İbrahim Yusifoğlu Şeirleri
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
İbrahim Yusifoğlu
Şuşa
Dünyanın müqəddəs günüdür, bu gün,
Xoş müjdə qəlbləri gətirib cuşa.
Gözlər bulaq kimi coşub-çağlayır,
Bu gün anasına qovuşur Şuşa.
**
Daşını,adını Pənahxan qoyub,
Zirvəyə Qaranquş yuvası qonub,
Düşməni göynədən göz dağı olub,
Neçə yol gəlibdi bədd gözlə tuşa,
Hər vaxt qalib çıxıb döyüşdə Şuşa.
**
Qoynu tapdaq oldu,inildəyibdi,
Yadlar rəqs eyləyib,dingildəyibdi,
Sərxoş qədəhləri cingildəyibdi,
Dönüb qəfəsdəki dərdli bir quşa,
Azadlıq eşqiylə yaşayıb Şuşa.
**
Talan eylədilər sərvət –varını,
Pərən-pərən gördü övladlarını,
Çəkmədi dağlardan duman,qarını,
Gözlədi qan-qada sülhlə sovuşa,
Bu nəcib istəyə çatmadı Şuşa.
**
Yaman uzaq düşdü azan səsindən,
Cabbarın,Bülbülün gur nəfəsindən,
“İsa bulağı”nın zümzüməsindən,
Çırpınan köksünü döndərdi daşa,
Xilaskar ordunu gözlədi Şuşa.
**
Nə qədər qəlbləri sevgisi sarmış,
Ali Baş Komandan bəxtini yazmış,
Bütov Azərbaycan Şuşaya yarmış,
Hamısı bir olub qalxdı vuruşa,
Vəhşi caynağından qurtuldu Şuşa!
**
Şuşa!- qeyrət,şərəf,qürur şəhəri,
Şəfəqə dönəcək hər bir səhəri,
Dünyaya səs salıb dönüş zəfəri,
Xoş müjdə qəlbləri gətirib cuşa,
Bu gün anasına qovuşur Şuşa!
MƏNİ GÜNAHIMA BAĞIŞLA, ALLAH
Dərdim bir çiçəyi qəhər eylədim,
Arının balını zəhər eylədim,
Dərdimi kəhərə yəhər eylədim,
Məni günahıma bağışla , Allah!
**
Gözlər mənə baxdı, mən qaşa baxdım,
Yanaqda yaşaran nəm-yaşa baxdım,
Çox erkən toxundu tən daşa baxtım,
Məni günahıma bağışla , Allah!
**
İstədim dirçələm yaz gəlib getdi;
Bir gözəl tapınca naz gəlib getdi,
Dost-tanış qapıma az gəlib getdi,
Məni günahıma bağışla , Allah!
**
Məni yola salan yolu unutdum,
Boynuma sarılan qolu unutdum,
Sağımı qorudum, solu unutdum,
Məni günahıma bağışla , Allah!
**
Getdi əlimizdən Vətən torpağı,
Geymədim əynimə kətən torpağı,
Gücüm yox qaytaram gedən torpağı,
Məni günahıma bağışla , Allah!
**
Əllərim çatmayır paralarına,
Şerimlə duz səpdim yaralarına,
Şəhidlər almadı aralarına,
Məni günahıma bağışla , Allah!
**
Bağışla-barışım günahlarımla,
Qaynayıb-qarışım ün “ah”larımla,
Onlardan ayrılım uşaqlarımla,
Məni günahıma bağışla , Allah!
Sən demə, bu dünya mənlik deyilmiş
Bir payız günündə gəldim dünyaya,
Təbiət əyninə çəni geyibmiş.
Çoxu sevinsə də Tanrı payına,
Sən demə, bu dünya mənlik deyilmiş.
**
Anam nə söylədi sözünə baxdım,
Qayğıya bələnən gözünə baxdım,
Dönüb bu dünyanın özünə baxdım-
Gördüm ki, hər büsat şənlik deyilmiş,
**
İllərlə qədəkdən köynək geyindim,
Həyatda çalışqan, bir az yeyindim,
Verdiyi payına küsdüm, deyindim-
Cavabı düz çıxan tənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
**
Özümə xəyaldan dünya yaratdım,
Hara addım atdım, düz addım atdım.
Gəlib xırmandakı xırdağa çatdım-
Bu pay da toxumluq,dənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
**
Gözüm qalmasa da sərvət-varında,
Saçlarım üşüdü qırov, qarında,
Sarsıldım ehtiyac dalğalarında-
Yanağı al boya-ənlik deyilmiş,
Sən demə bu dünya mənlik deyilmiş.
**
Qorxdu adlanaram,söz yayıb keçdi,
Neçə yol adımı adlayıb keçdi,
Ömür kitabımı qatlayıb keçdi-
Heysiyyət,şərəfi-mənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
**
Məni öz doğması bilmədi, niyə,
Saldığı düyünlü ilmədi, niyə,
Doğrusu bilmədim,bəs nədi, niyə-
-Dünya,Yusifoğlu, sənlik deyilmiş,
Sən demə, bu dünya mənlik deyilmiş.
Gecikmiş misralar
Özümü duyandan gizlicə, aşkar,
Ruhumu oxşayan gül axtarırdım.
İlməsi qardan ağ, üstündə cüt nar.
Pəncərə önündə tül axtarırdım.
**
Sənə tuş gəlmədim baharda, yayda,
Çölü, çəmənliyi gəzdi gözlərim.
Bir payız günündə çatdılar dada,
Səndən əllərini üzən gözlərim.
**
Gödüm, o çiçəksən_ gəzdiyim gülsən,
Ruhuma yayılan ətrin bəsimdi.
Nə qədər xöşbəxtəm , nə qədər, bilsən,
Sevincdən ürəyim əsim_əsimdi.
**
Gəlmisən mələyin qanadlarında,
Saçını küləklər darayırdılar.
Alma qızartısı yanaqlarında,
Gözlərin yolumu arayırdılar.
**
Yamanca hürkəkdin, yaman təlaışlı,
Arxanca bir qısqanc göz izləyirdi.
Ancaq xəyalında bir qaraqaşlı,
Səni oxşayırdı , əzizləyirdi.
**
…Sənli keçəcəkdi ömrümün ardı,
Qəlbimdən kədəri, qəmi silmişəm,
Nə yaxşı, həyatın paqızı vardı,
Nə yaxşı, mən səni tapa bilmişəm.