GenelGüncelKültür Sanat

Könül şeirləri – Nemət Pənahlı

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Nemət Pənahlı
Nemət Pənahlı

Könül şeirləri

Nemət Pənahlı
Nemət Pənahlı

ÖL, ƏBƏDİ YAŞA KÖNÜL!

Dayan, bəsdi, insaf eylə,

Düşmə, dağa-daşa, könül!

Dərdi yalnız Yara söylə,

Sir vermə, sirdaşa, könül!

                     ***

Gündə bir xəyala dalıb,

Ağlımı başımdan alıb,

Yenə haldan hala salıb,

Bizi salma, işə, könül!

                     ***

Yanıram hal-əhvalına,

Görən qan ağlar halına,

Düşüb gözəllər dalına,

Vurulma, göz-qaşa, könül

                     ***

Eyləmə, məni avara,

Məcnuntək gedirsən hara?

Ömür yetdi son bahara,

Nə qalıbdı qışa, könül?!

                     ***

Saçlarına düşübdü dən,

Divan eylə, nəfsinə sən,

Haqdan gəlib Haqqa gedən,

Uymaz dost-yoldaşa, könül!

                     ***

Girdin dünya bazarına,

Aldanma, dövlət-varına,

Kimsə gəlməz havarına,

Zəhər qatma, aşa, könül!

                     ***

Meylini salıb hər işə,

Gəl məni salma, təşvişə,

Çətin birdə fürsət düşə,

Ömrü vermə, boşa, könül!

                     ***

Son qoyub bu şıltaqlığa,

Arxanı çevir, çoxluğa,

Üz tutub daim yoxluğa,

Çevrilək dərvişə, könül!

                     ***

Nemət, Allah olsun yarın,

Eşq olsun namusun, arın,

Çəkmə, dünyanın azarın,

Öl, əbədi yaşa, könül!

                            2009

DÖNƏK QIZILQUŞA KÖNÜL!

Din-imanla yoldaş olub,

Şeytanı bas, daşa, könül,

Haqq ilə dost, sirdaş olub,

Daim eşqlə yaşa, könül!

                     ***

Lənət denə, kor şeytana,

Uyma, bu çərxi-dövrana,

Girir hər an dondan dona,

Nəfsi qoyma, tuşa, könül!

                     ***

Qəsd edib nəfsin canına,

Qəltan eylə, öz qanına,

Son qoy, onun dövranına,

Qoyma, yolu çaşa, könül!

                     ***

Sevincdən, kədərdən arın,

Qoy, Haqq olsun daim yarın,

Eşqlə atsın şah damarın,

Ya Hu, deyib coşa, könül!

                     ***

Saralıb gül rəngin solsun,

İçin hüzur ilə dolsun,

Gərək mən ölməmiş ölsün,

Çıxsın ərtək başa könül

                     ***

Baş qoyayın Dost yolunda,

Fərq olmasın əhvalında,

Hüzur olsun hər halında,

Eşq ilə gəl, cuşa, könül!

                     ***

Üz tutub Merac yoluna,

Yetiş Haqqın dərgahına,

Qurşanıb eşq şərabına,

Dönəyin, sərxoşa, könül!

                     ***

Canan eşqlə cana baxsın,

Ney kimi yandırıb, yaxsın,

Pərdələr ortadan qalxsın,

Yarla gəzək qoşa, könül!

                     ***

Nemət üzün tutub Haqqa,

Sən haqqı vermə, nahaqqa,

Yetər, çıxardığın hoqqa,

Dönək qızıl quşa, könül!

09 08 2009

DÜŞÜB LAMƏKANA KÖNÜL!

Vurulub Yar Camalına,

Ün salıb həryana könül!

Yar yanar yarın halına,

Qıyar şirin cana könül!

                     ***

Eşq olsun, deyib ərənlər,

Qəlbini eşqə verənlər,

Gecə-gündüz Yarı dinlər,

Olubdu divanə könül!

                     ***

Eşq yolunda deyil naşı,

Yar yolunda, qoyub başı,

Olubdu Haqqın sirdaşı,

Sığmayır cahana könül!

                     ***

Giribdi Yarın qoynuna,

Qurşanıb eşq oyununa,

Qolları salıb boynuna,

Can verib canana könül!

                     ***

Eşqimi Yara bildirib,

Bəxti üzümə güldürüb,

Qatildi, nəfsi öldürüb,

Batıbdı haqq qana könül!

                     ***

Varlığın əridib Haqda,

Oturub şah kimi taxtda,

Dayanıb zaman da, vaxt da,

Sığmayır zamana könül!

                     ***

Sağ ikən ölüb dirilib,

Hər şeyə layiq görülüb,

O Yara qurban verilib,

Qurbanam qurbana könül!

                     ***

Diz çöküb Yar dərgahında,

Həmdəmidir o, şahın da,

Məsgənidir Allahın da,

Dönübdü ümmana könül!

                     ***

Aşiq Nemət deyir sözün,

Dərk eyləyib özü-özün,

Çəkibdi dünyadan gözün,

Düşüb Laməkana könül!

13. 08. 2009

İSTƏMƏYİR MƏKAN KÖNLÜM!

İçibdi eşq şərabını,

Məst olubdu yaman könlüm!

Zikr eyləyir Yar adını,

Dayanmayır bir an könlüm!

                     ***

Düşmə, gəl çöllərə yenə,

Bəd gəlməsin qoy zəmanə,

Dərdini get, Yara denə,

Eyləmə, ah-aman könlüm!

                     ***

Yardan ayrı zar-zar ağlar,

Ahı yeri-göyü dağlar,

Hicran yollarını bağlar,

Eşqə düşüb cavan könlüm!

                     ***

Mələr körpə quzu kimi,

Aşiq yoxdu özü kimi,

Qoruyub lap gözü kimi,

Göz yummayır viran, könlüm!

                     ***

Haqq ona buta veribdi,

Yarı yuxuda görübdü,

Eşq dəryasına giribdi,

Olub əhli-ürfan könlüm!

                     ***

Gəlibdi eşqin baharı,

Hara baxır görür Yarı,

Gətirib baxcalar barı,

Xoş gəlibdi zaman könlüm!

                     ***

Dövran aşiqin dövranı,

Əldən vermir bircə anı,

Alıb qoynuna cananı,

Sürür gözəl dövran könlüm!

Nə yerə, nə göyə sığır,

Qəlbinə eşq, sevgi yağır,

Allah, Allah deyib çağır,

Olubdu Laməkan könlüm!

                     ***

Aşiq Nemət Yara qurban,

Yar olub dərdinə dərman,

Nəyə lazım iki cahan?

İstəməyir məkan könlüm!

14. 08. 2009

GÜVƏN YALNIZ YARA, KÖNÜL!

Gecə-gündüz inildəyir,

Qəlbim olub yara, könül!

Dil açıb ürək də deyir,

Çəkmə məni dara, könül!

                     ***

Başımda şimşəklər çaxır,

Gözlərimdən qan-yaş axır,

Nə öldürür, nə buraxır,

Eyləyib avara, könül!

                     ***

Həsrət qaldım dağda qara,

Gələn yoxdu heç havara,

Boğulub namusa, ara,

Bilmir getsin hara, könül!

                     ***

Dağı arana daşıyır,

Nə ölür, nə də yaşıyır,

Yaramı dostlar qaşıyır,

Bəxtim olub qara, könül!

                     ***

Dostlar dil verdi düşmənə,

Zülm eylədi zalım sənə,

Dərdi, dərdbilənə denə,

Söyləmə, əğyara, könül!

                     ***

Dərd gətirdi hamı bizə,

Halım sığmır, saza-sözə,

Aşiq gərək dərdə dözə,

Düşsə min azara, könül!

                     ***

Şan-şan olub bağrım başı,

Saldılar başına daşı,

Haqlamamış əlli yaşı,

Düşüb boran, qara, könül!

                     ***

Nələr gəlmədi başına?

Zəhər qatdılar aşına,

Sirri vermə, sirdaşına,

Güvən, yalnız Yara, könül!

                     ***

Aşiq Nemət çilə çəkdi,

Haqqın önündə diz çökdü,

Şükür, Yarla təkbətəkdi,

Son qoy, ahu-zara, könül!

15. 08. 2009

MÖHTAC  OLMA DİNƏ, KÖNÜL!

Allah sığmaz yerə, göyə,

Sığar yalnız sənə, könül!

Hamı haqdan gəldi deyə,

Gərək, Haqqa dönə, könül!

                     ***

Çəkil, xəlvətə, eşq elə,

Yarın zikri düşsün dilə,

Verib mənimlə əl-ələ,

Eşq atına minə könül!

                     ***

Hər kəsə olsa tale yar,

Dərman olsa dərdə nə var,

Gəl eyləmə sən ahu-zar,

Qurtuluş yox mənə, könül!

                     ***

Ovçu ikən ovlanıbsan,

Min bir yerdən oxlanıbsan,

Eşqə düşübsən yanıbsan,

Od düşüb zəminə, könül!

                     ***

Eşqlə, ürfanla dolubsan,

Dillərdə dastan olubsan,

Səfil sərgərdan qalıbsan,

Gör düşdün nə günə, könül!

                     ***

Zorla aparsalar Hacca,

Əl atsalar hər əlaca,

Bəlayı eşq boynum quca,

Dərd yetişə minə, könül!

                     ***

Məcnun kimi olsan hacı,

Gəl vermə, eşqindən bacı,

Yoxdu dərdinin əlacı,

İstər getsən Çinə, könül!

                     ***

Haqq buta veribdi sənə,

Dəli-divanəsən yenə,

Dərdi fələklərə denə,

Üz tut aya, günə, könül!

                     ***

Nuh ilə Adəmdən qoca,

Eşq əzəldən bizə xoca,

Sevən könlüm ərşdən uca,

Gəlib gəzsin denə, könül!

                     ***

Eşqlə bəzə, otağını,

Yarla bir sal, yatağını,

Aç, Allaha qucağını,

Möhtac olma dinə, könül!

                     ***

Üz tut, Haqqın dərgahına,

Yer-göy inləsin ahına,

Dön, Yarın seyrangahına,

Seyr eyləsin yenə, könül!

                     ***

Qoyma, qəlbin bir an yatsın,

Eşqin dəryasında batsın,

Nemət, Yar imdada çatsın,

Çarx dönsün tərsinə könül!

2009

OLUBDU ALPƏRƏN KÖNLÜM!

Qorxum yox əsla ölümdən,

Yarım düşməyib dilimdən,

Məcnun olub əzəl gündən,

         Ah ilə dağ dələn könlüm!

Olubdu Alpərən könlüm!

                     ***

Getmədi ömrümüz hədər,

Yoxdu nə sevinc, nə kədər,

Keçirib çox qəza-qədər,

         Dərdə dərman bilən könlüm!

Olubdu Alpərən könlüm!

                     ***

Çıxdıq uzun incə yola,

Düşmüşəm qəribə hala,

Kaş bu halda daim qala,

         Dünya olsa viran könlüm!

Olubdu Alpərən könlüm!

                     ***

Buxovları qırıb atdı,

Sözün canını çıxartdı,

Yeni bir dastan yaratdı,

         Eşqlə dolur hər an könlüm!

Olubdu Alpərən könlüm!

                     ***

Şam kimi yandı, əridi,

Hərnə söyləsəm yeridi,

Nə ölü, nə də diridi,

Ölməmişdən ölən könlüm!

Olubdu Alpərən könlüm!

                     ***

Baxmadı dövlətə, vara,

Haqqı deyib getdi dara,

Çox şükür qovuşdu Yara,

Canana can verən könlüm!

Olubdu Alpərən könlüm!

                     ***

Haqq döyüşür əlim ilə,

Yar danışır dilim ilə,

İşi yoxdu elim ilə,

Gizlin Yarla qalan könlüm!

Olubdu Alpərən könlüm!

                     ***

İki dünyanı boşadı,

Səfil, sərgərdan yaşadı,

İşi-gücü tamaşadı,

         Haqq camalın görən könlüm!

Olubdu Alpərən könlüm!

                     ***

Göstərib o, ər qeyrəti,

Qurtardı Aşiq Neməti,

Tutub hər yanı şöhrəti,

Eşqlə rüsvay olan könlüm!

Olubdu Alpərən könlüm!

12. 08. 2009

XALQLA OLAN HAQDAN OLACAQ KÖNÜL

Nəfsin cilovunu buraxsan əldən,

Səni dağa-daşa salacaq, könül!

Uysan gözəllərin naz, qəmzəsinə,

Ağlını başından alacaq, könül!

                     ***

Hardan gəldiyini fikr eyləməsən,

Hər an Haqqı anıb, zikr eyləməsən,

Qədərə, qismətə sükür eyləməsən,

Gözün orda-burda qalacaq, könül!

                     ***

Uyub bu dünyanın var-dövlətinə,

Aldanıb ötəri şan-şöhrətinə,

Əl vursan iylənmiş murdar ətinə,

Hər yan üfunətlə dolacaq, könül!

                     ***

Qapat, gözlərini dünya malına,

Düşmə, hər faydasız işin dalına,

Davam eylə, yalnız eşqlə yoluna,

Fani olan bir gün solacaq, könül!

                     ***

Boşla, dost-tanışı, qohum-qardaşı,

Ol, Aşiq Nemətin yarı-yoldaşı,

Haqqı sevib olaq, Haqqın sirdaşı,

Xalqla olan, Haqdan olacaq, könül!

22 .08. 2009

EŞQİN GÖYLƏRİNDƏ SULTANDI KÖNLÜM

Əzəldən olubdu eşqin məsgəni,

Dəli divanədi, heyrandı, könlüm!

Salıb həsrətindən çöllərə məni,

Özü-öz qanına qəltandı, könlüm!

                     ***

Arayıb, axtarıb, gəzib hər yanı,

Buraxıb axırda iki dünyanı,

Tutub öz-özünə yenə divanı,

İstər açın, baxın, al qandı, könlüm!

                     ***

Daim göz yaşımla çimib, yuyunub,

Hər şeydən arınıb, eşqlə döyünüb,

Eldə rüsvay olub, Yarla görünüb,

Xarıbülbül kimi giryandı, könlüm!

                     ***

Bağrımın başına qoyubdu közü,

Nə gecəsi oldu, nə də gündüzü,

Eşqim rüsvay edib, hər zaman bizi,

Yar üçün bəzənib, qurbandı, könlüm!

                     ***

Yalqız səhralarda, çilə çəkibdi,

Eşq ilə solmayan, güllər əkibdi,

Gülüstan yaradıb, saray tikibdi,

Dəryadı, dənizdi, ümmandı, könlüm!

                     ***

Açıb gülüstanda qönçə gül yeni,

Heyran eyləyibdi sevgilim, məni,

Eşq olub Allahı, imanı, dini,

Yarıma əbədi canandı, könlüm!

                     ***

 Aşiq Nemət olub, eşqin sərxoşu,

Tamam unudubdu dostu, yoldaşı,

Uçubdu göylərə könlümün quşu,

Eşqin göylərində sultandı, könlüm!

23. 08. 2009

NUR ƏLƏNDİ, GÜNƏŞ DOĞDU KÖNLÜMƏ!

Məcnun olub paltarını soyundu,

Dərd üstündən dərdi yığdı, könlümə!

Daim eşqlə, ürfan ilə öyündü,

Dərd ələndi, kədər yağdı, könlümə!

                     ***

Dayanmayıb çox zirvələr aşıbdı,

Bulaq kimi qaynayıbdı, coşubdu,

Selə dönüb, kükrəyibdi, daşıbdı,

Gözlərimdən qanyaş axdı, könlümə!

                     ***

Sevib, seçib örnək oldum ellərə,

Rüsvay oldum adım düşdü dillərə.

Göz yaşımla qərq olsada sellərə,

Eşqlə üzür zaval yoxdu, könlümə!

                     ***

Göz yumubdu bu dünyada sərvətə,

Baş qoşmayıb var-dövlətə, şöhrətə,

Çəkilibdi Canan ilə xəlvətə,

Yarım sonsuz eşqlə baxdı, könlümə!

                     ***

Aşiq olub yaman günə qalıbdı,

Dərdi, qəmi məni, məndən alıbdı,

Eşqə düşüb din-imandan olubdu,

Hər şey getdi, Canan girdi, könlümə!

                     ***

Eşqlə yanıb, Səməndərtək alışdı,

Yeri-göyü, ərşi-kürşü dolaşdı,

Səcdə edib, o meraca ulaşdı,

Nur ələndi, günəş doğdu, könlümə!

                     ***

Aşiq Nemət sığınıbdı Allaha,

Hüzur gəldi qəlbimizə çox baha,

Buraxarmı əldən onu bir daha?

İlahi eşq hüzür verdi, könlümə!

23. 08. 2009

DAİM HƏZİN-HƏZİN CAĞLADI KÖNLÜM!

Kamantək sızlayıb, neytək inlədi,

Yarın həsrətilə ağladı, könül!

Qeyibdən vəh gəldi, Yarı dinlədi,

Dağ basıb yaramı dağladı, könül!

                     ***

Sağalmaz dərdimi Yara söylədi,

Yar mənim qəlbimə nəzər eylədi,

Eşqlə fərman verib, yaram teylədi,

Qan verən yaramı bağladı, könül!

                     ***

Nemət zikr eyləyib, qalxdı göyllərə,

Əriyib nur kimi axdı göylərə,

Eşqilə, ürfanla baxdı göylərə,

Daim həzin-həzin cağladı, könül!

24. 08. 2009

BAXIB SƏNDƏ GÖRDÜM  O YARI KÖNÜL!

Kənarda axtardım özümdə buldum,

Baxıb səndə gördüm O Yarı, könül!

Haqqın aşiqiyəm Haqqa qul oldum,

Qoymaram yaxına əğyarı, könül!

                     ***

Çox xəyallar qurub, saraylar yapdım,

Eşq ilə göylərə atımı çapdım,

Cananı aradım könuldə tapdım,

Gətirdi qəlbimə baharı, könül!

                     ***

Özün öz yolunu uzaq etmisən,

Özündən özünə çox yol getmisən,

Yarın baxçasında gültək bitmisən,

Sənsən eşq bağının nübarı, könül!

                     ***

Dərd də vardı bizdə dərdə dözüm də,

Aləmlər yox oldu tamam gözümdə,

Şükür, gördüm Haqqı özüm-özümdə,

Yenə qalxdı ərşdən yuxarı, könül!

Nemət eşqə düşdü cavan çağında,

Bəsləyibdi bizi Yar qucağında,

Bitmişik əzəldən eşqin bağında,

Olub həm baxçası, həm barı könül!

27. 08. 2009

EYLƏ SƏRMƏST OL Kİ, OYANMA, KÖNÜL!

Sevincdən ağlayıb, dərddən gülmüsən,

Qədəri, qisməti Haqdan bilmisən,

Yenə bu dünyaya qonaq gəlmisən,

Fani gözəllərə aldanma, könül!

                     ***

Laməkan elindən gəlmişik qonaq,

Hər yerdə hər zaman, biz Haqqı anaq,

Ürəkdən odlanıb, günəştək yanaq,

Əfsanə odlara, odlanma, könül!

                     ***

Ələst məclisində əhd eyləmisən,

Yar ilə birliyə cəhd eyləmisən,

Eşq ilə qəlbimi fət eyləmisən,

Solacaq güllərə sən qonma, könül!

                     ***

Bu fani dünyada beş gün müsafir,

Ürək əzəl gündən O Yarı sevir,

Eşq olub əzəldən aşiqlərə pir,

Eylə sərməst ol ki, oyanma, könül!

                     ***

Canı canan üçün sevər aşiqlər,

Yar üçün Məcnuna dönər aşiqlər,

Canını Canana verər aşiqlər,

Can verib Canana dayanma, könül!

                     ***

Eşit, can içində Cananı dinlə,

Şam kimi əriyib, ney kimi inlə,

Yola davam eylə, yenə mətinlə,

Sən eşq sevdasından usanma, könül!

                     ***

Aşiq bu dünyaya göz yumsun gərək,

Eşq ilə, ürfanla qoy gülsün ürək,

Könül taxt-tacını biz Yara verək,

Bundan doğru bir yol, heç sanma, könül!

                     ***

Sevən könül qalmaz, aciz, avara,

Göz yaşlarım deyib, dərdimi Yara,

“Ənəlhəq” söyləyib çəkildik dara,

Sevgisiz, sevdasız dolanma, könül!

                     ***

Haqdan ayrılmısan Haqqa dönəssən,

Bir gün yaranmısan, bir gün öləssən,

Dünən Nəsimiydin, bu gün Nemətsən,

Başqa nə desələr, inanma, könül!

29. 08. 2009

  KÖNÜL

Namərd, nakişilər, cahil, nadanlar,

Min tənə etsə də, aldırma, könül!

Qoy hürsün, “it hürər, karvanlar keçər”,

Yürü, gecə-gündüz gəl durma, könül!

                     ***

Aldanma dünyanın şan-şöhrətinə,

Nə qədər işlərin düşsə çətinə,

Baxıb zalımların var-dövlətinə,

Coşub, qəzəblənib, çıldırma, könül!

                     ***

Eşqə əsir düşdüm, haqqa qul oldum,

Kərəm kimi yandım, yandım, kül oldum,

Qışda qar-çovqunda açdım, gül oldum,

Amandı, gülümü soldurma, könül!

                     ***

Olmuşam əzəldən haqqın vəlisi,

Həm sevda yolçusu, həm eşq dəlisi,

Mənəm milyonların son təsəllisi,

Çaşıb başqa hava çaldırma, könül!

                     ***

Haqqı gördüm, haqqı sevdim, haq dedim,

Eşqə düşdüm dərd üyütdüm, qəm yedim,

Haqqın dərgahından mən hara gedim,

Düşməni üstümə güldürmə, könül!

                     ***

Qoy tənə eyləsin namərd, nakişi,

Keçər dövran, dönər çarxın gərdişi,

Nələr çəkməyibdir mərdlərin başı,

Bir daha namərdi qaldırma, könül!

                     ***

Basdığı namərdi kəsmədi mərdlər,

Arxadan vurarlar mərdi namərdlər,

Ələst məclisində bağladım əhdlər,

Bizi dağa-daşa saldırma, könül!

                     ***

Boş ver, can cananla xəlvətə qaçsın,

Qeyibdən könlümə işıq, nur saçsın,

Ruhum pərvazlanıb qol-qanad açsın,

Qızılquş qanadın yoldurma, könül!

                     ***

Uçurub əlindən qızıl quşunu,

Axıtma, gözündən qanlı yaşını,

Qoyar yar yolunda yar öz başını,

Dərdlə can evimi doldurma, könül!

                     ***

Yarama duz basdım yaram göynəsin,

Yatmasın, dərdimi Yara söyləsin,

Sındırıb qəfəsi merac eyləsin,

Yarı yara həsrət öldürmə, könül!

                     ***

Nemət, azadlığın haqqa qul olmaq,

Yarın camalını hey, seyrə dalmaq,

Əhdim var, yanında əbədi qalmaq,

Gəl başqa xəyala daldırma, könül! 

28. 12. 2007.  15. 01. 2008.

MƏN EŞQ DƏLİSİYƏM SEVMƏSƏM ÖLLƏM!

Azadlıq eşqiylə dərsimi aldım,

El dərdinə dərman bilməsəm ölləm!

Arazdan o taya mən həsrət qaldım,

Savalanda çiçək dərməsəm ölləm!

                     ***

Sıldırımlar aşdı, könül səməndim,

Dəfələrlə öldüm, ölümdən döndüm,

Hünər meydanında divləri yendim,

Yusiftək, Misirə dönməsəm ölləm!

                     ***

Kimsəyə ömrümdə boyun əymədim,

Namərdin qapısın əsla döymədim,

Əjdahalar yendim, qəlbə dəymədim,

Bunların dərsini verməsəm ölləm!

                     ***

Ölsəm də dönmərəm türk oğlu türkəm,

Dəmirdən, çəlikdən, poladdan bərkəm,

Mərdlərə örnəyəm, namərdə görkəm,

Məzlumun göz yaşın silməsəm ölləm!

                     ***

Qəddar zülmkarla dünya doludu,

Yolum Bozqurdların xilas yoludu,

Qollarım bükülməz, Haqqın qoludu,

Fərhadtək dağları dəlməsəm ölləm!

                     ***

Zalıma qəniməm, məzluma dayaq,

Azadlıq türküsün hər yana yayaq,

Türkük, Turan üçün gəlin, baş qoyaq,

Elin harayına yetməsəm ölləm!

                     ***

Yayılsın dünyaya türkün haqq səsi,

Azadlıq aşiqin var, öz nəğməsi,

Sonsuz, tükənməzdi eşqi, həvəsi,

Mən eşq dəlisiyəm sevməsəm ölləm!

                     ***

İllərlə meydanda məğrur dayandım,

Azadlıq uğrunda qana boyandım,

“Öldü var, döndü yox” müqəddəs andım,

Təbrizdə meydana girməsəm ölləm!

                     ***

Azadlıq hər şeydi, imandı, dindi,

Meydan ər meydanı, söz millətindi,

Nemət, qalx ayağa, dövran sənindi,

Bütöv Azərbaycan görməsəm ölləm!

21. 10. 2009

DEDİM ÖLDÜRSÜNLƏR, DEMƏSƏM ÖLLƏM!

Eşqin məktəbində aldım dərsimi,

Aşiqlər dinləsin candan səsimi,

Ustad Mənsur Həllac, mənəm Nəsimi,

Solmaz, Canan üçün dərilən güləm,

Dedim öldürsünlər, deməsəm ölləm!

                     ***

Əbədi məşəltək yandım, sönmədim,

Dərim soyulsada, Haqdan dönmədim,

Qalxdığım zirvədən heç vaxt enmədim,

Cəlladlar önündə qürurla gülləm,

Dedim öldürsünlər, deməsəm ölləm!

                     ***

Hamıdan tez qalxdım, çox tez oyandım,

Xalqın xidmətində qultək dayandım,

El üçün yaşadım, el üçün yandım,

Ənəlhəqq söyləyən Qüdsi bülbüləm,

Dedim öldürsünlər, deməsəm ölləm!

                     ***

Qanımla suvarıb bağlar bitirdim,

Qulları quldardan alıb, ötürdüm,

Xalqa ağır gündə mən əl yetirdim,

Poladdan olsa da dağları dəlləm,

Dedim öldürsünlər, deməsəm ölləm!

                     ***

Nə qədər qan içən, zalım görmüşəm,

Zülmə, zülmkara sinə gərmişəm,

Çox firounların dərsin vermişəm,

Çırpılıb üzünə, tərsinə şilləm,

Dedim öldürsünlər, deməsəm ölləm!

Nemət Pənahlı
Nemət Pənahlı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest