BU GÜNDƏ GƏLMİRƏM DEYƏ

Dəyərli Yazarımız böyük Türk şairi Kəmaləddin Qədim Kırımın Sesi Qəzetinin fəxri qonağı oldu.

Saçlarıma qar ələnir, Qışına şükr, İlahi…

Düşüb-çıxdığım bərkinə, boşuna şükr, İlahi…

Bu ağaca, yarpağına, Bu kişiyə, papağına.

Bu dərbədər torpağına, daşına şükr, İlahi…

Bu nə sevda-üzüldüyüm, Bu nə sirdi-çözüldüyüm?

İnsafsızca düzüldüyüm qurşuna şükr, İlahi…

Vermədin çölü çölçüyə, Bu Məcnun, dəli çölçüyə.

Şükr, ölçdüyün ölçüyə, arşına şükr, İlahi…

Ələklə əlbirəm deyə, Göyündə xəlbirəm deyə.

Bu gündə gəlmirəm deyə qarşına, şükr, İlahi…

UZAĞI SEÇMƏK OLMUR

Asanca gəlsək belə, Dünyadı, köçmək olmur. …Bir ayıb minməkdisə,

Bir ayıb düşmək, olmur… Var açarı, kilidi, Dirisənsə, diridi.

Dərdi bala kimidi, Çəkilir, keçmək olmur…

Öyüb vaxtı deyirlər, Tacı, taxtı deyirlər.

Bax, bu haqdı deyirlər Yanımda çeşmək olmur…

Yaman bahadı kirəm, Sözlərdən ev tikirəm. Mən elə gecikirəm,

Mənə görüşmək olmur… Hələ həmin baxtdayam,

Fanidə, nahaqdayam. Gözlərdən uzaqdayam; Uzağı seçmək olmur…

DEMƏK Kİ, YAZIYA POZU YOXUYMUŞ…

Nələri itirdim, nələr çıxandan,

Elə bil heç izi-tozu yoxuymuş…

Yoxuymuş, mən sürən ömür adında dünyanın bir çürük qozu yoxuymuş…

Gəldi bu gələn də haramın üstdə,

Yığdı batmanları qramın üstdə.

Heç bunun hərdən bir yaramın üstdə səpməyə bir çimdik duzu yoxuymuş…

Oyunmuş nə varsa, oyun, əzəldən,

Qurtara bilmirik boyun əcəldən.

Qoyunmuş sanki bu qoyun əzəldən,

O tifil, südəmər quzu yoxuymuş…

Elə haq dediyin üzüldü bitdi,

Ya ləldi, gövhərdi, qızıldı, bitdi…

Bu da bir şeirdi, yazıldı, bitdi,

Demək ki, yazıya pozu yoxuymuş…

Kəmaləddin Qədim
Kəmaləddin Qədim

Haber,Fotograf : Sənan Turanli QılıncArslan

Pin It on Pinterest