AND İÇMƏYİN MƏNŞƏYİ VƏ DAMĞASI

Qədim inanclara görə, hər bir canlının ruhu onun damarlarında axan qanda yaşayır. Hətta
islam və iudaizim dinlərində heyvan qanı və onunla birləşən qidaların haram elan olunması bu
mifdən qaynaqlanır. Tövratda Nuh peyğəmbərin tufandan sonra qurban kəsib tonqalda
yandırmasının və islam dinində İbrahim peyğəmbərin Allaha qoç qurbanı kəsməsinin kökündə
də bəndə ilə Rəbb arasında əhd bağlamaq, bu birliyi qanla möhkəmləndirmək fəlsəfəsi
dayanmaqdadır. İslamın və iudaizmin vacib buyurduğu əməl, oğlan uşaqlarının sünnət olunması
ayini də bir tərəfdən onun dini icmaya daxil olunmasınıntam təsdiqi, digər tərəfdən isə əməli-
saleh bəndə olması barədə Yaradanla qan vasitəsi ilə bağlanan əhdi kimi dəyərləndirilir.
Tövratda Rəbb-bəndə ittifaqı “brit”(qan çıxanadək kəsmək) adlanır. Orta əsr türk dövlətlərində
hökümdar ailəsinə mənsub şəxslərin edam cəzası zamanı qanın yerə tökülməməsi və ruhun
bədəni sərbəst tərk edə bilməsi üçün boynu vurulmur, kiriş və ya çilə (dəri, heyvan bağırsağı,
yaxud ipək saplardan hörülmüş yay qaytanı) ilə boğulurdu. Qədim türk savaş sənətində, o
cümlədən sak-skif, massaget tayfalarında qatı düşmənin “qanını içmək” , onun ruhunun əbədi
məkanında dinclik tapmasını əngəlləmək, “qan qarışdırmaq” isə indiki kimi insanlar arasında
bədən, ruh və əcdad birliyinə nail olmaq demək idi. Ümumiyyətlə qədim türk tayfalarında “and”
adlandırılan ortaq qardaşlaşma, əbədi müttəfiqlik mərasimi ilə bağlıdır. Onun qrafik təzəhürü
olan (dairə içərisində üç nöqtə) eyni adlı damğa işarəsi mərasimində istifadə edilən əsas
atributları –süd (qımız, şərab) dolu kasanı və içərisindəki andlıların (and içənlərin) qan
damalarını ifadə edir (and içmək ifadəsidə məhz burdan törəməkdədir). Qədim türk damğa
işarələri təsnifatında bu nişan “qan qardaşı olmaq”, “qana and içmək”, “əhd etmək”,
bütövlükdə “qanla müqavilə bağlamaq” ayrı-ayrı insanların, qəbilə və tayfaların sarsılmaz
birliyinin təməlinin qoyulması kimi yozulurdu. Nöqtələrin üçbucaq təşkil etmələrini isə, əski türk
mifik təsəvvürlərinə əsasən, sakral işarə -Humay ananın-döyüşçü ruhlarının, ailə və körpələrin
himayəçisi olan ilahənin “tumar” rəmzi ilə əlaqələndirilir. Belə hesab edilirdi ki, and
mərasimində qazanılan yeni qohumluq genetiq yaxınlıqdan daha möhkəmdir. Ortaq türk
etnomədəniyyətinin varisləri olan bütün xalqlarda bu müqəddəs ayinin leksik elementləri, adət
və ənənələrdə izləri bu gündə qalmaqdadır. Akademik Zelik Yampoliski Azərbaycan xalqının
mental xüsusiyyətləri içərisində “qana and içmək” mərasimini vurğulayaraq qeyd edir: “Bu
baxımdan insanların doğmalaşması (qardaşlaşması, himayə götürülməsi) adəti xüsusi önəm
kəsb edir. İki nəfər əllərini çərtərək qanlarını qarışdırır, bir-birinə etibar nişanəsi olaraq
silahlarını dəyişir və özlərini qardaş elan edirdilər”.
Hələ qədim sak və hunlardan qalan “and içmək” mərasimi zamanı tərəflər bir-bir ovuclarını
çərtib qanını kasadakı at, inək, dəvə südünə, qımıza və ya şəraba damızdırır, ağsaqqallardan
ibarət şahidlərin iştirakı ilə “qan qardaşı” kimi bağlanmış əhdə sadiq qalacaqlarını bəyan edərək,
növbə ilə ondan içərdilər. Həmin mərasimdə içilən süd ana südünün rəmzi olduğu üçün yeni
qan-süd qardaşlarının ailələri arasında nigah halları yolverilməz idi və böyük günah sayılırdı.
İstənilən halda andı pozanı, ona xəyanət edəni ən ağır cəza- ölüm hökmü, “qanının yerə
tökülməsi” gözləyirdi. Bu höküm isə məhz digər andlılar tərəfindən icra olunurdu. Heredot sak-
skiflərin andiçmə mərasimini belə təsvir edir: “Böyük gil qaba müqavilə iştirakçılarının qanı ilə
qarışdırılmış şərab tökülür. Sonra həmin qabın içərisinə hərə öz döyüş silahını-qılıncını, oxu,
baltanı və mizrağını qoyur. Daha sonra uzun-uzadı dualar oxunur və iştirakçılar-müqavilə
bağlayanlar, mərasimdə olan ağsaqqallar o şərabdan içirdilər”. Ak/skiflərin andiçmə mərasimi
Krımdakı Küloba skif kurqanında aşkar olunmuş qızıl lövhə üzərində də təsvir olunmuşdur.
Amerikalı türkoloq Piter Qolden əski türklərin və irandilli xalqların analoji and içmə mərasimləri
arasında fərqi belə izah edir: “And içməyə fars dilində “sokand xurdan” deyilir. Bu, daha qədim

olan “sovkand xvartan”(kükürd yemək) ifadəsinin törəməsidir. Görünür, qədim iranlıların
adətinə görə, əhd bağlanarkən bəzi acı maddələr yeyilərdi. Türklər isə əhdi (andı) bilavasitə
içirdilər”.
Bütün türk dünyasını əhatə etdiyi üçün olduqca geniş və rəngarəng mövzu olan and içmə
mərasimləri və damğaları haqqında sadəcə bəzi məlumatları qeyd etdiyimi nəzərinizə çatdırmaq
istəyirəm. İstər Azərbaycanda, istərsədə türk dünyasında fərqli lakin eyni kökə bağlı, eyni
mahiyyəti kəsb edən bu mərsimlər tarixi şəxsiyyətlərimizində önəm verdiyi mövzu olmuşdur.
Məsələn Əmir Teymur öz möhüründə bu damğadan istifadə etmişdir. Həmçinin Səmərqənd
şəhərinin gerbidə bu damğa idi. Araz Qurbanovun tədqiqatlarına əsaslanaraq demək olar ki, bir
çox kənd və yaşayış məntəqələrimizin adları da “and” kəliməsi ilə bağlıdır. Əsasən Qərbi
Azərbaycand ərazisindəki çoxlu sayda türk toponimləri arasında kökündə “and” kəlməsi
dayanan yer adları vardır. Tarixi Azərbaycan torpaqlarında “and” mərasimi ilə əlaqəli toponim
haqqında ilk məlumata Assuriya hökümdarı II Sarqonun kitabələrində rast gəlirik. Burada Cənubi
Azərbaycanda, indiki Qızılüzən çayı hövzəsində Andiya əyalətinin adı çəkilir. Erməni tarixçisi
Favst Buzand (V əsr) Alagöz dağının ətəklərində Andzin kəndinin olduğunu bildirir. Naxçıvandakı
Əndəmic (And-Əmiç) kəndinin adının yozumunda da “and” sözü dayanır. Qədim Azərbaycanın
Vedibasar və Dərəçiçək mahallarında da Andi kəndləri olmuşdur.

Pin It on Pinterest