Araz Şəhrli “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı

Sənan Qılıncarslan Qacar / Azerbaycan

Şah İsmayıl Səfəvini Göytürklər, Çingiz xan və Krım xanı ilə nə birləşdirir? Şah İsmayıl Səfəvinin anası Aləmşahbəyim Xatun Ağqoyunluların I sultanı Uzun Həsən Bayadur və Trabzon şahzadəsi Dəspinə xatunun (yunan dilindəki despina sözü türk dilindəki xatun sözü ilə eyni mənanı ifadə edir) övladı olmuşdur. Dəspinə xatunun anası isə Çingiz xanın böyük oğlu Cuçi xanın nəslindən olan Qızıl Orda şahzadəsi, Krım xanlığının qurucusu Hacı Gəray xanın (1397–1466) qızı idi. Digər məlumata görə, Dəspinə xatun Hacı Gəray xanın özünün deyil, onun əmisi Dövlət Berdi xanın nəvəsidir. Dövlət Berdi xan 1419–1421-ci və 1428–1432-ci illərdə Qızıl Ordanın hakimi olmuşdur. Məhz Hacı Gəray xanla Dövlət Berdi xanın ulu babası – İslam dinini ilk qəbul etmiş Qızıl Orda hökmdarı Bərkə xanın yardımı sayəsində Misir və Suriya müsəlmanları o dövrdə hələ İslamda olmayan monqol döyüşçülərinin şiddətli hücumları qarşısında duruş gətirə bilmişdilər. Dəspinə xatunun atası – Trabzon imperatoru IV İoann Komninin (1403–1459) ana babası Feodor Paleoloqun ana nənəsi İrina Asen Bulqarıstanın türk əsilli çarı İvan Asenin (1259–1303) nəvəsi idi. Ehtimala görə, Asen nəsli qədim göytürklərin Aşina xaqan nəslinin bir qoludur. Şah İsmayıl Səfəvinin ata babası Şeyx Cüneyd həzrətlərinin atası Şeyx İbrahimin anası isə Cəlairilər türk-monqol dövlətinin sonuncu sultanı Cəlaləddin Hüseynin nəvəsi olmuşdur. Sultan Cəlaləddin Hüseynin ulu nənəsi Ulcatay xatun Çingiz xanın kiçik oğlu Toluy xanın nəslindən olan Elxani hökmdarı Arqun xanın qızı və sonrakı Elxani hökmdarları Qazan xanla Ulcaytu Sultanın doğma bacısı idi. Qeyd etmək lazımdır ki, Qazan xan İslam dinini, Ulcaytu Sultan isə On İki İmam məzhəbini Elxanilər dövlətinin rəsmi dini və məzhəbi elan etmiş xaqanlardır. Əmir Teymur öz tüzüklərində (məsləhətlərində) onların hər ikisinin adını İslam dininin şənini ucaltmış altı nəfərin sırasında qeyd etmişdir. Ümumiyyətlə isə, Şah İsmayıl Səfəvinin əcdadlarının hamısı Peyğəmbər, alim-mütəfəkkir, xaqan, imperator, xan, sultan, şah nəslinə mənsub olmuşdur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest