Genel

BƏNÖVŞƏ SEVDA – Şeirlər


Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

BƏNÖVŞƏ SEVDA

               Şeirlər



QARANLIQ GECƏLƏR,

NƏMLİ GECƏLƏR.



Uzanır, tükənmir sənsiz gecələr,
Qaranlıq gecələr, səssiz gecələr…
                    *
Çöldə soyuq, sazaq, göylər buludlu,
Otaqda yalqızlıq, ürəyim odlu.
El-oba yatışıb, hamı yuxuda,
Özümü duyuram, müdhiş yoxluqda.
Hey uzanır gecə, səhərə çox var,
Buludlar ardından gün də gec çıxar…
                        *
Gündüzlər ürəyim toxdayar bir az,
Kədərli də olsa oxuyar bir az.
Öz içitək yanan qızıl payızın
Ahəngiylə dinər hey həzi-həzin.
Yad edər, sevgiylə ötən günləri,
Qəfil bir tufanla itən günləri.
Bir çiçək görəndə çiçəyi çırtlar,
Ümidi tum kimi dəbərib-çatlar.
İnanar vüsalın mümkünlüyünə,
Bir ara təmkinlə, rəvan döyünər.
                           *
Ancaq axşam düşcək, qızarcaq bulud,
Üfüq al nur saçar, könlüm qanlı od.
Heç ümidim qalmaz bir də qovuşaq,
Ürəyim yenidən sevgiylə coşa.
Uzanar həsrətli, qəmli gecələr,
Qaranlıq gecələr, nəmli gecələr.

NİYƏ GƏLDİM ?

Bu qovğalı Yerə gəldiyim anda
Tək Tanrı bilirdi mən niyə gəldim.
Yeriyib, dil açıb söz anlayanda
Sandım, oynamağa, gülməyə gəldim.
                       *

Bir azdan başıma min sorğu doldu,
Düşüncəm hikmətə, sirrə yön aldı.
Bilikdən xoşlanıb dərinə daldım,
Düşündüm, dünyanı bilməyə gəldim.
                        *
Günlərin birində bir eşqə düşdüm,
Sanasan dünyadan Behiştə düşdüm.
Bu kiçik köksümə sığmadı eşqim,
Onu bir ər ilə bölməyə gəldim.
                        *
Oxum daşa dəydi, yar atdı məni,
El içində yerlə bir etdi məni.
Ağrılar, acılar əritdi məni.
Sonda cana doydum, ölməyə gəldim.
                       *
Bu yaşam bürünmüş min çeşid tülə,
Çətin, anlamını bir adam bilə.
Sevda, baş sındırma, deyəsən elə
Ağlayıb, yaşımı silməyə gəldim.

                KƏNDİM
           

Duruldu gözlərim üzünü görcək,
Gün aydın, a mənim vəfalı kəndim!
Könlümə yaz gəldi yazını görcək,
Meşəsi tutili*, tubalı** kəndim.
                       *
Cənnət parçasıdır gülşən qucağın,
Çəməndir, çiçəkdir hər bir bucağın.
Qışın da həlimdir yayınsayağı,
Bütün fəsillərdə səfalı kəndim.
                       *
Yanında çay coşar, şəlalə çağlar,
Sənə mahnı qoşar quşlar, bulaqlar,
Gölündə oynaşar qular, balıqlar,
Qayaları qartal yuvalı kəndim.
                       *
Məskənisən tutun, qozun, fındığın,
Saf balın, bəkməzin, qaymağın, yağın,
Çağan palazının, bağçanın, bağın,
Almalı, armudlu, heyvalı kəndim.
                       *
Üç yanın dağlardır, dörd yanın orman,
Qoynuna girəməz qasırğa, tufan.
Yerin, yurdun – Şirvan, adın – Baş Çağan,
Otu, gülü, suyu şifalı kəndim.
                       *
Hörmətli elimin sığınacağı,
Dədəmin, babamın yurdu, ocağı,
Sevdanın sonuncu dayanacağı,
Bütün obalardan bahalı kəndim.


NOVRUZUM


Tez gəl, əziz Novruzum,
Ellər həsrətindədir.
Mahnımız düzüm-düzüm,
Dillər həsrətindədir.
                  *
Qış çəkdi karvanını,
Qarını, boranını.
Atıb qar yorğanını
Çöllər, həsrətindədir.
                *
Qoxunu yellər yayıb,
Nəfəsini yer duyub.
İşdən yaman soyuyub
Əllər, həsrətindədir.
                *
Gəl novruzgülü çıxsın,
Novruzbulağı* axsın.
Qızlar bənövşə taxsın,
Tellər həsrətindədir.
                *
Anam obaşdan durub,
Sac halvası qovurub.
Tumurcuqlar tin vurub,
Güllər həsrətindədir.
                *
Sevda dərdə dalsa da,
Yoluna baxır o da.
Necə küsgün olsa da,
Gülər, həsrətindədir.
                *
* Novruzbulağı – Şamaxı bölgəsində, Çağanla Dədəgünəş kəndləri

arasında uca bir yaylada yerləşən quru bulaqdır.

                 VƏTƏN

Bilirsənmi könlüm nə deyir sənə?
Mən bir-bir danışım, sən dinlə, Vətən.
Baxdım gül üzünə, güc aldım yenə,
Kaş min il yaşayam səninlə, Vətən.
                        *
Dünya böyüksə də gözüm səndədir,
Ümduqlarım səndə, arzum səndədir,
Yadigar qalacaq izim səndədir,
Böyümüşəm suyun, dəninlə, Vətən.
                        *
Bu canım səndədir, sən də canımda,
Eşqin min eşq doğub qaynar qanımda.
Ən ağır günümdə, yazıq anımda
Ovunmuşam adın, sanınla, Vətən
                        *
Yaraların sızlar bağrım içində,
Öz ağrım itibdir ağrın içində.
Oğrular üzlənib doğru biçimdə
Tən olublar bəyin, xanınla, Vətən.
                         *
Şah olsam, ovcumda bəslərəm səni,
Qoymaram sən səmtə baxa düşməni,
Ordum atıb qaçsa döyüşdə məni,
Köksünü bəzərəm qanımla, Vətən.
                          *
Nə qədər ömrüm var, əskərəm sənə,
Bağbanam, cütcüyəm, nökərəm sənə,
Sonda ürəyimi əkərəm sənə,
Borcumu ödərəm canımla, Vətən.
                          *
Yarımadısa da bu Sevda yardan,
Əcəb bəxtəvərdir vətən sarıdan.
Gözümdə, könlümdə əziz Yaradan
Səni bir eləyib anamla, Vətən.

             SORAQSIZ
          
Köksümdə qanlı dağlar,
Əlim yetməyir sənə.
Başımdan sənli çağlar
Keçib getməyir yenə.
              *
Yenə qapılıb hissə
Hey səni düşünürəm.
Boğur məni qəm-qüssə,
Qorxuram, üşüyürəm.
              *
İllərim səssiz keçir,
Hər günüm bir il olur.
Aylarım izsiz keçir,
Gözüm yaşı göl olur.
              *
Ürəyim ox ucunda,
İçimdən daş asılıb.
Bədənim od içində,
Ruhum Haqqa qısılıb.
              *
Sən günümdən soraqsız,
Mən ömrümdən soraqsız.
Ömrümə gün yazanlar
Dərd-qəmimdən soraqsız.
Noyabr – 1996

                    
ANAMIN ANASI ƏZİZƏ NƏNƏMƏ

Boylanırsan illərdən,
Düşməyirsən dillərdən.
Gözəl idin güllərdən,
Heyif ki, soldun, nənə.
                 *
Şifalıydın pir kimi,
Qıyımlıydın yer kimi.
Qəfil sönən nur kimi,
Gizlinə daldın, nənə.
                 *
Hər an görünür yerin,
Xatirən – qatı, dərin.
Tikdiyin könüllərin
İçində qaldın, nənə.
                 *
Bəy kişinin əzizi,
Xatun qızı, xan qızı.
Uşaqtək könlü nazik,
Huricamaldın, nənə.
                 *
Ay kimi göyçək idin,
Ağır ağbirçək idin.
Lap dünən gerçək idin,
Bir nağıl oldun, nənə.


OVUM İTDİ ÇƏN İÇİNDƏ



Ovum itdi
çən içində,
Günüm ötdü
qəm içində.
          *
Bağım soldu,
gülüm həşəm.
Giley oldu
işim, peşəm.
          *
Zəmim yanır,
göylər qısır.
Bəxtim hanı,
niyə susur ?
          *
Könlüm gəzir
səhralarda,
Təklik üzür
məni burda.
          *
Qara bağrım
para-para,
Çəkir ağrım
məni dara.
          *
Kimsə bilmir
dərmanımı,
Haqq da almır
bu canımı.
          *
Sevda, budur
eşqin sonu,
Məcnun edir
vurduğunu.


SALDIN MƏNİ EL GÖZÜNDƏN

                  
Saldın məni el gözündən,
Özün qopmadın gözümdən.
Uçurduğun yuvamızı
Sandım qurarsan özün də.
                    *
Hey aldatdım öz-özümü,
Qucub oturdum dizimi.
Bezdirdim səbri, dözümü,
Bezdim canımdan, özümdən.
                   *
Oturdum dizimi gördüm,
Duranda özümü gördüm.
Alnımda yazımı gördüm
Əl üzdüm ömrün yazından.
                   *
Könlüm yıxıldı zirvədən,
Oldum cansız, ruhsuz bədən.
Əriyib getdim dəmbədəm,
Pozulub itdi izim də.
                   *
İndi kimsə anmaz məni,
Anlamaz, tanımaz məni.
Təkcə torpaq danmaz məni,
Silinsəm də yer üzündən.

               
           YALVARIŞ

Dəli könlüm yanır yanardağ kimi,
Tüstülənir közə daman yağ kimi.
Ey bu sirli kainatın Hakimi,
Əlac elə, məni qəmdən arala,
Ya da öldür, bu sitəmdən arala.
                      *
Bu könlümün vərdişini dəyişdir,
Düşüncəmin gərdişini dəyişdir,
Taleyimin gedişini dəyişdir,
Məni sıxan, əzən dəmdən arala,
Udub yaxan cəhənnəmdən arala.
                     *
Görünməmsə dönük, satqın biçimdə
Başqasına sevgi cücərt içimdə.
Qalacamsa alovların içində,
Öləcəmsə o həmdəmdən aralı
Ona olan eşqi məndən arala.
           
           AĞLAMA


Ana, baxıb dağlara,
Örtüb üzün ağlama.
Yoxsa mən də ağlaram,
Məni süzüb ağlama.
           *
Tanımırsan dünyanı? –
Bir tərəfi nurlanır,
Zülmət olur bir yanı?
Bir üzündə – yaz çağı,
O birində qar yağır?
Canım-gözüm, ağlama.
           *
Onda ölüm-itim var,
Saysız yazıq,yetim var.
Yaradılan sınanar!
Gülsün gözün, ağlama.
            *
Üzmə bunca özünü,
Üzümə qoy üzünü,
Görüb səndə dözümü
Mən də dözüm, ağlama.
            *
Şax tut, dikəlt belini,
Haqdan üzmə əlini,
O kəsər qış yelini,
Dönər yazım, ağlama.

ƏR BELƏ OLMAZ

Məni itirməyi itki sanmadın.
Kutsal andımızı sən bir anmadın ?
Nə yazıq, yanıldım, mən gec anladım –
Sevən belə olmaz, yar belə olmaz.
                        *
Nə var öz çulunu çaydan almağa ?!
Çox ərdəm* gərəkdir ər sayılmağa.       
Qaçdın öz başına çarə qılmağa, comərdlik, hünər.
İgid belə olmaz, ər belə olmaz.
                        *
Boğuldu köksümdə könlümün səsi,
Yandırdı canımı eşqin istisi.
Gör necə qaraltdı üzümü hisim ?!
Qətran belə olmaz, qır belə olmaz.
                       *
Sevda, çox öyürdün elə sevgini,
Döndərdi yüz yaşlı qarıya səni.
Başında ağaran nədir yaz günü ?
Qırov belə olmaz, qarbelə olmaz.

*üstün əxlaqlılıq, müdriklik,
1990-cı illər.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest