Genel

Arif Pənahlı Şeirler

Kırımınsəsi Qəzeti Azərbaycan Nümayəndəliyi
Azərbaycan təmsilçisi: Nazım Əhmətli

Arif Pənahlının yeni şeirləri Almaniyadan oxuculara təqdim olunur

Almaniya, Frankfurt-Oder Klinikası – Azərbaycanlı şair Arif Pənahlı müalicə aldığı Almaniyanın Frankfurt-Oder şəhərində yerləşən klinikadan yeni şeirlərini qələmə alaraq oxucularına təqdim edib.

Şairin qürbətdə yazdığı bu poetik nümunələr vətən həsrəti, insan ruhunun gücü, ümid və həyat sevgisi kimi mövzuları əhatə edir. Onun şeirlərində duyğuların səmimiliyi və mənəvi zənginlik xüsusi yer tutur.

Arif Pənahlının yaradıcılığı Azərbaycan ədəbiyyatında özünəməxsus poetik üslubu ilə seçilir. Onun qürbətdə yazdığı əsərlər də oxucular tərəfindən maraqla qarşılanır və mənəvi dəyəri ilə diqqət çəkir.

Kırımınsəsi Qəzeti olaraq şair Arif Pənahlıya tezliklə tam sağalmasını arzulayır, ona yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı diləyirik.

Arif Pənahlı

  Şeirlər

 Danışmaqla tükənən, yazmaqla bitən deyil 


Çoxdandır görüşmürük, gör nə qədər vaxt ötüb,
Gəl, uşaqlıq çağının  yamac yerinə enək.
Unudulmaz anları  köçürmüşəm kağıza, 
Üç dörd şeir yandırım, alovuna isinək.

                                    ***

Necə saf idi onda adamlar da, dövran da,
Onda biri-birinə İnam, sədaqət vardı.
Kor qalmışlar qaraltdı işıqlı dünyamızı,
Yaşamaq çətinləşib, bağrım cadar-cadardı.

                                    ***

Nə əvvəlki ünsiyyət, nə gediş-gəliş qalib,
Adamların çevrəsi çox məhduddu, çox dardı.
Atəşim qırxa çatır, qapımı açanım yox,
Biri xəstə olanda bütün kənd yığşardı.

                                   ***

Ata, ana, nənəli  həyat bəxtəvər imiş,
O uşaqlıq dövrünün çağı bir aləm idi. 
Üzündə dımır-dımır yağ yığılmış nehrənin,
Ayranı cana dərman, yağı bir aləm idi.

                                   ***

Yazıq zəhmətkeş nənəm, bir canlı örnək idi,
Hamıdan tez oyanıb, hamıdan gec yatardı.
Erkən təndir qalayıb, kündələri düzərdi,
Çörəyin ilk siftəsin it pişiyə atardı.

                                   ***
Qışı ağır keçirdi bu kiçik dağ kəndinin,
Hərdən metr(i)dən artıq qar yağırdı eşiyə.
Dədəm sobanı yaxıb, qızdırardı odanı,
Zərrəcə qoymaz idi balaları üşüyə.

                                    ***

Eləki yay yetişdi, başlardı ot yığımı,
Savlanardı dəryazlar, saplanırdı yabalar.
Şəhərdən də gələrdi daim gənclər köməyə,
El gücü sel gücüdür söyləmişdi babalar.

                                      ***

Kəkotu, Zirə cayı yanında beçə balı,
Palıdın kölgəsində əyləşib içilərdi.
Köməyi olmayanlar bir kəlmə də demədən,
Ot çalanlar onun da biçənəyin biçərdi.

                                     ***

Nə internet var idi, nə smartfon, nə tablet,
Hələ süni deyildi intellekt o dönəmdə.
Necə xoşbəxt olardıq, nə hisslər yaşayardıq,
Qəzetlərin içində poçtdan məktub gələndə.

                                     ***

O qayğısız, o məsum günlər tarixə döndü,
Sevinclərin beləcə bölərdilər uşaqlar.
Oxumusan elanı, xəbərin var, xəbərdən,
Yusif əmi yazıb ki, axşam kənddə kino var.

                                    ***

Bir qrup kənd uşağı əyləşərdik təpədə,
Yağışlar dayanmadan yağsada narın-narın.
Qışda arana köçən kəndin çobanlarının,
Gözləyirdik maraqla gələn köç maşınların.

                                    ***

Beləcə için-için əriyirəm, axıram,
Nə illər o illəridi nə Vətən, Vətən deyil.
Nə halıma yanan var, nə də duyan bir kəsim,
Danışmaqla tükənən, yazmaqla bitən deyil.

Bir ürək ortadan paralanıbdı

Təbriz bir yanıdır, Bakı bir yanı ,
Bir ürək ortadan paralanibdı.
Yarımcan xəstədi Azərbaycanım,
Kafərlər əliylə yaralanıbdı .

                           ***
Zəncanım, Ərdəbil , Marağa, Xoyum ,
Turk oğlu Türk nəsli – əcdadım, soyum.
Yer tapa bilmirəm , cismimi qoyum ,
Ruhum bədənimdən aralanıbdır .

                            ***
Baki, Gəncə, Bərdə şöhrət-şanımdı ,
Tarixlər yaşadan bir  dastanımdır .
Arazdan  su deyil, axan qanımdı ,
Kəsilmiş başımdan şoralanıbdı .

                              ***

Əlim də çatmayır doğma əllərə,
Bu taydan o taya doğma ellərə.
Bir ölkə bölünüb gör neçə yerə ,
Yeri xəritədə qaralanıbdı.

                          ***

Arifəm, bu dünya haqsız  bir məkan ,
İblislər əlində acızdı dövran.
Hər gün bir ilimi alıb qoparan ,  
Dərdlər ürəyimdə sıralanıbdı .
Yer tapa bilmirəm cismimi qoyum, 
Ruhum bədənimdən aralanıbdır…

              Şeir yazıram

Rahatlıq tapmıram bu dar dünyada,
Çarmıxa çəkilən fikirələrimdi.
Mum kimi əriyib damcılayıram,
Sabaha çıxmağım… Allah Kərimdi.

                               ***

Bu hansı aləmdi düşmüşəm belə,
Dolaşıb qalmışam, fikrim qarışıq.
Yerdə anlaşmıram bəndələr ilə,
Göydə Tanrım ilə pıçıldaşırıq.

                              ***

Ruhumla birləşıb xəstə könlümün,
Külünglə içini eşib-qazıram.
Çəkilib küncunə dar bir otagın,
Özümə qapılıb şeir yazıram.

Üçrəngli bayrağım hərarətimdir

Vətəndən uzaqda keçən bir ömür,
Yaşayanlar bilir necə çətindi.
Qürbətin ayazı donduran zaman,
Uçrəngli bayrağım hərarətimdi.

                             ***

Bədəndə ruh oynar çalanda “Cəngi”,
Bu yer kürrəsinin səslənən gəngi.
Hopubdu canına səmanın rəngi,
Göy rəng — Türk oğluyam, öz millətimdi.

                              ***

Harda olsam belə, varsam hayana,
Vurğunam vətənim, Azərbaycana.
Sanki bir günəşdir gəlib cahana,
Qırmızı — azadlıq, hürriyyətimdi.

                             ***

Üç rəngin üçüdə ulu, müqəddəs,
Neçə əsrlərədən tarix verir səs…
Bu din-imanıma varmı bir əvəz,
Yaşıl rəng — İslamdı, şəriyyətimdi.

                               ***

Arifəm, ömr edib yaşasam harda,
Mən dinclik taparam tək bu diyarda.
Hələki yaşayır saf arzularda, –
Bu vətən vüqarım, şan şöhrətimdi.

                     Qar yağır

Təbiət bir möcüzədi, istər yazı, istər qışı,
Tanrımızın insanlara təmənnasız bir bəxşişi.
Bir əsərdi, canlı peyzaj – Yaradanın hər əl işi,
Göy üzündən uçub gəlir, dənəciklər birəm-birəm,
Saatlardı yağan qarı seyr edirəm, düşünürəm.

                                   ***

Elə bil ki, ulduzlardı göydən yerə qonaq gəlir,
Xırdalaşıb, kiçikləşib torpaq ustə səpələnir.
Mat qalmışam, vücudumdun heyrətindən çıxmır hənir,
Xəyal uçur, başqa-başqa fikirlərdən daşınıram.
Saatlardı yağan qarı seyr edirəm, düşünürəm.

                                     ***

Ağ boyağa qərq eləyir qış yuxulu ağacları,
Torpaq çəkir yorğan kimi üzərinə bəyaz qarı.
Bir ora bax, görursənmı o oynayan uşaqları?!
Mənsə burda uşüyürəm, kürküm ilə bürünürəm,
Saatlardı yağan qarı seyr edirəm, düşünürəm.

                                   ***

Vurğunuyam təbiətin, yazda gülün, qışda qarın, 
Qurbanıyam bu aləmi xəlq eləyən sənətkarın.
Elə yağır yavaş-yavaş, həzin-həzin, narın-narın,
Arifəm, təb gəlir mənə, qəlbən, ruhən dincəlirəm,
Saatlardı yağan qarı seyr edirəm, düşünürəm.

                                       Dekabr 2010. Ukrayna.

                                             Enakievo şəhəri

             Tənha qadın

Mən sənin eşqindən divanə ikən,
Fəqət, sən sevirdin onda özgəni.
Başqa könüldədə yuvası varmış, 
Özgə, uçub tapdı sonda özgəni.

                            ***

Ümidlər puç oldu, arzular talan,
Mən səni itirdim, o var-dövlətin.
Ay məni eşqindən çöllərə salan,
Yetdimi dadına o mif sərvətin.

                            ***

Köhnə xatirələr çarmıxa dönüb-
Hər zaman ruhumu çəkir tarıma.
İstərdim gözünün içinə baxam,
Cavablar verəsən suallarıma.

                            ***

Sonadək gözlədim saf eşqim ilə, 
Sona da  bir zərrə ümid qalmadı.
Mən, məni sevəni xoşbəxt elədim,
Fəqət, ilk sevdiyim xoşbəxt olmadı.

                            ***

Özün seçiminin qurbanı oldun,
Sənə özgə gəlir qohumun, yadın.
Qapılıb özünə görəsən indi-
Nələr düşünürsən, ay tənha qadın?

                     Ay Xəzər

Sənin tək qəlbimə yaxın kimim yox,
Salam, könül dostum, Xəzər ay Xəzər.
Nə yaxşı Tanrımız bəxş edib səni,
Sənsiz dərd-qəm məni, üzər ay Xəzər.

                              ***

Nə vaxtdı gəlmirdim sahillərinə,
Min şükür,həsrətim dönübdü çinə.
Baxıram gümüşü ləpələrinə,
Nə gözəl sinəni bəzər, ay Xəzər.

                            ***

Gör neçə gözəlsən,şərh varmı buna,
Dalğalar qırçındır mavi donuna.
Al günəş balan tək, girib qoynuna,
Səhərlər yuyunub üzər, ay Xəzər.

                             ***

Çoxları qədrini bilməyir hələ,
Səni tay tutmaram gövhərə, lələ.
Harda ömür sürüb yaşasam belə,
Xatirən qəlbimdə gəzər, ay Xəzər.

                             ***

Talehin,qismətin işinə bir bax,
Duşdum doğma eldən vətəndən uzaq.
Həsrət elə şeydi,üzlərdən iraq,
Əlindən vücudum bezər, ay Xəzər.

                            ***

Arif duyur sənlə qürur,iftixar,
Qəlbində mərhəmət,əzmındə vüqar.
Səni vəsf etməyə nə cürətim var,

Səndən sənətkarlar yazar, ay Xəzər.

 Nə yaxşı Tanrımiz bəxş edib səni,

Sənsiz dərd-qəm məni üzər, ay Xəzər.

                Gəzirəm

Laməkan dərvişəm, düşüb yollara,
Bu bəxti-taleyi söyüb, gəzirəm.
Çıxıb qismətimin  rəngi libasa –
qaraca cuxamı geyib gəzirəm.

                          ***

Məni kim anlayar, mən hala düşən,
Kədərdə qovrulan, əzabda bişən.
Nədi ki Tanrıdan payıma düşən,
Eləcə içimi yeyib gəzirəm.

                           ***

Atdıgım zərlərim verdi  “du-yek”i,
Məni mars eylədi oyunçutəki.
Taleyin çiynimə çəmlənən yükü,
O şüx qamətimi əyib, gəzirəm.

                           ***

Ey məni xəlq edən ulu Yaradan,
Özün de, nə ” qaldı mənə dünyadan?
Varım quru nəfəs, birdə yarı can,
Dərdimi tək sənə deyib gəzirəm.

                           ***

Arifəm, mən kiməm, bir fəqir bəndə,
Düşmüşəm fələyin qurduğu fəndə.
Dostlar kef damaqdan qürrələnəndə,
Mən də dərdlərimi öyüb, gəzirəm.
Nədi ki, Tanrıdan payıma düşən,
Eləcə, içimi yeyib gəzirəm,
Eləcə içimi yeyib gəzirəm .


   Gecənin balladası

Külək yolur saçlarını söyüdün,
Təbiətin əmirinə müntəzir.
Göy üzündə bir pərişan bulud var,
Ağlamağa bir gizlincə yer gəzir.

                      ***

Səmaların aynabəndi açıqdı,
Dirsəklənib nur çiləyir ay yerə.
Dəniz kimi dalğalanır göy zəmi,
Bir cənnətdi göz oxşayan mənzərə.

                      ***

Bir səs pozur sükutunu gecənin,
Çox güman ki, cırcırama toydadı.
O şappıltı balıqların rəqsidi,
Bu büsat da, yaxındakı caydadı.

                       ***

Çördən-çöpdən yuva qurub özünə,
O damdakı leyləklərin sarayı.
Şaqqıldadır dimdiklərin eşq ilə,
Mərasimdi izdivacın bal ayı.

                       ***

Mirvari tək muncuq hörüb jalələr,
Asılıblar qızılgülün boynuna.
Sən bu eşqin gücünə bax, cəhd edir,
Bir pərvanə yanan şamın qoyununa.

                      ***

Yavaş-yavaş söküldükcə dan yeri,
Günəş hörür çıxmaq üçün hörüyün.
Sarı bülbül fəqan edir sübh çağı,
Məskən seçib şah budağın əriyin.

                                         Arif Pənahlı

  Şeirlər

 10.06.2026
                                          Almaniya. Frankfurt-Oder Klinikası.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest