Fuad Biləsuvarlı yazır

Nazim Əhmədli təpədən-dırnağa sözdür, duyğulu, bədii, poetik söz! Onun ürəyi həqiqətən də söz arasına bükülüb və bizim oxucularımız hələ ondan çox-çox poetik söz umacaq…”
Tanınmış tənqidçi, ədəbiyyatşünas, professor Qurban Bayramov bu sözləri şair Nazim Əhmədlinin 2019-cu ildə işıq üzü görmüş “Unutduğum göy üzü” şeirlər toplusuna yazdığı ön sözdə deyir.
Bəri başdan deyim ki, poeziya yolunun yolçusu kimi, həmin topludakı şeirlərlə tanış olduqdan sonra hörmətli ön söz müəllifinin fikirlərinə tamamilə şərik oldum.
Həqiqətən ” … Nazim Əhmədlinin şeirlərinin yanından elə-belə ötüb-keçmək mümkün deyildir. Onun hər bəndi oxucunu tutub saxlayır, diqqət çəkir, həndəvərində dolandırır…”
Bu, hər bir söz adamının, ələlxüsus hər bir şairin ən böyük arzusudur. Sevinirəm ki, şair qardaşımız Nazim Əhmədli bu zirvəni fəth edə bilmişdir.
İstedadlı şair xeyli vaxtdır ki, poeziya aləmindədir, ürəyinin atəşini, odunu yazdığı şeirlərin misralarında söndürür.
O, müqəddəs sözlə məşhur rəssamlar kimi əsl bədii lövhə yaradır.
– ocaq söndü köz atdım,
ulduzlara söz atdım;
əllərimi uzatdım,
göy üzünə toxundu.
Sevgi, məhəbbət çox zərif, incə hislərdir. Bu hisləri bütün insanlar yaşayır. Ancaq hərə özünəməxsus şəkildə.
Bir şair kimi Nazim Əhmədlidə də bu hislər tamam başqa bir aləmdir.
-gəl, səni ürəyimin,
Köynəyindən keçirim;
Bir az, ürəyimdə qal,
gör, mən nələr çəkirəm;
mən dərd daşıdım burda,
dağlar yaşıdım burda;
bəsdi yaşadım burda,
uzaqlara köçürəm.
“Əllərim tutub yanır” şeirindəki misralara nəzər yetirin:
– bilmirəm, sən mənim kimim,
saçımda ağ dənim kimin;
ay gözəlim, mənim kimi,
dəlini neynirsən, axı;
yarpağam, otam üz məni,
qara telinə düz məni;
içim yandırır özgəni,
çölümü neynirsən, axı.
Şairin “eşqin dərgahına gül olan könlünün səsi oxucularda yaşanmış sevgi hislərinə sığal çəkir, xatirələri oyadır.
-bax, ulduzlar qönçə-qönçə,
sözün göyçək, belin incə;
gəl, canımı al bu gecə,
apar, əzrayıl yerinə.
Və yaxud:
– xanam, həm də xanə mənəm,
qəməm, həm qəmxanə mənəm;
o, dəli divanə mənəm,
harda ovudum, könlümü.
Düzü, topludakı şeirləri oxuduqca hansı şeirdən nümunə gətirməyi seçməkdə, çətinliklə üzləşdim. Çünki şairin heç bir şeirindən, təsirləndirən misralarından sakitcə ötüşə bilmədim.
mənə bir yalan danış,
sonra nağıldı demə;
dağların nəyi qalıb,
dağlar ağırdı, demə;
bulud hanı, əliyəm,
aralıqda ləliyəm;
mən də bir az dəliyəm,
mənə ağıllı demə.
Nazim Əhmədlinin şeirlərini oxuduqca oxumaq istəyirsən. O, şeirlərində çox səmimidir. Hansı mövzuda yazırsa, yazsın, oxuyursan, elə bilirsən, elə sənin özünün şahidi olduğun, yaxud başına gələn hadisədir. Məncə, bu, istedadlı şair dostumuzun çox böyük uğurudur. Axı, hər şair oxucunun qəlbini belə “titrədə” bilmir.
-ah çəkirəm, ah oynayır,
gah ağlayır, gah oynayır;
dörd yanda günah oynayır,
sıxır, açıq ürəyimi;
tanrı məni quş eləsin,
dərdi-səri daş eləsin;
kimə verim nuş eləsin,
mən, bu aşiq ürəyimi.
Bir şair kimi Nazim Əhmədlinin gəraylı janrına müraciət etməsi alqışlanmalıdır. Onun bu janrda şeirləri çox uğurlu alınır; sadə, səmimi, oxunaqlı. Gəraylılarında yaratdığı təşbehlərinə isə söz ola bilməz.
Əsl poetik lövhələrdir.
Yaşadığımız ömür payının hər bir günü xatirələrlə doludur. Bu şirin xatirələr tez-tez xatırlanır, unudulmur.
Və bu xatirələr hərənin qəlbində bir cür yurd salıb. Nazim Əhmədli “Ömrün yüz ili gedib” şeirində belə deyir:
-yol gedib yorulmuşam,
gün vurub qaralmışam;
yatıb harda qalmışam,
ömrün yüz ili gedib.
Şair qardaşımız ömrünün bir şair kimi ən məhsuldar dövrünü yaşayır.
Yeni-yeni şeirləri ilə oxucularının görüşünə tələsir. Bu görüşlərin isə sonu yoxdur. Topludakı ön sözün müəllifinin təbirincə desək, Nazim Əhmədlinin “poetik duyğuları həm yer üzünün, həm də göy üzünün yaddaşıdır…”
Yeni görüşlər həsrəti ilə, şair qardaş.


