Kültür Sanat

Seyid Əzim Şirvani

Mətanət Vahid

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Seyid Əzim Şirvani – 190

Seyid Əzim Şirvani: satirik, yoxsa həcvgu?

    XIX əsrdə dini fanatizm və cəhalətə qarşı mübarizədə Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə ilə yanaşı, Seyid Əzim Şirvaninin xidmətləri də xüsusilə diqqətəlayiqdir. Əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında inkişaf etməkdə olan tənqidi realizmin öncülləri arasında özünəməxsus yeri olan Seyid Əzim qabaqcıl fikirlərə birdən-birə deyil, yaradıclığında tədrici inkişaf yolu keçərək gəlib çatıb.

           Ədəbi fəaliyyətə ötən əsrin 50-ci illərində başlayan Seyid Əzim ilk vaxtlar klassik şeir formalarına, daha çox qəzələ üstünlük verib və bu janrda ömrü boyunca yazmağa davam edib. Yaradıcılığının son onilliyində isə şair maarifçi şeirlər, satiralar yazmağa daha çox diqqət yetirib. Bununla belə, o hətta qəzəllərində də xalqın mədəni və elmi tərəqqisinə mane olan, inkişafdan uzaqlaşdırmağa çalışan ünsürləri kəskin tənqid edib.

       Satiranın adlandırılması baxımından ədəbiyyatçılar hələ də qəti bir qənaət əldə edə bilmirlər. Belə ki, onu müstəqil bir janr kimi qəbul edənlər də var, baxış bucağı hesab edənlər, üslub, tipikləşmə xüsusiyyəti, incəsənətin bir növü və s. adlarla müəyyənləşdirənlər də. Məsələ burasındadır ki, satira gülüşün bir növüdür və bütün janrlarda tətbiq oluna bilir. Bu baxımdan onu müstəqil janr olaraq qəbul etmək məqsədəuyğun deyil.

    Bir çox müəlliflərin fikirləri ilə tanışlıq nəticəsində belə yekun qənaətə gəlmək olur ki, satira bədii sənətdə komizmin təzahürü, ifşaedici kinayə, qüsurların öldürücü gülüşə məruz qalması, kəskin tənqidi və inkarıdır. İnkişaf tarixi boyunca mahiyyət etibarilə bir sıra dəyişikliklərə məruz qalan satira estetik ideala malik gülüş növüdür.

     Satiranın başlıca xüsusiyyəti nöqsanlara diqqət çəkmək olduğundan satirik mətnin baş “qəhrəmanı” da mənfi obraz(lar)dır. Bununla belə, əsərdə mənfi obrazların ön planda yer alması mətnin satira hesab olunması üçün əsas şərt deyil. Satira üçün ən vacib şərt çatışmazlıqlara qarşı mübarizədə müəllifin əsas silahı hesab edilən satirik gülüşün mövcudluğudur.

    Əsl satirikin hədəfləri də böyük olur və üzdə görünən nöqsanları tənqid atəşinə tutarkən, necə deyərlər, dərin qazmaqdan çəkinmir. Satirik konkret qüsurlu hadisə və şəxslərə gülərkən onun arxasındakı səbəbləri görməyi bacarır və həmin səbəbləri də hədəfə ala bilirsə, mətnin uğuru təmin olunur. Mahiyyəti etibarilə satira ictimai hadisədir. Ona görə də yalnız sənət naminə yazılan satira real əhəmiyyətə malik olmur, çünki onun məqsədində hədəfinə gülərək diqqət yönəltmək durur.

         Rus ədəbiyyatında XVIII əsrdə A.D.Kantemirin simasında intibahını yaşayan satira XIX əsrdə N.V.Qoqol, M.Y.Saltıkov-Şedrin, A.S.Qriboyedov, N.A.Nekrasov kimi nəhənglərin qələmi ilə dramlarda və roman janrında əks olunmağa başladı. Satiranın rus ədəbiyyatındakı inkişafı Azərbaycan ədəbiyyatına da təsirsiz ötüşmədi. XIX əsrdə satiranın poeziyamızın ayrıca bir istiqaməti kimi meydana gəlib formalaşması ictimai zülm və ədalətsizliyə, müstəmləkəçi rejimə qarşı mübarizə missiyasının gerçəkləşməsi ilə bağlı idi. Seyid Əzim Şirvaninin yaşayıb-yaratdığı dövrdə satira sözü işlədilmirdi, sənətkarlar yazdıqları tənqidi şeirləri həcv adlandırırdılar.

    Lakin həcvin mahiyyətində ictimailik yoxdur, bu janr daha çox şəxsi qərəzi, fərdi narazılıqlar üzərində qurulan münasibətləri ifadə edir. Ədəbiyyatşünas Rəhim Əliyev həcvin xüsusiyyətlərini belə izah edir: “Həcv – satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Həcvdə müəllif öz şəxsi düşmənini ifşa edir və adətən, söyüşlərdən də istifadə edir.” Tədqiqatçı Kamran Məmmədov isə Qasım bəy Zakir haqqındakı araşdırmasında şairin satirik irsindən bəhs edərkən yazır: “Həcvlərin açıq-saçıq naturalist örtüyü altında çox zaman cəmiyyəti ələ salan, hakim sinifləri kəskin tənqid edən faydalı ictimai tənqid də var idi.”                

     Azərbaycan ədəbiyyatında satira haqqında elmi araşdırmalara XIX əsrin ortalarından başlanılmışdır. Satira ilə bağlı ilk fikirlər Mirzə Fətəli Axundzadəyə məxsus olsa da, ədəbiyyatımızda satira müəllifləri haqqında ilk geniş məlumatları Firidun bəy Köçərli vermişdir. Satiranı realizmin əsas şərtlərindən hesab edən F.Köçərli satirik şeirdən bəhs edərkən öncə Qasım bəy Zakirin, sonra isə Seyid Əzim Şirvaninin irsindən söz açmışdır. Tədqiqatçı Seyid Əzimin satirik yaradıcılığında diqqəti onun riyakar din xadimlərini tənqid etməsinə yönəldir və qeyd edir ki, şair “tamahkar” və “sitəmpərvər” ruhaniləri tənqid etsə də, həqiqi ruhanilərə böyük ehtiramla yanaşmışdır: “Seyid Əzim nə qədər ki mühil, riyakar, biəməl və müfəttin ruhaniləri sevməzdi, bir o qədər də həqiqi üləmalara, hamiyi-din və hadiyi-millət ruhanilərə təbəiyyət və ehtiram göstərməyi özünə borc bilirdi.”

     Bir çox tədqiqatçılar Seyid Əzimin həcv yazmağı sevmədiyini, ədəbiyyatın vulqar söz və ifadələrlə dolu olan, heç bir ictimai əhəmiyyəti olmayan bu janrını kəskin tənqid etdiyini yazırlar. Məsələn, tədqiqatçı Məhəmmədəli Mustafayev “Yüksək ideallar carçısı” məqaləsində yazır: “Seyid Əzim Şirvani, əslində, intim mahiyyət daşıyan həcvləri və həcvgu şairləri sevmir, onları məzəmmət etməkdən çəkinmirdi. Belə şairlərə öyüd-nəsihət verərək düz yola, əsl şairlərə xas olan, xalqının, millətinin inkişaf və tərəqqisinə kömək edə biləcək şeirlər yazmağa səsləyirdi. “Məcməüş-şüəra” üzvləri bir-birlərini nalayiq sözlərlə həcv edəndə Seyid Əzim bir aqil ağsaqqal kimi onlara öyüd-nəsihət verir, həcvguluqdan uzaqlaşmalarını tövsiyə edirdi.” Tədqiqatçının fikirlərində həqiqət var; doğrudan da, artıq yaradıcılığının son illərində şair əsərlərində, müasirlərinə yazdığı məktublarda həcv yazmağa qarşı çıxırdı. Lakin unutmaq olmaz ki, hər nə qədər bu janrı sevməsə də, şairin xeyli sayda həcvləri var. Bu da onun yaradıcı xarakterindəki ziddiyyətdən meydana gələn bir xüsusiyyətdir.

     Elə həmin məqalədə müəllif Seyid Əzimlə Mirzə İsmayıl Qasirin həcvləşməsindən bəhs edərkən belə yazır: “Bakı şairlərinin təhriki ilə Mirzə İsmayıl Qasir S.Ə.Şirvanini həcv etmişdi. Qasir tərəfindən şəxsi qərəzliklə yazılan həcvə Seyid Əzim çox alicənablıqla cavab vermişdi. O, belə həcvlərin nə xalqa bir faydası olacağını, nə də Qasir kimi qələm sahibi olan bir şairə belə cəfəngiyyatlarla dolu şeirlər yazmasının yaraşmadığını bildirirdi.”

      Fikrimizcə, məqalə müəllifi Seyid Əzimin yaradıcılığına olan sevgi və sayğıdan ona olan münasibətdə kifayət qədər obyektiv mövqe tuta bilmir. Belə ki, Qasirin həcvi Seyid Əzimin Bakı şairlərinə ünvanladığı həcvə cavab idi. Üstəlik də şair zahirən sezilən “alicənablıq” pərdəsi altında, əslində, kifayət qədər sərt fikirlərlə çıxış edir. Məsələn, Qasirə yazdığı məktubda həmkarını “Güli-xoşbuyi-gülüstan”, “bülbüli-xoşsüxəni-rövzeyi-rizvan” kimi ifadələrlə vəsf edən Seyid Əzim onu özünün köhnə dostu hesab etdiyini qələmə alsa da, “Mən ölüm, sən məni həcv eylə, mənimçün göndər, Çünki həcvindi mənə xələti-əlvan, Qasir”, – deyə yüksək dəyər versə də, həm də həcvin xarakterinə uyğun olaraq xeyli ağır ifadələr də işlədir:

                        Olmağın Bakıda bir vəchlə layiqdi sənin,

                        Qoy onun vəchini izhar eləyim, qan, Qasir.

                        İt düşən vəqtdə duzlaqə deyirlər olu pak,

                        İnşaallah, olusan pakü müsəlman, Qasir.

    Yaxud həmkarını dünya malına uyaraq, bir “xələt” – bəxşiş qarşılığında onu həcv etməkdə günahlandıraraq deyir:

                         Lənkəranda yox idi böylə ədalər səndə.

                         Bakıda yetdi məgər əqlüvə nöqsan, Qasir?

                         Belə məlum, veriblər sənə qarğa beyni

                         Bu sifət eyləmisən xətbi-nümayan, Qasir.

    Hətta Seyid Əzimin ağır sözlərinə dözə bilməyən Qasir bircə səhvinə görə həmkarının onu Şümürə tay tutmasından, “ağzına gələni” söyləməsindən şikayətlənir və o da şairi cavabsız qoymur; eyni dərəcədə “Şüəradə yox imiş qeyrətü namusü ədəb, İt kimi bir-birinin əngini çeynər, Seyyid.” – deyə ağır ifadələrlə cavab verir.

      Sosial məzmunlu satira o zaman meydana çıxır ki, cəmiyyət özünə güləcək qədər inkişaf etmiş olur. Seyid Əzimi satirik kimi yetişdirən mühitdə tənqid hədəfinə tuş gələcək o qədər nöqsanlar vardı ki, onun bir ziyalı kimi bunlara göz yumması mümkün deyildi. Seyid Əzim Şirvani satiralarında həm fərdi, həm də kollektiv qüsurları tənqid edir: birinci qismə aid satirik əsərlərində şairin hədəfi tənbəl, tamahkar, cahil və ya riyakar fərdlərin  simasındakı nöqsanlar və mənəvi boşluqlardırsa; digər satiralarında təhsil səviyyəsinin aşağı olması, maarifçiliyin yayılmaması, sosial strukturlardakı ədalətsizlik və s. bu kimi cəmiyyətin ümumi problemləri diqqət mərkəzindədir. Seyid Əzimin satiralarında əsas tənqid hədəfləri xalqdan istifadə edən, dərisini soyan “sahibi-ixtiyarlar”: xanlar, bəylər, qazilər, məhkəmə üzvləri, pristavlar, kvartallar və s. idi. Şairin ən kəskin satiraları bəylik iddiasına düşənləri hədəfə alan “Şirvanın təzə bəyləri haqqında” və “Şamaxının təzə bəylərini həcv” şeirləridir.

     1840-cı ildə senator Qanın hazırladığı layihə əsasında Azərbaycanda yeni qayda-qanunlar qoyulmuş, mülkədarların kəndlilər və torpaqlar üzərindəki imtiyazları ləğv olunmuşdu. Bununla əlaqədar baş qaldıran böyük narazılıqlara görə çar hökuməti 1846-1847-ci illərdə bu siyasətindən əl çəkib yeni tədbirlər görür və bəylərin imtiyazlarını özlərinə qaytarır. Əlbəttə ki, bu, yenə də çarizmin özünə tərəfdar sayını artırmaq məqsədi güdən siyasətinin nəticəsi idi. Yeni qanun bəylik həvəsinə düşənlərin sayının xeyli artmasına, nəyin bahasına olursa olsun, bu arzularını həyata keçirməyə çalışmasına səbəb oldu. Bu acınacaqlı vəziyyət “Əkinçi” qəzetinin səhifələrində tənqid olunduqdan sonra Seyid Əzim də  mövzuya biganə qalmamış və satiralarında tənqid etmişdir.

     Satiradan belə bəlli olur ki, Seyid Əzim yalnız bəy nəslinə mənsub olan şəxslərin bu titulu davam etdirməsinin tərəfdarı idi, sonradan pul gücünə, yaxud hansısa fırıldaqlar yolu ilə bəylik hüququ əldə edənləri qəbul edə bilmirdi. Şair düşünürdü ki, o adamın ki, bəy adına layiq varı, dövləti, əsli, nəsəbi yoxdur, ona bu ad heç yaraşmır da.                  

                                Birisi xan ola, gər olmaya evdə nanı,

                                Həsrəti-nan ilə hərdəm çıxa qəmdən canı.

                                Bilmirəm, neyləyir o xanlığı, ya dünyanı,

                                Hər kimin dövləti vardır, odur əsrin xanı,

                                Pul edən hökmü nə xanü, nə də sultan elədi.

     Tədqiqatçı Sadıq Hüseynov satirada ifadə olunan bu fikirlərlə bağlı, bir növ, şairin müdafiəsinə qalxaraq yazır: “Burada mütləq demək lazımdır ki, Seyid Əzim bəylik həvəsinə düşənlərin yoxsul və məhkum bir ailədən çıxmalarını həmin şəxslərə xatırlatmaqla nə onları, nə də onların mənsub olduqları ailələri lağa qoyub təhqir etmək istəməmişdir. Şairin özü də yoxsul bir ailədə anadan olmuş və üzərində zəngin təbəqənin zülm və istehzasını hiss etmişdi. İnsanpərvər şair yoxsul kütlələrə ehtiramla yanaşmış və onlara dərin hüsn-rəğbət bəsləmişdi. O, dövlətli ilə kasıba eyni nəzərlə baxılmadığından, kasıbın insan yerinə qoyulmadığından çox narahat olmuş, bu münasibətə qarşı çıxmışdı.” Təbii ki, tədqiqatçının fikirlərində həqiqət var: Seyid Əzim bütün yaradıcılığı və həyat fəaliyyəti boyunca kasıb xalqın tərəfində olduğunu nümayiş etdirib. Lakin bu satirada müəllif açıq-aydın bildirir ki, bəylik kasıba yaraşan, sonradan qazanıla bilən titul deyil, gərək bəy nəslinə mənsub olasan. Odur ki, müəllifin fikirlərini təhrif etmədən təhlil etmək daha məqsədəuyğun olardı.

       Dövrünün bir çox sənətkarları kimi, Seyid Əzimin də dünyagörüşündəki məhdud və ziddiyyətli cəhət ondan ibarət idi ki, o, bütövlükdə sinifli cəmiyyətin mövcudluğunu inkar etmirdi. O, problemin kökünü dərində axtarmır, yalnız üzdə olanı görə bilirdi. Şairin fikrincə, bəylərin, xanların yaxşı insan olması, kəndlilərlə insaflı davranması problemdən çıxış yolu olardı. Seyid Əzim nə çar imperiyasının hakimiyyətini, nə də xan, bəy siniflərinin mövcudiyyətini cəmiyyətin ən böyük bəlası hesab edəcək qədər dərin  düşünmür və bütövlükdə quruluşu inkar edəcək, ona güləcək qədər kəskin yazmırdı. “Gülüş – satiranın silahı” adlı tədqiqat işində D.P.Nikolayev yazır: “Əsl satirik odur ki, güclü rəqiblə döyüşməkdən çəkinmir, böyük hədəfləri nişan alır. Satiranın antik dövrdən indiyə qədərki tarixi göstərir ki, məhz müasiri olduğu cəmiyyətin qüsurlarını qələmə alarkən əsas günahkarlara qarşı çıxmağı bacaran satiriklər bu sahədə həqiqi uğura imza atıblar.”   Sözügedən satirada isə S.Ə.Şirvani nəinki bəylərin imtiyazlara sahib olmasını ümumiyyətlə pisləmir, hətta bəzi bəyləri tərifləyirdi də:

                                İki bəy düşmədi rüşvət təməinə əsla,

                                Biri Məmməd Əli bəydir, biri də Mahmud ağa.

                                Qaldığı vurdu işin, gözləmədi şərmü həya,

                                Gətdilər xəlqin hamı başına yüz dərdü bəla,

                                Unudub Allahı, bunlar hamı tüğyan elədi.

     Göründüyü kimi, şair yenə məsələni şəxsi keyfiyyətlərlə əlaqələndirir; düşünür ki, hər kəs abır-həya gözləsə, yaxud insaflı olsa, onda heç kimin cəmiyyətdəki yeri səhv düşməz. Satirada hədəfə alınmış məsələlərdən biri də rüşvətxorluq kimi böyük bir ictimai bəladır. Bənddən də göründüyü kimi, o illərdə bəylik mənsəbinə çatmaq üçün istifadə olunan vasitələrdən biri də daha yüksək rütbədə oturanlara rüşvət verib səlahiyyət əldə etmək idi. Pul və onun cəmiyyətdə oynadığı rol, demək olar, bütün satiriklər tərəfindən hədəfə alınıb. XIX əsr də bu baxımdan istisna deyildi.

                     Yekə bəylər pul alıb bir neçə alçaq bəydən,

                      Kuhən atlar necə ki arpa qapar eşşəkdən.

                      Tutdular aqibəti qırma, barıtdan, zəngdən,

                      Nuh bəyin pul tökülüb üstünə yerdən, göydən,

                      Qocalıq Nuh kimi axırı tufan elədi.

      Müəllif bu bənddə də, “Yüz manatdan yuxarı xərc eləyib Hacı manaf, Bəylərin xanəsini şamü səhər etdi təvaf” misralarında da açıq-aydın bəylərin rüşvət almasından bəhs edərək bu əməli pisləyir.

      “Şamaxının təzə bəylərini həcv” şeiri “Şirvanın təzə bəyləri haqqında” satirası ilə məzmunca səsləşir, demək olar ki, onun davamıdır. Burada da şair bəylik həvəsinin hər kəsi sardığını, bu istəyin həyata keçməsi üçün rüşvət verildyini, kasıbların da bəylik həvəsinə düşdüyünü təsvir edir. Eynən birinci satirada olduğu kimi, burada da eyni məsələlər qabardılır. Yeri gəlmişkən, qeyd edək ki, bu şeiri ictimai satira kimi qəbul etmək fikrindən uzağıq. Çünki burada ictimai bəlanın kökləri hədəfə alınmaq əvəzinə, konkret şəxslərin adları çəkilir və məhz onlara məxsus qüsurlara diqqət yönəldilir. Üstəlik, şeirdə tez-tez vulqarizmlərə yer verilir ki, bu da daha çox həcvi xarakterizə edən xüsusiyyətlərdən biridir.

     Azərbaycanın digər yerlərində olduğu kimi, Şirvanda da hərc-mərclik, özbaşınalıq və ədalətsizliyin səbəbkarları həm də polis məmurları idi. Həmçinin Seyid Əzim yaratdığı bir sıra ruhani tipləri ilə satirik obrazlar silsiləsini xeyli zənginləşdirə bilib. Qəzəllərində olduğu kimi, satirik şeirlərində də Seyid Əzim zahid və vaizləri xalqın qatı düşməni olaraq təqdim edirdi. Şair “Vaizin hadisəsi” adı altında yazdığı bir sıra satirik şeirlərində onları məişət pozğunları kimi damğalayırdı. “Münəccimlər yalançıdır”, “Bəlx qazısı və xarrat” adlı şeirləri də bu məsələni əks etdirir.

       Seyid Əzim lirik şeirlərində olduğu kimi, satiralarında da yeni məktəblər açmaq arzusunu ifadə edir. Özü də Şərq ölkələrində ruhani təhsili almasına baxmayaraq, zaman keçdikcə, dövr dəyişdikcə arzu edir ki, millətin övladları daha faydalı elmlərə yiyələnsin, həyatı boyu onlara lazım olacaq biliklərə sahib olsun.

     Şair alim olmaq iddiası ilə Şərq ölkələrində guya təhsil alan, lakin vətənə döndükdən sonra günlərini avaralıqla keçirən, tüfeyli həyat sürən, başqa sözlə, aldığı təhsilin xalqına bir yardımı dəyməyən cahilləri kəskin tənqid edirdi. Belə “alimlər”ə xas olan xüsusiyyətləri Seyid Əzim “Elmsiz alim”, “Fəqih ilə oğul”, “Tələbənin hadisəsi”, “Müctəhidin təhslidən qayıtması”, “Köhnə elmdən şikayət”, “Avam ata ilə alim oğul” kimi şeirlərdə ümumiləşdirib.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest