GenelGüncel

Azərbaycan dilində nəşr olunan “Bürhani-tərəqqi” qəzeti

Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun

Həştərxanda Azərbaycan  dilində nəşr olunan

ilk qəzeti – “Bürhani-tərəqqi” 
1906-1911-ci illərdə Həştərxanda şamaxılı  Mustafa Lütfi  Hacı Sədrəddin  oğlu İsmayılov  (Şirvanski) tərəfindən Azərbaycan dilində nəşr olunan  “Bürhani-tərəqqi” qəzeti haqqında  informasiya axtarışına çıxmışdım.
“Bürhani-tərəqqi”-“tərəqqinin, inkişafın sübutu, dəlili “anlamına uyğun gəlir.

Axtarışın əsas səbəbi Rusiya Federasiyasının bəzi dilçi alimlərinin  məni inandırmayan fikirlərindəki dolaşıqlıqlara aydınlıq gətirmək idi. Məhəmməd Hadinin  bu qəzetdə müvəqqəti redaktor olduğunu oxuduqlarımdan bilirdim.  Həştərxanda sürgündə olarkən  N.Nərimanovun da “Bürhani tərəqqi” qəzetində  elmi -publisistik  yazılarla çıxış etməsindən  də xəbərdar idm.
Şeir yazmağa XIX əsrin sonlarında  başlayan  XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının məşhurlaşdırdığı  M.Ə.Sabirin də “Bürhani-tərəqqi”dəki fəaliyyətindən danışırlar. Təəssüf ki, M.Ə.Sabirin  “Hophopnamə”sində bu faktı təsdiq edən  istinad yeri  yoxdur.

Axtarışlar Türkiyəyə gedib çıxdı. “Kardeş kalemler” də bir neçə tutarlı faktlarla rastlaşdım. İnandığım da oldu, inanmadığım da. Araşdırdım, incələdim, fərqli-fərqli fikirlərlə üzləşdim. Mustafa Lütfinin döğum tarixinin bir mənbədə  1876-cı il , digər mənbələrdə 1880 -cı il  kimi təqdimi ilə rastlaşdım.  Bunlar sözgəlişi sözlər deyil. Elə bilməyin ki, bunun  mətləbə dəxli yoxdur. Bizim bir sıra ədəbiyyatşünaslarımız – adlısı da, sanlısı da, onlara inanıb, onlara  güvənənlər də   9 yaşında  atadan  yetim qalan Məhəmmədin  Mustafa Lütfinin himayəsində böyüdüyünü  yazırlar.  Əlbəttə, bu, inandırıcı deyil:  Mustafa Lütfi   İsmayılov  Məhəmmədin  yaşıdlarından biridir. Yaşıdını himayəsində böyümək həqiqətə uyğun gəlmir.
Mustafa Lütfi   bir müddət Şamaxıda yaxşı müəlimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada Şamaxılıların yaxşı tanıdığı savadlı,  adı heç  bir yazılı mənbədə  çəkilməyən , sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur.

Bizə elə gəlir ki, bu Darüşşəfəq məktəbidir. Belə ki, Mustafa İsmayılov sonralar bu təhsil ocağına  bir neçə həmyerlisini oxumağa göndərmişdir.


Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi  kimi  Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada “Şurayi- İslam” adlı  ictimai-siyasi cəmiyyət yaratmışdır. Mustafa İsmayılov  təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi  cəmiyyətin nəzdində “Darül -ədəb” (ədəb  evi, ədəb məktəbi”),qızlar üçün  “Nümuneyi-tərəqqi”  adlı zəmanənin tələb etdiyi   yeni tipli məktəb açır. 

Mustafa İsmayılov Həştərxanda  Azərbaycan dilində  qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən  Minnulin Bəxtiyar Kimoviç elm aləminə “Bürhani -tərəqqi”ni tatar dilli qəzet kimi təqdim etmişdir.

Qəzetin təsis tarixi 18 yanvar 1906-cı ildən başlayır. “Bürhani-tərəqqi”nin 5 ildə (1906-1911) 146 nömrəsi işıq üzü görmüşdür.  “Bürhani-tərəqqi” oxuculara “həftədə bir dəfə çıxan siyasi, ədəbi, iqtisadi  türkcə müsəlman qəzetəsidir” kimi tanıdılır. 


Qəzetin hər  nömrəsi  əsasən 4 səhifədir. Bir sıra nömrələri 8 səhifə həcmindədir. Materiallar əksər nömrələrdə 3 sütunda  yerləşdirilmişdir.Hər sütunda 40 sətir vardır.(Qəzetin vaxtında çıxması üçün  İsmayılov qardaşları  ticarətlə məşğul olurdular).

Məktəb və mətbəə işlərinə yardım məqsədilə yaradılan ticarət işlərinə  Mustafanın  Şamaxıdan Həştərxana gələn  kiçik  qardaşı rəhbərlik edirdi. İsmayılovlar mağazanı icarəyə götürdüklərindən  ticarətdən o qədər də xeyir qazanmırdılar. Onların əsas gəliri yazılanların qalması,  məktəblərdən  aldıqları təhsil haqları idi.

Mustafa İsmayılov ətrafına ədəbi, elmi  və  yetkin siyasi  savadlı  Azərbaycan,  tatar, noqay,  kumuq  gənclərini toplaya bilmişdi. Onlardan – Həbibulla Ömərov, Zahidulla Şərufulin, Qurbanəli Erembetov, Fatix Şammazov və başqaları türk  mətbuat tarixində  yadda qalan  ziyalılardır. Azərbaycan şairi, Mustafanın  şamaxılı əqrəbalarından Məhəmməd Hadi Əbdüssəlimzadə də  “Bürhani-tərəqqi”  qəzetinin  yazılmasında  və nəşrində  haqqı-sayı olanlardandır.

Məhəmməd Hadi Həştərxana Kürdəmirdən getmişdir.
1902-ci il zəlzələsi  bütün şamaxılıları yerindən-yurdundan ələk-fələk eləmişdi: Hadi də, mənim babam Rəsul da, onun qardaşı Məcid  də –  kimi tək, kimi ailəli  Şamaxıdan  70 km  aralıda- aran zonasında olan Kürdəmirə üz tutmuşdular.Babamgil  bir neçə rəs atla  (rəs- numerativ sözdür,  mal-qara “baş” numerativ  sözü ilə, at isə “rəs” sözü ilə işlənir. Məsələn: beş rəs at -N.N.) Türkiyə ilə ticarətə üstünlük vermiş, onların yaxın qohumlarından və dostlarından biri  Məhəmməd isə müəllimliyə qərar vermişdir.Mənbələrdə Məhəmmədin  o vaxt Kürdəmirin baş kəndi olan Köhnəbazar məktəbində müəllim işlədiyi göstərilir.  Köhnəbazar kənd məktəbi Kürdəmirin ilk  yeni tipli dövlət məktəbidir.Əsası 1881-ci il fevralın 9-da   qoyulmuşdur.

Burhan-i terakki 2
Bürhani tərəqqi qazeti

Yeri gəlmişkən qeyd edim ki,  1977-ci ildən başlayaraq, müxtəlif mətbu orqanlarda   bu məktəbin tarixi, burada işləyən yüksək pedaqoji təfəkkürlü  müəllimlər haqqında yazılar yazılmışdır.Kürdəmirin “İrəli” adı ilə çıxan əyalət qəzetində  Köhnəbazar  kənd  məktəbi – qədim Şirvan mahalının  tarixi məktəbi haqqında maraqlı mülahizələrlə zəngin olan  müzakirələr başlanmışdır. Müzakirələrdə yerli ziyalılardan Miri Xələfov, Rəşid Fərəcov və başqaları  məktəbin tarixinə aid  xatirələrin toplanmasında və çap olunmasında fəallıq göstərmişlər. Sonralar – 2011-ci ildə  həm Kürdəmirin,  həm də Kürdəmirlə əlaqələri olan bölgələrin ziyalıları  məzkur  məktəbin  130 yaşının  faktlar əsasında  müəyyənləşdirməsində əməli addımlar atmışlar.
Bu gün Azərbaycan Respublikasında  pedaqoji işin əsas sahələrindən olan məktəb tarixinin öyrənilməsi  diqqət  mərkəzindədir. Həm ərəb, həm də türk dilində gözəl şeirlər yazan  Xəlil Əfəndi, Qori Müəllimlər Seminariyasının məzunu Əsədulla bəy Muradxanov, gənc şair Məhəmməd Hadi Əbdüssəlimzadə kimi  müəllimləri olan  Kürdəmirin ilk dövləti məktəbinin   130  yaşlı yubileyi gec də olsa, rayon səviyyəsində, nəhayət ki, 2012-ci ildə  qeyd olunmuşdur. Yubiley tədbirlərinin gücləndirilməsinə böyük köməklik göstərən Təhsil Nazirliyinin mətbu orqanı olan “Təhsil” jurnalının  o vaxtkı redaktoru rəhmətlik Malik Novruzovun bu işdə təşəbbüskarlığı  da həmişə xatırlanmalıdır.

1906-cı ildə Məhəmməd Əbdüssəlimzadə  Həştərxandan  qohumu və uşaqlıq dostu  Mustafa Lütfi  Hacı Sədrəddin  oğlu İsmayılovdan  iş təklifi olan məktub alır və tərəddüd etmədən  şimala-Həşrərxana yola düşür.  Ədəbiyyat tarixçilərimizin yazdığına görə,  Məhəmməd Hadi bir müddət  Mustafa  Lütfinin  Həştərxandakı öz şəxsi mətbəəsində- “Mizan” mətbəsində  çap olunan “Bürhani-tərəqqi”nin  müvəqqəti redaktoru omuşdur.ur. Bu işin Məhəmməd Hadiyə tapşırılması Mustafa Lutfinin eyni zamanda   bir neçə  adda qəzet çıxarılması ilə əlaqəli ola bilərdi. Belə ki,Mustafa Əfəndi İsmayılov” Bürhani-tərəqqi”nin nəşr olunduğu 1906-1911- ci illərdə  öz şəxsi mətbəəsində geniş nəşriyyat fəaliyyəti ilə məşğul olması faktlarla sübut olunur. Mustafa Əfəndi İsmayılov  “Bürhani-tərəqqi” ilə yanaşı, 1907-1908-ci illərdə “Həmiyyət”, 1908-1909-cu illərdə “Mizan” adlı qəzetlər də çıxarmışdır.Bizə elə gəlir ki, bu qəzetlər də  “Bürhani-tərəqqi” kimi, Rusiya müsəlmanlarının əksəriyyətinin başa düşdüyü Azərbaycan dilində çap olunmuşdur. Bu fikri təsdiq etmək üçün  mütləq həmin nəşr orqanlarını tapıb oxumaq lazımdır. Yeri gəlmişkən onu da deyim ki,  1886-1890- cı illərdə İstanbulda da “Mizan” adlı  türkdilli qəzet nəşr olunmuşdur.
Bakıda -M.F.Axundov adına Respublika kitabxanasında  bütövlükdə 146 nömrəsi olan  “Bürhani-tərəqqi”nin  cəmi 12 nömrəsi saxlanılır. Yəqin ki, İstanbul, Moskva, Sankt-Peterburq, Simferopol, Odessa, Kazan, Həştərxan kimi şəhərlərin arxivlərində  “Bürhani-tərəqqi”dən yaxşı xəbər verəcək sənədlər çoxdur. Odur ki, tədqiqatı genişləndirmək, bu işi sistemli şəkildə öyrənmək lazımdır.
Məhəmməd Əbdüssəlimzadə qohumu Mustafa İsmayılovun xahişi ilə 1906-cı iln mayında Həştərxana gedir, setyabrın ortalarına qədər “Bürhahi-tərəqqi” qəzeində və “Darül-ədəb”də  işləyir.

Görünür, “Şurayi-islam” cəmiyyətinin üzləri arasında fikir birliyi tez-tez pozulduğuna görə, Bakıdan “Həyat” qəzetinin redaktoru Əli bəy Hüseynzadədən “Füyuzat” jurnalında işləmək  dəvəti alan kimi  Məhəmməd  Hadi Bakıya qayıdır.

  Məhəmməd Hadi “Bürhani-tərəqqi”də keçdiyi  tarixi ədəbi-publisistik dərslərini  “Füyuzat” jurnalında  davam etdirir.Məhəmməd Əbdüssəlimzadənin “Bürhani-tərəqqi”də çıxan bir şeiri “Dəbistan” jurnalının
6 avqust 1906-cıil tarixli  nömrəsində ” “Bürhani-tərəqqi”dən” qeydi ilə çap olunmuşdur. “Lövheyi-təsviri-maarif”  adı ilə oxuculara təqdim olunan bu şeir dördlük  şəklindədir,
18 bənddir. Sonuncu bəndə bir beyt əlavə olunmuşdur.Vətən övladına müraciətlə başlayan bu şeir oxucunu maarif məsələlərinə xüsusi diqqət verməyə çağırır:
Maarif bir həqiqətdir, silər  mirati-idraki,
Maarif bir ziyadır ki,qılar tənvir vicdani.
Maarif vaqif eylər şəxsi əsrari-xəfayayə,
Maarif kəşf edər insanə mənizari-imkani.

Köməyinə, bilik və bacarığına güvəndiyi  Məhəmməd Hadinin Bakıya qayıtması  Mustafa İsmayılovun qəzetçilik fəaliyyətini çətinləşdirir. Şurayi-islam” cəmiyyətinin üzvləri arasında yaranan  qarşıdurmanı sakitləşdirmək üçün  Bakıdan Həştərxana gedən Əlimərdan bəy Topçubaşov əməl və əqidə dostlarını barışdırmaq  istəsə də, istəyinə nail ola bilmir.  1908-ci il yanvarın 22-də Mustafa İsmayılov panislamizm ideyalarını yaydığına və  xalqı  hakimiyyətə müqavimət göstərməyə çağırdığına görə həbs edilir.  O, martda polis nəzarətində caxlanmaq şərti ilə  azadlığa buraxılır.

1909 -cu ildə “fars  inqilabçılarına kömək etdiyinə görə” Nəriman Nərimanov  Metex qalasından – həbsdən çıxarılaraq, Həştərxana sürgün edilir.

N.Nərimanov Hətərxanda yaxşı qarşılanır. “Bürhani -tərəqqi” qəzetinin birinci səhifəsində  ən bahalı reklam yerində onun gəlişi ezop manerası ilə oxucularıa  bildirilir:

“Müsəlman doqtoru  Nəriman bəy Nərimanov  daxili  və  qadın xəstəlikləri olanları hər gün qəbul edir. Qəbul səhər  saat 9-dan 12-dək,axşam saat 5-dən 7-yədəkdir.

Ünvan : Köhnə Dəmirçi küçəsi,  № 28.Velosiped klubunun arxa tərəfində”.

Azərbaycan və rus dillərində   olan bu elan qəzetdə üç ay davam edir. Elandan sonra ərazinin türkdilli və rusdilli vətəndaşları N.Nərmanovun hüzuruna axışır.

Yeri gəlmişkən qeyd edim ki,”Bürhani- tərəqqi”  müəyyən çətinliklərlə çıxırdı. Bu, ən çox qəzetin hər yazısının diqqətlə araşdırılması və bu aradırmaların üzə çıxardığı faktlarla ilgili idi.    Qəzetin nömrələrinin ləngidilməsi hökumət  tərəfindən təyin edilmiş cenzorun və quberniyada tatar dilində çap olunan qəzet, jurnal  və ədəbiyyat materiallarının tərcüməçisi,  Həştərxandakı  rus-tatar məktəbinin rus dili  müəllimi İsak  İsgəndərovun  hakim dairələrə yaxınlığı ilə  bağlı  idi.
İ.İsgəndərovun əsas hədəfi “Şurayi-islam” və o bu cəmiyyətin məktəbi “Darül-ədəb” idi. 1910-cu ilin fevralında  Mustafa  İsmayılov  “Darül-ədəb”dən uzaqlaşdırılır.

1911-ci ilin iyununda  “Bürhani-tərəqqi” qəzeti bağlanır. Vəsait olmadığını bəhanə  edərək,  1911-ci  ilin sentyabrından “Darül-ədəb”ə şagird qəbulu dayandırılır.

Bəzi müəlliflərin  yazdığına görə  “Bürhani -tərəqqi” bağlanandan sonra Mustafa İsmayılov Qafqaza qayıdır. Bu, faktlarla təsdıq olunmur.  Əgər bu  fikir doğrudursa, Mustafa İsmayılovun yaşadığı konkret məkanı tanımaq maraqlı ola bilərdi.
1914-cü il martın 14-də Həştərxan qubernatoru   Mətbuat üzrə Baş İdarəyə göndərdiyi 2391 №-li məktubunda  Mustafa İsmayılova  gündəlik “Haqq” qəzeti çıxarmağa icazə verdiyini  yazmışdır. Qəzet Mustafa İsmayılovun  öz şəxsi mətbəəsində yox, evinə  yaxın mətbəələrin birində çıxır. “Haqq” qəzeti əvvəllər  hər gün , sonralar isə həftədə 2-3 dəfə çıxmışdır.Lütfi Mustafa İsmayılovun (Şirvanskinin ) sonrakı taleyindən xəbərsizik.
Tədqiqat  davam edir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Təhsil Nazirliyinin Elmi-Metodiki  Şurasının  Azərbaycan dili və ədəbiyyatı bölməsinin  üzvü,  Respublika Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM  müsabiqəsinin qalibi. türkoloq

Bakı,

09.03.2014 – 27.10.2019.

             Ədəbiyyat
1.”Bürhani-tərəqqi” qəzetinin  nömrələri.    1910-cu il,  №  110;   №112-117;  №119-124,
                                               1911-ci il,    № 141
2.Yaşar Кarayev,Yavuz Akpinar.   Mehmed Hadi-Azebaycanlı şair
3.Yavuz Akpinar.   Muhammed Hadinin Bilinmeyen bir şeiri:

         ”Kahraman Türk Askerlerine”
4.Türk dünyasının Məşhurları-48.   Mustafa Lütfi Şirvanzade
5.Марина Имашева. Турецкое влияние в младотатарском движении мусульман                      Астраханской губернии (1906-1913)
6.Миннулин Бахтияр  Кимович. Язык газеты ” Борхане Таракки”(1906-1911).                        Автореферат дисс.к.ф.н.Казань-2010

Pin It on Pinterest