Asif RÜSTƏMLİ

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Almas İldırım: Vətəndə və sürgün

Milli istiqlal poeziyamızın ən duyğusal, parlaq və səmimi simalarından biri, həyatı ictimai-siyasi tufanlardan, burulğanlardan, fırtınalardan keçən, məşəqqətlərin girdabına atıldıqca vətən eşqi, yurd sevgisi sönmək bilməyən, hiss və duyğuların “boğulmayan səs”inə, müqtədir carçısına çevrilən Almas İldırımın (25.03.1907, Bakı, Qala k. – 14.01.1952, Malatya, Qala k.) mühacirət dönəmi ilə müqayisədə vətən və sürgün dövrü yaradıcılığı, nəşr olunan ədəbi-bədii irsi haqqında çoxsaylı məqalələr, kitablar yazılsa da, təəssüf ki, yetərincə ciddi araşdırılmamış, sistemli tədqiq edilməmişdir. Şairin sovet dönəmində həyatının ağ buraxılmış səhifələrinə, yaradıcılığının kitablardan kənarda qalan, naməlum bədii nümunələrinə aydınlıq gətirilməmiş, çap olunan əsərlərinin yarımçıq, qüsurlu nəşri və bu kimi bir sıra kölgəli məqamların üzərinə işıq salınmamışdır.

Qədim və müqtədir Azərbaycan poeziyasına gənc İldırım (əsl adı Əbdül Həsən idi – A.R.) keşməkeşli yollardan, sərt döngələrdən və mühitin qatı dumanlarına bürünmüş ensiz, dar cığırlarından keçərək gəlmişdir. Atası Əbdül Məhəmməd kişi ticarətlə məşğul olurdu və təxminən 1913-cü ildə ailəlikcə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsinə köçür. Əslən Zirədən olan və o vaxt Çəmbərəkənddə yaşayan Mirzə Bala Məhəmmədzadənin ailəsi ilə Almaszadələr ailəsi arasında yaxın və mehriban ünsiyyət qurulur. İldırımın təhsil almasında, dünyagörüşünün, vətən sevdasının, yurd sevgisinin formalaşmasında, milli ruha, ədəbi-bədii istiqamətə meyillənməsində Mirzə Balanın və M.Ə.Sabir adına Kitabxananın təsiri şübhəsizdir.

M.Ə.Sabir adına Kitabxanada keçirilən tədbirlərdə Almas İldırım fəal iştirak edirdi. Mirzə Bala 1921-ci il mart ayının 11-də “Sabir Türk Kitabxanası Qarelər (oxucular – A.R.) Şurası”nı yaratdı və ona 1923-cü ilin iyun ayınadək böyük həvəslə, mənəvi yanğı və tükənməz şövq ilə rəhbərlik etdi. Qarelər Şurasının keçirdiyi konfranslarda, tədbirlərdə Azərbaycan ədəbiyyatı, poeziyası, milli mədəniyyəti geniş təbliğ edilir, oxuculara tanıdılırdı.

M.B.Məhəmmədzadənin rəhbərliyi ilə “Sabir Türk Kitabxanası Qarelər Şurası”nın keçirdiyi ən əlamətdar tədbirlərdən biri 1922-ci il 18 mart tarixində Mirzə Ələkbər Sabirə həsr edilən (M.Ə.Şairin anadan olmasının 60 illiyi tamam olurdu – A.R.) elmi konfrans idi. Tədbirdə Mirzə Bala Məhəmmədzadə “Sabir və xəlq”, Əbdül Vahab Məhəmmədzadə (mühacirətdə təxəllüsü “Yurdsevər” idi – A.R.) “Bünyani-tərəqqimizdən bir təməl”, Hüseyn Sadıx “Sabirin atası”, Əbdül Rəhman Dai “Vicdani-milliyyənin təcəllası”, Türfə Sultan “Sabirin şeirlərinin xalqımıza faidəsi” və b. məruzələr dinlənildi.Məhəmməd Əli Sidqi Sabirlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Mirzə Balanın dəvəti ilə konfransda iştirak edən 15 yaşlı Almas İldırım məruzəçiləri vurğunluqla dinləyir, xüsusilə tanınmış milli şairlərin yeni şeirlərindən təsirlənirdi… Xalqın milli faciələrinin, ağrılarının, sızıltılarının dərkində M.Ə.Sabir poeziyası ona güclü təsir edirdi…

Almas İldırım 1925-ci ildə İttihad orta məktəbini bitirdikdən sonra həmin ilin dekabrın 25-də baş redaktor Həbib Cəbiyevin rəhbərliyi ilə “Kommunist” qəzetinin nəzdində təsis edilən “Qızıl gənc qələmlər” təşkilatının çox istedadlı və gənc yazarları sırasına qatılır. Təşkilatın katibi Süleyman Rüstəmlə yaxın yaradıcılıq əlaqələrində bulunur.Onun imkan və təşəbbüslərindən yetərincə barınmağı, həmkarı ilə sıx əməkdaşlıq etməyi özü üçün faydalı sayır.Süleyman Rüstəm isə təşkilatın çətiri altında gənclərin yaradıcılıq istiqamətinə təsir göstərməklə yanaşı, onların əsərlərinin çapına da dəstək verirdi. Bu baxımdan 1926-cı il A.İldırımın ilk əsərlərinin nəşri ilə əlaqədar çox uğurlu olmuşdur.

On doqquz yaşlı Almas İldırımın “Kommunist” qəzeti nəşriyyatının buraxdığı “Qızıl gənc qələmlər” adlı şeirlər məcmuəsində “A.İldırım”, “İ.Almaszadə” imzaları ilə “Hindli qızı”, “Şərqə”, “Yarın”, “Ey Hindistan”, “Qərbə” və “Nəriman” adlı şeirləri dərc edilir. Abbasqulu Nafiyə ithaf etdiyi və 1925-ci ildə yazdığı güman olunan “Qaldı” qoşması sovet dönəmində mətbuat orqanlarında yayınlanmadığı nəzərə alınsa, bu mənzumələr şairin ilk mətbi əsərləri idi.Eyni zamanda sonuncu adıçəkilən şeirin başlığından da bəlli olduğu kimi, mənzumə 1925-ci ildə görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq “yoldaş Nəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır” (Almaszadə İldırım).

http://img.edebiyyatqazeti.az/uploads/%D0%B0%D0%BB%D0%BC%D0%B0%D1%81%202.jpgDiqqətli oxucu Almas İldırımın çap olunmuş kitablarında “Ey Hindistan” adlı şeirə rast gəlmirsə təəccüb və narahatlıq hissi ilə tərtibçilərin “unutduğunu” və bununla da ədibin kitablarından kənarda qaldığını güman edə bilər. Lakin ilk dəfə “Qızıl gənc qələmlər” məcmuəsində yer alan bu əsər son illərin nəşlərinə, xüsusilə Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən çap olunan Almas İldırımın “Seçilmiş əsərləri” (Bakı, “Öndər” nəşriyyatı, 2004, 160 s.) və Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə A.İldırımın “Boğulmayan bir səs” (Bakı, “Avrasiya Press” nəşriyyatı, 2007, 392 s.) kitablarına sərlövhəsi dəyişdirilərək, “Müstəmləkə olmuş Şərqə” adı ilə çox qüsurlu və naqis bir şəkildə daxil edilmişdir.

Şeir struktur, janr etibarilə “Şərqin” rədifli, 6 bənddən ibarət qoşmadır. Şair birinci bəndin ilk beytində “qanlı pəncələrdə göz yaşı tök”ən, əsarət əzabı, müstəmləkə məşəqqəti çəkən Hindistanı əsrlərlə formalaşmış kədərli taleyi, qəm-qüssəli durumu ilə vəsf edir, onu Şərqin “siyah örtüklü gəlini” adlandıraraq ülvi, doğma hisslərin səslənişindən unudulmaz, möhtəşəm bir obraz yaradır. İkinci beytə isə kobud redaktor müdaxiləsi əsərin məzmununa, poetik siqlətinə xələl gətirir. İlk mənbədə birinci bəndin dördüncü misrası “Sındırma gəl yazıq belini Şərqin” kimi verildiyi halda bu misra yuxarıda istinad olunan nəşrlərdə “Azca açma daha əlini Şərqin” şəklinə salınmışdır. Orijinaldakı “Şərqin” sözü əvəzinə “şeirin” kəlməsini əlavə etsək – bu, şairin redaktora ən ciddi xəbərdarlığı, ona qırmızı kart göstərməsi olardı.

“Ey Hindistan” şeirinin beşinci bəndində də əsassız redaktor dəyişikliyi özünü büruzə verdiyi üçün əsərin bu parçasını tam şəkildə diqqətə çatdırmağa ehtiyac duyulur:

Son nəşrlərdə:

Silkin, ta qırılsın dəmir qəfəsin,

Sərvətin işlətsin “haqq” deyən səsin,

Zalım düşmənləri yıxsın nəfəsin,

Qaldır yüksəklərə yolunu Şərqin.

Almas İldırımın “Ey Hindistan” şeirinin “Qızıl gənc qələmlər” məcmuəsində çaplanan ilk variantında isə belədir:

Silkin, qırılsın o dəmir qəfəsin,

Daş qəlbi inlətsin yanıq nəfəsin,

Dağılsın hər yerə haqq deyən səsin,

Qaldır yüksəklərə qolunu Şərqin.

Hindistana həsr edilmiş şeirin mövzusunu dəyişdirmək üçün, hətta “Hindistan” sözü əsərdən çıxarılmışdır.İlk qaynaqda “Ey nazlı Hindistan, ey gözəl ana” misrası redaktor tərəfindən bilərəkdən dəyişdirilərək “Ey parçalanmış Şərq, ey gözəl ana” şəklinə salınaraq məzmun, mahiyyət təhrif edilmişdir.Şeirdə söz və misraların qol-qanadının sındırılaraq şikəst edilməsi mənanın, dəqiqliyin, obrazlılığın təhrif olunmasına, poetik cilvənin zədələnməsinə, sönüklüyünə, şairin fərdi üslubunun özgələşməsinə aparıb çıxarır ki, bu da göz yumulası qüsur deyildir.

A.İldırımın “Ey Hindistan” şeirində oxşar naqisliklər təəssüf ki, mövcuddur. Məsələn, əsərdə “çöhrəli” əvəzinə “çöhrəri”, “qoynunda böyük bir üsyandır…” yerinə “inan ki, qoynunda üsyandır…”, “aydınlat” əvəzinə “aydın et”, “baxma” yerinə “bənzə”, “aciz olma, mərd ol” əvəzinə “aciz yox, cəsur ol” kəlmələri ilə dəyişdirilmişdir ki, bu da müəllif əsərinə kobud redaktor müdaxiləsindən başqa bir şey deyildir.

Almas İldırımın 1926-cı ilin may ayında Azərbaycan Ədəbiyyat Cəmiyyəti tərəfindən nəşr olunan “Ədəbi parçalar” (Bakı, 1926, №1, s.96) məcmuəsində “Qərbə” adlı şeiri verilmişdir.Əsərin ilk adı “Düşmənə” olub.A.İldırımın 1936-cı ildə “Kurtuluş” dərgisinin 18-ci sayında dərc olunan “Bakı xatirələri. Ədəbiyyat cəmiyyətində” adlı yazısında (bax: “Almas İldırım haqqında xatirələr”. Tərtib edəni Dilqəm Əhməd (Bakı, “Xan” nəşriyyatı, 1917, s.28-32) Süleyman Rüstəmin təkidi ilə geniş müzakirə zamanı əsərin “Düşmənə” əvəzinə “Qərbə” adlandırılması məsləhət bilinmiş və “Ədəbi parçalar”da da eyni başlıq ilə yer almışdır. İlk mətbu mənbə ilə son nəşrləri müqayisə edərkən məlum oldu ki, “Qərbə” şeiri ədibin həm “Seçilmiş əsərləri”ndə (2004, s.36), həm də “Boğulmayan bir səs” (2007, s.179) kitabında ciddi qüsurlarla dərc edilmişdir.

Şairin “Seçilmiş əsərləri”ndə şeirin son bəndinin birinci misrası – “Yox, yox əsla fələklər ağlatamaz” – kəlmələri unudulmuş və ya ixtisar edilmiş, bununla da əsərin strukturuna və məzmununa ciddi xələl dəymişdir. Adı vurğulanan nəşrdə “Qərbə” şeirinin ayrı-ayrı misralarında “qanlarla”, “pəncəndə”, “dedilər”, “ifrit”, “həp”, “ağlatsın”, “ancaq”, “sancaq” sözləri təhrif edilərək və ya dəyişdirilərək “qanla”, “pəncədə”, “didilən”, “əfriyyət”, “bir”, “ağlatmaz”, “əlbət”, “bayraq” şəklində verilmişdir.

A.İldırımın “Boğulmayan bir səs” (2007) kitabında da “Qərbə” şeiri təhrifə məruz qalmışdır.İkinci bəndin birinci misrası – “Ey siyah yüzlü vəhşi ifrit” dəyişdirilərək “Ey qızıl qan, ölüm saçan qüvvət” – kəlmələri ilə əvəzlənmişdir. Bu nəşrdə də redaktor müdaxiləsi müşahidə olunmaqdadır: “dedilər”, “gözəl”, “krallardır”, “o krallar”, “ağlatamaz”, “sancaq” sözləri yanlış olaraq “didilən”, “rəzil”, “diplomatlardır”, “o diplomatlar”, “ağlatmaz”, “bayraq” şəklində dəyişdirilmişdir.

A.İldırımın 1926-cı ildə işıq üzü görən digər bir şeiri “Maarif və mədəniyyət” jurnalının 12-ci sayında dərc edilən “Bən də ağlamıram” adlı əsəridir. “Boğulmayan bir səs” kitabının redaktoru “ənənəsinə” sadiq qalaraq altı beytlik şeirin bir misrasını: – “Qapadım bir məzara öksüzlüyün daşını” ixtisar etmiş, “Gözlərimdən silmişəm əminsizlik yaşını” – misrası təklənərək qafiyə sistemi pozulmuş, dördüncü beyt yarımçıq qalmış, əsərdə natamamlıq kompleksi özünü büruzə verməkdədir. Ədəbi redaktə ilə məşğul olan həmkarlarımızı fikir, düşüncə bağbanına bənzətmək olar.Amma unutmamalıyıq ki, klassik şeirdən ixtisar edilən hər bir söz, hər bir misra qolu, budağı kəsilmiş, sındırılmış ağaca bənzəyir.Nə qədər xoş məramla yanaşsaq da, yaralı, şikəst olduğu kənardan aydın görünəcəkdir.

Almas İldırım pyes yazıbmı?

Şair haqqında çap olunmuş çoxsaylı araşdırmalarda, kitab və məqalələrdə bu sualın müsbət cavabına təsadüf edilmir. Amma ilk dəfə bu suala əminliklə, birmənalı cavab vermək olar: Bəli, yazıb!

Almas İldırımın 1926-cı ildə Süleyman Rüstəm ilə müştərək “Kommunist” qəzeti nəşriyyatı vasitəsilə çap etdirdiyi “Dün(ən) – bu gün” adlı kitab janr etibarilə kiçikhəcmli mənzum pyesdir. Müəlliflər əsəri “oktyabr hadisəsindən bir lövhə” və “qafiyəsiz mənzumə” kimi oxuculara təqdim edir.Çox ehtimal ki, mənzumə görkəmli səhnə ustası, Xalq artisti Hacıağa Abbasovun rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı üçün yazılmışdır.Teatrın repertuarını milli sənətkarların əsərləri ilə zənginləşdirmək üçün yaradılmış ədəbi komissiyanın tərkibinə görkəmli dramaturqlardan Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Süleyman Sani Axundov və b. daxil idi. “Dün(ən) – bu gün” əsərinin Tənqid-Təbliğ Teatrının repertuarında yer alması məsələsi xüsusi araşdırmanın mövzusudur.

Mənzum pyes iki pərdədən ibarətdir və 1917-ci il oktyabr inqilabının 8-ci ildönümünə həsr olunub. Hadisələr birinci pərdədə Peterburq şəhərinin kənarında, kiçik bir evdə, ikinci pərdədə isə Bakının geniş bir meydanında cərəyan edur. “Dün(ən) – bu gün” pyesinin yazılma tarixi çap olunma zamanı ilə üst-üstə düşmür. Əsərin 1924-25-ci ildə qələmə alındığını ehtimal etmək olar. Çünki “Oktyabr inqilabının 8 yıl dönümü münasibətilə yapılmış nümayişdə” çıxış edən İşçi Qurban: “Yeddi ildir ki, arkadaşlar biz, yüz çevirdik o qanlı dövrandan” – deyir.

Pyesin ikinci pərdəsinin əvvəlində “8 yıl sonra”, remarkasında isə “Oktyabr inqilabının 8 yıl dönümü” yazılsa da, İşçi Qurban arkadaşlarına müraciətində Rus İmperiyasının “o qanlı dövran”ından, “alov saçan dəhşət”lərindən “yeddi il” ötdüyünü bəyan edir. Əsərdəki bu incə ziddiyyət bəzi örtülü məqamlara da aydınlıq gətirir. Güman etmək olar ki, Almas İldırım pyesi yazdıqdan müəyyən müddət keçdikdən sonra, əvvəlki mətbu şeirlərinə dost dəstəyini, himayəsini nəzərə alaraq redaktə və nəşr üçün onu Süleyman Rüstəmə təqdim edir. O isə pyesin bir il əvvəl yazıldığına diqqət yetirməyi unudaraq nəşr edildiyi ildə inqilabın 8-ci ildönümünün təntənəli qeyd olunacağını nəzərə alaraq mətnə əlavələr edir, düzəlişlərdə bulunur. Ümumiyyətlə, üslub fərqləri deməyə əsas verir ki, pyesdə yer alan inqilabi şüarlar S.Rüstəmə məxsusdur. Burada mövzu oktyabr olsa da, hadisələrin bətnindən törəyən mübariz inqilabçı obrazlar yaradılmamışdır.

Almas İldırımın arkadaşı Süleyman Rüstəmlə “müştərək yazdığı” “Dün(ən) – bu gün” adlı pyesin yalnız əski əlifba ilə nəşrini nəzərə alsaq yığcam məzmunu, süjet xətti üzərində bir qədər ətraflı dayanmağa dəyər.

Mənzum pyesin birinci pərdəsində hadisələr 90 yaşlı qoca, ixtiyar Vasilinin Peterburq şəhərinin kənarındakı kiçik, yoxsul görünüşlü evində baş verir.Onun bir oğlu Sergey üsyançılara qoşularaq rus mütləqiyyətinə qarşı vuruşur, digər oğlu Seryoja isə döyüşlərdə ağır yaralanıb və evə gətirilib.Vasilinin və onun xanımı Manyanın yaralı, ağrıların, sızıltıların əzabına dözə bilməyən oğluna təsəlli verməkdən başqa, digər – müalicə etdirmək, həkim çağırmaq – imkanları yoxdur. Gənclik illərində mülkədarın nökəri, sonralar fəhlə işləmiş Vasili bayırdan gələn atəş səsləri, top gurultuları altında yaralı Seryojaya praktiki tibbi yardım etmək üsullarından, vasitələrindən məhrum olsa da ömrünün ötən illərinin acı xatirələrini oğlu ilə bölüşür:

Vasili:

İmdi doxsan yaşdayam hehat,

Sormadım bən gözəl, gözəl bir həyat.

Bən çocuqkən mülkədarın nökəri

Oldum; onların pək incidərdi bəni

Ağlayardım… o qanlı yaşlarımı

Kimsə silməzdi; of o keçmiş günlər,

Nə müdhiş, nə qorxulu idi, əvət

Sonra çatdım iyirmi beş yaşına

Fəhlə oldum, uzun gün işləyərək

Həqqi-zəhmət alardım əlli qəpik

Həqq, ədalət bilinməz idi nədir!

Fəhlənin, köylünün yazıq bəxti

Oğlum iştə şu şəmə bənzərdi

Titrər idi ölüm qucağında

Bizə qan udduran o zalımlar

Şimdi müdhiş ölümlə əlləşiyor.

Əlbəttə, Vasili 90 illik ömrünü, həyatını haqq-ədalət olmayan bir mühitdə, çar rejimi şəraitində, əzab-əziyyət içərisində keçirdiyi üçün onlara “qan udduran o zalımlar”ın “şimdi müdhiş ölümlə əlləş”məsindən duyğulanır. Oğullarının cəsarətlə iştirak etdiyi, igidliklə döyüşdüyü üsyana böyük ümidlər bağlayır, “Zülmü boğmaq, əsarəti yıxmaq” üçün küçələrdən axan al qana görə qürur hissi keçirir, zülməti nura qərq edəcək yeni günəşin doğulmasına qəlbi, ruhu ilə inanır:

Vasili:

Zəhmət üfüqündə bir günəş doğaraq,

Nurə qərq etdi qanlı dünyayı.

İşçilər qandılar hüquqlarını,

Zülmü boğmaq, əsarəti yıxmaq,

Üçün, üsyan yaratdılar, üsyan!

İmdi dinlə, şəhərdə bax atılan,

Toplar, oğlum, nə gurlu səs veriyor.

Şimdi al qan axır sokaklarda…

Vasilinin ailə üzvləri üsyanı dəstəkləyən, inqilabi ruha köklənmiş, ictimai mənafeyi dərk edən insanlardır.Manya güllə yarasının arğısından sızıldayan oğluna təsəlli verir, həkim olmasa da onun tezliklə sağalacağına əminliyini bildirir.Seryoja ağrılara, acılara dözməyə, ona sinə gərməyə üstünlük verir.Əsas fikri və narahatlığı üsyanda iştirak edən qardaşı Sergeydəndir. Seryoja qanlı döyüşlərdə sinəsindən aldığı dərin yaranı inqilabın ona bəxş etdiyi ən dəyərli mükafat sayır:

Seryoja:

Heç zərər yox, təhəmmül eyləyərəm,

Bir də şimdi unutmayın ki, bənim

Şanlı qovğada aldığım bu yara

İnqilabın gözəl hədiyyəsidir.

Annə anlat, bəradərim Sergey

Nerede qaldı, xəbər, filan yoxmu?

Seryoja xəstə durumu ilə yenidən döyüşlərə can atmağı arzulasa da, yaraları, sağlamlıq durumu ona imkan vermir. Vasilinin simasında haqqa, ədalətə, zəhmətə, azadlığa dərin bir rəğbət, yanğı görünür. O, mütləqiyyətə, imperiya ambisiyalarına qarşı mübarizənin ön cərgəsində dayanan, inqilabın məramına, amalına sadiq, halal zəhmətə dəyər verən sadə xalq müdriki, düşüncə adamı təsiri bağışlayır.

Vasili (həyəcanlı):

Bəsdir artıq əzildik, aldandıq,

Daha yatmaq zamanı yetdi, bu gün

Ayıq olmaq gəlir, əvət lazım.

Bir günəşdir şu inqilab, şu inqilab ki, onun

Nuri bəxş eyliyor bizə nemət

Bir günəşdir ki, daima parlar,

Sayəsində nicat bulur zəhmət,

Bir günəşdir ki, parlayar, sönməz.

Seryoja:

İnqilabmı? O bir axar çaydır,

Durmaz əsla axar, daşar, gurlar.

Hər nə mane gələrsə qarşısına

Məhv edər, parçalar qucağında.

Şu axar çay ki, inqilab adıdır

Qərbə, Şərqə qan ağladan “mədəniləri”

Boğmaq üçün axır şimdi

İnqilab yıldızı üfüqlərdən

Nazənin bir gəlin kibi çıxaraq

Güləcəkdir… fəqət o zalımlar

Öləcəkdir, gülər o dəm aləm…

Vasili ilə Seryojanın dialoqlarındakı fərqlilik, hətta bəzi məqamlarda ziddiyyət ata ilə oğul arasındakı əksliklərdən daha yüksəkdə dayanır və oktyabr üsyanına bəslənilən münasibət iki dünyagörüş, iki baxış, iki nəsl arasındakı fərqliliyin təzahürü kimi dəyərləndirilməlidir.Vasilinin fəlsəfəsinə görə inqilab bir günəşdir, onun nuru insanlara halal zəhmət yolu ilə nemət, bərəkət bəxş edəcək, bəşəriyyət bu nicatdan, qurtuluşdan faydalanacaq.Bu günəş hər zaman parlayacaq və sönməyəcəkdir. Vasilinin utopik düşüncələrində fərqli olaraq Seryojanın baxışlarına əsasən inqilab “Hər nə mane gələrsə qarşısına, məhv edər, parçalar…”.

Pyesin müəllifləri 11 il irəliyə gedərək tarixin yaddaşına günahsız insanların qanı ilə yazılmış “1937”-nin, sanki anonsunu verirlər. Repressiya dövrünün ədəbiyyat və sənət camesi üçün tez-tez mətbuatda, iclas salonlarında təkrarlanan “Bizdən deyilsənsə məhvə məhkumsan” şüarının ilkin variantı Seryojanın mülahizəsində, şərhində təqdim olunur…

Vasilinin qonşusu Petya başılovlu bu ailəyə gəlir və gözaydınlığı verərək böyük sevinclə üsyançıların Qış Sarayını mühasirəyə aldığını bildirir.

Petya:

Saray mühasirədə…

Lakin imdi şəhərdə çox var ölən…

Vəhşi düşmən fərar edir, nə gözəl

Heç qəm etmə, bu dəm saray alınar.

İmdi yüksək, gözəl saraydakılar

Bənzəyorlar qəfəs içində quşa.

Seryoja:

Söylə, nerdə bəradərim Sergey?

Bir xəbər bilmədinmi? Yoxsa o da…

Petya:

Bildim, oğlum, o, imdi ordumuzun,

Ta önündə; əlində bayraq var…

Onu imdi gözümlə gördüm bən.

Gözü əziz və doğma oğlu üçün yolda qalmış Manya anaya Qış Sarayının üsyançılar tərəfindən zəbt olunması barədə ilk məlumatı yaralı vəziyyətdə cəbhədən evə qayıdan Sergey özü çatdırır.

Manya (titrək səslə):

Yetiş artıq, yetiş, səninlə əvət,

İgid oğlum bu gün qucaqlaşalım…

(Bu dəmdə qapı açılır, Sergey içəri girir.

Hər kəsdə bir sevinc… qucaqlaşırlar.)

Sergey:

Gəldim annə, saray alındı sevin.

Manya:

Bitdi artıq, demək ki, istibdad…

Nereden oğlum şu əlbisəndəki qan?

Sanki al qan içində üzmüşsən.

Sergey:

Annə omuzumdan aldığım yaradan,

Öylə müdhiş degil, xəfif yaradır.

Gül ki, zülmün yıxıldı heykəli, gül

Çıxdı parlaq günəş üfüqlərdən.

Nurə qərq etdi zəhmət aləmini.

Div boğuldu, əsirlər azad oldu

Hər şey şəhərdə imdi bizim.

Bizi daim əsir edən divlər

Məhv edildi və doğdu taleimiz.

Bir ağızdan güləndə söyləlim,

Yaşasın inqilab, bərabərlik…

Çar üsul-idarəsinin, ədalətsiz rejimin, zülmkar, əzazil məmurların ifşası ilə başlayan pyesin birinci pərdəsi üsyançıların qələbəsi, Qış Sarayının zəbt olunması, “azadlıq”, “bərabərlik” şüarları, gələcəyə böyük ümidlər, arzular ilə tamamlanır.

Əsərin ikinci pərdəsi “8 yıl sonra” adlanır və 1925-ci ildə, Azərbaycanın paytaxtında cərəyan edir. İkinci pərdənin remarkasında yazılmışdır: “Bakı, şəhər dairəsində geniş bir meydança, Oktyabr inqilabının 8 yıl dönümü münasibətilə yapılmış nümayişdə işçilər, qadınlar…”.Bu pərdədə inqilab qəhrəmanları, alovlu tribunalar, partiya liderləri görünmür. Müəlliflər tərəfindən xüsusi vurğulanmasa da, “nümayiş” iri zavodlardan birinin meydanında təşkil olunub, bayram iştirakçıları və çıxışçılar sadə iş adamları – fəhlələrdir. Personajlar ona görə işçilərdən seçilmişdir ki, inqilabın son səkkiz ilində ictimai-sosial mühitdə, fəhlə həyatında baş verən müsbət dəyişikliklər haqqında məlumatlar daha inandırıcı, daha mötəbər qarşılansın. İnqilabdan əvvəl əzənin, əzilənin, inləyənin, zəlalətdə ağlayanın, zülm və məhbəs həyatı yaşayan hər kəsin indi “Həp səadət içində qaynaş”dığını vurğulayan ilk çıxışçı – İşçi Qurban deyir:

İşçi Qurban:

Arkadaşlar!… Bu gün də hər bir kəs,

Həp səadət içində qaynaşıyor.

Hərə öz zəhmətilə şən yaşayor,

Şimdi artıq nə zülüm var, nə qəfəs

Nə əzən var, nə inləyən, əzilən

Nə zəlalətdə ağlayan vardır.

Yeddi ildir ki, arkadaşlar biz

Yüz çevirdik o qanlı dövrandan.

Bitdi artıq alov saçan dəhşət,

Şimdi yox yurdumuzda bir vəhşət.

Od saçarkən igid, dəmir əllər,

Çökdü artıq o qanlı heykəllər.

Mütləqiyyət bu gündə devrildi,

Qadın, erkək, çoluq-çocuq güldü.

Arkadaşlar, bugünkü bayramımız

Bizə ən şanlı töhfədir, çünki

Bu qızıl gündə olmuşuz azad.

İşçi Qurbanın çıxışı nümayiş iştirakçılarını vəcdə gətirir, coşdurur. Onunla həmrəy olanlar bir səslə: “Yaşasın adlı, sanlı bayramımız!”, “Yaşasın anlı, şanlı bayrağımız!..”, – deyə şüarlar söyləyirlər. Nümayişdə növbəti natiq İşçi Səmədin çıxışı məzmun, hədəf etibarilə İşçi Qurbandan az fərqlənir:

İşçi Səməd (irəli gəlir):

Arkadaşlar, igid vətəndaşlar!

Bir zaman “insan olmayan” işçi,

Həp çamurlar içində inlərkən,

“Bənə həqq ver” deyib də qavrıldı.

Ən nəhayətdə həqq yerin buldu.

Şimdi artıq bir hakim olmuşdur,

Vursan üstündə od saçar çəkici.

Əks edər hər tərəfdə, hər yerdə,

“Bənim həqqim!..” deyən o gurlu səsi.

İki qüvvətli qol, geniş köksü

Üzərində durur bütün dünya.

O “Dəmir pəncə” həqq izin bulacaq,

Hakim olmaqdadır. Əvət… olacaq!..

İşçi Səmədin düşüncələrində keçmişə ekskursiya, insan sayılmayan, “çamurlar içində inlə”yən, “Dəmir pəncə” adlandırdığı fəhlə sinfinin ağrılı, sıxıntılı dünəni, keçmişi mühüm yer tutsa da, sabaha, gələcəyə inamı böyükdür. Onun fikrincə, “İki qüvvətli qol, geniş köksü üzərində duran bütün dünya”ya işçi sinfi “Hakim olmaqdadır. Əvət… olacaq!..”.

Bu sarsılmaz əminliyi, inamı həmkarlarına aşılayan, onları sabaha ruhlandıran işçi Səmədlə – Səməd Ağamalıoğlunun siyasi düşüncələri arasında harmonik bir bağlılıq, həzin bir səsləşmə duyulmaqdadır – desək, yəqin ki, yanılmarıq.

Əsərin müəllifləri pyesin personajları arasında gender bərabərliyinə də diqqət yetirmiş, Manyadan sonra “İşçi qadın” obrazı vasitəsilə istibdad dövrünü, Çar imperiyasının qadın hüquqsuzluğunu möhkəmlədən, “çamur yığını”na bənzədilən qanunları sərt tənqid etmişlər. Çıxışda keçmişin, dünənin qadınlıq və qaranlıq lövhəsinin boyaları tündləşdirildikcə bu günün xanımlarının çöhrələrində təbəssüm, gülüş, həyatlarında əks olunan işıq, yaraşıq “İnqilabın alov saçan günəşi” ilə bütləşdirilir. Pyesdə dünənin dəhşətli, əzablı mənzərəsi bu günün “qızıl qadınlar”ının, “qızıl bayram”ların təqdim olunan görüntülərindən daha real, canlı və inandırıcı görünür. Bu mənzərə “İşçi qadın”ın çıxışında da özünü büruzə verir.

İşçi qadın (irəli gəlir, kəskin):

Bir zamanlar unutmayın ki, bizim,

Qara quldan da fərqimiz yox idi.

Kirli zəncirlərin içində ikən

Hıçqırıqlarla ağlayıb durduq.

Bizi bir anlayan bulunmazdı,

Ən səfalətdə biz qadınlardıq

Kimsə bilməzdi qız, qadın nə imiş.

Bəşəriyyət içində bizlərçün,

Bir nicat yox, hüquq, ədalət yox.

O qaranlıq, o kirli məhbəsdə,

Sızlayorkən həzin, yanıq səslə.

Çırpınardıq əsirələr kibi biz.

Şimdi artıq o dəhşətin, zülmün

Odlu bir zərbə yıxdı varlığını.

Bizə həqq verməyən o qanunlar,

Oldu bax şimdi bir çamur yığını.

İnqilabın alov saçan günəşi,

Yaxdı, həp yaxdı əski dünyanı.

O zamandan qızıl qadınlar həp,

Oldu insanlığın sevimli işi.

Gülüyor, şimdi çöhrələr gülüyor,

Bir sevinc qaynaşır bax hər kəsdə.

Canlanır şimdi bir gözəl duyğu

Bu qızıl bayramın nəticəsi bu…

“İşçi qadın”ın çıxışının sonunda nümayiş iştirakçıları “Yaşa, sən binlərlə ey igid annə!..”, – deyə hayqırır.

Maraqlıdır ki, mənzum pyesdə iki obraz öz adları ilə deyil, sosial durumları, ictimai mövqeləri ilə təqdim olunmuşdur: “İşçi qadın” və “Komsomol”. Güman etmək olar ki, əsərin müəllifləri Bakı şəhərində mövcud siyasi durumu, son altı ildə aparılan antimilli demoqrafik prosesləri nəzərə alaraq və saxta “beynəlmiləlçilərin” peşində dayanacaqları əsassız ittihamlarından, yersiz mübahisələrdən qaçaraq “İşçi qadın” və “Komsomol” obrazlarına milli adlar verməkdən çəkinmiş, qeyri-milli adların verilməsini isə rəva görməmişlər. Baxışlarına, düşüncələrinə diqqətlə yanaşsaq “Komsomol” adının obraza uyğun gəldiyini, onu bütün yönləri ilə tamamladığını müşahidə edərik.Əslində, mənzum pyesdə “Komsomol” siyasi obrazdır. O, “Şərqdən yüksələn yanıq fəryad” üzərində manipulyasiya edərək “qızıl inqilab”ları dünyaya yaymaq arzusundadır.

Komsomol:

Odlu dəhşətlə qaynaşan Qərbin,

Yenə qan gözlü, kinli cəlladı var.

Yenə dünyada sərvətin adı var.

Yenə bayquşlar hökm edər, bağırır

Şərqdən yüksələn yanıq fəryad,

Yenə bir inqilab deyib çağırır.

Arkadaşlar bu gün unutmamalı

İşçilər var o qanlı yerlərdə.

Ki, tutulmuşlar olmazın dərdə

Bu geniş kütlələrlə əlbət biz,

Durmadan, durmadan yüyrütməliyiz.

Bu qızıl inqilabı Şərqə yayın!..

Durmayın işçilər bu gün də bizi

Ən böyük, şanlı bir zəfər bəklər.

Yürüyüb həp geniş addımlarla

Bir həqiqi həyatə biz çıxalım.

Qoşalım sosializm aləminə!..

Bir ağızdan güləndə söyləyəlim:

Yaşasın sosializm dünyası!

Mənzum pyes Komsomolun son şüarını nümayiş iştirakçılarının gur səslə, ucadan təkrarlaması ilə bitir.

Əsərin ümumi məziyyətləri ilə bağlı bir neçə söz söyləməli olsaq, öncə unutmamalıyıq ki, “Dün(ən) – bu gün” mənzum pyesi yazılanda onun müəlliflərindən Almas İldırım 18, Süleyman Rüstəm isə 19 yaşlı gənclər idi. Nəşrin titul səhifəsində “qafiyəsiz mənzumə” xatırlatması və əsərin məzmununa, bədii sanbalına xüsusi diqqət yetirilməsi A.İldırımı və S.Rüstəmi süni “qafiyəpərdazlıq əzabı”ndan xilas edərək fikrin yığcam, birbaşa çatdırılmasına, asan başa düşülməsinə, səhnə danışığı intonasiyasına, emosional təsir gücünə malik olmasına xidmət etmişdir. Mövzunun aktuallığı baxımından xüsusilə şüarçılıqla haqqında parıltılı təsəvvür yaradılmağa cəhd göstərilən “sosializm” ideologiyası bu gün maraq və əhəmiyyət kəsb etmir. Lakin əsərin Rusiya imperiyasının keçmişindən bəhs olunan hissələrində çar üsul-idarəsi sistemində ölkənin xalqlar həbsxanasına çevrilməsi, insanların hüquq və azadlıqlarının boğulması, haqqın, ədalətin tapdanması, iri və xırda çaplı məmurlar tərəfindən zülmün, dəhşətin, qəddarlığın, qaniçənliyin günbəgün tüğyanı, romanovlar və sovet rejimlərinin tarixi qəsbkarlıq ənənələrinin bu gün də onların varisləri tərəfindən davam etdirilməsi şübhəsiz ki, pyesin müasirliyinə, çağdaşlığına əlvanlıq qatır. 

Müəlliflik və fərdi üslub məsələsi ilə bağlı bir məqama da diqqət yetirilməlidir. Dilimizin orfoqrafiya lüğətində “gur”, “gurultulu” sözlər mövcud olsa da, “gurlu” sözünə “Dün(ən) – bu gün” mənzum pyesi ilə yanaşı yalnız Almas İldırımın şeirlərində rast gəlinir. Kitabda yazarların imzası: “Süleyman Rüstəmzadə və İ.Almaszadə” şəklində verilmişdir. Bu araşdırmayadək elmi ədəbiyyatda Almas İldırımın “Dağlar səslənirkən” (1930) və Süleyman Rüstəmin isə “Ələmdən nəşəyə” (1927) şeir topluları bu gənc şairlərin ilk kitabları hesab olunurdu. Yeni tədqiqat isə onların ilk kitabının 1926-cı ildə “Kommunist” qəzeti nəşriyyatının çap etdirdiyi “Dün(ən) – bu gün” adlı kiçikhəcmli mənzum pyesin olduğunu təsdiqləyir. Hər bir yazar üçün ilk kitabın əziz, unudulmaz olduğu halda hər iki şairin “Dün(ən) – bu gün” əsərini belə tez “unutmalarının” səbəbi nə idi?

Şübhəsiz ki, əsas səbəb Almas İldırıma siyasi damğa vurularaq onun Dağıstana, sonra isə Aşqabada sürgünə göndərilməsi və nəticədə onun 1933-cü ildə gizli yollarla Türkiyəyə mühacirət etməsi idi.(Məqalənin sürgünlə bağlı hissəsində bu barədə daha ətraflı məlumat veriləcək – A.R.).

A.İldırım 1927-ci ildə S.Rüstəmə “Mayıs gözəlinə” adlı şeir həsr edib “Maarif və mədəniyyət” jurnalında çap etdirsə də, S.Rüstəm İ.Almasın ideoloji cəbhədə ən sərt tənqidçilərindən birinə çevrilir.Ondan “proletar şairi çıxmayacağı” qənaətinə gəlir və bu fikri İldırıma Ədəbiyyat cəmiyyətinin iclasında açıq bildirir. Yəqin ki, “xalq şairi” dünəninə nəzər salaraq sovet rejimi dönəmində adının “xalq düşməni” ilə bir yerdə “Dün(ən) – bu gün” kitabı ilə bağlı olaraq xatırlanmasını istəmirdi və istəməzdi də… İki dostun, iki həmkarın arasından əsən soyuq, siyasi ruzigar onların ilk kitabının, ilk mənzum pyesinin adını ədəbi camedə uzun müddətə unutdurdu.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest