Süleyman Abdulla -Şeirler
AZƏRBAYCAN BAYRAĞI
Sən,ey gözümün nuru,
Ürəyimin qüruru…
Sən, ey canımın canı, qəlbimin iftixarı,
Sən, ey ucadan uca, zirvələrin vüqarı…
Biri Qərb, biri Şimal,- qoşa qalam Şahdağı,
Azərbaycan bayrağı!
Savalanlı,Talışlı, Salavatlı,- varımsan,
Qürurlu Babadağım, Kəpəzim, Qoşqarımsan.
Qapıcıq,- ordu yerim, leşkərim,sərdarımsan,
İrəvana varan gün qorxudan çatlar yağı!
Azərbaycan bayrağı!
Şah nəğməm Xan Arazın, dəli Kürün səsidir,
Halal ruzi Muğanın, Milin müqəddəsidir.
Xəzərin gözəlliyi Tanrının müjdəsidir,
Adıntək çox uludur Vətənin pak torpağı,
Azərbaycan bayrağı!
Gün gələr Qarabağın ağ edərsən baxtını,
Qaytar öz qüdrətinə Xətainin taxtını!
Məğribdən Məşriqəcən dalğalanan vaxtını,
Görüb, sevincim olsun ömrümün ən xoş çağı,
Azərbaycan bayrağı!
Siması güldən gözəl, nur yağan camalın xoş,
Məqsədin-məramın xoş, ərkanın-kamalın xoş,
Əhdin düz, andın təmiz, yolun haqq, amalın xoş,
Ey,dilimin, dinimin, xalqımın ruh dayağı,
Azərbaycan bayrağı!
Göyündə tarixlərin zəfər çələngi vardır,
Qırmızında qanımın zamanla cəngi vardır,
Yaşılında ruhumun təmizlik rəngi vardır,
Səkkizguşəli ulduz, hilaldır nur çırağı,
Azərbaycan bayrağı!
Uğrunda fəda getdi çox ərlər, çox ərənlər,
“Haqq məndədir!”-
Söyləyib haqqa yol göstərənlər,
Azadlığın namınə ölümə döş gərənlər,
Əyilməzdi, məğrurdu Rəsulzadə sayağı,
Azərbaycan bayrağı!
Səcdənə durdum sənin, etdim biət,- sənindir,
Dünyaya sülh hayqıran ən xoş niyyət sənindir!
Bir kərə yüksəlmisən, əbədiyyət sənindir,
Yüksəl, ucal, dalğalan, ey bayraqlar bayrağı!
…Azərbaycan bayrağı!!!
…Azərbaycan bayrağı!!!
2014-2016.
Süleyman Abdulla.
*Şeir bayraqdakı ulduz səkkizguşəli olduğuna görə 8 bənddən ibarətdir.
“DƏDƏ-QORQUD” DASTANI
(İki türkün bir boyu)
Səninki göy idi, mənimki torpaq,
Sən göyə aldandın, mən yerə, dostum.
Sən idin baş vuran ənginliklərə,
Mənim başım dəydi min yerə, dostum.
Üz-üzə gələndə öcəşdik elə,
Yoxdur, cəzamızı bir kimsə verə.
Nədənsə hər zaman əngəl bilirdik,
Sən məni göylərə, mən səni yerə.
Sənin göylərindən nalə yağanda,
Başıma çəkərdim nimdaş yuxumu.
Nə illah eylədik tərgidəmmədik,
Sən xəyal duanı, mən daş yuxumu.
Bizə yasaq imiş sözü bir olub,
Göyün ağuşunda yeri qucmağı.
Nə illah eylədik bacarmadıq, yox,
Qoşa yeriməyi, qoşa uçmağı.
Sən mənim dalımca danışdın, əfsus,
Mən sənin dalınca ahı-zar etdim.
Mənim qanadımı qıran sən oldun,
Mən sənə qonduğun yeri dar etdim.
Onda nə bilirdik nələr olacaq,
Başımız düşəcək bir dərdə bir vaxt.
Sonra xatırladıq, sonra anladıq,
Yer də bizim imiş, göylər də bir vaxt.
Çox gec parçalandı daş inadımız,
Göy bizə göndərib göy çən,- dedik biz.
Üstünü dumanlar alanda yerin,
Düşmən əlindədir Vətən,- dedik biz.
Tanrıdı qarğıyan göyün üzündən,
Bu yer üzündəki nə var Türkünmüş.
Əldən çıxan zaman anladıq, demə,
Göy Türkün, Yer Türkün, Sular Türkünmüş.
Üfüqdü bələnən qardaş qanına,
Düşdü duaların bədə…
Şər mənim…
Lənətlər xirtdəkdən keçəndə, artıq,
Nə göylər sənindi, nə yerlər mənim.
TANRININ NƏFƏSİ
Küləklər tanrınının çəkdiyi ahdır,
Arada dayanıb köks ötürür.
Adamı danlayır pıçıltılarla,
Gözündən pərdəni silib götürür.
Astaca saçını dartır dəcəlin,
Tutub “qulağını uzadır” azca.
Əgər yaxşıdırsa kefi-əhvalı,
Dilxorun kefinə kef qatır azca.
Kürüyüb aparır kini-nifrəti,
Paxılla, cığalla davası olmaz.
Ruhunu oxşayar pak adamların,
Kirli nəfəslərin havası olmaz.
Bəzən qəzəbini cilovlamaz da,
Önünə keçəni süpürüb gedər.
Dolmuş buludlardan bir az borc alıb,
Dünyanın üzünə tüpürüb gedər.
Yağdırar üstünə pis adamların,
Ələr gözlərinə tozu-torpağı.
Asinin evini yıxar başına ,
Sevməz zarafatı,məzəni,lağı.
Yaddaşı oyanar daş yuxulardan,
Daş üstə daş qoyub yalan…
tələsər.
Tanrı nəzəriymiş qeyzli baxışlar,
Bakıda həmişə küləklər əsər.
Uyduq oyununa yelbeyinlərin,
Yenə də havada yel qovan sis var.
Küləklər tanrının çəkdiyi ahdır,
Bizim günahlarla nə işimiz var?!
SÜLEYMAN ABDULLA
Abdullayev Süleyman Həşim oğlu-05.11.1965-ci ildə Gədəbəy rayonunun Arabaçı (indiki
Çiçəkli) kəndində anadan olmuşam.1972-82-ci illərdə Arabaçı kənd orta məktəbində orta,1983-
90-cı illərdə M.Əzizbəyov adına Az.NKİ-nin İPA fakültəsinin “Tətbiqi riyaziyyat” ixtisasında ali
təhsil almışam.1984-86-cı illərdə SO sıralarında hərbi xidmətdə olmuşam. Riyaziyyatçı-
mühəndisəm. 2001-ci ildən AYB-nin üzvüyəm.5 şeir, 4 nəsr kitabının müəllifiyəm. Türkiyə,
Özbəkistan, Rusiya, İran dərgi və qəzetlərində şeirlərim dərc olunub.”Ömür xətti” və ”Ağ
gecənin tənhalığı” adlı kitablarım çapa hazırdır. Hal-hazırda “Press-əks səda” və “Məntiq
dünyası” qəzetlərinin baş redaktoruyam.