Genel

AZƏRBAYCAN XALQ MAHNILARINDA OBRAZLAR SİSTEMİ

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Rafiq Yusifoğlu

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair,

filologiya elmləri doktoru, professor

AZƏRBAYCAN XALQ MAHNILARINDA

OBRAZLAR SİSTEMİ

         Xalq mahnıları xalq mənəviyyatının aynasıdır. Burada xalqın ayrı-ayrı övladlarının arzu və istəkləri, hiss və həyəcanları, duyğu və düşüncələri öz əksini tapır. Məsələn, «Evləri var xana-xana» mahnısının lirik qəhrəmanı sevgilisinin onu «yanar oda salmasından» şikayətlənsə də, «Yalan sözdür yardan doymaq» qənaətinə gəlir. «Küçələrə su səpmişəm» mahnısının qəhrəmanı isə küçələrə ona görə su səpir ki, yar gələndə toz olmasın. «Elə gəlsin, elə getsin, Aralıqda söz olmasın» qənaəti isə daha dərin, incə mətləblərdən xəbər verir. Küçənin tozunu adi su ilə yatırmaq mümkündür. Ancaq əxlaqi meyarlara məhəl qoymamaq  arzu olunmaz söz-söhbətə, dedi-qoduya səbəb ola bilər.

         Bəzi mahnılarda bir-iki səciyyəvi cizgi ilə qəhrəmanın cazibədar bədii portreti yaradılır. Məsələn, «Sudan gələn sürməli qız» mahnısında gözləri sürməli, çiynində səhəng nazlana-nazlana gedən, özü su aparsa da, gözəlliyi, odlu baxışları ilə ürəkləri oda salan Azərbaycan gözəlinin bədii obrazı gözlərimiz önündə canlanır. Bu gözəllik onu heyranlıqla süzən digər bir qəhrəmanın – oğlanın da daxili dünyasını, zövqünü dəyərləndirmək meyarına çevrilir.

Kuzənə ipək düzərəm,

Eşqinlə çöllər gəzərəm.

Sənsiz mən necə dözərəm,

Ax, di dur gəl, amandır, ölləm,

Sevgilim, yamandır, ölləm.

         «Bu gələn yara bənzər» mahnısında «Qoşa xal var üzündə. Sallana-sallana telləri var, xırdaca-xırdaca əlləri var», «Ay bəri bax»da «Xumar gözdən yaş gəlir» misraları maraqlı portret cizgiləridir. «Qara gözün vəsməsi» mahnısında isə gözə çəkilən «vəsmə, sürmə» həm gözəlin zahiri görkəminə cazibədarlıq verən bir cizgi, həm də ona baxanda ağlı başından çıxan oğlanın həyəcanlarını ifadə etmək vasitəsidir. «Ay sallanıb gələn yar» mahnısında isə qızın «yerişi», «duruşu», «gülüşü», «incə beli», «qara teli» onun portretini tamamlayır.

         «Dara zülfün» mahnısında isə daranıb «gərdənə sarılan zülf», «gülgəz yanaqlar», «yağı gözlər», «kaman qaşlar» epitetləri portret cizgiləri kimi diqqəti cəlb edir. Bu mahnı səslənəndə istər-istəməz haqqında söhbət gedən, lirik qəhrəmanın ağlını başından alan qızın bədii obrazı göz önündə canlanır. «Almanı atdım xarala» mahnısında isə «tirmə köynək», «sarı çəfkən», «gül yanaq», «ağ buxaq» kimi portret cizgiləri lirik qəhrəmanın, sevgilisinin gözəlliyinə heyranlıqla baxan oğlanın «özü göyçək, sözü göyçək» qənaəti ilə daha da dolğunlaşır. «Yeri, dam üstə yeri» mahnısında da gözəlin bədii portreti incə cizgilərlə əks olunmuşdur:

Getdim gördüm yar otaqda,

Qoşa-qoşa xal yanaqda.

Busə yeri var buxaqda,

Al yanaqda, bal dodaqda.

Zərxaradan arxalıq,

Əşrəfidən yaxalıq.

Bir busə ver cüt xaldan,

Dadına yetsin xalıq.

         Azərbaycan xalq mahnılarının lirik qəhrəmanı öz sevgilisini «gözünün nuru», «cənnətdə huri» («Gözəlim sənsən»), «ləbləri qaymaq» («Evləri var xana-xana»),  Azərbaycan maralı («Azərbaycan maralı»), «dəli ceyran» («Dəli ceyran») və s. adlandırır. Bu mahnılarda dərin sevgi də var, həsrət də, həyəcan da var, qısqanclıq da. Ona görə Azərbaycan xalq mahnılarını dinləyəndə qəhrəmanların səciyyəvi cizgilərlə yarpadılmış portreti, eləcə də hiss-həyəcanlar vasitəsi ilə açılan daxili dünyası adamı heyran edir:

                            Sallanıban gələn dilbər,

                            Yaxan düymələ, düymələ!

                            Məni dərdə salan dilbər,

                            Yaxan düymələ, düymələ!

                            Köynəyinin gülü yaşıl,

                            Süsən sünbülə dolaşır.

                            Gözəllik sənə yaraşır,

                            Yaxan düymələ, düymələ!

                                Kərəm sənə nələr demiş,

                            O dil-dodağını yemiş.

                            Kətan köynək, bəndi gümüş –

                            Yaxan düymələ, düymələ!

         Burada həm cazibədar bir gözəlin mükəmməl bədii portreti yaradılmış, həm də onu dərin məhəbbətlə sevən, qısqanc bir aşiqin hiss və həyəcanları öz əksini tapmışdır.

         Xalq mahnılarında təkcə qadın yox, kişi portretləri də yaradılmışdır. Məsələn, «Bülbüllər oxur» mahnısının lirik qəhrəmanının ağlını başından alan boyu bəstə, «Altında boz at, çiynində tüfəng, əlində tatarı» olan bir gəncdir. Bu oğlan o qədər cazibədardır ki,  qız ona «Ay oğlan, səni tanrı, dolan gəl bizə sarı, Qalarsan, qadan allam, gedərsən yola sallam» deməkdən belə çəkinmir.

         «Gül oğlan» mahnısında portret cizgiləri daha konkretdir. «Özü bir gül», «sözü bir gül», «saçı sünbül» deyə təqdim olunan oğlanın başında çal papaq, əynində boz çuxa, çit arxalıq vardır:

                            Özü bir gül,

                            Sözü bir gül,

                            Saçı sünbül, gül oğlan!

                            Dur gəl, mən sənə qurban!

                            Ay çalpapaq,

                            Bozçuxa,

                            Çit arxalıq, gül oğlan!

                            Atını yan çək,

                            Top qarabirçək,

                            Hamıdan göyçək, gül oğlan!

         Burada təsvir olunan oğlanın bədii portretini ona məhəb­bətlə baxan qızın münasibəti, sevgisi daha da mükəm­məlləşdirir,  tamamlayır.

         Lirik qəhrəmanın daxili dünyasını əks etdirmək, psixoloji duruma aydınlıq gətirmək məqsədilə bəzən maraqlı bədii detallardan da istifadə olunur. Məsələn, «Alça gül açdı» mahnısındakı «qızıl üzük laxladı» misrası bu sevdanın baş tutmayacağını göstərən maraqlı bir detaldır və «evin kiçik qızının qoşulub qaçması» xəbəri ilə sonuclanır.

         Xalq mahnılarında bulaq, çeşmə mahnı qəhrəman­larının görüş yeridir. «Getdim gördüm bulaqdadır» mahnısındakı hadisələr də məhz bulaq başında cərəyan eləyir. Bulaq duruluq rəmzidir. Ancaq bəzən bu duruluq rəmzinin özü də lirik qəhrəmanın əhvalındakı bulanmanı təmizləyə bilmir. Ona görə ki, milli əxlaq barmağında özgənin üzüyünü gəzdirən adama ayrı gözlə baxmağı qadağan edir. Bu sevgidən elə bil ki, qan qoxusu gəlir:

                   Getdim gördüm bulaqdadır,

                   Əl-üzünü yumaqdadır,

                   Qızıl üzük barmaqdadır.

                   Bir belə can alan olmaz,

                   Bir belə qan salan olmaz…

         Məşhur «Sarı gəlin» mahnısında da belədir. Lirik qəhrəman dərin məhəbbətlə sarı gəlini sevsə də, aydınca dərk eləyir ki, bu sevda baş tutan deyil. Sevginin böyüklüyü ilə əlçatmazlığı arasındakı məsafə aşiqin daxili dünyasında təlatüm oyadır, onun ürəyini parçalayır:

               Saçın ucun hörməzlər,

               Neylim aman, aman,

               neylim aman, aman, sarı gəlin.

               Səni mənə verməzlər,

               Neylim aman, aman, sarı gəlin.

         Mahnının sonrakı bəndində səslənən «Bu dərənin uzunu, Çoban qaytar quzunu» ifadələri bu sevginin əlçatmaz­lığına işarədir. Dərənin uzunluğu məsafənin böyüklüyünü göstərmək vasitəsidir. Çobanın quzunu qaytarması asan bir işdir, ayrı bir ocağı nurlandıran gəlini isə öz yolundan döndərmək çətin məsələdir.

         Xalq mahnılarında vəfa, sədaqət  gözəlin, sevgilinin ən müsbət cəhəti kimi təqdir olunursa, vəfasızlıq, xəyanət incə eyhamlarla məzəmmət olunur. «Keçmə məndən» mahnısının qəhrəmanı «Dünyanı qız bürüsə, səndən əl götürmərəm»  – deyir. «Ey bivəfa yar»da vəfasızlıqdan şikayət qəhrəmanın daxili dünyasını açmaq vasitəsinə çevrilir:

                            Ey bivəfa yar, səni

                            Necə salım yada mən?

                            Çərxi-fələk qoymadı

                            Kam alam dünyada mən.

                            Ayrı düşdüm gülümdən,

                            Gülümdən, bülbülümdən.

                            Ey bivəfa, əlindən

                            Kimə gedim dada mən?

         «Keçmə məndən» mahnısının qəhrəmanı dərin məhəbbətlə sevdiyi, könül verdiyi insanın əsl dəyərini bildiyi üçün vəfalıdır. 

         «Ay qız, heyranın ollam» mahnısının lirik qəhrəmanı da sevgilisini əmin edir ki, heç nədən narahat olmasın, o öz eşqinə həmişə sadiq qalacaq:

                            Bənövşə deyiləm mən,

                            Yel vura, əyiləm mən!

                            Mənə bivəfa demə,

                            Ilqarsız deyiləm mən!

         «Ay bəri bax» mahnısının lirik qəhrəmanını ayrılıq qorxutduğu üçün xumar gözlərindən yaş gəlir. Sevgilisi isə ona tövsiyə eləyir ki, gedib yenə qayıdacaq, özgəyə bel bağlamasın:

                            Pəncərəni bağlama,

                            Ay bəri bax, bəri bax!

                            Mən gedirəm, ağlama,

                            Ay bəri bax, bəri bax!

                            Gedib yenə gələrəm,

                            Ay bəri bax, bəri bax!

                            Özgəyə bel bağlama,

                            Ay bəri bax, bəri bax!

         Azərbaycan xalq mahnılarının demək olar ki, hamısında mənəvi-əxlaqi problemlər ön plandadır. Onların əksəriyyətinin mərkəzində dərin, saf məhəbbətlə sevən, sevgi əzabları çəkən, hicran gecələrində göyüm-göyüm göynəyən, vüsal arzusuyla alışıb yanan lirik qəhrəmanın bədii obrazı dayanır. Bu insan çox həssasdır, kövrəkdir. Hər şey: ayın şəfəq saçması, ulduzların sayrışması, yağışın yağması, göyün üzünü buludun alması, küləyin əsməsi, yarpaqların titrəməsi, güllərin, çiçəklərin gözündə şəbnəmin bərq vurması, sevgilisinin oğrun baxışı, təbəssümü onu duyğulandırır, həyəcanlandırır. Lirik qəhrəman həyata, təbiətə, kainata sevgisinin gözü ilə baxır. Elə buna görə də xalq mahnılarını dinləyəndə adamın ürəyində xoş duyğular oyanır.

         Lirik qəhrəmanın sevgiyə, ailəyə, vətənə, təbiətə münasibətini əslində xalqın əsrlərdən bəri formalaşan mənəvi-əxlaqi meyarları tənzimləyir.

         Xalq mahnılarında dağ, daş, çay, dərya, yarpaq, gül, çiçək,  bülbül, durna və s. bədii obraz səviyyəsinə yüksəlir. Məsələn, məşhur «Apardı sellər Saranı» mahnısında «Arpa çayı», «sel» sevgililəri ayıran, onları bir-birləri ilə qovuşmağa qoymayan insanların simvolik obrazı kimi yadda qalır.

                            Arpa çayı aşdı-daşdı,

                            Sel Saranı aldı qaçdı.

                            Ala gözlü, qələm qaşlı…

                            Apardı sellər Saranı,

                            Bir alagözlü balanı.

         Fikrin metaforik vasitə ilə ifadəsi xalq mahnılarındakı adı çəkilən predmetləri bədii obraza çevirmək missiyasını yerinə yetirir.

         Xalq mahnılarımızda bəzən birbaşa sevgilinin özünə yox, onu təcəssüm etdirən ceyrana, marala, durnaya, kəkliyə, bülbülə  xitabən söz söylənilir. 

         Məsələn, «Ay dəli ceyran» mahnısına fikir verək:

                            Ay dəli ceyran,

                            Mən sənə heyran.

                            Çoxmu cəkəcək

                            Söylə bu hicran?

         O dəqiqə aydın olur ki, burada dəli ceyrandan yox, lirik qəhrəmanın sevdiyi insandan söhbət gedir. Qızın ceyran adlandırılmasında belə qəhərəmanın öz sevgilisinə münasibəti, ona olan sonsuz sevgisi, heyranlığı sətiraltı mənalarla ifadə edilir.

         «Azərbaycan maralı» mahnısında da lirik qəhrəmanı heyran edən maral yox, Azərbaycan gözəlidi. Bu gözəlin nazlana-nazlana bulaq üstünə gəlməsi, maral, cüyür oylağı olan Qırxqız yaylağında gəzməsi, Isa bulağına enməsi lirik qəhrəmanı həyəcanlandırır. Gözəl qızın zahiri görkəminin təbiətlə vəhdətdə verilməsi onun bədii portretinə aydınlıq, konkretlik, milli kolorit  gətirir.

                            Gəzmə məndən aralı,

                            Könlüm səndən yaralı.

                            Gözlərinə heyranam,

                            Azərbaycan maralı.

                            Sən bulaq üstə gələndə,

                            Qıyğacı baxıb güləndə,

                            Aldın səbrü-qərarımı

                            Azərbaycan maralı…

         Burada «qıyğacı baxıb gülümsəmə»nin özü də səciyyəvi portret cizgisi kimi diqqəti cəlb edir.

         «Üçtelli durna» mahnısının lirik qəhrəmanı «ovçu əlindən yaralı durna» ilə öz taleyi arasında bir uyğunluq görür. Onun da ürəyi yaralıdır. Bu ürəyə çalın-çarpaz dağ çəkən isə onun öz «ovçusu»  –  sevdiyi, ancaq vüsalına qovuşa bilmədiyi bir  qızdır. Bu gənc hər axşam, hər gecə evlərinin yanındakı qayanın üstünə çıxıb aya baxmaqla sevgilisini xatırlayır, elə bil ki, ayın solğun üzü ona öz can sirdaşını xatırladır.

                            Evlərinin dalı qaya,

                            Qayadan baxarlar aya.

                            Mənim dərdim gəlməz saya.

                            Üçtelli, dördtelli, beştelli durna!

                            Sən haralısan, haralı durna?

                            Ovçu əlindən yaralı durna.

                            Yaralı, yaralı, yaralı durna!

         Əslində lirik qəhrəmanı durnanın haralı olması yox, onun haradan uçub gəlməsi maraqlandırır. Bilmək istəyir ki, həmin durnanın onun sevgilisindən xəbəri var, yoxsa yox? Ümumiyyətlə, folklorumuzda lirik qəhrəmanın öz sevgilisini dağdan, çaydan, sərv ağacından, köçəri quşlardan və s. soruşması səciyyəvi bir haldır.

         Xalq mahnılarında insanların daxili dünyasını çox zaman bədii suallar vasitəsi ilə açmağa meyl güclüdür:

                            Nədən hər yerin əlvandı,

                            Köksün altı sarı, bülbül?

                                      («Sarı bülbül»)

                            Kəklik, kəklik daşda nə gəzər?

                            Qələm, qələm qaşda nə gəzər?

                            Gözəl, göyçək yarı olanın

                            Ağlı, huşu başda nə gəzər?

                                      («Kəklik»)

                            Yağış yağar, yer doymaz,

                            Mən səndən necə doyum?

                                      («Gül oğlan»)

         Xalq mahnılarını dinləyəndə musiqi ilə sözün ahəngi insanın ürəyində saf, təmiz duyğuların baş qaldırmasına səbəb olur. Bu mahnılar insanı dərin məhəbbətlə sevməyə, eşqə sadiq qalmağa, sevginin ülviyyətindən, təbiətin əsrarəngiz gözəl­liklərindən zövq almağa səsləyir.

         Bir önəmli faktı xüsusi qeyd etmək istəyirəm ki, həmişə gözü, könlü tox olan, bir kəsin torpağında, mədəniyyət abidələrində gözü olmayan Azərbaycan xalqı bu günə qədər heç bir xalqın mahnısına da göz dikməyib, onu özününküləşdirmək cəhdi göstərməyib. Ona görə ki, ürək göynədən lirik, fəlsəfi mahnılar yaratmağa qadir bir xalqın heç kəsin tör-töküntüsündən bəhrələnməyə ehtiyacı olmayıb.

         Öz «Sarı gəlin»i, «Sudan gələn sürməli qız»ı, «Sona bülbüllər»i, «Küçələrə su səpmişəm»i, «Ay bəri bax»ı, «Üçtelli durna»sı, «Aman nənə»si, «Bəh-bəh»i, «Gəl-gəl»i, «Almanı atdım xarala»sı, «Yaxan düymələ»si, «Xumar oldum»u, «Güləbatın»ı, «Ay qız heyranın ollam»ı, «Qara gilə»si, «Apardı sellər Saranı»sı və onlarla bu kimi dəyərli mahnıları olan xalq özgə malına göz dikərmi? Oğruluğu heç nəyi olmayanlar eləyər. Şükür Allaha ki, bizim hər şeyimiz var, kimsəyə möhtac deyilik…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest