GenelGüncelKültür SanatTürk Dünyası

Abdülbaki Gölpinarlı

Azərbaycan kökənli -Yelizavetpollu (Gəncəli)

Türkiyə alimi

Abdülbaki Gölpinarlı – (12.01.1900-25.10.1982)

(Bu yazımı  2015-ci il martın 13-də dünyasını dəyişmiş qardaşımMir Asəfin xatirəsinə həsr edirəm)

Əslən Şəkinin Gölbulaq köyündən olan Abdülbaki Gölpinarlı Türkiyədə çox yaxşı tanınan ədəbiyyatşünas alim, islami dini görüşləri, geniş tərcüməçilik fəaliyyəti ilə yadda qalan məşhur təfəkkür sahiblərindən biridir. Azərbaycan ziyalılarından çoxu, bəlkə də, onun adını ilk dəfə 1958-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibəti ilə keçirilmiş təntənəli yığıncaqda eşitmişlər.

A.Gölpinarlı dinləyicilərə və oxuculara hər yerdə Türkiyə alimi kimi təqdim olunmuş, onun əsli və nəsli, dədə-baba yurdu haqqında məlumat verməyi lazım bilməmişlər. Azərbaycan alimlərinin Füzuli haqqında yazdıqları elmi-tədqiqat işlərində də A.Gölpinarlıdan bəhs emək, onun yaradıcılığında mühüm yer tutan Azərbaycan mövzusundan söz açmaq yada düşməmişdir.

A.Gölpinarlının atası XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Türkiyədə yaxşı tanınan müxbirlərdən biri olan Ahmed Agah Əfəndidir. Ahmed Agah Əfəndinin atası İzzət Mustafa oğlu – Gəncənin Göybulaq köyündə anadan olmuş, 1877-1878-ci il Rus-Türkiyə savaşı zamanı Bursaya gəlmiş, bir müddətdən sonra da oradan İstanbula köçmüşdür.

Yeri gəlmişkən qeyd edək ki, Gölbulaq kəndi Cəfərabad -Şəki yolunun üstündə yerləşən, zəngin tarixi ənənələri olan, orta əsrlərdə bir sıra döyüşlərə şahidlik edən yaşayış məskənidir.

Ahmed Agah Əfəndinin mühərrirlik fəalıiyyəti İstanbulda nəşr olunan “Tərcümani-hakikat” adlı qəzetdə formalaşmışdır. (“Tərcümani-Hakikat” qəzeti Türkiyənin uzunömürlü mətbuat orqanlarından biridir. İlk nömrəsi 26 haziran 1878-ci ildə , son nömrəsi isə 11 şubat 1921-ci ildə çap edilmişdir.)

Ahmed Agah Əfəndi bu qəzetin ararıcı müxbirlərindən biri idi; o, mətbuat aləmində “Şeyxül- Mühabirin” (müxbirlərin şeyxi- N.N.) kimi anılırdı.

Ahmed Agah Əfəndi İstanbulda əslən Dağıstandan olan Aliyə Şöhrət xanım ilə evlənmişdir. Ailənin doğulan ilk uşaqları hələ körpə ikən həyatdan köçmüşlər. Ailə başçıları 10 ramazan 1317-də İstanbulda Kadırqa səmtində dünyaya gələn növbəti körpəyə Mustafa İzzət adı verirlər. Bu, körpənin dədəsinin ( atasının atasının-N.N. ) adı idi. Ailənin əvvəlki çocukları çox yaşamadığı üçün uzun ömürlü olsun deyə onu sonralar Abdülbaki takma adı ilə çağırmışlar. (“baqi” sözünün bir neçə mənası var,onlardan biri də “əbədi” deməkdir-N.N.)

A.Gölpinarlı yaxşı təhsil ocaqlarında yaxşı müəllimlərdən yaxşı təhsil almışdır.O, ilk tətsilini İstanbulun Babiali yokuşunda, indi Basma Əsərləri Dərləmə Müdirliyi olan Təhsin Əfəndi İlk okulunda, orta təhsilini “Mənbəül-İrfan” məktəbində almışdır.

A.Gölpinarlı Gelenbevi İdadisinin (rüşdiyyə məktəbinin -N.N.) son sinifində oxuyarkən atası dünyasını dəyişmişdir. Təhsilinə ara verən məktəbli işləməyə məcbur olmuşdur. O, bir müddət İstanbul Veznecilerində kitabçılıqla məşğul olmuş, sonra isə Çorumun Alaca ilçesindeki Mənbəi – İrfan İbtidai Məktəbində öğrətmenlik və idarəçilik etmişdir. 1922-ci ildə İstanbula döndüş, imtahan verərək son sinfinə girdiği İstanbul Erkək Müəllim Məktebini, ardından da İstanbul Üniversitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyatı bölümünü Profesör Köprülüzade Mehmet Fuat Bəyin nəzarətində hazırladığı “Məlamilik ve Məlamiler” adlı məzuniyət tezi ile bitirmişdir. (1930).

A.Gölpinarlı 1931-ci ildə çap etdirdiyi “Məlamilik və məlamilər” kitabını ona elmi yaradıcılıq üslubunu və qaydalarını öyrədən Professor Doktor Köprülüzadəyə ithaf etmişdir:

“Bu əsərimi türk ədəbiyyatı tarixini quraraq gəncliyə elm yollarını göstərən və ÇALIŞMA ZÖVQÜNÜ verən şərqiyyat banisi əziz ustadım Prof. Dr.Köprülüzadə M.Fuat bəy əfəndiyə ithaf edirəm”.

Təəssüf ki, sonralar müəllim və tələbə arasında anlaşılmazlıq baş verir və onların əlbir elmi fəaliyətinə son qoyulur.

A.Gölpinarlı sonralar yazdığı məqalələrin birində bu soyuqluğu və ayrılığı F.Köprülüzadənin közü həmişə öz tərəfinə çəkməsi və müəlliminin liderlik iddiası ilə əlaqələndirir.
A.Gölpinarlı ədəbiyyat öğrətməni olaraq Konya, Kayseri, Balıkəsir, Kastamonu və İstanbuldakı Haydarpaşa Liseyində çalışmışdır. Ankara Üniversitetinin dil və tarix-coğrafya fakültəsində fars dilindən mühazirələr oxumuşdur. Doktorluq mənsəbinə çatandan sonra həmin fakültədə mətnlər şərhindən dərs demişdir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının ali məktəblərinin filologiya fakültələrində mətnşünaslıq məsələləri , çox təəssüf ki, lazımınca öyrədilmir. Halbuki ədəbi hadisələrin öyrənilməsində ədəbiyyatşünaslığın bu sahəsinin mühüm əhəmiyyəti vardır.
Nə isə…

… A.Gölpinarlı uzun müddət kölgədə qalsa da ,filoloji və pedaqoji araşdırmalarını uğurla davam etdirir, maraqlı tədqiqatları ilə ədəbi aləmin sayılan nümayəndələrindən biri olur. O, uzun müddət İstanbul Üniversitetinin ədəbiyyat fakültəsində islam-türk təsəvvüf tarixi və ədəbiyyatı dərsləri vermişdir.

A.Gölpinarlı 1945- ci il nisvan ayının 13-də “kommunistlik”də günahlandırılaraq, Türk Cəza Qanununun 142-ci maddəsi ilə Tək Parti İdarəsi tərəfindən tutuklanır (həbs edilir) ; 318 gün həbsxanada yatdıqdan sonra -1946-cı il şubat ayının 25-də ona bəraət verilir.

A. Gölpinarlı yenidən müəllimlik fəaliyyətinə qayıdır. O, 1949-cu ildə öz istəyi ilə təqaüdə çıxır. Əslində bu, A.Gölpinarlının yaşadığı cəmiyyətin yaramaz qayda-qanunlarına qarşı etiraz səsi idi. Tədqiqatçılardan biri A.Gölpinarlını tam anlamıyla aydın bir ziyalı kimi qiymətləndirmişdir.

A.Gölpinarlının ailə həyatı uğursuz olmuşdur. O, 1926-cı ilə aid tərcümeyi – halında yazırdı:

“Evləndim, boşadım, adını da, tarixini də unutdum, bir daha evlənməyə niyyətim yox”.

A.Gölpinarlı 1982-ci ilin avqust ayının 25-də dünyadan köçmüş, Seyid Əhməd Dərəsi Məscidi Qəbristanında dəfn edilmişdir. Onun qəbir daşında olan melami daşını Gölpinarlının yaxın arkadaşı böyük xəttat Professor Ali Arpaslan hoca yazmışdır.

A.Gölpinarlı elmi yaradıcılığa gənc yaşlarından başlamışdır. O, əqidə və məsləkinə görə Osmanlı sufiliyinin təmsilçisidir.
1931-ci ildə yayımladığı “Məlamilik ve məlamilər” adlı əsəri ilə özünü tanıdan Gölpinarlı ” Türkiyat məcmuəsi”, “Şarkiyat məcmuəsi” və İstanbul Universiteinin “İqtisad fakültəsi məcmuəsi”nin bir sıra nömrələrində , digər dərgi və gəzetlərin səhifələrində də maarifləndirici yazılarla çıxış etmişdir.

A.Gölpinarlı İslam Ensiklopediyası və Türk Ensiklopediyası üçün çeşidli məqalələr yazmışdır. Onun divan ədəbiyyatına aid çalışmaları elm adamlarının diqqətini cəlb etmişdir.

“Divan Ədəbiyyatı Bəyanındadır” (1945) adlı kitabı ilə ədəbiyyat aləmində məşhurlaşan A.Gölpinarlı – M.Füzuli, Yunis İmrə, Nədim, Mövlanə Cəmaləddin, Şeyx Galib və sair söz ustalarının ədəbi irsinin türk oxucularına çatdırılmasında misilsiz işlər görmüşdür.

A.Gölpinarlının M.Füzuli haqqında ilk elmi işi oxuculara 1930-cu ildə “Türk Nəşriyyat Yurdu” tərəfindən çatdırılmışdır. 162 səhifəlik bu əsərin II cildi 1932-ci ildə çap olunmuşdur. 1958-ci ildə Bakıda M.Füzulinin vəfatının 400 illik xatirə tədbiri keçiriləndə A.Gölpinarlının adı azərbaycanlı alim kimi , demək olar ki, yada düşməmişdir. Halbuki A.Gölpinarlı bu tədbirdən bir neçə il əvvəl -1948 -ci ildə Türkiyədə M.Füzulinin 432 səhifəlik divanını çap etdirmiş, ona geniş bir müqəddimə yazmışdı. Bu divanın II və III basqıları müvafiq olaraq 1961-ci və 1985-ci illərdə çap olunmuşdur. Divan 1669-cu ildə köçürülmüş nüsxə əsasında tərtib edilmişdir. Çox güman ki, A.Gölpinarlıya göstərilən bu etinasızlıq divanın girişində M.Füzulinin türk şairi kimi qələmə verilməsi ilə əlaqədar olmuşdur.

Maralıdır ki, A.Gölpinarlı 1932-ci ildə “Azərbaycan Yurd Bilgisi” jurnalında da M.Füzuli haqqında” məqalə ilə çıxış etmişdir.

A.Gölpinarlı M.Füzulinin “Səhhət və Mərəz” əsəri haqqında ilk söz deyən tədqiqatçılardan biridir. Əsəri türk dilinə 1856-cı ildə türkiyəli söz ustası Məhəmməd Həbib Əfəndi tərcümə etmişdir.

A.Gölpinarlı “Səhhət və Mərəz” əsərini yenidən tərcümə etmiş, onu 1940-cı ildə fransız dilində yazılmış 4 səhifəlik xülasə ilə ( cəmi 44 səhifə ) İstanbul Universitetinin Tibb Tarixi İnstitutunun Elmi məcmuəsində çap etdirmişdir.

A.Gölpinarlı Türkiyədə Hoca Nəsrəddini elmi şəkildə təbliğ edən səviyyəli tədqiqatçılardandır. “Hoca Nəsrəddin” kitabında Azərbaycanda Molla Nəsrəddin kimi tanınan müdrik insan haqqında müasir Azərbaycan oxucuları üçün çox maraqlı görünən nümunələr çoxdur. Ədəbiyyatşünaslarımızın bu istiqamətdə ciddi elmi araşdırmalar aparmaları arzu olunur.

A.Gölpinarlı Türkiyənin təhsil sistemində bir neçə dərslik müəllifi kimi də tanınır. O, “İmtahan.Monoloq” (1925), “Mühasibati-Əxlaqiyyə” (1926-1927),”Yurd bilgisi”- 4-cü sinif (1927), “Yurd bilgisi” -V sinif (1927-1928), “Cümhuriyyət çocuğunun din dərsləri (Sabri Eşatlı ilə birlikdə)-III,IV,V siniflər- (1928) dərslikləri” və s. ilə türk məktəblilərinin təfəkürünü və mütalıə dairəsini xeyli genişləndirmişdir.

A.Gölpinarlının Sabri Eşatla birlikdə yazdığı “Yavrumun tarix kitabı” dərsliyi 1930-cu ildə iki dəf nəşr edilərək məktəblilərə çatdırılmışdır.

A.Gölpinarlı nəşr edilmiş 114 kitabın ( təlif və tərcümə), 404 məqalənin müəllifidir. O, əsərlərinin bir qismini Rəmzi Aczi takma adı ilə çap etdirmişdir.

A.Gölpinarlı Ouranı türk dilinə tərcümə edən Azərbaycan əsilli ziyalılardan biridir. Yeri gəlmişkən qeyd edək ki, Quranın türk dilinə ilk təfsirini 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Türkiyədə mühacir həyatı yaşayan, 1878-ci ildə Tiflisdə Azərbaycan dilli kitabların nəşri üçün litoqrafiya, az sonra isə tipoqrafiya yaradan, 1879-1884-cü illərdə, xristian şəhəri olan Tiflisdə Azərbaycan dilində “Ziya” və “Ziyayi-Qafqasiyyə” adlı həftəlik ictimai-siyasi, elmi, bədii, pedoqoji məzmunlu qəzet çıxaran Hacı Səid Əfəndi Ünsizadə 
(1825-1905) olmuşdur.

A.Gölpinarlının elmi-filoloji , elmi-pedaqoji, ürfani yaradıcılığının yüksək səviyyədə öyrənilməsi ədəbi ictimaiyyətimizi ciddi düşündürməlidir.

Azərbaycanlı türk alimi A.Gölpinarlının həyatı, elmi və ürfani fəaliyyəti haqqında 2012-ci ildə müxtəlif mətbu orqanlarda , jurnallarda ondan artıq məqalə çap etdirsəm də, çox təəssüf ki, ölkəmizin elmi ictimaiyyəti onları soyuqqanlılıqla qarşılamışdır. Mən bu məqalələrin ziyalılarımızın mütaliəsindən kənarda qaldığına heç bir vəchlə inana bilmirəm .

Keçən il hər dəfə A.Gölpinarlı haqqında yazdığım yazılar işıq üzü görəndə onların əks-səda doğuracağına inanırdım. Amma bu istəyim həyata keçmədi: keçən il də Azərbaycan Milli Elmlər Akademiyasının və Yazıçılar Birliyinin rəhbərliyi, müvafiq elmi və mətbu qurumlar A.Gölpinarlının yubileyinin keçirilməsinə müvəffəq olmadılar. Təəssüf, səd təəssüf… Min dəfə təəssüf…

Gec də olsa Azərbaycanda A.Gölpinarlının heykəlinin ucaldılması, BDU-nun şərqşünaslıq fakültəsinin əlaçı tələbələrindən bir neçəsinə A.Gölpinarlı təqaüdü verilməsi barədə düşünməyə dəyər.

Azərbaycan Milli Elmlər Akademiyasında, BDU-da A.Gölpinarlının həyat və yaradıcılığına aid dövlət səviyyəli elmi-praktik konfrans və yığıncaqların keçirilməsi yolunda da konkret addımlar atılmalı,dünya şöhrətli Azərbaycan əsilli Türkiyə aliminin elmi təfəkkürünə yüksək qiymət verilməlidir.azim Nəsrəddinov,

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM  müsabiqəsinin qalibi

Bakı
10.01.2020

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest