannan da, çatmıyannan da
Dava-dalaşdaydım baban gedəndə.
                             ***
Yıxıldım, qalxmadım bir də heç zaman,
Qaldım boynubükük elə o vaxtdan.
Alnıma bir qara xəttlə yazılan
Baxtnan barışdaydım baban gedəndə.
                    ***
Bir də doğmayacaq xoş sabahlarda,
Qalxan nalələrdə, qopan ahlarda,
Yolunan saçlarda, yaş yanaqlarda,
Quruyan yaşdaydım baban gedəndə.
                        ***
Mən onun yaşına yetişdim axır..
Beləcə başladı təzə bir nağıl….
…Elə sən boydaydım o vaxtı, oğul,
Elə sən yaşdaydım baban gedəndə.

 17.12.2014



Daha söyləməyə nəsə qalmadı


Daha söyləməyə nəsə qalmadı,
Qoy bu sözümü də deyim müxtəsər.
Qələmi sınaydı yazı yazanın –
Nə yazı oxunur, nə də ki, dəftər.
                     ***
Andıra qalmışlar birdi, beşdimi,
Daha gözlərimdə hər şey heçdimi?
Kiminsə yadına adım düşdümü,
Məni kimsələrdən aldımı xəbər?
                         ***
Dərdləri it kimi düşüb dalımnan,
İstədi çıxarda məni halımnan.
Onu bacardım ki,.. ölüm-zulumnan
Çulumu çıxartdım sudan birtəhər.
                       ***
Sazda inildəyib, göynədim neydə,
Xəlbirim ələnib, fırlanır göydə.
Daha o şövqündən düşüb ürək də –
Daha Ehtirama nə yol, nə səfər.
                       ***
Şükür deyərsiniz – birtəhər çıxsam
Bu gündən o ayın onuna kimi.
Bir quru cəsədəm – uçmuş ruhumnan
Ağrıdan inləyən canıma kimi.

                          ***
Fələkdən saymadım, fələk saymadı,
Mənə haqq elədi heç nə qıymadı!..
Aldı nəyim ki var, gözü doymadı, –
Sordu iliyimdə qanıma kimi.
                          ***
Nələr arzuladım, nəymiş qismətim,
Özümə çatmadı özcə söhbətim.
Mən daha kimnənsə barışam çətin –
Ərşin sultanından, xanına kimi.
                        ***
Vaxtmı hesablayım, məqammı güdüm,
Hardan gəlmişdim ki, hara da gedim.
…Sonuncu sözümü birinci dedim,
Birinci sözümün sonuna kimi.
                         ***
Alçaq könüllərdir ən uca yerim,
Nə yurdum bəllidir, nə sərhədlərim.
…Yanından yol alıb gedən dərdləri
Gələr Ehtiramın yanına kimi.

 
Avtoportret


Bu adam sevmədi özünü,
Özgələrini sevdi amma…
Ömründə bir xoş gün görmədi,
Əzablı günlər gördü amma.
                         ***
Başına uçuldu tikdiyi,
Fil çəkəmməyəndi çəkdiyi
Tumurcuqlamadı əkdiyi,
Gül-çiçək açdı dərdi, amma…
                         ***
Qaçmasa da bir yol sözündən
Qaçdılar hər yerdə özündən…
Qarışqa idi öz gözündə,
Başqaları bir devdi amma.
                         ***
Dözüb də hamının nazına,
“Hə” dedi hər şeyin azına.
Can deyib oğluna, qızına,
Çörək yox, ürək verdi amma.
                         ***
Bəlkə də heç baxtlıq deyilmiş,
Bugünlük, sabahlıq deyilmiş
Ölüb yaşamaqlıq deyilmiş,
Bəlkə yaşayıb öldü amma.

 12.09.2011


Elə çox yaşadım

Nə qələt elədim,
gəlib görüb də,
Sürünə-sürünə ömür sürüb də.
Adı dünya olan bu şoğəribdə
Elə çox yaşadım,
çox yaşadım ki…
                         ***
Məni istəyənlər çoxdan yoxdular,
Bu nadanlar içrə nə azarım var?
Bəs deyirdilər ki, axtaran tapar –
Elə çox yaşadım,
çox yaşadım ki…
                         ***
Bir gün də görmədim təmtəraqları,
Duydum üzərimdə hər qınaqları.
Sinəmdə gəzdirib çarpaz dağları,
Elə çox yaşadım,
çox yaşadım ki…
                         ***
Yaş elə alıbdı gözümü neynim,
Demədim bir ürək sözümü neynim.
Yaşada bilmədim özümü neynim,
Elə çox yaşadım,
çox yaşadım ki…


Ay canım

Yaman çox yaşadım mən bu ürəknən,
Sənə dağ çəkmişəm – duydum, ay canım.
Ağıl ucbatından kef eləmişəm,
Özüm öz ağlıma taydım, ay canım.
                         ***
Hacdan, kalvayıdan gəlməmişəm ha,
Dünənim nə üznən çıxsın sabaha.
Savab eləyib də batdım günaha,
Özümü adammı saydım, ay canım.
                         ***
Küləyə sovurdum ömrü dən kimi,
Olmadım nəfsimin bir gün hakimi.
Düşmənin adama etmədiyini,
Mən özüm özümə qıydım, ay canım.

 18.10.2013.


 Nədisə

 Aşıq İlham Aslanbəyliyə


Səninki çalmaq ha deyil,
Ayrı aləmdi, nədisə.
Sinən üstdən qopan haray,
Dərddi, ələmdi nədisə.
                  ***
Belə ürək ki, var səndə,
Alışıb yanarsan gündə..
Can ha qalmaz eşidəndə,
Haradı, kimdi, nədisə…
               ***
Nə güllüdü gülüstanın,
İncədi sözün dastanın.
O tufan qoparan canın
Eşqə həmdəmdi, nədisə.
          ***
Ax bu qara saz, qara saz…
Könüllər yaxmaqdan doymaz.
Ehtiramda tutar qoymaz,
Cadu, tilsimdi, nədisə.

Adam olammadım
Adam çağırıldı mənim də adım,
Mən bu adamlıqdan heç yarımadım.
Gəzdim qarış-qarış, addımbaaddım,
Adamdan bir xəbər alınca qaçdım.
                         ***
Adam görkəmində, adam biçimdə
Adam sevgisində, adam gücündə
Adam axtarıram adam içində
Adama həsrətli qalınca qaçdım.
                         ***
Adam ki, gəlmirsə adam belindən,
Tutulub asılmaz adam dilindən.
Adam olammıram adam əlindən,
Bu daşı başıma salınca qaçdım.
                     ***
Tamarzı qalsam da düzün dalınca
Getmədim çörəyin, duzun dalınca
Qaçmadım şeirin, sözün dalınca
Mən adam olmağın dalınca qaçdım.
 

İçimə qorxu yeriyir


İçimə qorxu yeriyir,
Ürəyimin yağı əriyir,
Qaçır, dalımca yürüyür,
Kor əcəl girləyir məni.
              ***
Ömrümə qənim ömrümə,
Bu dərdin, qəmin ömrünə,
Ələnir həmin ömrümə
Qar, əcəl girləyir məni.
                ***
Yaxşı demir, yaman bilmir,
Vaxt tanımır, zaman bilmir.
Rəhmə gəlmir, aman bilmir,
Bir əcəl girləyir məni.

                ***
Ötür həzin-həzin tütək,
Darayır saçımı külək.
Dur yapış əlimdən bərk-bərk,
Yar, əcəl girləyir məni.

 
Anama yazdıqlarım


Məni ən çox istəyənim,
Ən çox istədiyim adam.
Gözümü açıb dünyada,
Ən öncə gördüyüm adam.
                 ***
Evim, qalam, bürcüm, dağım,
Arxam, önüm, solum, sağım,
Mənim ən çox yaşatdığım –
Ən çox öldürdüyüm adam.
            ***
Qanadın üstümə sərib,
Nəyi varsa, mənə verib.
Dərgahına səcdə edib –
Allahım dediyim adam.


Məni ovudarmı xatirələrin


Məni ovudarmı xatirələrin –
Səni xəyallarda anıram indi.
Nəfəsin qoymazdı dərd mənə bata –
Dərdimnən canımı yenirəm indi.
                      ***
Sən vardın, dünyada hər şeyim vardı,
Ömrüm də, günüm də nə bəxtiyardı.
İndi haman dünya ruhuma dardı,
Özümü kimsəsiz sanıram indi.
                  ***
Sənsiz nə ünvanım, sənsiz nə adım…
Halıma acıyır uzağım, yadım.
Vaxtında başına dolanammadım –
Qəbrinin başına dönürəm indi.



Bir ana yaşardı, bir vaxt sən adda


Bir ana yaşardı, bir vaxt sən adda…
Nisgilin qaldımı görən, həyatda.
Sızladı, göynədi qohum da, yad da,
Fəryad qopardılar ölümünə də.
                 ***
Qapından girmədi nə haram, nə şər,
Nə küsüb incidi səndən bir bəşər.
Sağ ikən özünə həsrət çəkdilər –
Həsəd apardılar ölümünə də.
               ***
Nə qəfil yetişdi axır güzarın,
Son anda yenmədi yenə vüqarın.
Quş tək uçmasaydın, – gül balaların,
Əlac tapardılar ölümünə də.


Üzümdə su yoxmuş, içimdə qəhər


Üzümdə su yoxmuş, içimdə qəhər,
Qalmadı canımda nə güc, nə təpər.
Bu qansız dünyayla qaldım bərabər, –
Yaşadım, ay Ana, səndən sonra da…
                   ***
Yapışıb qolboyun dərdnən-amannan,
Qurtardım biryolluq dinnən, imannan.
Ağrıyan ürəknən, titrəyən cannan,
Yaşadım, ay Ana, səndən sonra da…
                   ***
Elə dünənəcən Sən də vardınmı,
Oğlunla, qızınla bəxtiyardınmı?
Sən mənsiz bircə an yaşayardınmı, –
Yaşadım, ay Ana, səndən sonra da…
                  ***
Sənsiz bu gündümü, bu həyatdımı,
Dözüb dayanıram, zarafatdımı?
Xəbərin oldumu, Ruhun şaddımı? –
Yaşadım, ay Ana, səndən sonra da…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest