Şuşanın pərdəarxası, yaxud Elçinin “Bayraqdar”ı
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Azər TURAN
Şuşanın pərdəarxası, yaxud Elçinin “Bayraqdar”ı
Elçinin Şuşası kədərli Şuşadır. Həmişə kədərli olmayıb; tarixinə sığındığı, gözəlliyi ilə qürurlandığı vaxtları da olub. Amma 8 may 1992-ci ildən, yəni işğaldan sonra Elçinin Şuşası Cənnətdən qovulmuş şuşalı qaçqınların Buzovna fəhlə yataqxanasında yaşadıqları yeni bir Şuşadır. Burda Hüsaməddin Alovlu da, Doppa Dadaş da ədəbiyyatın dumanında əriyib gedib. Burdakı insanlar fərqli şuşalılardır. Duman bunların əziz Şuşasına deyil, ömürlərinə gəlib. Burada Şuşanın əsilzadəliyindən, Şuşa mifindən, Şuşa sanatoriyasından, Şuşa şaqraqlığından əsər-əlamət yoxdur. Bura qaçqın şuşalıların ömür urasını yaşadığı məkandır. Hər şey Şuşada qalıb. Ömür də, yaddaş da… Hətta Gözlə-Gəlirəm Məmmədin çayxanası da. Hətta duman da…
Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını Şuşanın işğal olunduğu günlərdə ədəbiyyatımızda yaratdığı şuşalı Bayraqdar obrazı ilə Elçin dalğalandırdı. Amma bu, Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” statusunu daşıyan bayrağı deyildi, Şuşadan qaçqın düşmüş Bayraqdar Surxayın “Bu bayraq ki, Şuşada elə… elə dalğalandı, yenə qayıdacaq Şuşaya!” məqamında olan və ədəbiyyatımızda bənzərinə rast gəlinməyən başqa bayraqdır. Bu bayrağı Şuşada ilk dəfə “Bayraqdar” povestinin qəhrəmanı Bayraqdar Surxay qaldırmışdı: “Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988-ci ildə – Ermənistan “perestroyka” hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib, Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar…”
Sonra da qaçqınlıq həyatı. Şuşanın məkan olaraq Buzovnadakı fəhlə yataqxanasına köçürülməsi… Bu, metamarfoz deyil, şuşalıların yaşadığı taledir.
Buradakı gənclər Şuşanı görməyiblər, onu xatırlamırlar. Amma ora qayıdacaqlarına inanırlar. Bir-birlərini burda deyil, Şuşada sevmək istəyirlər.
Yataqxananın eyvanından oğrun-oğrun Əbülfətə baxan Cəmilə bir gün ona məktub yazır: “Əbülfət… Əbülfət… Əbülfət… Mən ürəyimdə səninlə əl-ələ tutub dəniz qırağında gəzirəm, Əbülfət… Mən istəyirəm, biz Şuşada bir yerdə gəzək, amma Şuşanı yadıma gətirə bilmirəm, Əbülfət… Amma istəyirəm, orada əl-ələ gəzək”.
Bunu “Bayraqdar”da Cümünün qızı Cəmilə Bayraqdarın oğlu Əbülfətə deyir. Vaxtilə Şuşadakı məhəllələrində Cəmilənin anası Sona da Qızıldiş Cümşüdə – Cümüyə eləcə oğrun-oğrun baxmışdı…
“Qarabağ şikəstəsi”ndə isə belə bir epizod var: dənizin sahili, Buzovna ilə Zuğulbanın arasındakı qayalıq tamam kimsəsiz, bomboş olan vaxtların birində Cümü həyat yoldaşı Sonanı “motoroller”in kuzovuna mindirib qayalığa aparır. “O qayalıqda Sonanın solub rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə bu vaxt… bir ağsaqqal kişi – kənd sakini düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtayıb:
– Alə, – dedi, – it döyülsüz siz!.. Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!.. Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb “motoroller”ə tərəf qaçdı və kuzova minib hönkürə-hönkürə çığırdı: – Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!..”
İndi həmin Cümü ilə Sonanın qızı Bayraqdarın oğlu, gənc futbolçu, hamının “Eysebio” deyə çağırdığı və sevdiyi Əbülfətə vurulub və yuxarıdakı məktubu da ona yazıb. Elçin Şuşanın pərdəarxası, qaçqın taleyi yaşayan günlərini müdhiş və faciəli hadisələrlə davam etdirir. İndi də Sonanın qızı Cəmilənin sevdiyi, əl-ələ tutub Şuşada gəzmək istədiyi Əbülfət dünyasını dəyişib. Özü də necə: “Həyətdə futbol başladı, adamlar yavaş-yavaş yığışdı və zərbələrin birindən sonra top qazanxananın damına düşdü. Əbülfət özü qaçıb bir göz qırpımında tut ağacı ilə yuxarı dırmaşdı – elə bil, o baxışların altında hər şeyi özü eləmək istəyirdi – qazanxananın damına atıldı və diyirlənib damın küncündə dayanmış topu götürmək istəyəndə, ayağının altındakı daş qopdu və Əbülfət o daşla bir yerdə qazanxananın damından yerə yıxıldı. Əbülfət uzuqoylu o bayrağın üstünə düşdü. Bayrağın dəstəyinin ucundakı zubul Əbülfətin sinəsini deşib düz ürəyinə girmişdi…”
Bu həmin bayraq idi ki, Şuşa işğal edildiyi gün – “1992-ci il mayın 8-də Surxay bir əli ilə üçrəngli bayrağı tutmuşdu, o biri əli ilə də Əbülfəti sinəsinə sıxmışdı və həmin vaxt çönüb Şuşa qalasının divarlarına baxanda, bütün bu qaçaqaç dəhşəti içində, elə bil, göydən birdən-birə Bayraqdara bir vəhy gəldi və o dedi: – Bu bayraq ki, Şuşada elə… elə dalğalandı, yenə qayıdacaq Şuşaya!”
İndi Əbülfət Buzovnada fəhlə yataqxanasındakı qazanxananın damından həmin bayrağın üstünə yıxılıb ölmüşdü.
(Anarın “Otel otağı”nda can verən şuşalı Kərim müəllim də son nəfəsində yeganə qızının taleyini və Şuşanı düşünmüşdü).
Arzuları çiçəklənmədən solmuş gənc şuşalı Əbülfətin (Əbilinin – Eyseybiyonun) hüzüründə verilən ehsanda Şuşa bu şəkildə assosiasiya edir: “Kamança Tanrıverdiylə Cümünün qabağına qoyulan qara boşqabında şabalıdın, albuxaranın, yağlı ət tikələrinin arasında sümüyü qırılmamış bütöv bir maça da var idi və o bütöv maça ətinə baxanda, qəribədir, birdən-birə, bir-birindən xəbərsiz, ikisinin də – Cümünün də, Kamança Tanrıverdinin də yadına Şuşa düşdü. Niyə belə oldu? Bunun səbəbini, yəqin nə Kamança Tanrıverdi bilirdi, nə də Cümü, amma olanı bu idi ki, birdən-birə, həyatlarının indi əlçatmaz, ünyetməz bir uzaqlığında qalmış məqamlarında Şuşa bulaqlarının başında – İsa bulağında, Turşsuda, Səkili bulaqda, Daşaltıda qurduqları, yeyib-içdikləri məclislərin ab-havası onların ikisinin də içindən ötüb keçdi”.
Burda Şuşa mühiti belədir. “Bayraqdar”ın magiyası mühitin özünü Buzovnadakı fəhlə yataqxanasını qapsayıb. Yataqxanada məskunlaşmış şuşalılar hüzür yerində ehsan boşqabında maça görəndə lal-dinməz, Şuşa bulaqlarının başında qurduqları səfalı məclisləri xatırlayırlar. Bu, həm də nostalji deyil. Çaşıb qalmış insanların, faciələr girdabında heyrətdən əlləri yanlarına düşmüş şuşalıların həyatıdır. Onların zamanı donub. Onların zamanı Şuşada qalıb. Şuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsində. “Cümü ömrü boyu Şuşanın Ağadədəli məhəlləsində yaşamışdı, çünki erməni gəlib Şuşanı alandan sonra ki, qaçdılar, qaçqın olub gəlib burada, Buzovnadakı bu fəhlə yataqxanasında məskunlaşdılar, aradan keçən bu on ildəki həyat Cümünün ömrü deyildi, bu, başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür Şuşada, o Ağadədəli məhəlləsində qaldı”.
Bu əsərlərdə demək olar ki, erməni obrazı yoxdur, varsa da, epizodikdir. Uzun illər Azərbaycan Yazıçılar İttifaqından aldığı maaşla Azərbaycan yazıçılarının Şuşadakı dördmərtəbəli Yaradıcılıq Evinin, həm komendantı, həm təsərrüfat müdiri, həm gözətçisi işləyən, həm də Yaradıcılıq Evinin həyətində əkdiyi kartofun qazancı ilə ailəsini dolandıran Arsen Allahverdiyan və onun iki oğlu – Vova və Arkadi…. vəssalam. Bunların da əsərdə iştirakı epizodikdir, qaranlıq deyil, yəni dediyimiz qədərdir. Erməni obrazlarının yaxından iştirakı olmadan da ermənilərin törətdiyi vəhşiliyin miqyasını anlatmaq üçün Elçinin bu iki əsəri müxtəlif ədəbi-estetik rakurslara yönəlmədən həyatın dibini təsvir edir. Sanki Veyl quyusunu təsvir edir. Bu adamlar cənnətdən “cəhənnəmə” düşüblər. Buzovnadakı fəhlə yataqxanası Qafqaza mədəniyyət dərsi keçən böyük bir elin tale sığınacağına çevrilib. Cıdır düzündə böcəkləri də ətir saçan Şuşadan gəlmiş bu adamlar indi qaldıqları yataqxananın hər iki tərəfindəki ayaqyoluna hər gün xlor tökməsələr, üfunət dünyanı bürüyər.
Elçin böyük bir yazıçı kimi şuşalıların qaçqınlıq taleyini yazır. O talelərlə üz-üzə qalanda, baş verən fəlakətin miqyası sövq-təbii erməniyə qarşı amansız bir nifrət doğurur. Elçin düşmənə küfr etməyib, heç kəsi qınamayıb, amma şuşalıların başına gətirilmiş müsibətin bədii-tarixi sənədini öz etibarlı və parlaq imzası ilə möhürləyib…
Burada xatirələr də yaralıdır.
Elçinin “Bayraqdar” və “Qarabağ şikəstəsi” povestləri Şuşasız qalmış şuşalıların portretidir. Bu portretdə Şuşanın təbii panoramı deyil, şuşalıların faciələri əks olunub.
Burda “Qarabağ şikəstəsi” ucadan səslənmir. Qeybin sədası kimi, ya o dünyadan gəlir, ya yuxuların içindən keçir: Son vaxtlar Cümü sübh tezdən hansısa bir səsə – əslində bu səs də deyildi, nəsə avaza oxşayan bir şey idi – yuxudan oyanırdı və heç cürə başa düşə bilmirdi ki, bu nə səsdi? …Bir sübhçağı Cümü yenə bu avaza yuxudan oyanıb yerindən qalxdı, otaqdan çıxıb aralığın axırındakı tualetə getdi və əlüzyuyanın üst tərəfindən asılmış paslı dəmir çərçivəli, köhnə güzgüdə özünə baxa-baxa birdən başa düşdü ki, onu yuxudan oyadan o avaz Malıbəyli Köhnə Qaval İsgəndərin onların toyunda oxuduğu o “Qarabağ şikəstəsi” idi, amma İsgəndərin səsi bu dünyadan yox, o biri dünyadan gəlirdi və elə bil o “Qarabağ şikəstəsi” də illərdən bəri köhnə paltarlarla bir yerdə sandıqda pərçim olub qalmışdı, naftalin əriyib qurtarmışdı və güvə o köhnə paltarlar kimi, “Qarabağ şikəstəsi”ni də yeyib adda-budda dəlik-deşik etmişdi”. Malıbəyli Köhnə Qaval İsgəndər bu dünyada oxuya bilməzdi. Hər şey keçmişlərdə qalmışdı və Şuşadan çıxarıldıqları gün Köhnə Qaval İsgəndər əlində qavalı tələf olmuşdu: “Şuşadan qaçaqaç düşəndə erməniyə kömək eləyən rus əsgərinin “Kalaşnikov”u Malıbəyli Köhnə Qaval İsgəndəri ortasından biçmişdi və o qaçaqaçda onun yanında olan Məmməd kişi (Gözlə-Gəlirəm Məmməd) sonralar danışırdı ki, Malıbəyli Köhnə Qaval İsgəndərin bədəni ortadan ikiyə bölünmüşdü, qurşaqdan yuxarısı bir tərəfdə idi, aşağısı o biri tərəfdə və həmişəki göy çexollu qaval da eləcə əlində qalmışdı”.
Bu “Qarabağ şikəstəsi” çoxdan bir musiqi olmaqdan çıxmışdı. O artıq Cümü üçün xeyli vaxtdı ki, musiqi deyildi, ya qeybin rayihəsiydi, ya da qatarların dəmir çarxlarının səsinə qarışıb alın yazısına çevrilmişdi: “Onda Cümüyə elə gəlirdi ki, o dəmir çarxların səsinin sədasını Şuşa dağlarından gələn bir “Qarabağ şikəstəsi” müşayiət edir və o şikəstə müşayiətli tuqqa-tuk Cümünü… başqa bir dünyaya aparırdı”.
Burda xatirələr də yaralıdır. Elçinin bu iki əsərində Şuşa həsrəti hamını dəliyə döndərib. “- Bura bax, – dedi, – adam dəli olanda özü bilmir ki, dəli olub? Hı? – Sonra, nəhayət ki, Cümünün adını yadına salıb: – Elədi, Cümü? – soruşdu. Cümü əvvəlcə elə bildi ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm Məmməd) ona söz atır, amma qocanın uzaqlara zillənmiş və rəngi tamam solub-itmiş gözlərinə baxanda başa düşdü ki, Məmməd kişi (Məmməd dayı, Gözlə-Gəlirəm Məmməd) özündən nigarandı…” Şuşa qaçqınları Avropadan gələn komissiyalardan humanitar yardım istəmirdilər. Şuşanı istəyirdilər. Gözlə-Gəlirəm Məmmədin xanımı Sürəyya xala məmurların: “Xaricdən gələnlərlə nəzakətli olun” xahişini də bir tərəfə tullayıb” Avropa Ali Komissarlığının qaçqınlar üzrə nümayəndəsi İzabelə “- Bura bax, – dedi. – Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım deyil! Onu da aparın, ermənilərə verin! Bizə heç nə lazım deyil! A tövbə! Bizə Şuşanı qaytarın! – Sonra üzünü tərcüməçi qıza tutdu: – Az, tərcümə elə! Nətər deyirəm, elə də tərcümə elə! – Və tərcüməçi qız onun sözlərini tərcümə etməyə başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən gələn növbəti qonağa tamaşa edən Qalibin – Cümü ilə Sonanın oğlunun – qolundan yapışıb irəli çəkdi. – Bax, bu, Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu yataqxanadı! Yataqxana adamın vətəni olar? Yataqxana adamın torpağı olar? – Sonra da aralığın açıq pəncərəsindən əlini uzadıb zeytun ağacının altındakı skamyada oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı qışqırdı… – Odur, bax, – dedi, – mənim kişim on ildi orda oturub öz-özü ilə danışır! Nər kimi kişi idi! Top atsaydın, yıxılmazdı! Və daha da bərkdən qışqırdı: – Şuşanı qaytar bizə! Şuşanı!.. Şuşanı!.. Məmməd kişi arvadının səsini eşidib zeytun ağacının altından soruşdu: – Nolub Şuşaya? Sürəyya xala: – Heç nə olmayıb Şuşaya! – dedi və özünü saxlaya bilməyib, hönkürə-hönkürə qonaqlardan ayrılıb yaşadıqları otağa girdi”.
“Bayraqdar” əsərində Buzovnada fəhlə yataqxanasına sığınmış şuşalıların heç birinin evində toy-düyün olmur. Hər halda, belə bir epizod əsərdə yoxdur. Amma bir-birinin ardıyca dünyasını dəyişən insanlar var. Şuşalılar üçün salınmış qəbiristanda dəfn olunanları yataqxana əhli bir-bir sayır. Gözlə-Gəlirəm Məmməd dünyasını dəyişən 16-cı şuşalıydı. “Cümü fikirləşdi ki, görəsən, burada, bu yataqxanada Allah dərgahına gedən 17-ci şuşalı kim olacaq? Və elə o dəmdə də Cümünün ürəyindən keçdi ki, Allah eləyəydi, o 17-ci şuşalı elə o özü olaydı…”
Söhbət rəqəmlərin simvolikasından getmir. Çünki burda rəqəmlərin simvolikası da yoxdur. Amma 1937-ci il repressiyası zamanı müttəhimləri nömrələyirdilər. Əsərdəki bu nüans həmin prosesi xatırladır. Buzovnadakı fəhlə yataqxanasına sığınmış Şuşa sakinləri sıralarından gedənləri, dünyasını dəyişənləri nömrələyir. 16-cı adam Gözlə-Gəlirəm Məmməd oldu. 17-ci gənc Əbülfət oldu. Əbülfətin bir azdan 17 yaşı tamam olacaqdı.
“Bayraqdar” əsərinin gizlinləri də çoxdur. Elçin məna ötrüyündən yetərincə yararlanır. Amma yüz ildən sonra da bu əsəri oxuyanlar onun son səhifəsinin Əbülfətin yas yerindəki ehsan süfrəsində yekunlaşdığını görəcəklər: “Təkcə Vasili Kuzmiç öz taleyindən razı halda həmin qoyun maçasının ətini ləzzətlə yeyib qurtarmaq üzrə idi və onun dünyanın hər üzünü görmüş göy gözləri indi də qara boşqabında təzə bir ət tikəsi axtarırdı…”
Elçin öz doğma şuşalılarını (şuşalı qaçqınları) öz doğma yazıçı məkanına – bir Abşeron kəndinə köçürməklə yazıçı təfəkkürünün tamam fərqli və yeni bir aspektini ortaya qoyur. Buzovnalı Bolşevik Bufetçi İbadulla ilə şuşalı Cümü (Qızıldiş Cümşüd), yaxud Avtobus Ağadadaş kontrast yaratmırlar. Dəyişən zəmanədir…
İşğal dövründə 1992-ci ilin 8 mayından 2020-ci ilin 8 noyabrına qədər şuşalıların tale dramını, vətən faciəsini bu iki əsər qədər dərindən təqdim edən başqa əsər yoxdur. “Qarabağ şikəstəsi” də, “Bayraqdar” da əsilzadələr yurdu olan Şuşanın 28 il davam edən qara günlərinin yazısıdır.