Dilimizi yaşadanlar – ANAR
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
ANAR
Dilimizi yaşadanlar
Ədəbiyyatımızda, özəlliklə şeir tariximizdə folklorun yeri başqa xalqların söz sənətindəkindən daha böyük, daha önəmlidir. Doğma oğuz dillərində (Türkiyə və Azərbaycan türkcəsi, türkməncə, qaqauzca) yaranmış folklor örnəklərini rus şifahi ədəbiyyatıyla tutuşdurduqda bu daha aydın görünür. Fikir, duyğu, obrazlılıq, ifadə əlvanlığı, həyatın ən çeşidli və ciddi məsələlərinə münasibət baxımından bayatılarımız rus çastuşkalarından çox-çox zəngindir. Əlbəttə, unutmaq olmaz ki rus nağıllarından Puşkin, rus folkloru və bizim “Aşıq Qərib” dastanından Lermontov kimi dahilər bəhrələniblər, amma bununla belə rus xalqının şifahi ədəbiyyatı Puşkin və Lermontovla, Tütçev və Nekrasovla bir sırada dayana bilməz. Oğuz şeirinə gəldikdə isə, şifahi ədəbiyyat nümayəndələri kimi qəbul olunan Qurbani, Qaracaoğlan, Abbas Tufarqanlı, Dadaloğlu irsi Yunis İmrə, Molla Pənah Vaqif, Məhdumqulu irsiylə bir cərgədədir.
Bunun əsas səbəbi adlarını çəkdiyimiz və neçə-neçə başqa söz sərraflarının yüksək bədii səviyyədə dilimizin saflığını qorumalarıdır. Dədə Qorqud və Yunis İmrə dilini yaşadanlar da məhz bu böyük söz ustaları olmuşlar.
Türkiyə tədqiqatçılarının “divan ədəbiyyatı”, bizdə “klassik ədəbiyyat” adlanan yazılı söz sənətimiz Orta əsrlərin dəblərinə uyğun olaraq ərəb, daha çox fars dilində yaranırdı, öz dilimizdə qələmə alınan məsnəvilər, qəzəllər, qəsidələr də qəliz ərəb-fars tərkibləri, üçmərtəbəli izafetlərlə dolu olurdu.
Füzuli yazırdı:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Məndə tovfiq olsa bu duşvari asan eylərəm,
Növbahar olqaç dikəndən bərqi-gül izhar olur.
Dahi Füzuli “Leyli və Məcnun”u, divanını türk dilində qələmə alıb doğma dildə yüksək poeziya yaratmaq kimi düşvar (çətin) işi asanlaşdırsa da, bu gün onun əsərlərini ərəb-fars sözləri lüğətiylə oxumalı oluruq. Altı yüz il, beş yüz il öncə yaranmış qoşmaları, gəraylıları, bayatıları isə lüğətsiz mütaliə edirik.
Yadımdadır orta məktəbdə, gərək ki, səkkizinci sinifdə dərsliyimizdə Qasım bəy Zakirin “Suzi təpişi nari səğər gərçi yamandır” misralarını heç nə anlamadan əzbərləyirdik (indiyəcən yadımda qalıb!). Halbuki elə Zakirin “Durnalar” və bu səpkidə başqa qoşmalarının sadə, saf dili hər kəsə aydındır.
Bu gün də dərsliklərimizdə – hər sinifə, hər yaşa uyğun olaraq, şifahi ədəbiyyat örnəklərimizi çağırılmamış qonaq kimi deyil, öz layiqli yerində tədris etsək şagirdlərdə şeirə, bədii sözə daha çox maraq oyadarıq.
Müqayisə üçün dörd misala müraciət edək. Azərbaycan ədəbiyyatından Həbibi, Qurbani, Anadolu ədəbiyyatından Baqi və Qaracaoğlan.
Səfəvi sarayında “Məlik üş-şüara” – şairlərin şahı adı qazanmış, Şah İsmayılın ərkyanə zarafatla və rəğbətlə yanaşdığı Həbibinin hələ nisbətən aydın qəzəlindən bir neçə beyt:
Gər səninçin qılmazam çak, ey büti-nazikbədən,
Görüm olsun şol qəba, əynimdə pirahən-kəfən
Çıxmaya sevdayi-zülfün başdan ey məh,
gər yüz il
Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən
Düşdü şəbnəm bağı, gəl, ta gül nisar etsin sana,
Səbzənin hər bərqinə bir dür ki, tapşırmış çəmən.
(Bu qəzəli Füzuli təxmis etmişdir)
İndi gəlin həmin dövrdə yaşayıb-yaratmış Dirili Qurbaninin Şah İsmayıla müraciətlə yazdığı qoşmanı oxuyaq:
Mürşidi-kamilim, şeyx oğlu şahım!
Bir ərzim var qulluğuna şah mənim
Əziz başın üçün oxu yazğımı,
Agah ol halımdan gahbagah mənim!
Dərin-dərin dəryaları boyladı,
Xəncər alıb qara bağrım teylədi,
Oğlu ölmüş vəzir qəza eylədi.
Getməz dimağımdan dudi-ah mənim.
Şair olan dərsi alar pirindən,
Baş açmadım səğ rəqibin sirrindən
Qolu bağlı keçdim Xudafərindən,
Üzüm gülməz heç açılmaz, ah, mənim.
Qurbani şeirində dilin sadəliyi, təmizliyi ən incə təşbehlər yaratmağa əngəl olmur:
Başına döndüyüm ay gözəl pəri,
Adətdir, dərərlər yaz bənövşəni
Ağ nazik əlinlə bir dəstə bağla
Tər buxaq altına düz bənövşəni.
Tanrı səni xoş camala yetirmiş
Səni görən aşiq əqlin itirmiş
Mələklərmi dərmiş, göydən gətirmiş,
Heyif ki dəriblər az bənövşəni.
Qurbani der: könlüm bundan sayrıdı,
Nə etmişəm yarım məndən ayrıdı?
Ayrılıqmı çəkib boynu əyridir.
Heç yerdə görmədim düz bənövşəni.
1993-cü ildə İstanbulda Türkiyə Yazarlar Sindikatının Qurultayında çıxış edərkən Qurbaninin bu qoşmasının son bəndini oxudum, “Ayrılıqmı çəkib boynu əyridir” misrası böyük yazıçı Yaşar Kamalı valeh etmişdi. Çıxışımdan sonra xahiş etdi bu misraları bir də təkrar edim (türklər bənövşəyə menekşe deyirlər) və cib dəftərinə orijinalda olduğu kimi yazdı.
XVI əsr türk divan ədəbiyyatının tacıdarı adlandırılan Baqinin qəzəlindən bir neçə beyt:
Xoş gəldi mənə meygədənn abi-havası
Billah ğözəl yerdə yapılmış yıxılası
Diqqətlər ilə seyr edəriz yarı sərapa
Görməzmi idik biz də əgər olsa vəfası
Dünya dəyər ol məhliqa dilbəri qərrə
Yusifdə dəxi yoxdu onun hüsnü bəhası
İndi də təxminən eyni dövrdə yaşamış el şairi Qaracaoğlanın qoşmasını oxuyaq:
Sabahdan uğradım mən bir gözələ
Ala gözlərinə sürmələr çəkmiş
Daramış zülfünü, tökmüş bir yana
Salı vermiş incə belin üstünə
Alma-alma yanaqları al kimi,
Boynu uzar, gedər, sərvi dal kimi,
Səhərdə açılan qönçə gül kimi
Sandım qan damlamış qarın üstünə.
Çıxa-çıxa çıxdım yoluna vardım,
Verdiyi çevrəni qoluma sardım
Uğrunda ölümü gözümə aldım
Divanına durdum yolun üstünə.
Yaxud:
Nədəndir de, kömür gözlüm nədəndir?
Bu mənim gecələr uyumadığım
Çətin derlər ayrılığın dərdini,
Ayrılıq dərdinə doyamadığım.
Ya:
Dostun bağçasına yad əllər dolmuş
Gülünü toplarkən fidanını qırmış
Burda bir kötünün qonuna girmiş
O mənim sevməyə qıyamadığım
Və ya:
Aladır gözlərin, siyahdır qaşın
Aradım cahanı, bulunmaz eşin.
Yaylanın qarından bəyazdır döşün
Yıxılıb üstünə öləsim gəlir
Bulaq suyu kimi duru, yaylanın qarı kimi təmiz dil…
Tərtib etdiyim və 1999-cu ildə Bakıda nəşr olunmuş “Min beş yüz ilin oğuz şeiri” antologiyasında Qaracaoğlana da geniş yer verilib. İndi xatırlamadığım hansı mənbəyəsə isnad edərək onun doğum – ölüm illərini belə göstərmişəm: (1606? – 1679?).
Qaracaoğlanın Türkiyə araşdırıcılarından Əhməd Qüdsi Tecer isə onun XVI əsrin başlanğıcında yaşadığını, hətta ehtimal ki XV əsrin ortalarında ömür sürdüyünü iddia edir. Tecerin gətirdiyi dəlillərə haqq qazandıran Əhməd Kabaklı “Türk ədəbiyyatı” çoxcildliyinin ikinci cildində bu fikrə gəlir ki, Qaracaoğlan duru üslubu, xalq zövqünə bağlı məcazları ilə XVII yüzilin şairi olmayıb, daha öncəki (XV, XVI) əsrlərdə yaşamışdır.
Şeirlərinə isnad edilərək Qaracaoğlanın gəzərgi bir həyat keçirdiyini söyləmək olar. O, başdan-başa Anadolunu, Balkan ölkələrini, İranı, Azərbaycanı gəzib-dolaşmış əfsanəvi bir şəxsiyyətdir. Həm şəxsiyyəti haqqında rəvayətlərin, həm yaradıcılığının xalq arasında geniş yayılması nəticəsində hətta ondan sonra yaranmış və ona mənsub olmayan şeirləri də bəzən ona aid edirlər. Şairin özünə aid olan, yaxud onun böyük təsiri altında olan şairlərin və aşıqların Qaracaoğlan “möhürlü” əsərləri Türkiyə, Azərbaycan və türkmən ədəbiyyatının ən parlaq səhifələrindəndir. Qaracaoğlanın 1991-ci ildə Bakıda çıxmış kitabına ön söz yazan Qara Namazov və İsmayıl Öməroğlu qeyd edirlər ki, “Azərbaycan Qaracaoğlanın ikinci vətənidir. Şairin Gədəbəydən olması, Göyçədə yaşaması haqqında rəvayətlər də mövcuddur”.
Amma daha vacib məsələ Qaracaoğlan şeirlərinin Azərbaycan ədəbiyyatının müxtəlif örnəkləriylə səsləşməsidir.
“Əsli və Kərəm” dastanında Kərəm:
Qəribin boynuna kəfən biçilməz,
Əcəl camı çox ağırdır içilməz,
Üç dərdim var, bir-birindən seçilməz
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm
– deyirsə,
Qaracaoğlan da:
Qaracaoğlan der qondum köçülməz
Acıdır əcəl şərbəti, içilməz
Üç dərdim var, bir-birindən seçilməz
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm
Kərəm:
Hey ağalar necə olur
Halı yardan ayrılanın?
Axır düşər qürbət elə
Yolu yardan ayrılanın.
Qaracaoğlan:
Ey ağalar, böyləmi olur
Halı yardan ayrılanın.
Enər, ümmana tökülər
Seli yardan ayrılanın
– misralarını gətirən Q.Namazov və İ.Öməroğlu qeyd edirlər ki, Azərbaycanda da geniş yayılmış
Ala gözlü, nazlı dilbər,
Qoyma məni el yerinə.
Gümüşdən kəmərin ollam
Dola mənə bel yerinə
– mahnının sözləri Qaracaoğlanındır.
Mən Qaracaoğlan şeirinin daha bir özəlliyinə diqqət çəkmək istəyirəm – onun M.P.Vaqif poezayasına ruh yaxınlığına, həyatı, şəhvani, erotik çalarlarına…
Əhməd Kabaklı yazır: “Qaracaoğlan şeirindəki gözəllər divanlardakı “miniatür gözəllərə” bənzəməz, bunlar canlı-qanlı, hərəkətli, gerçək gözəllərdir. Bu qadınlar özəl geyimləri, çöhrələri, saç düzümləri, huy və xarakterləri ilə yaşayan varlıqlardır”.
Bu sözləri tamamilə Molla Pənah Vaqif gözəllərinə də aid etmək olar.Qaracaoğlan deyir:
Qoy dolanıb dursun qolun boynumda,
Heç ölüm qorxusu yoxdur eynimdə.
Bir gecəlik mehman olsam qoynunda
Sabah oldu deyə qaldırma məni.
Yaxud:
Ala gözlərini sevdiym dilbər,
Gözəl camalını görməyə gəldim.
Mən sənə söylədim sözün doğursu
Soyunub qoynuna girməyə gəldim.
Məsələ onda deyil ki, XVIII əsr şairi M.P.Vaqif daha öncə yaşamış Qaracaoğlandan təsirlənib. Ola bilsin ki, Vaqifin Qaracaoğlandan heç xəbəri də yoxmuş. Məsələ şeirimizin iki qolunun Anadolu və Azərbaycan qolunun – müəyyən etaplarda eyni estetik prinisiplərlə inkişaf etməsində, gəlişməsində və dəyişməsindədir. Və bu qənaətdən çıxan daha mühüm nəticə budur ki, Azərbacan və Türkiyə şeir tarixini bir-birindən təcrid olunmuş şəkildə araşdırmaq, sistemləşdirmək, mövzu, üslub, forma və məzmun baxımından özəlliklərini izləmək mümkün deyil.
Sevdiyim, üstündə uçan quşların
Tutub qanadını qırmağa gəldim.
Yaxud:
Babalın boynuma,iştə mən öldüm,
Məzarım köksünə qaz, kərəm eylə.
Ya:
Ölüm, ardıma düşüb də yorulma
Var get, ölüm, bir zaman da yenə gəl!
Anamı, atamı dün aldın yetər
Var get ölüm, bir zaman da yenə gəl.
Bunlar və onlarca Qaracaoğlan misralarını – həm də bu gün bizim danışdığımız dildə səslənən misralarını söz tariximizdən necə və niyə çıxarmalıyıq. Nəsimi, Füzuli Türkiyə ədəbiyyatı tarixlərinə daxil edildiyi kimi Yunis İmrə də, Qaracaoğlan da, Pir Sultan Abdal da Azərbaycan ədəbiyyatı tarixinin ayrılmaz simaları olmalıdırlar. Sovet dönəmində belə bir təşəbbüs imkansız olduğu halda, bu gün bunun qarşısını kim ala bilər?
Eyni cür Türkiyə tədqiqatçıları da Dirili Qurbanini, Abbas Tufarqanlını, Sarı Aşığı ortaq ədəbi dəyərlərimiz kimi araşdırımalıdırlar.
Ormanda böyüyən adam azğını
Çarşıda, bazarda insan bəyənməz.
Mədrəsə qaçqını, süfrə pozğunu
Salam verməyə dərvişan bəyənməz.
Elin qapısında qaravaş olan,
Burunu fırtıqlı, gözü yaş olan,
Bayramdan-bayrama bir taraş olan
Bərbərə gəlib də dükkan bəyənməz.
Qazaq Abdalın bu “Bəyənməz” rədifli daşlaması daha çox məişət xarakterlidir. Neçin Türkiyənin yalnız uzmanları deyil, geniş oxucu kütləsi də Azərbaycan aşığı Abbas Tufarqanlının (XVII əsr) eyni rədifli, amma ictimai siqləti daha yükək olan və bu gün də aktual səslənən üsyankar qoşmasıyla tanış olmasın.
Ay həzərat, bir zamana gəlibdi
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı
Gəlinlər də qaynananı bəyənməz.
Adam var çox işlər eylər irada,
Adam var ki yetə bilməz murada,
Adam var ki çörək tapmaz dünyada
Adam var yağ yeyər, balı bəyənməz
Adam var ki adamların naxşıdı,
Adam var ki anlamazdı, naşıdı,
Adam var ki heyvan ondan yaxşıdı,
Dindirərsən heç insanı bəyənməz.
Aşıq Abbasın çox sevdiyim gəraylısı var:
Duman, gəl get bu dağlardan
Dağlar başı bar eyləsin.
Nə gözlərim səni görsün
Nə könlüm qubar eyləsin.
Haşa, sevdiciyim haşa,
Deyilənlər gəldi başa
Bu yandan özün tut daşa
Bir yandan el car eyləsin.
Türkiyənin böyük təsəvvüf şairlərindən olan Pir Sultan Abdalı da Azərbaycanla sıx tellər bağlayır. Nəsimi təsəvvüf, hürufilik ideayalarını əsasən əruz vəznində yazdığı şeirlərində ifadə edirdisə, Pir Sultan Abdalın heca vəznində yaradıcılığı qızılbaş-bektaşi əqidələrinin Anadoluda geniş yayılmasında müstəsna rol oynamışdır.
Çaldıran savaşında Sultan Səlimin odlu silahları, topları qarşısında müqavimət göstərə bilməyən Şah İsmayıl Xətai Anadolu torpaqlarına əqidələri, inanclarıyla daxil olmuşdur. Ələvilik, bektaşilik, nəqşbəndlik və sairə təriqətlərə tapınan yüzlərlə şair və aşıq, onların yaratdığı örnəkləri yayan dərvişlər Türkiyə ədəbiyyatında önəmli yer tuturlar.
Türk ədəbiyyatçılarının “təkkə şairləri” adıyla müəyyənləşdirdiyi bu üslubun ən parlaq nümayəndələrindən biri Pir Sultan Abdaldır. Tədqiqatçı Lətif Uğurtəkin “Abdal” sözünü belə izah edir: “Abdallar, əksəriyyətlə oturaq və qismən köçəri bir halda yaşayan ələvi-qızılbaş zümrələrindən ibarətdirlər, soy etibariylə türkməndirlər”.
“Abdal” sözü şaşqın, sərsəri, avara, axmaq anlamlarına uyğun gəlsə də şairlərin təxəllüslərində (Qayğısız Abdal, Təslim Abdal, Qazaq Abdal”) müəyyən bir əqidə sahibi mənasındadır. (Ağdam rayonunun Abdal Gülablı kəndindən Abdal Qasımı da xatırlayaq). “Təkkə ədəbiyyatı” adlandırılan cərəyan təsəvvüf, mevləvilik, ələvilik, bektaşilik, nəqşbəndlik və s. təriqətlərə mənsub sənətkarların yaradıcılığı ilə bağlıdır. Pir Sultan Abdal da, Cahid Öztellinin “Pir Sultanın dostları” kitabında onun davamçıları kimi bəhs etdiyi müridləri Qul Hümmət, Qul Hüseyn, Qul Məzlum, Qul İbrahim də bu yolun yolçularıdır.
Əhməd Kabaklı “Türk ədəbiyyatı” çoxcildliyində Pir Sultan Abdalın yüksək şairlik istedadını etiraf edərək yazır ki, bu şair Səfəvilərin Osmanlı düşmənçiliyinə və qızılbaş təbliğatına alət olmuşdur.
Pir Sultan Abdalın əfsanələşmiş faciəvi ömrü də məhz əqidələriylə bağlıdır. Müxtəlif mənbələrdə Pir Sultan Abdalla bağlı rəvayət belədir:
Osmanlı Sultanına qarşı Səfəvi şahı Təhmasibin tərəfini tutduğu üçün Pir Sultan Abdalı Xızır paşa Sivasda edam edir.
Gəncliyində Xızır paşa Pir Sultanın müridlərindən olub, Pir Sultanın ayağına düşüb yalvarıb ki, yüksək vəzifəyə sahib olmaqçün ona xeyir-dua versin. Pir Sultan müridinə: Xızır, vəzir olacaqsan, gəlib məni asacaqsan – cavabını verir.
Xızır İstanbula gedir və doğrudan da paşa olub Sivasa vali kimi dönür.Əski mürşidini qonaq çağıran Xızır ona ləzzətli yeməklər təklif edir. Pir Sultan onları yeməkdən imtina edir və səbəbini soruşanda belə cavab verir: Zina etdin, haram yedin, yetimlər haqqını aldın, haram para ilə yapılan yeməkləri mən yox, heç köpəklərim də yeməz.
Sözlərini təsdiq etməkçün şair iki köpəyini çağırır, təamları onların qarşısına qoyur, köpəklər yeməklərə toxunmayınca Xızır hiddətlənir və Pir Sultanı Sivasın Topraq qalasında həbs edir. Pir Sultan burada yeddi il yatandan sonra Xızır paşa onu hüzuruna çağırıb: Əgər içində şahın (Səfəvi şahının – A.) adı çəkilməyən üç şeir söyləsən səni əfv edərəm – deyir. Xızırın təklifindən sonra Pir Sultan bu məşhur şeirini söyləyir:
Xızır paşa bizi bərdar etmədən
Açılın qapılar, şaha gedəlim!
Siyasət günləri gəlib yetmədən
Açılın qapılar, şaha gedəlim!
Hər nerəyə getsəm yolum dumandır
Bizi boylə qılan əhdü-peymandır
Zəncir boynum sıxdı,halım yamandır
Açılın qapılar, şaha gedəlim.
Yaz selləri kimi axıb çağlaram
Xəncər alıb ciyərləri dağlaram
Qərib qaldım bu arada ağlaram
Açılın qapılar, şaha gedəlim.
(Şair başqa bir şeirində “Pir Sultan Abdalam Xətai şahım” desə də, bu şeirində tədqiqatçıların fikrincə, Şah İsmayılın oğlu Təhmasib nəzərdə tutulur).
Bundan sonra Xızır paşa Pir Sultanı asmaq əmri verir. Ancaq Pir Sultan xirqəsini dar ağacından asaraq özü qeyb olur. Rəvayətə görə, edamından sonra onu Malatya, Köçhasar yolunda və başqa yerlərdə görmüşlər. Bir rəvayətə görə də, Pir Sultan Qızılirmaq çayının üstündən keçib “əyil körpü” – demiş, körpü əyilmiş, suya batmış, şairi təqib edənlər çayın bu tayında mat qalmış, niyyətlərindən əl çəkmişlər. Guya nəhayət arzusuna çatan Pir Sultan Səfəvilərin Ərdəbil şəhərinə çatır və bu şəhərdə də vəfat edir. Məzarının yeri məlum deyil.
Şeirlərinin birində Pir Sultanın ölüb-dirilmək (reankarnatsiya) inamına yaxın olduğuna da işarə var:
Yuri belə Xızır paşa
Sənin də çərxin qırılar
Güvəndiyin padişahın
O da bir gün devirilər
Şahı sevmək süçmü bana?
Kəm bildirdin məni Xana
Can üçün yalvarmam sana
Şahinşah mənə darılar
Mən Musayam sən Firoun,
İqrarsız şeytani-ləin
Üçüncü ölməm bu, xain
Pir Sultan ölər dirilər
(altını mən cızdım- A.)
Əhməd Kabaklı çoxcildliyində qeyd edir ki, bütün ədəbiyyat tariximizdə məzhəb və siyasi əqidələrini ən açıq şəkildə bildirənlər Pir Sultan və Nazım Hikmətdir.
Azərbaycan ədəbiyyatı tarixində yer alan Sivas hökmdarı Qazi Burhanəddin kimi sivaslı Pir Sultanı da ortaq şeirimizin parlaq siması kimi dəyərləndirməliyik.
Azərbaycan Səfəvi dövlətinin qızılbaşlıq ideyalarına sədaqətinə, bu əqidə yolunda ölümə getdiyinə görə… Əsas da büllur kimi təmiz, saf şeir dilinə görə bu böyük şairi, təbii ki Türkiyə ədəbiyyatından ayırmadan, “özəlləşdirməliyik”.
Bülbül olsam varsam gəlsəm
Haqqın divanına dursam
Mən bir yanıl alma olsam
Dalında bitsəm nə dersən?
misraları el mahnılarımızdan fərqlidirmi?
Yaxud başqa bir gəraylısından:
Ağaclarda yaşıl yarpaq
Basdığımız qara torpaq
Yer altında kəfən yırtmaq
Başımızdan keçər bir gün.
Bu son misralar hansı fantaziyalara qida vermir?
Alçaqda, yüksəkdə yatan ərənlər
Yetişin imdada, aldı dərd məni
Başım alıb hanki yerə gedəyim
Getdiyim yerlərdə buldu dərd məni
Duyğuların səmimiyyəti, dilin ecazkar sehri baxımından Pir Sultanın misraları nə qədər müasir səslənir:
Bu il bu dağların qarı əriməz
Əsər badi səba yel pozuq pozuq
Türkmən qalxıb yaylasına yürüməz
Yıxılmış əşirət, el pozuq pozuq
Pir Sultanam, yaradıldım qul deyə
Zalım paşa əlindənmi öl deyə
Dostum məni ismarlamış gəl deyə
Gedəcəyəm amma yol pozuq pozuq.
Pir Sultan Abdalın ictimai etirazı bu misralarda xüsusi siqlətlə səslənir:
Uyur idik uyardılar
Diriyə saydılar bizi