GenelGüncel

Südabə Ağabalayeva: “Hər şeyə rəğmən yaşamaq”

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Südabə Ağabalayeva

 “Hər şeyə rəğmən yaşamaq”

 “…Demək, mənim qismətimə Ayın qaranlıq tərəfi olmaq düşüb. Canımda işıqlı tərəfin həsrəti, mən qaranlığı yazıram, qaranlığı ağlayıram, qaranlıqdan çəkib çıxardıram dərdlərimi – misra-misra, bənd-bənd.İşıqlı tərəfi hamı görür, qaranlıq tərəfi görməyə can atanların isə, hələ zamanı gəlməyib.”

                                                                               F. Məmmədli

 Üşüyən adamın nigaranlığı

Ötən yüzilin gəncliyində yaşamış insan üçün 2000-ci illərdə yaşamağı görmək – az qala kosmosa gedə bilmək kimi əlçatmaz bir hissdir. İndi isə, bir vaxt əlçatmaz olan 2020-ci il gəlib həyatımıza. Yeni əsrin kür gəncliyini yaşayanlara 60-70 yaşı “qürub çağı kimi görsə də, işin-gücün qürur vaxtını yaşayan “qocalığın gəncliyi” sabahları yaxın edəcək ümidlərin havasına köklənir. Məskunlaşmış tənhalıqlar zamanında yaşasa belə.

Kim deyir ömrün yazı

Fəsil deyil, qayıtmaz?!

Yubiley yaşı yeni cümlənin başlanması üçün qoyulan nöqtəyə bənzər. Yeni cümlənin ovqatını ətrafın diqqəti, qayğısı, sevgisi yazar.

Çiçəklənər ümidləri yenidən,

Yallı gedər duyğuları yenidən.

Duyğulanıb, körüklənib yenidən

Coşan selə, axar çaya çevrilər.

Sosiallıqla tənhalığın iç-içə yaşandığı bugünün ovqatı

Şirinim də, acım da

Fələyin saydığında.

Eh, ömür ağacında

Bir quru yarpaq qalıb.

 Bu solğun kədərin sarılığı sarsa da ruhunu, o yenə də bir möcüzə gözləyər; gözləyər ki, “hansısa bir rəssam” əli o yarpağı pəncərəyə nəqşləndirəcək… O “rəssam” hər kəs ola bilər; umduqları, sevdikləri, gözlədikləri, gözləmədikləri…

Allah, bu yorulub

yolda qalmışı

hansı tərəfdən gözləyim?

Xeyir tərəfdən?

Şər tərəfdən?

Yoxsa ki –

Hər tərəfdən?

…Sınaqsa da, cəzasa da, bu çaşqınlıq bir ümidi də nişan verir:

Gələnini gözləməyə de nə var,

Gedənini gözləməkdi intizar. (Musa Yaqub)

Ümidin hüdudları məğrurluğun həddini bir ilğım fırtınasıyla sınamaqdan usanmadıqca, böyük ümidsizliklərin böyük güc gətirdiyinə inanmağa başlayır:

Əlim göydə, dərgahına yolum yox,

Bu həsrətə qadağa var, ölüm yox.

Bir halda ki iradəmizin hökmünün yetmədiyi, gücünün çatmadığı məqamlar da izləyir ömrümüzü, bir halda ki ən səmimi, ən dərin hisslərimizin sonu da

Canım ağrı qışqırır,

Kimsə eşitmir məni.

məyusluğu gətirir, elə isə, hətta ən ümidsiz tənhalığa ən munis ünsiyyət kimi baxmaq niyə də təsəlli olmasın?!

Mənim daha heç kimə

Deyiləsi sözüm yox.

Və unutma ki, bu seçimin ” suçlusu” sən deyilsən!

Yüz yol özümdən yıxıldım,

Bir yol qaldıran olmadı.

Yadın-yaxının yalanlarına, inandıqlarının dönüklüyünə, güvən­diklərinin susqunluğuna… dözmək və… unutmağa çalışmaq ən doğru qərar deyilmi?

Həmişə tək olmuşam,

Elə yenə təkəm mən.

Qoy lap qarası qəlbində, ağı saçında qıvrılsın. Ağlı-qaralı bu tənha birgəliyin heç nəyə gücü çatmasa da, unutmağa qoymayacaq:

Dönüklər səadət gətirmir, bacım…

Ac gəzib tox sallanan nənələrin dost önündə ehtiyacını, düşmən önündə içini gizlədən qüruru sıxıntını yola verməyə çalışacaq: sənin tənha qalmaq kimi müqəddəs bir hüququn da var axı…

Başqa gün olacaq sabah, bilirəm,

Sabahdan sonrakı sabahlar – sənsiz.

Yenə olacağam, vallah, bilirəm,

Necə var idimsə qabaqlar sənsiz.

Vəssalam! Bura qədərmiş! Bundan sonra nə qəlbin möhnətini, nə hissin töhmətini dərd eləməyə dəyməz.

Alış; doğmasına, yadına baxma,

Yaşa; ünvanına, adına baxma.

Sevda şərbətdisə, dadına baxma,

Verilir, çək başa, iç gülə-gülə.

Bax, bu zamanı gözləməyin yolu – həyatla yol yoldaşı olmaq.

Yəni: yaşamaq, hər şeyə rəğmən yaşamaq!

Dörd yanım bahara qovuşur yenə,

Qışını üstündən atanlar kimi.

Mənsə təkliyimi salıb çiynimə,

Gəzirəm üşüyən adamlar kimi.

Gözüm gördüyünə inana bilmir”

Bu “üşüyən” adamı tanıyıram.

Yolayrıcında çaş-baş qalan bu tənha məğruru… sözünün mis kimi səsindən tanıdığım kimi.

Mənim səsimin içi

Səssizlikdən boğulur.

Dörd yanı divar canım

Ölür, yenə doğulur.

Müasir Azərbaycan ədəbiyyatının ağbirçəyi Firuzə Məmmədli!

“Müasir Azərbaycan dilçiliyində öz üslubunu qoya bilmiş” (Afad Qurbanov) dilçi – tənqidçi.”Ədəbi prosesin daimi iştirakçısı” (Qəşəm Nəcəfzadə), pedaqoq – alim; fəal ictimai mövqeyi ilə həmişə ön sırada addımlayan publisist, uzaqları yaxın etmək məramlı tərcüməçi, yazıçıların dərd ortağı – uzun illərdir Yazıçılar Birliyində Həmkarlar təşkilatına rəhbərlik edir.Uzun illər Pedaqoji Universitetdə təkcə müəllim olmayıb, tələbələrə sirdaş olub, analıq edib. Vikipediya məlumatında Teymur Əhmədovun “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” kitabına istinadən yazılıb ki, 60-cı illərin ortalarında Vahid Azərbaycan uğrunda mübarizə aparanların sırasında olub, necə deyərlər, aşağı enən eskalatorla yuxarı çıxmaq istəyib.Əlbəttə, başını sığallamayıblar; təqib və repressiyaya məruz qalıb.

Nə olsun ki, lap acıdır,

Gözümdə fikrin tacıdır.

Düz söz bir dar ağacıdır,

Boyundan keçə bilmirəm.

İnsan seçimini müqəddəs bildiyi dəyərlərlə müəyyənləşdirir, sonra ömrü boyu üzləşdiyi, onu izləyən çətinlikləri dəf etməkdə yeganə dayağı da düşüncə və fəaliyyətini tənzimləyən bu dəyərlər olur.Seçiminin düzgünlüyü həyatın hər cür hərc-mərcliyinə bir nizam qatır.

Firuzə Məmmədlinin 10 cildlik Seçilmiş əsərləri, yaradıcılıq axtarışları, elmi tədqiqatlarının məzmunu və istiqamətləri onun düşüncə sisteminin mənzərəsini təqdim edir. Bu mənzərə onu göstərir ki, bir insan kimi də, bir şair, bir alim kimi də Firuzə xanım sidq-ürəklə inandığı, dəyərləri yeni zamana ona görə daşıyıb gətirə bilib ki, bu dəyərlər insanları bir-birindən ayırmağa deyil, birləşdirməyə hesablanıb. Bu mənada şairin tapındığı – güvəndiyi ən böyük dəyər – Sözdür.

Bəxti “yüzə – yüz” gətirdi səninlə, –

Firuzəni sənsiz öyən olmadı.

Yeni dəyərlər sisteminə mənəvi-intellektual təcrübənin sağlam genetik əsaslı nəticələri kimi qovuşmağı bacarmış Firuzə Məmmədli yaradıcılığında seçim və təqdimat manerası, ənənə ilə müasirliyin, müdrikliklə gənclik şövqünün qaynayıb-qarışması bu yaradıcılığa marağı bu gün də qoruyub saxlayır. Vətəndaş mövqeyi, milli düşüncənin dərinliyi və genişliyi ədəbiyyatın əzəli mövzularında onun poetik istedadının, şair obrazının və adının Azərbaycan poeziyasında, min illərin oğuz şeirində halal yerini, sanballı mövqeyini təmin edib.Yaradıcılığı rəsmi səviyyədə də təsdiqlənib:”Tərəqqi” medalı, “Qızıl kəlmə”mükafatı və s, və s. Poeziyasını sevənlər bu istedadlı şairənin şəklini Fəxri lövhədə görmək haqqının təqdirini də onunla eyni ürəkdolusu sevinclə bölüşərdilər. Əlbəttə, sahib olmağı istəmək aid olmağı öyrənməkdən başlasa da, bunu müəyyən edən meyarlar hər arzunu güldürmür. O isə:

Zamanın gecəsində

Gündüzü axtarıram.

Min əyrini ələyib

Bir düzü axtarıram.

“Allah, eşidirsən? Bəndən ağlayır!”

Firuzə xanımə da bütün yaradıcı təbiətlilər kimi, sözünün eşidilməsinin, görünməsinin intizarını yaşamamış deyil.Amma diqqətin deyil, diqqətsizliyin həssasıdır.Hərdən şeirinə də giley qonduran bu həssaslığı “məni uçqunların arasında gəz” – yazdırsa da, “dənizi daşacaq kinimdən çəkin” – təhdidinin zərif qəlbini zədələyəcəyindən narahat olub, ovundurmaq istəyirsən.Arxanca danışırlarsa, deməli, sən yerində — qabaqdasan – təsəllisi ilə sığallamaq istəyirsən ona heç yaraşmayan küskünlüyü. Öz sözünü xatırlatmaq istəyirsən:

Bu, yalvarış deyil, bu, fəryad deyil.

İnsana inamın harayıdır bu.

Özünə qayıtmaq bizə yad deyil…

Nə olar, özümü sevdirin mənə.

Onun gündəm mövzularına yanaşmasında bir müdrik xəbərdarlığı var; təmkinli səssizliklə cəmiyyəti gözləyən acı aqibəti xatırladır:

Kiçik insanların kölgəsi böyüyürsə, demək, Günəş batır!..

Onun şeirinin intonasiyası çığırmır, amma diqqət çəkir, diqqətə çəkir.

Onun iddiasının tonu da səssizdir; öz gücündən, ləyaqətindən başqa güman bilməyənin səssizliyi.Beləsinin nitqinin tipi, olsa-olsa, monoloq olar. Bu monoloqda bəzən dözümün tükənməsini, yollara qanad taxmaq istəyinin öləziməsi elə kədərlidir ki…

Bir ümidin yollarında

Ömrümün izi göynəyir.

Dualara diz çökməkdən

Səbrimin dizi göynəyir.

Bədii yaradıcılığın (şəxsiyyətin də) inkişafını şərtləndirən (müəyyənləşdirən) amillər sırasında relyefin, iqlimin, ”etnoqrafik məxsusiliyin”, fiziki şəraitin və s. rolundan çox yazılıb. Poetik nəfəsin təbiətindəki maskulin və ya feminist başlanğıcların “yerdəyişməsini” necə izah etmək olar?Bunu özünütəsdiqin özünüifadə və özünümüdafiə prinsiplərilə əlaqəsində axtarmaq nə dərəcədə doğrudur?Bəlkə, həyatımız boyu yaşadığımız gündəlik təsirlərin əhəmiyyətini də əlavə edək?!

Firuzə Məmmədlinin poetik təhkiyəsində “kişi üslubu”na xas sərt, ötkəm, “tündməcaz” intonasiya var.

Evinin kişisi olmaq

istəsən

öncə

sözünün kişisi ol.

Sonra

düzünün

kişisi ol,

ən sonda

dözümün kişisi ol.

həsi – həqiqətin acısı:

Kəsilib atılmış qıçını gəzir

Veteran cibində əli əsgərin.

 * * *

Qulağı doludur

top səsilə,

pulemyot taqqıltısıyla.

Nə qədər yuyur,

Nə qədər qurdalayır,

Çıxıb tökülmür

Səslər qulağından.

Həkimlər dadına çatsın,

Ay qoca əsgər!

Onun “lüğəti”nin kompası da doğulub boya-başa çatdığı bölgəni – Azərbaycanın şimalını göstərir.

Demirəm ki, odun daha istidir,

Demirəm ki, suyun daha dadlıdır.

Məni soyuq torpağın da isidir,

Mənə acı küləyin də bal dadır.

Firuzə Məmmədlinin elmi tədqiqatının bir istiqaməti də Аzərbаycаnın şimаl-şərq bölgəsinin еtnоlinqvistik vаhidlərinin öyrənilməsilə bağlıdır.Necə deyərlər, bu yurdun etnoqrafik yaddaşının damarında axan qanına da bələddir.Eynən böyük Vətən ağrısına, Dünya dərdlərinə olduğu kimi.

Bir qadının “kişi səsilə danışması” təkcə torpağın, landşaftın, iqlimin… deyil, həyatın və… kişinin günahıdır!

Bir kişinin “qadın təhkiyəsində” ötməsi… cəmiyyətin faciəsi olduğutək.

Fikrim məni güllələyir fərari kimi,

İntiqamı “qan” qışqıran bir hədəyəm mən.

Vətənimin ağrısına yararlı kimi

Sətir-sətir, misra-misra cəbhədəyəm mən.

Firuzə Məmmədlinin dili Azərbaycan dilinin, türk təfəkkürünün təmizliyini, dərinliyini və zənginliyini yaşadır.Zənnimcə, xalq dili üslubunun şeirdə təcəssümünün çoxçeşidliliyi Firuzə Məmmədli yaradıcılığını elmi tədqiqat səviyyəsində öyrənməyə imkan verir.

Onun dilinin yaddaşı qloballaşam şəhər rahatlığının, texnologiya sürətinin tozanağında əriyib uzaqlaşan kəndin yaddaşıdır, adət-ənənənin, törə əxlaqının, kənd həyatının, uşaqlığının yaddaşıdır.

Qovladılar bu il kənddən Vəlini,

Gedənəcən yenə “tövbə” deyirmiş.

Ağsaqqallar kəsəcəkdi dilini,-

Deyirlər ki, haram tikə yeyirmiş.

“Bu zamandı, hər məqamda, anda sən”

Yubiley yaşı yeni cümlənin başlanması üçün qoyulan nöqtəyə bənzər.

Azərbaycanın görkəmli şairəsi Firuzə Məmmədli həyatın növbəti onluğuna keçmək üçün səkkizinci nöqtəni qoyub.

Ömür-gün işidi… Ələkdən keçib,

Fərqi nə, şeytandan, mələkdən keçib.

Eh, mənə nə gəlib, fələkdən keçib,

Daha yol üstədir xatirələrim.

Yeni cümlənin ovqatını həm də ətrafın diqqəti, qayğısı, sevgisi yazar.

“Tanrıdan səda sözü” insan qəlbində, poeziyanın yaddaşında, mədəniyyət tarixində bir işıq kimi, bir ilıq nəfəs kimi yaşayacaq şair üçün hələ çox səhərlər açılacaq, hələ Günəş çox güləcək.

Xatirələri yolçu etməyə dəyərmi? Dəyər!

Çünki xatirələr də Firuzə Məmmədlinin poeziyası kimi, insana, həqiqətə, ədalətə inamdan danışacaq və deyəcək ki, ən dar zamanda, nə olur-olsun,sən də  inan, lap elə Paskal kimi,inan ki:

“Bu gün dünənki düşüncələrinin səni gətirdiyi yerdəsən və sabah bugünkü düşüncələrinin daşıdığı yerdə olacaqsan”!

“Azərbaycan” jurnalı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest