Genel

I Ümumittifaq Türkoloji Qurultaydan öncə – tarixi kontekst

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

I Ümumittifaq Türkoloji Qurultaydan öncə tarixi kontekst

1926-cı il I Ümumittifaq Bakı Türkoloji Qurultayı həm türkologiya tarixi, həm Türkiyə – Rusiya münasibətləri, həm də Türküstan xalqlarının gələcəyi üçün dönüş nöqtəsi oldu: ilk baxışda qurultay türkdilli xalqların latın qrafikasına keçmək qərarı ilə müşayiət olunsa da, əslində strateji əhəmiyyət daşıyır, Qərbə qarşı Rusiyanın Osmanlı Türkiyəsi ilə üzdə görünən hərbi və siyasi, mədəni, eləcə də türkologiya sahəsində əməkdaşlığı idi. Atatürk, 1922-ci il iyulun 7-də Sovet səfiri Aralovun, İran səfiri İsmayıl Xanın şərəfinə verdiyi ziyafətdə etdiyi çıxışda belə demişdi: “Doğrudur ki, mövcud tarixlərin qeyd etdiyi hadisələr millətlərin gerçək düşüncə və arzuları, hərəkətləri deyil. Şərq xalqları öz iradələri, öz hissləri ilə hərəkət etmirdilər. Onların başında bir sıra istib­dadçılar, özbaşına hərəkət edən çarlar, hökmdarlar var idi. Tarixi hadisələrin ək­səriy­yəti onların tamahlarını təmin etmək üçün etdikləri əməllərdir. Biz onların hamısını cıra­ca­ğıq, yeni bir tarix yazacağıq…”[1]
Şübhəsiz ki, tarixi yenidən yazmaq, qısa müddətdə həyata keçirmək asan bir tə­şəbbüs deyildi. Bu yolda ilk addımın Qurtuluş Müharibəsi illərində “Şərq Məktəbi” adlı bir akademiyanın yaradılması ilə atıldığını görürük. 1922-ci ilin martında Türkiyə mətbuatında Anadoluda akademiyanın açılacağı və orada Asiya ölkələrinə göndəriləcək məmurların gedəcəkləri yerlər, təhsil alacaqları ilə bağlı xəbərlər yayıldı və bu türkiyyat aləmində canlanma yaratdı.[2] Akademiyanın yaradılması barədə verilən məlumatlar cid­di şəkildə dəyərləndirilir, lakin bunun lazımsız olduğunu iddia edənlər də vardı. Həmin ərəfədə Azərbaycanın Ankaradakı elçisi İbrahim Əbilov Şərqin dost xalqlarının gəncləri üçün nur mənbəyi olacaq böyük və ortaq bir universitet yaradılması ideyasını ortaya atmış, bu fikir dərhal qısa zamanda həyata keçə biləcək bir düşüncəyə çevrilmişdi. Xarici İş­lər Nazirliyi bu addımı atsa da, həyata keçirəcək mütəxəssislərin olub-olmadığı nəzərə alınmamışdı.[3]
Türkiyə türkologiyası hələ yeni-yeni formalaşırdı, ziyalılar da türkologiyanın Avropa və Rusiyadan xeyli geri qaldığınını etiraf edirdilər. Məsələn, sonralar Azərbay­cana pedaqoji fəaliyyətə göndərilən Əhməd Cövdət 1923-cü ilin əvvələrində Bakıda ikən yazdığı məqalələrinin birində Rusiyada türkoloji araşdırmaların Türkiyədən xeyli irəlidə olduğunu təəssüf hissilə qeyd edir və türkoloq müəssislərinin kifayət qədər sərmayə ilə fəaliyyətə başlamasından sonra milli əsərlərin yaranacağına ümid etdiyini bildirirdi. Türkiyə türkoloqları da bunun mədəni baxımdan ciddi bir çatışmazlıq olduğunu yaxşı bilirdilər. Məsələn, Əhməd Cövdət həmin məqaləsində Rusiyada türk tarixi və dili barədə aparılan araşdırmaların Türkiyənin xeyli qabağında olduğunu, o utancdan bizi qurtaracaq milli təşəbbüs əlamətləri yeni-yeni görünməyə başladığı zaman Birinci Dünya Müharibəsinin baş verdiyini, onu Mütarəkə dövrünün izlədyini və Türkiyənin bu gün də rus alimləri qarşısında aciz durumda olduğunu təəssüflə qeyd edir, Türkiyyat müəssisəsi açılsa və kifayət qədər sərmayə ilə fəaliyyətə başlasa, bizim də milli əsərlərimizin ortaya çıxacağına ümid edir[4] – deyə təsəlli tapırdı.
Bu təkcə onun istəyi deyildi, ürəkdən arzulanan bu müəssisə M.Fuad Köprülünün rəhbərliyi altında 1924-cü ildə türkoloji araşdırmalar aparılması məqsədilə İstanbul Universiteti nəzdində Türkiyyat İnstitutu yaradıldı. 1926-cı il İ Ümumittifaq Türkoloji Qurultayın keçirilməsinə 2 il qalmışdı və institutun yaradılmasının əsas səbəblərindən biri olan İstanbulda beynəlxalq türkologiya qurultayı keçirmək arzularda idi. Türkiyyat İnstitutu 1924-cü ildə qurulsa da, İstanbulda beynəlxalq türkologiya qurultayı keçirmək planı reallaşdırıla bilmədi. Əslində, bir il əvvəl Türkiyədə keçirilməsi nəzərdə tutulan qurultayın bir il sonra Bakıda gerçəkləşməsi düşündürücü məsələdir. Çünki “Fuad Köprülü Türkiyyat İnstitutunun müdiri vəzifəsində çalışırdı və Atatürkün təşəbbüsü ilə 1925-ci ildə İstanbulda toplanması planlaşdırılan ilk millətlərarası türkoloji konqresin hazırlanmasına məmur edilmişdi.”[5] Türkiyyat İnstitutunun bu məqsədlə yaradılmış olsa da, yuxarıda qeyd etdiyimiz kimi, kifayət qədər səmərəli və təsirli ola bilmədi. 1930-cu illərdə vəziyyət tamamilə dəyişir. 1932-ci ildə keçirilən I Türk Tarix Qurultayı qərblilərin, xüsusilə rusların türkologiya sahəsində qabaqlanmaq istənildiyini göstərən tezis və ifadələrlə zəngindir.[6]
Rusiya türkologiyasında hələ 1913-cü ildə Aleksandr N.Samoyloviç türkologiya qurultayı keçirilməklə bağlı fikirlər irəli sürmüş, lakin kifayət qədər mənəvi dəstək almamışdı. Sovet dönəmində, 1922-ci ildən bu ideya yenidən gündəmə gətirilmişdir. Samoyloviç 1923-cü ildən etibarən məsələ ilə bağlı dəstək tapmaq üçün Ankara və Bakıya üstünlük vermiş, onların etimadını qazanmağa xüsusi diqqət göstərmişdi. Bu o zaman idi ki, Radlovun yetirməsi A.N.Samoyloviç həmin ildə Leninqradda Canlı Şərq Dilləri İnstitutuna rektor təyin olunmuşdu. 1924-cü ildə rus şərqşünaslarının Leninqradda keçirdikləri 21 mart toplantısında mövzu ətraflı şəkildə müzakirə edilmiş, Samoyloviç bir daha bu fikri səsləndirmiş, çoxdan bəri həyata keçirmək istədiyi türkdilli xalqların qurultayını təşkil etmək barədə düşüncələrini açıq şəkildə bildirmişdi[7]:
Türkiyədə türkoloji tədqiqatların İkinci Məşrutiyyət dövründə formalaşmağa başlaması, bu məqsədlə 1908-ci ilin dekabrında İstanbulda Türk Dərnəyinin yaradılması və onun məqsədi Samoyloviçə məlum idi: “Türk adı ilə anılan bütün xalqların keçmiş və indiki dövrdəki izləri, əməlləri, vəziyyəti və mühiti öyrənmək və öyrətmək, yəni türklərin qədim izlərini, tarixini, dillərini, xalq və elitar ədəbiyyatını, etnoqrafiya və etnologiyasını, sosial vəziyyətini və müasir mədəniyyətlərini, türk ölkələrinin köhnə və yeni coğrafiyasını araşdırıb ortaya çıxarmaq, bunları bütün dünyaya yaymaq, dilimizin geniş və mədəniyyətə uyğun səviyyəyə çatmasına çalışmaq və imlasını buna uyğun tənzimləmək”.[8] O, Türk Dərnəyinin Türkiyənin müxtəlif şəhərlərində nümayəndə­liklərinin olması, bir az da genişlənərək Türk Bilgi Dərnəyi adı ilə fəaliyyətini davam etməsini də bilirdi. Samoyloviç 7 sentyabr 1925-ci ildə Ankaraya gəlmiş və Maarif Vəkili Həmdullah Suphi ilə görüşmüşdü. I Ümumittifaq Türkoloji Qurultay da Türkiyənin Qafqaz, Mərkəzi Asiya və Volqa bölgələrindəki türkoloji mərkəzlərlə, həmçinin Bartold, Samoyloviç kimi məşhur Sovet türkoloqları ilə əməkdaşlığını davam etdirmək ümidi yaratmışdı. Ankara Türk Ocağı da Samoyloviçin şərəfinə 10 sentyabr 1925-ci ildə ziyafət vermişdi. Bundan bir müddət sonra isə Azərbaycan Maarif Komissiyası, İstanbul Darülfünun müəllimlərindən Məhməd Fuat Köprülünü Azərbaycan ədəbiyyatı tarixi haqqında dərs verməsi və araşdırmalar aparması üçün Bakıya dəvət etmişdi. Köprülü bu dəvəti qəbul edərək 1925-ci ilin oktyabrında Bakı şəhərinə gəlmişdi. Bir müddət sonra F.Köprülü SSRİ Elmlər Akademiyasının üzvü seçilmişdi. Hətta Maarif Nazirliyi Bakıda ədəbiyyat dərslərindən mühazirələr söyləyəcək F.Köprülüyə diplomatik pasport vermək qərarına gəlmişdi.[9]
1920-ci illərdə türkoloji sahələrdə macar, Sovet və türk mərkəzlərinin rəqabətdən çox əməkdaşlıq görüntüsü diqqət çəkir. Bu vəziyyət “müvəqqəti sülh dövrü” kimi siyasi şəraitə – 1925-ci ildə imzalanan Türkiyə – Sovet, Türkiyə – Almanniya və Türkiyə – Macarıstan sülh müqavilələrinin, əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə uyğun idi. Hadisələr Moskvada və Bakıda cərəyan edir. Bolşeviklər Türkiyə ilə elmi əlaqələrə və əməkdaşlığa böyük önəm verirdilər. Bolşevik inqilabından sonra Moskva, Leninqrad, Kiyev və Daşkənddə Şərq elmləri, xüsusilə türkologiya sahəsində mütəxəssislər yetişdirmək məqsədilə xüsusi tədris müəssisələri açılmışdı. Bu təşəbbüs Rusiyada uzun tarixə malik olan türkoloji araşdırmalar baxımından mühüm bir irəliləyiş idi. Yeni dövrdə Sovet Rusiyasında türkologiya sahəsindəki ilk önəmli əsərlər A.Samoyloviçin türk dilinin fo­netikasına və qrammatik quruluşuna dair yazılarıdır. Dövrün digər tanınmış rus türkoloqu olan V.Barthold isə 1925-ci ildə nəşr olunmuş məşhur əsərində Oktyabr inqila­bından sonra köhnə əsərləri qorumaq məqsədilə Daşkənddə mərkəzi bir qurum – Şərq İnsti­tutu yaradıldığını, lakin bu institutun yetərincə səmərəli fəaliyyət göstərmədiyini qeyd edirdi. Belə bir institutun Daşkənddə qurulmasının Rusiyanın baxış bucağından, Daşkəndin strateji mövqeyi ilə sıx əlaqədar olduğu görünməkdədir. Daşkənd həm Türküstanın idarə mərkəzi, həm də ən geniş rus icmasının yerləşdiyi ərazi idi. Avropanın Orta Asiyadakı nüfuzu əsasən Daşkənd vasitəsilə yayılırdı. Lakin Qurultayın Təşkilat Komissiyasının 6 avqust 1925-ci il tarixli iclasında “Bakı şəhərinin türk-tatar respublikaları arasında mədəni və coğrafi baxımdan ən əlverişli yer olması nəzərə alınaraq, qurultayın məhz Bakıda keçirilməsi məqbul sayılır”[10].
4 dekabr 2024-cü il tarixli ümumi yığıncağında ilk dəfə olaraq Beynəlxalq yox, çox ciddi şəkildə türkoloji qurultayın çağırılması ilə bağlı fikir səsləndirilmiş və bu ideya sürəkli alqışlarla qarşılanmışdır. Ona görə də 1926-cı il toplantısı I Ümumittifaq Türkoloji Qurultay adlandırılmışdı. Azərbaycanın səyi nəticəsində qurultaya həm SSRİ-də yaşayan bütün türk xalqlarının tanınmış ziyalıları (türk xalqları indiki inzibati-ərazi bölgüsünə görə deyil, qurultayın çağırıldığı dövrdə yaşadıqları ərazilərə əsasən təmsil olunmuşdular), xüsusilə Leninqrad və Moskva Elmlər Akademiyalarının türkoloji sahədə ixtisaslaşmış alimlərinin, həm də xaricdə – Türkiyə, İran, Almaniya, Macarıstan, Avstriya və s. ölkələrdə tanınmış türkoloqların ümumtürk qurultayının çağırılmasına nail olunmuşdu. I Ümumittifaq Türkoloji Qurultayın çağırılmasında təşəbbüskarları və təşkilatçıları Azərbaycanın görkəmli ziyalıları olmuşlar. Qurultay Azərbaycanın dünya türkoloji ictimaiyyəti qarşısında mühüm tarixi hadisə olmuş, ölkəmizin bu sahədəki mövqeyini və yerini nümayiş etdirmiş, türkoloji elmi-praktik mühitin miqyasını aydın şəkildə göstərmişdir. Bolşeviklər hədəfini – türk xalqları üçün ümumi bir qurultayı həyata keçirir. Çoxsaylı maneələr onları bu ideyadan uzaqlaşdıra bilməmişdir. Bu fikir1922–1924-cü illərdə Azərbaycan, Tatarıstan, Başqırdıstan, Yakutiya, Daşkənd, Krım və Qafqazda sürətlə yayılmağa başladı. N.Nərimanovun fəal iştirakı ilə bu ideya daha konkret forma aldı.
1924-cü ildə Bakıda keçirilən Birinci Diyarşünaslıq Konqresində və Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Türkoloji bölümünün iclaslarında Nəriman Nərimanovun məruzəsinin müzaki­rə­lərindən sonra türk mədəniyyəti ilə bağlı bir sıra elmi və praktiki məsələlərin həlli üçün türkoloji qurultayın çağırılması zərurəti barədə qətnamə qəbul edilmişdi. Hələ 1922-ci ildə N.Nərimanovun sədrliyi ilə Bakıda “Latın əlifbasına keçid” Komitəsi yaradılmışdı və bu məsələ SSRİ-nin elm mərkəzlərində çalışan türkoloqların da diqqət mərkəzinə çevrilmişdi. Sovet siyasi bumeranqının ilk qurbanlarından biri olan N.Nərimanov türkoloji qurultayın keçirilməsi ideyasının ilk müəlliflərindən biri olmuşdur.
Son anda hər hansı maneənin baş verə biləcəyindən ehtiyat edərək, 1925-ci ilin əvvəllərində artıq bütün hazırlıqlar tamamlanır və qurultayın tkeçirilməsi sürətləndirilir. Təşkilat Komissiyasının 6 avqust 1925-ci il tarixli iclasında qurultayın 1925-ci il dekabrın 25-də keçirilməsini qərara almış və bu qərarın əsasında türk və fransız dillərində hazırlanan proqram çap edilərək dəvət olunan türkoloqlara göndərilmişdi.
1925-ci il sentyabrın 15-də Moskvada SSRİ şərqşünaslarının iclası keçirilir və burada ölkənin bütün türkoloqlarının iştirakı ilə qurultay çağırılması qərara alınır. Keçiriləcək qurultayın əsas müzakirə mövzularından biri bütün türkdilli xalqların ərəb qrafikasından latın qrafikasına keçidi idi. Həmin iclasa Azərbaycan MİK sədri S.Ağamalıoğlu rəhbərlik edirdi Qərar qəbul edildi ki, I Ümumittifaq Türkoloji Qurultayın çağırılması Moskvada SSRİ Şərqşünaslıq Elmi Assosiasiyasına və Bakıda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə tapşırılır. (Cəmiyyət çağdaş Azərbaycan Milli Elmlər Akademiyasının sələfi adlandırıla bilər).
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti dörd bölmədən ibarət idi: 1.Türkologiya, 2.Tarix-Etnoqrafiya, 3.Sosial-İqtisadi, 4.Təbiət elmləri və üç büro: a.Biblioqrafiya, b.Azərbaycan elminin populyarlaşdırılması və məktəblərə kömək, c.Fotoqrafiya. Türkologiya seksiyasına təşkilatın fəxri sədrləri iki nəfərdən ibarət Az.MİK-in sədri S.Ağamalıoğlu və Leninqrad Dövlət Universitetinin professoru Aleksandr Nikolayeviç Samoyloviç rəhbərlik edirdi. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində Türkoloji araşdırmalar böyük uğurlar qazanmışdı.
Cəmiyyət ölkənin əsas elmi mərkəzinə çevrilmişdi. Bura üzv olmaq üçün ərizə ilə müraciət edən ölkə və sərhədlərdən çox uzaqda, türk və qeyri-türk xalqlarının nümayən­dələrinin sayı gündən-günə, sürətlə artır[11]:
Elmi təşəbbüsü siyasi məqsədlərlə birləşdirməyi bacaran Sovet Rusiyası türkologiya sahəsində təşəbbüsü ələ alaraq türkoloji qurultay ideyasını Bakıda həyata keçirdi. Türkiyənin planlaşdırdığı konqres baş tutmadığı bir dövrdə Sovet Rusiyası, geosiyasi vəziyyətə uyğun olaraq, türkologiyanı həm ideoloji, həm də elmi nüfuz vasitəsinə çevirdi. Türk xalqları üzərində təsirini gücləndirmək məqsədilə təşəbbüsü ələ alaraq, bu istiqamətdə ilk böyük addım kimi 1926-cı ildə Bakıda I Ümumittifaq Türkoloji Qurultayı keçirdi. “Stenoqrafik hesabatın üzərində ümumittifaq sözü yazılsa da, qurultaya dəvət olunanların təmsil olunduqları dövlətlərin siyahısına, eləcə də türkoloq alimlərin milliyyət müxtəlifliyinə diqqət yetirsək görərik ki, bu qurultay SSRİ-nin sərhədlərini aşaraq beynəlxalq miqyasa çevrilmişdir. Ona görə də hesab edirik ki, bu qurultayı “I Beynəlxalq Türkoloji Qurultay adlandırmaq daha doğru olardı.”
Bu qurultay, həm Sovet Rusiyasının mədəni və elmi sahədə Türkiyəni qabaqladığını nümayiş etdirdi, həm də türk xalqlarının dili, ədəbiyyatı, etnoqrafiyası və coğrafiyasını araşdırmaq məqsədilə sistemli elmi tədbirlərin başlanğıcı oldu.

Nadir Məmmədli
Nadir Məmmədli

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest