BÖYÜK ZƏFƏRİN GİZLİ QƏHRƏMANLARI

Məqaləyə ulu öndər ümummilli lider Heydər Əliyevin çıxışlarının birində qeyd etdiyi fikirlə başlamaq istəyirəm: “Bütün prolemlərin həlli güclü Azərbaycandan keçir”. Bəli, inkişaf etmiş iqtisadi, siyasi cəhətdən güclü Azərbaycandan… Bu yöndə ilk addımlar ulu öndərin “Əsrin müqaviləsi”nə imza atdıqdan sonra başladı. Arxa- arxaya  bağlanan müqavilələr, həyata keçirilən möhtəşəm layihələr, dünyanın nüfuzlu təşkilatlarının Azəraycanın ərazi bütövlüyünü  tanıması  haqqında qəbul etdiyi sənədlər  və s. hamısı vətənimin rifahı üçün düşünülmüş planın bir parçası idi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr bu günə, yəni 30 il sonraya hesablanmış sənədlər idi.

Bu uğurlu siyasət Ali Baş Komandnımız İlham Əliyev tərəfindən də davam etdirilmişdir. Dünyanın onlarla ölkəsi ilə dostluq münasibəti qurmaq, Qafqazda böyük layihələrə imza atmaq, təbii sərvətimiz olan neft və qeyri- neft sahələrini inkişaf etdirmək onun əsas amallarından biri olmuşdur. Azərbaycanı qlobal aləmdə tanıtmaq, onun haqq səsini bütün dünyaya çatdırmaq, işğal altındakı torpaqları azad etmək hər zaman ölkə siyasətinin əsas hissəsini təşkil etmişdir.

Hər şey 12 iyul tarixində Ermənistanın Azərbaycan dövlət sərhəddini pozaraq Tovuz rayonuna hücum etməsilə alovlandı. Bu günün qələbəsi  Tovuz rayonuna hücum zamanı  canını, qanını  vətənə qurban verən  general- mayor Polad Həşimovun şəhid olması ilə başladı. Ali Baş Komandanımızın ziyarəti və orada qisas andı bütün millətimi oyatdı. Xalqımın milli ruhu, milli kimliyi sanki özünə qayıtdı. Prezidentimin xalqa müraciətindən sonra minlərlə vətən oğulları döyüşə getmək, şəhidlərimizin qisasını almaq üçün könüllü hərbi xidmətə yazıldı.

Zəfərə aparan yollar… 27 sentyabr  səhər saatlarında mənfur düşmən  yenidən torpaqlarımıza hücum etdi. Düşmən elə hesab edirdi ki, 90-cı illərdəki kimi torpaqlarımızı işğal edərək  yüzlərlə oğullarımızı şəhid edəcəkdir. Hər bir işi hesablamışdılar: silah, əsgər, ərazinin relyefini. Amma bir şeyi hesaba qatmamışdılar- Azərbaycan  xalqının əzmini, iradəsini və  prezidenti ilə bir yumruq kimi birləşərək mübarizə aparmasını.

Dövlətimiz ordumuzu hər bir təminatla ödəməsinə baxmayaraq xalqım ön cəbhədə  döyüşən  əsgərlərə hər cür yardım etdilər. Bu qələbədə hər kəsin az da olsa payı vardır. Müharibənin ilk günlərindən başlayaraq hərbi hospitallarda fəaliyyət göstərən həkimlərimizi unutmaq olmaz.

Yaralı əsgərlərimizə əlindən gələn bütün vasitələrlə köməklik  edən 230 saylı  hərbi hospitalın komandiri Tibb Xidməti polkovnik- leytenant Qaçayev Hüseyn və onun fədakar tibb işçilərinin xidmətləri danılmazdır.

Qaçayev Hüseyn Sədaqət oğlu 29.10.1978- ci ildə İsmayıllı rayonunun Micanlı kəndində anadan olmuşdur. İxtisasca cərrah  olan bu qəhrəmanımız 2018-ci ildən 230 saylı hərbi hospitala rəhbərlik edir. Müharibənin başladığı ilk gündən gecə- gündüz hospitalda olan Hüseyn Qaçayev və onun tibb komandası  yaralı əsgərlərə hər cür köməklik edirdilər ki, itkilərimiz az olsun.

Qubadlı rayonunun Xanlıq kəndi işğaldan azad olunduqdan  sonra  polkovnik öz tibb heyətini  götürərək oraya yollandı. Qubadlıda təşkil olunmuş  səhra  hospitalında  fəaliyyətə başladı. Beş əməliyyat stolu və orda işləyəcək onlarla cərrah əsgərlərimizə yardım edirdilər. Qəhrəman həkimlərimiz  düşündülər ki, dəhşətli  döyüşlər gedən əraziyə nə qədər yaxın olsalar, bir o qədər şəhidimiz az olar.  General polad Həşimovun şəklini döş nişanı kimi sinələrində daşıyan bu cəsarətli həkimlərimiz yüzlərlə əsgərimizin həyatını xilas etdilər. Silahların qorxunc səslərindən çəkinməyən, hətta şəhid olmağı  belə göz önünə alan həkimlərimiz döyüş meydanından yüzlərlə  yaralını çıxararaq onları əməliyyat edərək həyata qaytardılar. Öz həyatlarını təhlükəyə qoyan, saatlarla ayaq üstə əməliyyatlar edən Tibb Xidməti Polkovniki Roman Çobanovun, Tibb Xidməti Polkovnik- leytenantı  Samir Əhmədovun, Tibb Xidməti rəisi polkovnik- leytenant Asəf Məmmədovun  xidmətləri danılmazdır.

Yaralı əsgər və zabitlərimizə bir ana, bir  bacı  nəvazişilə  yanaşan xanım tibb işçilərimiz döyüşlərin ilk günündən  evlərindən günlərlə uzaqda qalaraq onlara qulluq etmişdir. Bu qəhrəman xanımlarımızı sizlər də tanıyın:  Baş çavuş Gülnara Quliyeva, Baş çavuş Sarıyeva Cəmilə, Baş çavuş Məmmədova Nişanə, Baş çavuş Əsgərova Ruhiyyə, Baş çavuş Cəfərova Gülnarə, Baş çavuş Hüseynova Zəminə, Baş çavuş Babayeva Türkan,  Baş çavuş Günay,  Kiçik çavuş Hüseynova Təhminə, Əzizova Səbinə və s. adlarını çəkmədiyimiz onlarla mərd Azərbaycan qadınlarımız.

Bəli, bu insanlar sözün əsl mənasında 44 günlük müharibənin gizli qəhrəmanlarıdır.

Aytan Ahmadova
Aytan Ahmadova

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest