Malik Atilay Şeerleri
Nazım Ahmedli
Kırımınsesigazetesi Azerbaycan Temsilcisi
Malik Atilay
Ümidsiz şəhərin küləyi
Tərsinə çevrilmiş tısbağa kimi
Ümidsiz şəhərdir Bakı
Xəzri
Köhnə darvazatək silkələyir şəhəri
Uzaq ellərdən vacib xəbər gətirən qasid kimi
Burda
Ümidin bir azını sabaha saxlayırıq
Axşamdan bişən yemək kimi
Burda
İntihar etmiş adamın
Sahildə soyunduğu çəkmələrdir zaman.
Suya düşmüş xəyalların paradı
Başucundakı divara cızıq ataraq
Çəkəcəyi cəzanın hesabını tutan dustaq kimi
Ürəyində suya düşmüş xəyalların paradı var
İlk cızıq atandan yadigardı ürəyində
Səni necə tərk etmişdi xatırlayırsan?
Gələcəyim demişdi
O gün gözləyə-gözləyə öyrənmişdin
Həyatın ağzından tikə kimi torpağa düşən
heç kəs geri gəlmir
Ananı itirdiyin gecə
Heç xəbərin olmamışdı yan otaqda
Bir yuxudan daha dərin yuxuya adlayan qadından
O gündən sayı-hesabı yox
ömrünə qar kimi enən ağrıların, dərdlərin
O gündən ürəyin mil-mil şagird dəftəri…
Deyirdi, Abbas kişi
Həyatı əzab içində keçən insanın
ölümü gözəl olmalıdı
İki dünyadan heç olmasa birində
Ədalət olduğuna inanırdı Abbas kişi
Deyirdi, öldüyün zaman
Ən çox qarışqalar və uşaqlar yeməlidir
ehsanını
Deyirdi, Qurban olduğum Allah
bilir hər işi
Ölümündən bir gün qabaq
Dəli olmuşdu Abbas kişi
Gəmilər fit verir yuxularımda
Tərk edilib, suyun dibinə batmış
Gəmilər fit verir yuxularımda
Əlsiz-ayaqsız düşmənim
Dili lal, gözləri kor dünənim
Hücum çəkir üstümə qoşun-qoşun
Qarsız amma qaranlıq bir gecəsiydi qışın
Dörd dost idik
Qaranlığa yelləncək qurub
Söyüşlü şeirlər oxuyurduq
Qaranlığı qan qırmızısı
şəraba boyamaq istəyərək
Dənizə qarşı.
Yaşamağa çalışırdıq uduzub-udub
Üstündən illər keçib həmin gecənin
Mən burdayam,
Xoşbəxtəm evimdə,
Xoşbəxtəm hər səhər gözümü açanda
sevdiyim qadını gördüyüm üçün,
Dünənki Malik ölüb,
Sabahkı Malik tərk edib bizi,
Bircə söyüşlü şeirlər oxuyan Malik qalıb
Hələ də
O qaranlıq gecədə…
Dodaqaltı şeirlər pıçıldayır…
Asi bir rüzgar
Həmişə olduğuntək qal
Dəyişmə,
Hər zaman
Azadlıq nəğmələri kimi
Bir az asi,
Bir az çılğın qal, qadınım,
Dəyişmə…
Dəyişdirməsin
Kor yolçu kimi asta dönən dünya səni.
Dünyada nəğməsi yarıda kəsilmiş
Bu qədər sevgi varkən,
Elə ilk gündən sonacan
Asi bir rüzgar kimi qal,
Qır çürük budaqlarını ömrünün
Rüzgar kimi qal,
Ən asi nəğmələri bəstələ
Ruhumda əsərkən…
Divar saatı
Hər tik-takında
Bir xatirə yatan divar saatını,
Xatirələri oyatmaqdan qorxurmuşcasına
Usulca götürdü divardan.
Həyatın hər anına
Şahidlik edən divar saatının
Yazdığı cümləyə nöqtə qoydu,
Kəllə sümüyünü deşib-çıxan gülləylə.
Yalnız adamlar
Bir yerdən sonra əşyalarına çevrilirlər,
Məsələn, ürəyi əsir yalnızların
Birdən ürək döyüntüsü,
Divar saatının tik-takından ayrı döyünər.
Kədərli uşaqlar
Bəlkə də oyuncaqçı,
Əli yetməyən oyuncaqlarda
Gözü qalan uşaqların,
Kədərli baxışlarını,
Silirdi vitrindən…
Mən qar yağmasın deyə, dualar edən
Uşaqlar gördüm,
Allah,
Mən
Və o uşaqların cırıq çəkmələri şahiddir
O gecələrə.
Min-bir gecə nağılı
Ulduzların əvəzinə
Səmalarında mərmilərin parıldadığı yerdəsən…
Min-bir gecə nağılındasan
Şərqdəsən, Əhməd…
Yerdə süfrə salınıb,
Atan, anan,
Bir də əllərini illər əvvəl itirmiş
əmin oturub süfrənin qırağında
Etdiyiniz dua yarıda kəsilir
Göydən bərəkət yerinə
Bomba düşür evinizin damına
Güllələrlə taleyin yazılır evinin divarlarına,
Və o divarlar sevdiyin yeməyin içinə,
Doğranır çörək əvəzi
Gözlərini açanda
Xəstəxana tavanını görürsən
Əminlə sənin ömrünə nöqtə qoya bilməyib güllələr
Ancaq
İkinizin də əlləri yoxdu artıq
Bir-birinizin kürəyinə vurub
“Möhkəm ol” deməyə…
Buludların o yanı və bu yanı
Buludlardan o yanda
Günəşi keçən kimi
Ulduzların solunda
Xəyallardan şəhər var
Binalarının içindən ağaclar böyüyür
Küçələri çiçəkləri ovudur sinəsində
Adamları üzlərində təbəssüm
Gözlərində günəşin işıqlarını gəzdirir
Buludlardan bu yanda
Günəşi heç görməmiş
Ulduzlara çatmadan
Bir şəhər var burada
Binaları kəsilmiş ağaclarçun başdaşıdı
Küçələr çiçəkləri sürgün edib dükanlara
Adamları üzlərində həsrət
Gözlərində qaranlıqla döyüşən sonuncu şam kimi gücsüz ümid gəzdirir…
Taleyinə uduzmuş qadınlar
Uşaq evi
Gözlərində qorxu böyüdən uşaqların
Qulaqlarından
Qadağalar sırğatək asılıb
Tərli pəncərədə “ana” yazılıb…
Qadınlar
Sıraya düzülmüş
Yolların kənarında
Dan yeri sökülür
Günəş yaşlı müəllim kimi
Asta-asta qalxır göyün pilləkənlərini
Taleyinə uduzmuş qadınlar evlərinə dönür
Yarıyuxulu körpələrin gözləri
Güllə kimi açılır onların üstünə
İlk eşitdikləri söz ana…
Qocalar evi
Əzilmiş vərəqə bənzəyən üzlərdəki
Umudsuz, çarəsiz təbəssüm
Altını bulayan qadın buğlanan gözləriylə görür ölümü
Və yuxusunda hər səhər eşitdiyi
“ana” sözünə qarışır
Söyüşləri sanitarın…
Rəsm albomları
Yay-qış bacası tüstülənən,
Evlər qaldı
Rəsm albomlarında,
O kiçik evlərdə ilk sevgimiz,
O kiçik evlərdə ilk qorxumuz…
Biz qaldıq,
Gülüşümüz qaldı rəsm albomlarında,
Təbəssüm elə bil yeməyin yağı idi,
Sildik dodaqlarımızdan böyüdükcə…
Dodaqların toz tutub
Gecənin qaranlığını yumaq istəyir yağış
Dünyanın işıqları sönüb,
Ovcunda içini çəkə-çəkə yanan siqaretin
gücü çatmır qaranlığa.
Nabələdsən bu şəhərin küçələrinə
Yadsan bu şəhərin qaranlığına
Büdrəyirsən hər addımda.
Sərxoşluğun heç kimə tanış olmayan dildə
danışır yalnızlıqla,
Bir kimsənin anlaya bilmədiyi dildə susmusan…
Uşaqlıqda evinizdəki köhnə xalçanın
saçaqlarıyla oynayarkən
Necə sakit olurdunsa eləcə kirimisən
Dodaqlarını toz tutub,
Susmusan…
Yoxluğun himni
Hardasa çox uzaqda
Görməsəm də bilirəm
tərli güzgüyə baxıb kimsə şeir oxuyur,
Bir də balaca uşaq yatmamaqçun ağlayır,
Anasının saçlarını yaylıq kimi tutub əlində.
Əl-ayaq kəsilir həyətdən
Analarından qabaq,
Uşaqları evə səsləyir isti yeməyin qoxusu
Bir azca da uzaqda kimsəsiz qoca qalır,
İllərdir evinin tavanında gəzir itirdiyi yuxusunu
Hardasa çox uzaqda, görməsəm də bilirəm
Yoxluğun himnini bəstələyir saatın əqrəbləri.
Rus gitarası
Külək budaqlara sığınan zaman
Qərib – qərib gəzən sərsəri şaxta
Bir yetim canında qızınan zaman
Sən evdə əllərin başının altda,
İsti yatağında yuxulayırsan…
Çox-çox uzaqlarda, bir uşaq öldü
O körpə öləndən kimsəsiz qalıb
Oyuncaq meymunla şəkilli fincan…
Şəhərin qaranlıq bir küçəsində
Tələbə soyuldu,
Cibindən çıxan
Üç manat on qəpik bir də metrokart…
Yatmışdın, xəbərin olmadı sənin
Bu soyuq gecəni səhərə kimi
Ovutmaq istədi rus gitarası.
Bəlkə…
Bəlkə artıq şəhəriniz olar yaşamağa,
Küçələrində rəqs edib,
Ləpədöyənində yalnızlığı döyəcəyimiz bir şəhər…
Bəlkə artıq küçəniz olar
Divarlarına güllər çəkilmiş,
Binaları arzularımız kimi
Üstümüzə uçmayacaq bir küçə…
Bəlkə artıq ümidiniz olar
Dərsi bilməyən uşağın
Qorxu sarmış ürəyinin küncündəki
Kiçik bir ümid boyda
Xırda lap xırda…
Bəlkə artıq səhəriniz olar
Qayğısız,
Uşaqların səsində itib-batan
Dodağı təbəssümə bulaşmış bir səhər…
Bəlkə artıq azadlığınız olar yaşamağa.