Xuraman Muradova
Xuraman Muradova: Çox çalışdım məktubu bağışla bitirmədim,
Bəlkə yarımçıq sevgi məktubu bitirəcək…
Yarımçıq məktublar…
Bağışla ki, yazmadım məktublarda sevgimi,
Məktublar da yarımçıq qaldı sevgimiz kimi…
Neyləyim ki, qürurum üstələdi sevgimi …
Ağladı məktublar da bu gecikmiş sevgimi.
Səndən yazacaq qəlbim incidi, küsdü nədən,
Yazmadı bircə kəlmə sənə olan sevgimdən.
Oxudu məktubları payızın rüzgarları,
Gözündə yaz yağmuru, ağlatdı buludları.
Məktublar dilə gəldi, intizar gecələrdə,
Gecələrin sinəsi əridi pərdə-pərdə…
Bilmədim məktubların yolu niyə bağlandı?
Məktublar da bizim tək düşdü sevdalı dərdə..
Sevgimizin nurunda məktublar gecələrmiş.
Sən demə lal sevgimiz həsrətlə gözləyərmiş.
Yarımçıq məktubların qərib sevdası kimi,
Ağlayan sətirlərin göz yaşını sirlərmiş.
Bu sevdanın gözləri hələ çox yol çəkəcək,
Yarımçıq məktublar tək həsrət yaşı tökəcək.
Çox çalışdım məktubu bağışla bitirmədim,
Bəlkə yarımçıq sevgi məktubu bitirəcək…
Sevmişdim səni
Daha səndən bir də bəhs etməyəcəm,
Köhnə rəsmlərdə, səhifələrdə qal.
Mən hüzur haqq etdim, sən hüzün verdin,
Gecikmiş sevgini indi geri al.
Dünyanın nur saçan şəfəqi kimi,
Mən haqqın özü tək görmüşdüm səni.
Haqqın-ədalətin aşiqi bilib,
Gerçəyin özü tək sevmişdim səni!
Sənə gözlərimdə bir bağ salmışdım,
O bağın gülləri quruyub açmaz.
Sevgimiz bənzərdi çoşan çaylara,
Daha o çaylar da quruyub, axmaz.
Hər açan çiçək də, hər açan güldə,
Son baharda xəzan olub solarmış.
Bəzən coşğu ilə gələn sevginin,
Sakit pıçıltılı sonu olarmış.
Görən darıxırmı heç?!
Tutub xatirələrin sevdalı əllərindən,
Könlümə söz yığıram payız xəzəllərindən,
Qayıdıram arabir onlu günlərimə mən
Görəsən o da məni heç yadına salırmı?
Uzaq yollara baxıb xəyallara dalırmı?
O da axşam olanda göylərə baxırmı heç,
Könlünü həsrət ilə yandırıb yaxırmı heç,
Gözləri dola-dola görən darıxmı heç?
Eh…xəyallar, xəyallar məni hara apardın,
Yenə də ürəyimdən bir xatirə qopardın.
Tutub söz yağışına qəlbini isladırmı?
Görüş anlarımızı hec yadına salırmı?
Ürəyi döyünürmü, havası tutulurmu,
Başı dumanlanırmı, könlü hec sıxılırmı
Bilirəm xatırlayır o da məni hər anda
Küləklər də əsəndə, yağışlar da yağanda…
Xəyalımda yenə sən…
Sədaqət, məhəbbət, ülvi sevgiylə
Səni xəyalımda sanmışam, hər an.
Nə qədər uzaqsan, o qədər yaxın
Səni ürəyimdə anmışam, hər an.
Danışıb qəlbimdə, hey gizli-gizli,
Sənin gözlərinlə seyrə dalmışam.
Hərdən pıçıltıyla, hərdən xəlvəti,
Sənə çoxlu məktub yola salmışam.
Hər dəfə səninlə görüşəndə mən,
Dost kimi görüşüb ayrıldım səndən. Sənsiz yaşasam da bu dünyanı mən
Yenə xəyalımda sənsən, yenə sən.
Daha yuxulara inanmıram mən….
Daha yuxulara inanmıram mən,
Yuxular da yalan, sən də yalansan.
Acılı, şirinli xatirələri,
Sən demə unutmaq deyilmiş asan.
Qəlbimdə üşüyən gülüşlərimin,
Yaxına, uzağa gedən yolusan.
Həsrət gözlərimdən çəkilib gedən,
Acı həqiqətsən, şirin yuxusan.
Daha yollarımda unudulan iz,
Başını bulayıb gedən gileysən.
Xatirə soraqlı, qərib haraylı,
Payızın sonunda əsən küləksən…
Deyirlər yuxular gerçək də olur,
Söyləmə yuxunu axan sulara.
Küskün baxışında gizlənib itən,
Sən hara, qəm çəkən o sevda hara.
Yuxular da yalan, həsrət də yalan, Yuyur sevdamızı payız yağışı.
Soyuq xatirən də yuxuların tək,
Asır gözlərimdən ayrılıq daşın.
Daha yuxulara inanmıram mən,
Yuxular da yalan, sən də yalansan.
Yorğunluq asılıb kipriklərimdən,
Sənə unutmağım gəlməsin asan.
Gələcəyəm yenə mən…
Günün doğduğu yerdə,
Gözləyərsən məni sən.
Bitməsin ümidlərin,
Gələcəyəm yenə mən.
Gələcəyəm bir səhər,
Güllər şeh tutan zaman.
Yoldan həsrət yığılsın,
Çəkilsin dağdan duman.
Eşqin qanaqlarını
Sərib yollar üstünə. Duracam gündüz gecə
Ayrılığın qəsdinə.
Basıb köksümə yazı,
Qışı da yaz biləcəm.
Günəş doğduğu yerdə,
Gözləyərsən gələcəm.
Saxlayaq görüşməyin, Vaxtını, vədəsini.
Hələ bir az dinləyək,
Həsrətin nəğməsini.
Həsrət-həsrət baxarsan
O uzanan yollara.
Açılacaq qolların,
Hələ çox nağıllara.
Xatırlayarsan məni,
Gecə yağmur yağanda.
Axtararsan arabir,
Ürəyin sıxılanda.
Gələcəyəm gözlə sən,
Bir yağmurlu səhərdə.
Bir quş qəmli oxuyur,
Günəş batdığı yerdə.
Günəş doğur deyəsən
Sakitcə yağır yağış.
Söz vermişdim gəlirəm,
Həsrəti geri çağır…
Yenidən dünyaya gəlmək istəyirəm
Yenidən dünyaya gəlmək istəyirəm…
Səninlə görüşmək üçün.
Bitib bu sevginin çiçək düzündə Qalıb sevgimizin dəniz gözündə
Səni görmək istəyirəm…
Əssin həsrətimizin vüsal yeli,
Çırpılaq sevginin sahillərinə
Düşək eşqin əllərinə..
İtək sevginin şirin ayrılığında…
Döyünən ürəyimizin
Sən o tayında, mən də bu tayında…
Yenidən dünyaya gəlmək istəyirəm…
Sənli günlərimin sığalı olmaq üçün.
Sevgimizin titrəyən qollarında,
Bitməyən yollarında
O günlərimin hər saatını
Baxışlarıma çəkmək istərəm.
Həsrətimizə yağan yağışların
Qaranlıq gecəsində sən ay ol, mən ulduz…
Baxaq sevgimizin göy qurşağına,
Açıb qucağımızı taleyin xoş vaxtına
Xatirələri endirək payıza
Özümüz üz tutaq üzü yaza….
Yenidən dünyaya gəlmək istəyirəm…
Sevib, sevilmək üçün.
Eşqin mirvari dənələrini
Baxışlarından yığıb
Sevgi bağçamızın çiçək ürəyinə əkilmək üçün.
Nəfəsimin lal kimi susan
Bulaq gözündən
Süzülüb gələn ayrılıqları
Ömrümdən silmək üçün.
Səni ruhuma çəkmək üçün.
Elə küsərəm səndən…
Mən elə küsərəm səndən, əzizim,
Bir daha üzümü görə bilməzsən.
Mən elə küsərəm səndən əzizim,
İstəsən də, geri dönə bilməzsən.
Sənə olan sevgim sonsuz olsa da,
Danışa bilməzsən, dinə bilməzsən.
Yanarsan qəlbində sən için-için,
Dərdini kimsəylə bölə bilməzsən.
Mən elə küsərəm səndən, əzizim,
Durnalar ağlayar göyün üzündə.
Küsərəm sevdanın göz yaşlarına
Zülmətə çevrilər dünya gözündə.
Son payızda əsən soyuq küləklər,
Aparar sevgimi cox uzaqlara.
Fikrin bir nöqtədə ilişib qalar,
Gözlərin dikilər uzaq yollara.
Mən elə küsərəm səndən, əzizim,
Bulud tək hönkürər həsrət gözündə
Qalarsan hicranın ümidlərində,
Bir sevda göyərib bitər sözündə…
Bir sevda göyərib bitər sözündə…