Gürcüstan Orta Dəhliz məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir
Kamal Salayev
AMEA Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
012 5020148; 055 9016455
Gürcüstan Orta Dəhliz məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir
Cənubi Qafqazda regionunda Ermənistanın sülh danışıqlarındanboyun qaçırmasından fərqli olaraq Azərbaycan Ermənistanla olan münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə fəal şəkildə diplomatik addımlar atır. Azərbaycana dost və qardaş olan ölkələr, bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu baxımdan misal olaraq, müharibə zamanı işğal altında olan torpaqların azad olunmasında Azərbaycana böyük köməyi və mənəvi dəstəyi olmuş Türkiyəni, eləcə də Pakistanı göstərmək olar.
Qeyd etmək lazmdır ki, bu gün Gürcüstan da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin vacibliyini vurğulayır. Bu baxımdan Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Yekaterina Metreveli “Report” informasiya agentliyinə verdiyi açıqlaması zamanı fikrini bu şəkildə ifadə edib:“Azərbaycan Gürcüstanın etibarlı tərəfdaşıdır. Orta Dəhliz çərçivəsində sıx əməkdaşlıq həm Azərbaycan, həm də Gürcüstan üçün faydalıdır”. Y.Metrevelinin belə bir qənaəti Gürcüstanla Azərbaycanın arasında fəal əməkdaşlığın olmasını bir daha təsdiq edir. Bundan əlavə, Y.Metreveli, Azərbaycanla Ermənistanın münasibətlərinin tez bir vaxtda normallaşmasına ümidvar olduğunu bildirib: “Sülh və təhlükəsiz regiona alternativ yoxdur. Biz hər birimiz bunda maraqlıyıq. Ümid edirəm ki, tezliklə danışıqlar həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan sülh müqaviləsinin imzalanması ilə uğurla başa çatacaq” [1].
Qeyd etmək lazımdır ki, türk dövlətlərinin əməkdaşlığı Orta Dəhliz layihəsinə öz töhfəsini verəcəkdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır [2].Bu gün şərq-qərb dəhlizinin istifadəyə verilməsi yeni nəqliyyat imkanlarına, beynəlxalq yükdaşımaların genişlənməsinə şərait yarada bilər. Ermənistanın təxribat xarakterli fəaliyyəti, qeyri-sabit mövqeyi və geosiyasi nizamının olmaması sülh prosesini və qarşılıqlı əməkdaşlığı ləngidən başlıca amildir. Reallıq ondan ibarətdir ki, Ermənistan Cənubi Qafqazda heç bir üstünlüyə malik deyildir. Dalandan çıxa bilməyən Ermənistandan hər hansı nəqliyyat yolunun keçməməsi, Ermənistanın daxilində hələ də köhnəlik qalığı hesab olunan nəqliyyat şəbəkələrinin olmasını təsdiq edir. Ermənistanın yenidən Qarabağla əlaqədar danışıqlar aparmaq cəhdi də heç bir nəticə verməyəcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir [2]. Qeyd edək ki, Ermənistanın köhnə taktikası artıq ona fayda vermir, belə bir halda isə onun üçün tək çıxış yolu sülh müqaviləsini imzalamaqdır.
Qeyd edək ki, noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti öz işini yekunlaşdırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan həmin iclasda “Ermənistana yardım göstərmək haqqında” sənədləri imzalamağa hazır olmadığını qeyd edib. N.Paşinyan, İrəvanın sözügedən təşkilatdan “Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini” gözlədiyini, lakin bunun səslənmədiyini bildirib[3].N.Paşinyan çıxışı zamanı Azərbaycanı təcavüzkar kimi qələmə verməyə cəhd edərək, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib. N.Paşinyan həmçinin, “Azərbaycanın Ermənistana qarşı təcavüzü”nə dair heç bir qərarın qəbul olunmasına nail ola bilmədiyini etiraf edib. Görünən reallıq ondan ibarətdir ki, N.Paşinyanın Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlərinə, əsassız ittihamlarına baxmayaraq, bu gün onun Azərbaycana qarşı həyata keçirməyə çalışdığı məkrli niyyəti rəsmi sənədlərdə öz əksini tapmır, rəsmiləşdirilmir. Ermənistanın havadarları istisna olmaqla beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə davam edir.
Onu da qeyd edək ki, Frankofoniya təşkilatına üzv olan Ermənistanın Azərbaycana qarşı planlaşdırılmış təxribatına havadarlıq edən məhz Fransadır. Məlum məsələdir ki, sözügedən təşkilatdan sui-istifadə edən erməni təxribatçıları öz mənafeləri naminə Azərbaycanın əleyhinə fəaliyyət göstərərək anti-Azərbaycan tezislərini dövriyyəyə buraxırlar. Lakin bu cür tezislər dezinformasiya xarakterli olduğuna görə heç bir yerdə öz təsdiqini tapmır, qəbul olunmur. Azərbaycanın bu gün beynəlxalq təşkilatlardakı nüfuzu, eləcə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə yeritdiyi müdrik siyasət təqdirə layiq hesab olunur və yüksək səviyyədə qiymətləndirilir. Bu baxımdan, Azərbaycanın xarici siyasət konsepsiyasında, qonşu ölkələrlə münasibətlərində dostluq və əməkdaşlıq prinisiplərinə üstünlük verməsi Azərbaycana belnəlxalq arenada böyük hörmət qazandırmışdır.
İstifadə olunmuş mənbələr:
- Метревели: Сотрудничество в рамках Среднего коридора выгодно и Азербайджану, и Грузии /25.11.2022/ https://report.az/ru/vneshnyaya-politika/metreveli-sotrudnichestvo-v-ramkah-srednego-koridora-vygodno-i-azerbajdzhanu-i-gruzii/
- Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib /25.11.2022/ https://azertag.az/xeber/Bakida_Orta_Dehliz_boyunca_geosiyaset_tehlukesizlik_ve_iqtisadiyyat_movzusunda_beynelxalq_konfrans_kechirilib__Prezident_Ilham_Aliyev_konfransda_istirak_edib__YENILANIB_6_VIDEO-2385289
Paşinyan KTMT-nin “Ermənistana yardımla bağlı” sənədini imzalamayıb /23.11.2022/ https://www.bbc.com/azeri/region-63730511