GenelGüncelKültür Sanat

Nurlana İşıq – Hekaye

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Nurlana İŞIQ

Hekayə

Sığınacaqdakı oğlan

    Müəllimimizi çox istəyirik. Düzdür, o bizi heç də həmişə tərifləmir, başımıza sığal çəkmir, bəzən acıqlanır da. Ancaq bizə elə gəlir ki, ondan yaxşı müəllim yoxdur. Qısa kəsilmiş saçları yumru üzünə çox yaraşır. Tez- tez mənalı zarafatlar edir. Bizi ən çox güldürən insandır müəllimim. Dünyadakı bütün uşaqlar gülməyi çox sevirlər. Dərsdə biz deyəndə ki, dəftərimiz evdə qalıb, müəllimim –  o zaman dərsi siz keçin, mən də gedim sizin dəftərinizi gətirim,- deyir. Ya da biz deyəndə ki, dərsə hazır deyilik, o deyir ki, yəqin, müdiriniz bütün günü sizi işlədir, evə yorğun gəlirsiniz. Belə hallarda biz  həm gülürük, həm də bir az utanırıq.

   Bir dəfə müəllim dedi ki, şənbə günü uşaq – ailə sığınacağına gedəcək, orada bizim kimi uşaqlar var, onlara dərs keçəcək. Mən xahiş etdim ki, onunla gedim, kömək edərəm. Müəllimim razı olmadı. Mənsə israr etdim və ikinci yarımildə əlaçı olacağımı, bütün dərslərimi çatdıra biləcəyimi söylədim. O, gözlərimin içinə baxıb güldü. Axşam evə zəng edib valideynlərimin razılığını istəyəcəyini bildirdi.

  Evdə  atam məni ruhlandırdı:

  -Sən ağıllı oğlansan, bilirəm ki, getdiyin hər yerdə həyat təcrübəsi qazanacaqsan. Müəllimin hörmətini qazan həmişə…

   Biz müəllimimlə məktəbin həyətində görüşdük. Onun əlində həmişəki  çantası yox, dəftər- kitabla dolu torba vardı.

   Birlikdə ikimərtəbəli evin həyətinə daxil olduq. Cırıldayan taxta pilləkənlərlə yuxarı qalxdıq. Çox da işıqlı olmayan bir otaq göstərdilər bizə. Sonra iki cavan qız gəldi və dərslərin burada keçiləcəyini deyib getdi. Ortada alçaq bir masa, ətrafında da yeddi- səkkiz nəfərlik  stul vardı. Beş dəqiqə keçməmişdi ki, otağın qapısı açıldı və içəri müxtəlif yaşlarda uşaqlar daxil oldular, bəzilərinin başı qırxılmış idi.  Bizə baxıb səbəbsiz yerə gülürdülər. Müəllimim də onlara baxıb gülümsədi, uşaqlara əyləşməyi təklif etdi. Onlar bizə çox diqqətlə baxırdılar. İki qız isə istehza ilə təbəssüm edirdi. Onlar mənə dəcəl oğlanları xatırladırdı. Bayaqki, işçi xanımlardan biri içəri daxil olub sərt şəkildə elan etdi,- müəllimi incitməyin, artıq- əskik danışmayın! İki qıza da göz süzdürüb getdilər.

   -Dostlar, sizin şəkil çəkməkdən xoşunuz gəlir? – müəllimim mehribanlıqla soruşdu.

  Uşaqlardan bəziləri başını tərpətdi.

  -O zaman mən sizə rəngli karandaşlar və ağ vərəqlər verəcəyəm. Həyatda ən çox arzuladığınız bir nəsnənin şəklini çəkməyə çalışın. Çəkmək istəməyən isə mənimlə söhbət edə bilər…

  Birdən koridorda səs- küy qopdu, sonra taxta qəhvəyi qapılar taybatay açıldı, hündürboy kostyumlu bir kişi yeddi- səkkiz yaşlı bir oğlan uşağını sürüyə- sürüyə otağın ortasına atıb getdi. Uşaq onun dalınca,- atama deyəcəm, səni döysün, zəhləm gedir səndən, sən dünyanın ən pis adamısan ,- deyib ayaqlarını yerə vururdu. Uşaqlar isə ona baxıb xısın – xısın gülüşürdülər.

 Müəllimim onlara,- siz dərsinizə davam edin,- dedi və yerdə yatan qaraşın oğlanın yanına yaxınlaşdı.

  Ancaq uşaq başını qaldırmadan döşəməni yumruqlayırdı və atasını çağırırdı: “ Ata , gəl, tez ol , gəl! Gəl bunları döy…”

  Müəllim dedi:

   -Ay oğlan, adın nədir?

 O, hirslə,- sənə nə var, nədir, mən oxumaq istəmirəm, atamı istəyirəm, evimizə istəyirəm, – deyib qışqırırdı.

  Özündən böyüklə bu cür danışmağı məni çox hiddətləndirdi, bayaqki kişiyə ürəyimdə haqq verdim. Ancaq müəllimimin üz ifadəsi heç dəyişməmişdi, o təmkinlə qəlbi sınmış uşağı dindirirdi.

  -Yaxşı əgər mənə atan , evin haqqında danışmaq istəsən, sənə qulaq asaram, bəlkə, bir gün məni atanla tanış edərsən, sizə qonaq da gələrəm. Əslində, sənin səsindən bildim ki, ağıllı və mehribansan. Sənə oxşayan şagirdlərinin hamısı əlaçıdır…

  Oğlan sakitləşmişdi, daha yeri döyəcləmirdi, qaraşın əllərini alnına qoyub yerə baxırdı.

Müəllimim ucadan dedi:

  -Ay uşaqlar, siz nə maraqlı şəkillər çəkirsiniz?! Mən bilirəm ki, bu oğlan da sizin kimi çəkə bilir. O istəsə, atasının şəklini çəkib bizə göstərə bilər.

  Bir az keçmişdi ki, mən oğlanın başımızın üstündən boylanaraq uşaqların işlərinə baxdığını gördüm.

  -Sənə vərəq verim,- soruşdum?

  İri qonur gözlərini yerə dikib, başı ilə təsdiqlədi. Müəllim qalxıb öz yerini ona verdi,- mənə isə yavaşca , – Afərin!-  dedi.

  Dərs qurtardı. Uşaqlar bir – bir çölə çıxdılar. Bəziləri müəllimi qucaqladılar. Qaraşın oğlan isə gözünü öz çəkdiyi şəklə zilləmişdi. Onu yalnız gördüyü iş maraqlandırırdı həmin an. Müəllimim ehtiyatla onun kağızına toxundu: “ Götürə bilərəmmi, sənə axı qiymət yazmalıyam…”

–      Yenə gələcəksiniz?

–      Əlbəttə.

Biz onunla sağollaşıb aşağı düşdük. Yolda müəllimdən oğlanın çəkdiyi cızma – qaranın mənasını soruşdum.

     Müəllimim,- bu cızma- qara deyil, bu uşaq ürəyinin yanğısıdır, – deyib köks ötürdü.

   İllər keçib, amma mən müəllimimin keçdiyi bu dərsi heç zaman unuda bilmirəm. Ən çox da yerdə uzanıb ayaqlarını yerə döyəcləyən qaraşın oğlana olan münasibətini.

Çinarın suyu

   Dünyanın düz olmayan, suların buz olmayan vaxtı idi. Bizim Yer kürəsinin qabarıq köksündə şahid dağlar lal- dinməz dayanmışdılar. Sanki uzaqdan gəlib çıxmaq bilməyən qonaqlarını gözləyirdilər. Bu dağlar onlara söykənib dincələn yolçulara gördüklərini nağıl edirdilər. Bu əhvalatlardan birini onların dilindən mən də eşitmişəm:

  Böyük Qafqaz dağlarından süd əmən  ulu çinar enli yarpaqlarını kəndə çətir tutmuşdu. Bu kəndin adamları çox mehriban idilər: tanımadıqları adamları yolda görsələr,- xoş gəlmisiniz, bir loxma çörəyimizdən kəsin,- deyərdilər, yolda uşaq yıxılsa, onu evə aparar, könlünü alana qədər buraxmazdılar, kim təndirə çörək yapsa, qonşusunu unutmazdı…   Kəndin camaatı ulu çinarı da çox sevirdi. O qədər çox ki, and içəndə  – “ Çinar haqqı”-  deyirdilər, söz verib, əhd- peyman bağlayanda ağacın altına gedirdilər.

   Bu yurdun cavanları tez- tez dağa oduna gedərdilər. Onların arasında ən güclüsü Fərman adlı enlikürək bir pəhləvan idi. Onun yaraşığı, qədd – qaməti dillərə dastan idi. Üstəlik bu cavan yaxşılığını da bir kimsədən əsirgəməzdi, vəfada, sədaqətdə tayı- bərabəri yox idi. Anası həmişə onu əzizləyəndə “ Dağçiyinlim” deyərdi. Qonum-qonşu isə bu oğlana niqab tax , gözəlliyi göz qamaşdırır deyərdilər.

  Bir dəfə səhər tezdən – yaş ağaclar Günəşə baş əyən vaxt dostları Fərmanı çağırıb oduna gedirlər. Yaraqları çiyinlərindən aşırıb, zirvəyə sarı qalxırlar. Dağın sıx meşəliyinə çatanda yorulan cavanlar çinarın kölgəliyində otururlar, altından qaynayan soyuq suyundan içib, sərinləyirlər. Bir az zarafatlaşandan sonra dostları Fərmana deyirlər ki,  bu ağacın ən yoğun budağını  kəsə bilsə, pəhləvan ləqəbi ona halaldır. Oğlan başını qaldırıb, qonur gözlərini qıyıb əzəmətli ağacın asimanı dəlib keçən ən uca budağına baxır. Ağacın zəhmi onu tutur, birdən qolları boşalır. Baltanı  yerə qoyub, fikrə gedir. – Onun güclü budaqlarına sənin tərifli qollarının gücü çatmaz, ay  pəhləvan! – deyib dostları gülüşürlər. Oğlan  onun pəhləvanlığına söz deyən dostlarına dərs vermək istəyir. O, baltanı əlinə alıb bir zərbədə ağacın köksündəki  ən yoğun qolunu gövdəsindən  ayırır. Bu zaman meşəni qəribə bir səs bürüyür, quşlar səmada qiyyə çəkirlər. Hər yer yarpaq selinə bürünür. Pəhləvanın cansız bədənini görən dostlar heyrətlə və təlaşla qaçırlar.

 Gün qızarır, saralır, yenidən qızarır , amma dağçiyinli oğul evə qayıtmır.  Ana balasının dalınca başyuxarı qalxır. Fəhmi onu çinarın yanına gətirir. Qara yoğun budağın altında oğlunun  yana düşmüş ağ boynunu görən ananın bəyaz kələğayısı süzülüb qara torpağa düşür,  yaxınlaşıb diz çökür, balasının  alnına tökülmüş qumral tellərini oxşayır,  elə bir dil deyir ki, bu hadisəyə şahid olan dağlar yerindəcə quruyur. Bütün kənd dağdan gələn aha qulaq verir; “Bu Fərmanın anasının səsidir, hə, odur, qalxın dağa… dağa sarı, ay camaat…

   Ana başını qaldırıb, diqqətlə dövrəsində yaranan qələbəliyə baxır, sonra üzünü çinara tutur: “Ulu Çinar, anam Çinar bu mismarı sənə çaxıram, sənə və balama bais olanları cəzasız, qoyma!”

  Çinar bu hadisədən o qədər qəmlənir ki, altından qaynayan soyuq bulaq da quruyur. Nəsillər düşmən olur. Kənddə hamı bir – birindən küsür, ağaclar çətirlərini yığır, daha kölgə salmırlar. Yoldan keçən yolçulara heç kim salam vermir, yıxılanı qaldırmırlar.

  Günlərin bir günü saçlarının sonuncu teli ağaranda ana ağacın yanına gəlir, onun cadar gövdəsinə qabar olmuş əlləriylə sığal çəkir, mismarı tapıb çıxarır və alqış edir:  “hər kəsi bağışlayıram, sən də bağışla, çətirini yenə aç kəndin üstünə, bulağın gözünü qaynat, ulu çinar…”

 Bu hadisədən  sonra gecə vaxtı dağdan buzayaqlı bir adam enir kəndə. O, iki dəfə ayağını ağacın dibinə vurur. Həmin yerdən bulaq qaynamağa  başlayır. Sonra o adam dağlara çəkilir, çinarın suyu isə indi də buz kimi soyuqdur, bütün azarlılara şəfadır.  

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest