Arif Pənahoğlu – Şeirləri
Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan
Mikayılov Arif Pənahoğlu (Arif Pənahoğlu) :
1971-ci ildə Azərbaycan Respublikasının Laçın rayonunun Qoşasu kəndində anadan olub. Şeirləri Respublikasının bir çox qəzet və jurnallarında, şeir almanaxlarında dərc olunub. İlk şeirlər kitabı “ Bu xalq azadlığın dadını bilmir” 2018-cu ildə Almanyanın “Edition Winterwork” mətbəəsində çapdan çıxmışdır. Hal-hazırda Almanyada yaşayır.
Arif Pənah oğlu
BIR ÜRƏK ORTADAN PARALANIBDI
Təbriz bir yanıdır,Bakı bir yanı,
Bir ürək ortadan paralanibdı.
Yarımcan xəstədi Azərbaycanım,
Kafərlər əliylə yaralanıbdı.
——-
Zəncanım, Ərdəbil, Marağa,Xoyum, Turk oğlu Türk nəsli – əcdadım, soyum,
Yer tapa bilmirəm, cismimi qoyum,
Ruhum bədənimdən aralanıbdır.
——-
Baki, Gəncə, Bərdə şöhrət-şanımdı,
Tarixlər yaşadan bir dastanımdır,
Arazdan su deyil,axan qanımdı,
Kəsilmiş başımdan şoralanıbdı.
——-
Əlim də çatmayır doğma əllərə,
Bu taydan o taya doğma ellərə,
Bir ölkə bölünüb gör neçə yerə,
Yeri xəritədə qaralanıbdı.
——-
Arifəm, bu dünya haqsız bir məkan,
İblislər əlində acızdı dövran,
Hər gün bir ilimi alıb qoparn,
Dərdlər ürəyimdə sıralanıbdı.
Yer tapa bilmirəm cismimi qoyum,
Ruhum bədənimdən aralanıbdır.
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ
Bir kərə yüksələn bayraq,
Bir daha enməz demişdi.
Vətən üçün məşəl ürək,
Heç zaman sönməz demişdi,
Azadlığa gedən yoldan,
Ölsə də, dönməz demişdi.
Ulu öndər, dahi insan,
Turk oglu, Türk əsilzadə, Məhəmməd Əmin Rəsulzadə.
——-
Azadlığın, hürriyyətətin,
Ədalətin, haqqın səsi.
Əsarətin xilaskarı,
İstiqlalın məfkurəsi,
Bir müqəddəs şanlı tarix,
Qəhrəmanlıq salnaməsi.
Ulu öndər, dahi insan,
Turk oglu, Türk əsilzadə –
Məhəmməd Əmin Rəsulzadə.
——-
Polad kimi möhkəm idi,
Yaradanda Müsavatı.
Millət üçün oda yandı,
Külə döndü öz həyatı.
Miras qoydu gələcəyə,
Bir misilsiz varidatı.
Ulu öndər, dahi insan,
Turk oglu, Türk əsilzadə –
Məhəmməd Əmin Rəsulzadə.
——
Əzabların, zülümlərin,
Zindanların bahasına,
Həyatını qurban etdi,
Azərbaycan sevdasına.
Həkk olunub könüllərə,
Döndü xalqın dühasına
Ulu öndər, dahi insan
Turk oglu, Türk əsilzadə –
Məhəmməd Əmin Rəsulzadə.
——-
Qalib çıxdı hər sınaqdan,
Ağlı, gücü, iradəsi.
Cəsur, mətin, əəmətli –
Yenilməzlik əfsanəsi.
Böyük Türkün dastanlaşan,
Qorqudlaşan sərkərdəsi
Ulu öndər, dahi insan
Turk oglu, Türk əsilzadə –
Məhəmməd Əmin Rəsulzadə.
YAGIŞ YAGIR
Yağışa bələnib səma nur tökür,
Şirin yuxudadı, çöllər, zəmilər.
Duman zirvələri köksünə çəkir,
Selə qoynun açır dərin dərələr.
——-
Şimşəklər rəqs edir göyün üzündə,
Gurlaylb aləmə hay-haray salır,
Buluda söykənib öz aləmində,
Günəş mənzərənin seyrinə dalır.
——-
Göylər hiss eləyir könül yanğısın,
Duyur qəlbindəki hərarətini,
Göylər qovuşdurur öz vüsalına,
Torpağın yağışa məhəbbətini.
——-
Arifəm, xəyallar dünyasındayam,
Tanrının sirrinə qəlbən heyranam,
Onun məhəbbəti yağır qəlbimə,
Qoymayir od tutub alışıb yanam.
YAZI SEVİRƏM
Payız doğulmuşam, yazı sevirəm,
Xəzana dözmürəm, bu həsrət kimi.
Baharda cücərir ümid tumlarım,
Payız xəstələnir təbiət kimi.
——-
Dəyişir ovqatım, dəyişir halım,
Qəm üstə köklənir düşüncələrim.
Qapılıb özümə yalqızlaşıram,
Məni rahat qoymur, qəlbdə kədərim.
——-
Xəzana dözmürəm, bu həsrət kimi,
Gözlərim önundə solur təbiət.
Qarşıdan qış gəlir, hansı ki, qışda,
Kəfənə bürünüb ölür təbiət…
——
Arifəm,deyirəm necə bənzəyir,
Fəsillər büs – bütün insan ömrünə,
Ömrümün payızı sıxır əlimi,
Deyir ki, hazırlaş qış fəsilinə,
Deyir ki, hazırlaş qış fəsilinə…
TƏNHA QADIN
Mən sənin eşqindən divanə ikən,
Fəqət, sən sevirdin onda özgəni.
Başqa könüldədə yuvası varmış,
Özgə, uçub tapdı sonda özgəni.
——-
Ümidlər puç oldu, arzular talan,
Mən səni itirdim, o var-dövlətin.
Ay məni eşqindən çöllərə salan,
Sən nələr qazandın, nələr itirdin.
——-
Keçmiş xatirələr çarmıxa dönüb-
Hər zaman ruhumu çəkir tarıma.
İstərdim gözünün içinə baxam,
Cavablar verəsən suallarıma.
——-
Sonadək gözlədim saf eşqim ilə,
Sona da bir zərrə ümid qalmadı.
Mən, məni sevəni xoşbəxt elədim,
Mənim ilk sevdiyim xoşbəxt olmadı.
—- —
Özün seçiminin qurbanı oldun,
Sənə özgə gəlir qohumun, yadın.
Qapılıb özünə görəsən indi-
Nələr düşünürsən, ay tənha qadın.
Krımın Səsi qəzetinə gələcək işlərində uğurlar arzulayıram. Türk dünyası ölkələrinin ortaq mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətinin təbliğ olunmasında müstəsna xidmətlər göstərir…