Arzu Heydərova – Şiirleri
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Arzu Heydərova
Gəl ki, həsrət bitsin daha.
Qayıt dünyam işıqlansın,
Xoş diləklər qoy oyansın.
Bu aləm nura boyansın,
Gəl ki, zülmət itsin daha.
Ayrılığın verdi zülüm,
Nə boyda dərd verdin, gülüm?
Qoyma həsrətindən ölüm,
Gəl ki, zülm ötsün daha.
Heç yerə çatmır harayım,
Bumu mənim ömür payım?
Nə qədər günləri sayım?
Gəl ki, hicran getsin daha.
Gəl əvvəlki özün kimi,
Həsrətin son sözü kimi.
Lap vüsalın özü kimi,
Qoyma ömür keçsin daha.
Ayrılıq bitsin beləcə,
Qal ömrümdə gündüz‐gecə,
Heç nə demə, gəl, ürəyim
Bu nisgili atsın daha.
Kaş qırmazdım inadını,
Anmayaydım heç adını.
Qırmısan qol-qanadımı,
Gəl ki, həsrət bitsin daha.
SƏNSİZ DÜNYA BİR MƏHBƏSMİŞ
Hər gün, hər saat, hər an
Gözləyirəm yolunu.
Hələ də anlamıram
Taleyin oynadığı
Bu dəhşətli oyunu.
Sən gedəli hiss etdim ki,
Həsrət nədir, ayrılıq nə?
Sən gedəli bilmişəm ki,
Zülmət nədir, aydınlıq nə.
Xoşbəxtliyin rəngi varmış…
Soyuq qış da bir baharmış –
Sən gedəli bildim bunu.
Səadət quştək uçarmış…bildim bunu.
Xoşbəxtlik də bircə anda yox olarmış…
Dünya məhvərdən qoparmış…
İnsan necə varlığından yox olarmış
bircə anda ‐bunu bildim.
Sevinc necə yasaq olur,
Kədər necə bir ürəyə
bir ömürlük qonaq olur ‐
Bunu bildim.
Çiçəklər də öz ətrini itirirmiş ,
Dünya qara rəng içində
Gözlərdə tor bitirirmiş.
Qara rəngə bürünürmüş
Sənlə birgə.
Əlvan rəngdə gördüklərim,
Bir səadət bildiklərim.
Hər şey səninlə gözəlmiş…
Sənsiz dünya çox dəhşətli bir məhbəsmiş,
İnsan necə çarəsizmiş –
Bunu bildim.
Təkcə sənlə bir məzara qoyulmadım…
Arzuları, ümidləri dəfn elədim.
Ruhum sənlə, cismim mənlə qaldı burda –
Sən köçəli yeni yurda.
Sənsiz dünyada yaşamaq
Sənsizliyin özü boyda fəlakətmiş.
Həyat sənsiz çox ağrılı,
Dünya sənsiz çox dəhşətli bir məhbəsmiş
Bunu bildim.
SEVDİCİYİM, SƏNSİZ DÜNYAM AĞLAYIR
Sən gedəli qəm ələnib üzümə,
Sevinc, şadlıq görünmür heç gözümə.
Kəlməbaşı qatılırsan sözümə,
Xatirələr ürəyimi dağlayır,
Sevdiciyim, sənsiz dünyam ağlayır.
Bənövşətək boynubükük olmuşam,
Odsuz yanan kövrək ürək olmuşam.
Saralıbdır arzu‐dilək…solmuşam,
Çiçəklər də sənsiz könül dağlayır,
Sevdiciyim, sənsiz dünyam ağlayır.
Güldən çələnğ toxuyuram qəbrinə,
Özüm də mat qalmışam bu səbrimə.
Mən yox, kaş ki, sən gələydin qəbrimə,
Məzar daşın da köksümü dağlayır,
Sevdiciyim, sənsiz dünyam ağlayır.
Həsrətindən neçə ürək dağlanıb,
Sevdiklərin qəm-qüssəyə bağlanıb,
Əşyaların yadigartək saxlanıb,
Dünyamız da sənsiz qara bağlayır,
Sevdiciyim, sənsiz dünyam ağlayır.
Dünyamıza qayıtmağın vaxtıdır,
Gözüm nuru, harda qaldın? Vaxt ötür…
Ölmüş, bitmiş bu nəşimi gəl götür.
Yaralı qəlb sənə matəm saxlayır,
Sevdiciyim, sənsiz dünyam ağlayır.
BU BAHAR DA SƏNSİZ GƏLDİ, BİRDƏNƏM
Istəyirəm kol dibində bitim mən,
Uzaqlarda, qürbətlərdə itim mən,
Sevincimi kədərimə satım mən,
Belə keçir bu ömür də anidən,
Bu bahar da sənsiz gəldi, birdənəm.
Dolmuş dözüm ağacıyam, sınıram,
Sənsizlikdən sarı simi qırılan,
Sonasının gölü çoxdan quruyan,
Yollarında tənha qalıb bitən mən,
Bu bahar da sənsiz gəldi, birdənəm.
Gözləyirəm dünyamıza dönəsən,
Bəlkə gəlib kədərimi böləsən,
Sənsizliyin yazılmamış günlərin
Ayrılığın kitabından siləsən…
Bu bahar da sənsiz gəldi, birdənəm.
Sənsiz donu açılmayır qəlbimin,
Ağrıları çəkilməyir qəlbimin.
Naləsi heç tükənməyir qəlbimin,
Sənsizlikdən çox çəkirəm sitəm mən,
Bu bahar da sənsiz gəldi, birdənəm.
Dünyamızın sən adlı bir dərdi var,
Ayrılığın min ünvanda yurdu var,
Bəstəmizin kədər adlı bəndi var,
Nəğmələrin kəlməsi sən, sözü qəm,
Bu bahar da sənsiz gəldi, birdənəm.
SƏNİ APARAN QATAR
Səni aparan qatara çatmağı çox arzulayırdım.O qatara çatsam, dünyanın bütün ağrıları, acıları azalacaq sanırdım.Bu, sürət qatarı idi ‐ yaxınlaşması mümkün olmayan, sərnişinləri olmayan sürət qatarı.Tək sən idin sərnişini…tez, hətta hədsiz tez çıxmışdı yola o qatar.O qatara çatmaq üçün nələri qurban verməzdim ki.Əgər öncədən gəlişini bilsəydim o qatarın ‐ səni aparacağını bilsəydim…səni aparmasın deyə nələr etməzdim.Mütləq, mütləq dayandırardım o qatarın gəlişini.Gedişini dayandırmaq mümkünsüzdür o qatarın, gəlişini dayandırmağı bacaracaqdım, bilirəm.O qatarsa vaxtsız gəlir həmişə ‐ soruşmadan və xəbərdarlıq etmədən.İstədiyini gətirən ömür qatarı kimi olur onun gəlişi də…ölüm qatarıdır o qatarın adı ‐ səni aparan qatarın.Sərnişini tək olan qatarın.İnsanları məzar yoluna ‐ sonuncu mənzilə aparan qatarın.Bir də heç vaxt geriyə qayıda bilməyən, qayıtmaq şansı olmayan insanların qatarı.Qayıda bilsələr, qayıdardılar, mütləq qayıdardılar ‐ o yolun dönüşü olsaydı əgər.Təəssüf ki, gedişi var yalnız, dönüşü yox o yolun.O qatara çatmağı, o qatarın sərnişini olmağı necə arzulayıram, bilirsənmi?
Nur vardı gül üzündə,
Gözüm qaldı gözündə.
Gəlib səni görəydim
Dünyanın o üzündə.
Dünyanın o üzünü sənə görə arzuladım, səni görmək ümidilə arzuladım.
Mən qorxmuşdum dünyanın o üzündən, gözəl gözlüm.Mən qorxmuşdum ölümlərdən, ayrılıqlardan.Mən qorxmuşdum qaranlıqdan, zülmətdən…bu sədləri aşmağı sən öyrətdin mənə.Qorxuları, ağrıları, acıları dəf etməyi, həyata, dünyaya həvəsi, məhəbbəti dəfn etməyi öyrətdin.Ölmədən arzuları, istəkləri torpağa kömmək, yaşaya‐yaşaya ölmək necə olur, onu öyrətdin.Hər kəsin üzünə gülümsəyərkən ürək necə sızlayar, ağlamaq hisslərini ürəkdə boğub gülmək necə olar, onu öyrətdin.Bənövşə ömrü yaşayanların həsrətinin sonsuzluğunu, bir məzar daşının pir olduğunu, sevdiklərinin and yeri olduğunu, dünyanın boş və mənasız olduğunu öyrəndim səndən.Bir də yaşamağa məhkumluğu ‐ səni vaxtsız aparan qatara çatana qədər, gözəl gözlüm.