Xuraman Hüseyn
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Xuraman Hüseyn
Ağ sap
İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını…
Sonra mənə hədiyyə etdiyin kitabların tozu
və
saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını…
Ürəyim sənindi
bilirəm
saçlarım
gözlərim
ruhum…
Amma daha çox əllərim sənin olsun istəyirəm…
Saçını tumarlayar
süfrə bəzəyər sənə
əllərim…
Bir də
qara köynəyinə
qara,
ağ köynəyinə ağ sapla tikər düymələri…
Əllərin
Hər dəfə
əllərin toxunduqca yanaqlarıma
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən
***
təbəssümün düşməni kədər imiş-
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən
günəş doğsa qəlbində…
***
Gülə bilsən
silahın qəhqəhələr olsa
əliyalın düşmən kimi geri çəkilər
kədər
***
gülüşüm gözlərimə qayıtdı
qaranquş öz yuvasına qayıdan kimi
əllərin unutsun göz yaşımı
sərçələr qürbət elləri unudan kimi…
Başqa nə deyim ki?
Küçəmiz darıxdı
sənin ayaq izlərindən ötrü
otları uzanan küçəmizdə,
mamırları çoxalan küçəmizdə
təkcə
bir cüt ayaq izi azaldı
sən gedəndən
***
qara it hürməyi tərgitdi
xallı pişik adamlara yovuşmağı
çiçəkləri darıxıb-darıxıb soldu
biz ayrılandan
***
telefonumu toz əsir alıb
küçəmizi alaq
ürəyimi tənhalıq
ruhumu sükut
Başqa nə deyim ki,
geriyə dönəsən?..
Yağış gecikən kimi…
Bir-birimizə gecikdik
yarpaqları saralan
budaqları quruyan ağaca
yağış gecikən kimi…
Göy üzü bir az tez tutulaydı
buludlar gecikməyəydi
mehriban olmağa…
Birimiz tez çıxaydıq evdən
birimiz gecikəydik
təsadüfən rastlaşaydıq
qağayıya dönəydik
görüşəydik dəniz yurdumuzda
zaman bu zaman olmazdı
illər də bu illər
nə sən ruhuna xəyanət edəydin
nə də mən
sevəydik bir-birimizi
qağayılar dənizi
dəniz qağayıları sevən kimi…
Gedəcəyəm buralardan…
uzaqlara qonaq gedəcəyəm-
qonaqpərvər uzaqlara…
Unutmaq üçün deyil,unudulmaq üçün.
Uzaqlar qarşılayacaq məni
səndən daha yaxın olacaq üfüq xətti
tənha ağac
boz səhra
sən olmayan yerdə
xəyalların
arzularımı sevəcək
səndən daha mükəmməl…
Səndən daha yaxın
uzaqlar olacaq mənə…
Gedəcəyəm uzaqlara,
qonaqpərvər uzaqlara…