İsmayıl bəy Qaspıralını türk mətbuatına gətirən ilk yazı
Bağçasaraydan göndərilən məktub”(Tiflis,”Ziya” qəzeti,08.11.1879,№ 42) və yaxud bir daha Bağçasaray məktubunun təəssüratları
Bu yazıya yenidən qayıtmağım səbəbsiz deyil.Məsələ burasındadır ki, çox vaxt səlahiyyətli şəxslərin sözünə daha çox inanırlar. Oxucularım məni məktəb və maarif məsələlərindən, mətbuat tariximizdən müəyyən dərəcədə ətraflı məlumatı olan, sözünü tarixi faktlarla, arxiv sənədləri ilə söyləməyi bacaran tədqiqatçı kimi tanıyırlar. Özünü tanımazlığa çəkənlər daha çoxdur. İlk cümlələrdəki “mən” lərə görə məni bağışlayın. Necə deyərlər, desəm öldürərlərər, deməsəm ölləm. Son vaxtlar elmi yazılarda başqasının dediklərini öz sözləri kimi deyənlərin sayı çoxalıb.
Ən maraqlısı budur ki, imzalardakı tanıtmalardan (filan xarici akademiyanın akademiki, filan mükafatın laureatı…) sui-stifadə baş alıb gedir. Vallah, mən ingilis dilini yaxşı bilməyənləri alim saymıram. Ərəb yazılarını oxuya bilməyən filoloqların halına acıyıram. Asiya ilə Avropanın sərhəddini tanımayan coğrafiyaçıları təbəssümlə sorğu-suala tuturam. Qırxın qırx faizini tənasüblə tapmağa cəhd edən ziyalıların riyazi təfəkkürünü təbii ki, alqışlamıram.
Görkəmli türk psixoloqu Halil (Xəlil-N.N) Fikrət Kanadın Azərbaycanda ilkin və ardıcıl tədqiqatçılarından biri mənəm. Bu mövzuda real faktlara, zəngin arxiv materiallarına, tutarlı mənbələrə əsaslanan 10-dan çox məqalə müəllifiyəm. Yazılarımın çoxu (30 yazım) Ankarada Haldun Cezayirlioğlu Koleksiyonunun səhifələrində NAZİM NASREDDİNOVUN YAZILARI başlığı ilə dünyanın türk dilini başa düşən oxucularına ünvanlanmışdır. Bu yazıları oxuyan müəlliflərdən biri elmi jurnalların birində mənim yazılarımdan öz tədqiqatı kimi danışanda, təbii ki, plagiatla məşğul olanların halına təəssüflənirəm
Əslən şəkili olan türkiyəli alim Abdulbaqi Gölpinarlı haqqında yazı yazanlardan da bilməlidirlər ki, istifadə etdikləri mənbələri göstərmələri gərəkli görünür. Həyatda olduğu kimi elmi yaradıcılıqda da subordinasiya (burada sonra yazanın ilkin yazanı xatırlaması nəzərdə tutulur-N.N.) gözlənilməlidir.
Etika xatirinə bəzən sözü birbaşa demək olmur. Bu xasiyyət fəsadlar da törədə bilər. Bəzən səhvli yazıları yada salmaqdan ötrü bir bəhanə ilə o mövzuya qayıtmalı olursan. Günahkar günahını başa düşməyəndə, birbaşa qaydalı döyüşdən elmi döyüşə keçmək olar.
Bu gün İsmayıl bəy Qaspralı haqqında yazanların sayı Həsən bəy Zərdabidən yazanlardan çoxdur. Doğrudur, H.Zərdabiyə bizdə o qədər maraq var ki, hətta onu ölümündən sonra 4 il də artıq yaşadır, məşhur gimnaziya müəlliminin, ilk milli qəzetimizin banisinin ölüm tarixini orta məktəb dərsliyində illərlə 1907-ci il yox,1911-ci il kimi göstərirdilər.Nəhayət,akademik müəlliflər deyilən sözü eşitdilər.
Mən həmişə demişəm, yenə də təkrar edirəm: İsmayıl bəy Qaspralı Azərbaycanın maarifçilik tarixində şərəfli yer tutan Səid Əfəndi Ünsizadəni
(1842,Şamaxı-1903,İstanbul) özünə müəllim hesab edir, onun xidmətlərini yüksək qiymətləndirirdi. Bu məşhur etirafı unutmaq olmaz. Mənə elə gəlir ki, “Ziya” qəzetinin və onun imtiyaz sahibi S.Ünsizadənin yubileylərini keçirməklə günahımızı yuya bilərik. Yubiley tədbirlərində görkəmli maarifçinin elmi-publisistik, elmi-pedaqoji irsi, nəşriyyat sahəsindəki zəngin və səmərəli fəaliyyəti, məktədarlıq xidmətləri layiqli yer tutmalıdır.
..Biz 2014-cü ildə S.Ünsizadənin redaktorluğu və naşirliyi ilə 1879-1884-cü illərdə çıxan “Ziya” qəzetinin ilk nömrəsinin 135 illik təntənəsini – yubileyini keçirə bilmədik. Bəzi tədqiqatçılar nömrələrini oxumadan əsərlərində “Ziya” və “Tərcüman” qəzetlərini müzakirəmüstəvisinə gətirməyə cəhd göstərirlər. Lakin,təbii ki, müzakirə üçün mövzu dərindən öyrənilməlidir.
Nə isə..Keçək əsas məsələyə….
Böyük və çox əhəmiyyətli işlər üçün kiçik bir müqəddimə
1879-1884-cü illərdə Tiflisdə Səid Əfəndi Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetinin 2019-cu iliyanvarında140 yaşı tamam oldu.Lakin yubiley yada düşmədi.Amma düşməli idi…
S.Ünsizadə (1842 ,Şamaxı,Şirvan-1903,İstanbul) 1878-ci ilin sonlarında Tiflisdə Azərbaycan dilində nəşriyyat fəaliyyəti üçün litoqrafiya (daş basmaxanası) və mətbəə açmaq üçün hökumət dairələrindən icazə alır.1879-cu il yanvarın 25-də “Ziya” qəzetinin ilk nömrəsi S.Ünsizadənin öz şəxsi mətbəəsində işıq üzü görür. “Ziya” türk dünyasının ümidlə baxdığı və oxuduğu,inandığı və güvəndiyi həftəlik qəzet idi. “Ziya” bir müddətdən sonra öz coğrafiyasını xeyli genişləndirmiş, “Ziyayi-Qafqasiyyə” adı ilə (bəzilərinin iddia etdiyi kimi “Ziayi-Qafqaziyyə” adı ilə yox-N.N.) çıxmışdır. “Ziya”nın İstanbul, Peterburq, Moskva,Tehran, Tiflis, Batum,Naxçıvan, Şuşa, Bakı, Şamaxı, Göyçay, Şəki, Dərbənd, Spasski (Tambov quberniyası), Bağçasaray və s. böyük, kiçik şəhərlərdə daimi müxbirləri var idi. Ümumi türk dili ideyası ilk dəfə “Ziya”nın səhifələrində öz əksini tapmışdır.
Uzun illər boyu unudulmuş bu mətbu orqanın 140 illik ildönümünün keçirməsinə aid hazırlığa,gec də olsa, başlamaq lazımdır.
Bu istiqamətdəki ilk yazımızdan birini yenidən müəyyən artırmalarla oxucuların diqqətinə çatdırırıq.
Ovraq və məkatib (vərəqlər-məqalələr və yazılanlar)
Bu, “Ziya”qəzetindəki rubrikalardan (daimi başlıqlardan) biridir. Redaksiya burada veriləcək xəbəri oxucuya aydınlaşdırır, onu materialın yaxşı dərk olunmasına yönəldir.Bəzən də yazının özü yox, xülasəsi verilir. Oxucu redaksiya qeydlərindən anlayır ki, o, maraqlı bir mövzunun oxusuna başlayır :
“Bu axir vəqtlərdə Rusiyanın içərisindən, yəni Qazan və Ufa və Qırımdan aldığımız məktubları oxuyan vəqtlərdə məlum olur ki, o yerlərin əhli “Ziya” qəzetəsinin təb və nəşr olunmağından səmim qəlb məmnundurlar. Hərçənd onlar ilə Qafqaz müsəlmanlarının bəzi danışıqlarında cüzi təfavüt var isə də, amma yazırlar ki, onlardan sahibi- savad olanlar sühulətlə (asanlıqla-N.N. ) “Ziya”nı oxuyub, mətləblərini fəhm edirlər. Necə ki zeyldə (aşağıda-N.N. ) dərc olunan “Bağçasaray məktubu” sübut edir ki, Azərbaycan ilə Bağçasaray yazılarının arasında o qədər fərq yoxdur. Bəlkə diqqət nəzəri ilə baxan vəqtdə demək olar ki, onların təhriratı ifadeyi-mənaya müstəidd (istedadlı,bacarıqlı-N.N. ) olmaqda Qafqaz təhriratından əskük degildir.Bu mülahizə ilə Bağçasaraydan göndərilən məktubu təğyir və təbdil etməmiş, kəmal-i məmnuniyyət ilə qəzetəmizə dərc elədük”.
“Ziya”nın naşiri və mühərriri belə materialları diqqətlə araşdırandan sonra oxuculara çatdırırdılar.
“Ziya”nın o vaxt imtiyaz sahibi və naşiri Səid Əfəndi Ünsizadə, mühərriri isə onun ortancıl qardaşı Cəlal Cəlaləddin) Əfəndi Ünsizadə idi.
Göndərilən material diqqətlə oxunandan sonra redaksiyanın yönəldici qeydləri ilə fərqli, daha aydın oxunan iri şriflərlə oxuculara təqdim edilirdi.
“Bağçasaray məktubu”nda da bu qaydaya əməl olunmuşdur.
Bağçasaraydan göndərilən məktub
(Bu yazının tarixini yadda saxlayın- 07.11.1879-cu il,N42,səh.4).
Bəzi tədqiqtçılar “Tərcümanın”ın Azərbaycan səhifələrini işıqlandırmaq istəyəndə Bağçasaraydan göndərilən məktubun “Ziya”qəzetinin1879-cu ildəki 9-cu nömrəsində dərc olunduğunu yazırlar. Bu tarix səhvdir. “Ziya” nın 1879–cu ildəki 9-cu nömrəsi martın 20-də çıxmışdır -N.N.)
Bağçasaray məktubunu oxucuların diqqətinə olduğu kimi çatdırırıq.
“Məlumdur ki, Rusiya dövləti içərisində olan millətlər, məsələn …,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər. İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi bir ğazetəsiz olduqları çox təəccübdür.
Ğazeta millətin lisanıdır.
Ğazetələr millətə mühafiz ola bilürlər.
Ticarət və hansı səlahiyyət (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər.
Millətin aqilinə (əqlinə) və fikrinə inayə (kömək-?) ola bilürlər.
Qısası, ğazetəsiz, və kitabsız millət sağır (kar) və dilsiz adama bənzər.
Bu halda tatar lisanında “Ziya” ğazetəsi nəşr olunması pək (çox) faidəli, iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq. “Ziya” ğazetəsinin gündən-günə ilərü(irəlü) getməsini istəriz(istəyirik) və məmnun ediriz. Bundan sonra bəz-bəz “Ziya” qazetəxanəsinə məktub və ğeyr kağızlar göndərilməgini kəndimizə borc ediriz. Bu dəfə tərəfi-əhvalımızdan sual olunur isə həmd olsun bu sənə (il-N.N.) Qırım bərəkatı (“bərəkət” sözünün cəmidir-N.N.) pək əla olmuşdur. Əkin, meyvə, düxan (burada “tütün” mənasındadır-N.N. ) gözəl olub. Cümlə ticarət pək sırasındadır. Buğda çox oldusa da , qiyməti çox bahalıdır. Şöylə ki, puti on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduğundan şimdilik zəhmət çəkməyürlər.
Bağçasaray şəhr məclisindən İsmayıl Mirza”.
Bu, ilk baxışda adı informasiyadır.Amma İsmayıl bəyin türk dilində dilə gətirdiyi bu adi sözlər adillikdən kamilliyə gedən yolun başlanğıcında deyilib. Bu adi informasiyadakl hikmətli sözlər, məncə,İsmayıl bəy Qaspıralının bütün tədqiqatçılarının diqqətindən yayınıb.Mən bunu təbii hesab edirəm.Belə ki, “Ziya” qəzetinin ilk 46 mömrəsi bütün tədqiqatçıların gözündən qaçıb. Məzkur 46 nömrənin birinci ilinin birincisi nömrəsi 25.01.1879-cu ildə işıq üzü görüb. Bu və ondan sonrakı ikinci nömrə indiyədək tapılmayıb,deməli oxunmayıb da…Amma bu iki nömrədəki ı bəzi materiallar haqqında “Ziya”nın bəzi nömrələrində qısa da olsa, məlumat var. “Ziya”nın 46-cı nömrəsi 140 il bundan müqəddəm -29.11.1879-cu ildə çapdan çıxmışdır.Bundan bir həftə sonra-06.12.1879-cu ildə “Ziya”nın ikinci sənəsinin birinci nömrəsi oxuculara çatdırılmışdır.
“Ziya”nın ikinci sənəsinin ilk 4 nömrəsi- N1(47) 06.12.1879, N 2 (48)13.12.1879,
N 3 (49) 20.12.1879,N 4 (50) 27.12.1879 – miladi təqvimlə1879-cu ilin dekabrında çıxmışdır. Miladi təqvimdə 4 nömrənin ikili görünməsinin fərqi məhz illərin bir təqvimdən başqa təqvimə keçidi ilə əlaqədardır.
İsmayıl bəy Qaspıralının “Ziya” qəzetinin redaksiyasına göndərdiyi məktub o vaxtların yeganə, müntəzəm nəşr ediln türkdilli mətbu orqanına axışan omlarla məktubdan biridir.Lakin bu məktub tarixilik,ədəbi-mənəvi baxımdan,dil qohuluğu və əqidə birliyi baxımından tarixə düşən ictimai-siyasi məzmunlu proqram xarakterli məktubdur.
Bu məktubdakı fikirlər hələ çox çözələnməli,araşdırılmalıdır.O ki qaldı “Bağçasaraydan göndərilən məktub” başlığına, bu, redaksiyanın arayıb axtardığı, məsləhət bildiyi addır.Başqa sözlə, sərlövhə ,çox güman ki, yazıya Səid Ünsizadənin ərkyana müdaxiləsidir.
***
Mən bu mövzuda yazdığım ilk yazımdakı başlığı yenə də səsləndirirəm: “İsmayıl bəy Qaspıralını tanıyırsınızmı?”
Çətin sualdır. Hamı elə bilir ki,İsmayıl bəyi hamı tanıyır. Hamının tanıdığı aşkarda olan İsmayıl bəydir.
İsmayıl bəy Qaspıralı 1851-ci il martın 8 (21) -də Tavriya quberniyasının Yalta uyezdinin Avçıköy (bir sıra mənbələrdə Ulu Sala-N.N.) kəndində rus zabitinin ailəsində anadan olmuşdur. Atası Mustafa Əli oğlu əslən Qaspıra (bu sözü Qaspra da yazırlar) kəndindəndir. Anası Fatma Sultan Temur qızı Kantakurovadır.
Əvvəlcə ev təhsili almış, sonra ibtidai məktəbdə oxumuşdur.
Atası oğlunu özü kimi zabit görmək istədiyindən İsmayıla yaxşı təhsil vermək qərarına gəlmişdir. İsmayıl ibtidai təhsilini qurtarandan sonra Simferepoldakı oğlan gimnaziyasına daxil olmuşdur.(Oğlan məktəblərinə ZÜKUR məktəbləri də deyirlər.Zükur – “erkək ” sözünün cəmidir, yəni erkəklər-N.N.).
Simferopol hərbi liseyini qurtarandan sonra İsmayıl bəy Voronej Hərbi Liseyinə daxil olmuşdur. İsmayıl hərbi məktəbi qurtarandan sonra Moskvadakı 2 nömrəli hərbi məktəbə daxil olsa da, burada çox oxumur, Krıma qayıdır, ibtidai məktəbdə müəllim işləyir. ).
İsmayıl bəy 1871-ci ildə, 20 yaşında francız dilini və Fransa həyat tərzini öyrənmək məqsədilə Fransaya gedir, ( adamın yadına M.F.Axudzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah…” əsəri düşür. Şahbaz bəy də Fransaya getmək istəyəndə təxminən bu yaşda idi, İsmayıl bəydən cəmi iki yaş böyük idi ). İsmayıl bəy Fransada cəmi bir il qalır. Burada da çox qərar tuta bilmir, Türkiyəyə üz tutur.
İsmayıl bəy Tükiyədə də cəmi bir il yaşayır, sonra Krıma qayıdır, burada Bağçasarayda şəhər məclisinə rəhbərlik edir. O, 13.02.1879-cu ildən 23.05 1884-cü ildək Bağçasaray Şəhər Məclisinin başçısı – rəisi vəzifəsində işləyir. Maraqlıdır ki, bu, “Ziya” qəzetinin fəaliyyət dövrü ilə , demək olar ki, üst-üstə düşür.
İsmayıl bəyin Ünsizadə qardaşları ilə qiyabi ünsiyyəti “Ziya” qəzetinin nəşr işlərinə hazırlıq dövründən başlayır.Bu tarix 1870-ci illərin sonlarına təsadüf edir. Belə ki, Səid Ünsizadə “Əkinçi”nin nəşrə hazırlıq təcrübəsindən yararlanaraq, tanıdığı, sorağını eşitdiyi türkdilli ziyalılara çıxaracağı qəzetin proqramını göndərmiş, onlarla qələm əhlini əməkdaşlığa dəvət etmişdir.
İsmayıl bəy Bağçasarayda işləyərkən, çöx güman ki, yaşadığı ərazidə “Ziya”nın yayılmasına köməklik göstərmişdir.
İ.Qaspıralı bu əməkdaşlıq təklifindən sonra özü də qəzetçilik fikrinə düşmüşdür. O,1880-ci ilin əvvəllərində “Faydalı əyləncə” və “Qanun ” adlı qəzet çıxarmaq istəyi ilə müvafiq təşkilatlara müraciət edir, lakin dövlətdən icazə ala bilmir, yeganə çıxış yolunu Tiflisdə Ünsizadələrin “Ziya” mətbəəsində kiçik jurnallar nəşr etməkdə görür.Belə də edir. Onun “Ziya” mətbəəsində 1881-ci ilin mayında çıxardığı ilk məcmuə dörd səhifəlik “Tonğuc”dur. “Tonğuc”-ilk doğulan övlad, ailədə başqalarından əvvəl dünyaya gələn ” mənasını verir.
Maraqlı faktdır ki, İ.Qaspralı “Tonğuc”un “Söz-i əvvəl”ində (girişində-N.N.) Səid Ünsizadəni, onun yaradıcısı olduğu “Ziya” qəzetini və türk dünyasının ictimai fikir tarixində mətbuatın tarixi xidmətlərini yüksək qiymətləndirmişdir.
… Azərbaycan və türk mətbuatında “Tonğuc” jurnalı haqqında haqqında yazdığım yazılar adi oxucuların və elm adamlarının ciddi marağına səbəb olmuşdur.
“Tonğuc”un bəzi materialları “Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-ci ildəki 17-ci nömrəsində dərc olunmuşdur. 1881-ci ilin avqustunda Tiflisdə S.Ünsizadənin “Ziya” mətbəəsində İ.Qaspıralının “Şəfəq” adlı daha bir jurnalı çap edilmişdir. Bu jurnalın çapına görə “Ziyayi-Qafqasiyyə”nin növbəti nömrəsi bir həftə təxirlə çıxmışdır. “Ziyayi- Qafqasiyyə” buna görə öz oxucularından üzr istəmiş, abunəçilərin hərəsinə “Şəfəq” jurnalını məccani ( havayı,pulsuz-N.N.) olaraq göndərmişdir.
İ.Qaspıralının “Tərcüman”a qədərki dörd səhifəlik digər jurnalları- “Günəş”, “Ay”, “Ulduz” və s. İ.Qaspıralının Bağçasaraydakı öz şəxsi mətbəəsində çap olunmuşdur.
İ.Qaspıralı türkdilli jurnalist kimi peşəkarlıq vərdişlərini “Ziya”dan, onun yaradıcıları olan Ünsizadə qardaşlarından əxz etmişdir. Mən buna işarə edərək yazılarımın birini “Tərcüman”ın təcrübə məktəbi” adlandırmışdım. Redaktor bu sərlövhəni “Tərcüman məktəbi” adı ilə çap etməyi daha münasib görmüşdü (“Oğuz eli” qəzeti, 27.01.1993,N 2 )
İ.Qaspıralı uzun mübarizə və çarpışmalardan sonra -1883-cü ilin aprel ayında, nəhayət ki, “Tərcüman” qəzetin nəşrinə nail olur.”Tərcüman”ın son nömrəsi 1918-ci ildə çap olunmuşdur.Artıq dörd il idi ki, görkəmli türk aydını dünyadan köçmüşdü: ölümündən sonra qəzeti onun oğlu çıxarmışdır.
İ.Qaspıralının Ünsizadə qardaşları ilə dostluq və əməkdaşlığı ictimai fikir tariximizin yaxşı öyrənilməyən bir sıra qaranlıq məqamlarını aydınlaşdıra bilər. İ.Qaspıralının pedaqoji fəaliyyəti, türkdilli qadın və uşaq mətbuatının inkişafındakı rolu da monoqrafik tədqiqat yolu ilə ciddi tədqiq edilməlidir.
Ədəbiyyat
1.İsmail Bey Gaspıralı İçİn. ( Başeditor Hakan Kırımli ). Ankara, Birinci Baskı.
ekim 2004, 697 səhifə.
2..Sona Vəliyeva. “Əkinçi”dən başlanan yol. “Kaspi” qəzeti-online ,23.07.2013.
3.Nazim Nasreddinov. 130 yaşlı “Tonğuc” veya açılmatan kapılar,pencereler.
22 aralık 2011.”Halduncezayirliooğlu Kolleksiyon”
4.Nazim Nəsrəddinov. “Tərcüman məktəbi. “Oğuz eli” qəzeti,27.01.1993, 2.
5.Nazim Nəsrəddinov.”Ziya”,”Tonğuc”,”Şəfəq”… “Dalğa” qəzeti,18-24.05.1993 N19(125).
6.Nazim Nəsrəddinov.Unudulmuş Ünsizadə. “Həyat” qəzeti, 09.02.1993,N 13(7748) .
7.Nazim Nəsrəddinov. İsmayıl bəy Qaspralının “Tonğuc” məcmuəsi və yaxud “Tərcüman”ın təcrübə məktəbi.”Davam.az.,18.02.2013.
8.Nazim Nəsrəddinov.Səid Ünsizadə və M.Ə.Sabir. “Ziya” qəzeti,
21.05.1992, N 9.
9.Aybəniz Kəngərli. İsmayıl bəy Qasprinski. Bakı, 2005. 275 səh.
10.Vilayət Quliyev. “Tərcüman”ın Azərbaycan səhifələri.
525-ci qəzet, № 166 (4183), 13.09.2014-cü il, səh.14-15.