Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”
Sənan Qacar/Azerbaycan
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası toplantısının səkkizincisində bu gün Bakıda bir araya gələcəyik. Azərbaycanı ən son oktyabrın 15-də Türk Şurası zirvə görüşü çərçivəsində ziyarət etdim. Dəyərli qardaşım, Prezident İlham Əliyevi isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi üçün noyabrın 30-da Türkiyədə qonaq etdik. Cənab Əliyevlə fərqli məsələlərlə bağlı telefon danışıqlarımız olur, müzakirələr aparırıq”.
Oxu. Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib. “Bildiyiniz kimi, Azərbaycanda seçki keçirildi. Bu ziyarətdə bütün bunları da qiymətləndirmə imkanı tapacağıq. Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli səfərlərin sıxlığı strateji ortağımız Azərbaycanla münasibətlərimizin gəldiyi səviyyəni də göstərməsi baxımından böyük önəm daşıyır. Bugünəqədərki şura toplantılarında aldığımız qərarlarla TANAP və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri kimi strateji layihələri həyata keçirdik. Azərbaycanla 2019-cu il üçün ticarət həcmimizə nəzər salsaq, əvvəlki illə müqayisədə, 25 faiz artaraq, 4.4 milyard dollara çatdığını görərik. Ancaq hələ də 2015-ci ildə nail olduğumuz beş milyard dollar səviyyəsinin aşağısındayıq. İkitərəfli ticarət həcmini 2023-cü ilə qədər 15 milyard dollara qaldırmağı hədəfləyirik. Bu gün keçiriləcək Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası toplantısı ilə preferensial ticarət haqqında anlaşmanı imzalayaraq, bu hədəf istiqamətində tarixi bir addım atacağıq. Ölkəmizin Azərbaycandakı birbaşa investisiyalarına nəzər salsaq, bunun 11 milyard dollara çatdığını görərik. Azərbaycanın Türkiyədəki yatırımlarının isə bu ilin sonunda 20 milyard dollara yaxınlaşacağını düşünürük. Türkiyənin tikinti şirkətləri bu günə qədər Azərbaycanda 14.2 milyard dollar dəyərində ümumilikdə 414 layihəni üzərinə götürüblər. Bundan sonra da Azərbaycanın yenidənqurma və inkişafına töhfə verməyə davam edəcəyik. Bununla yanaşı, müdafiə sənayesi sahəsində Azərbaycanla əməkdaşlığımız gündən-günə artır. Rəhmətlik Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri ilə ifadə etdiyi ikitərəfli münasibətlərimizi yeni anlaşmalarla bütün sahələrdə gücləndirəcəyik”, – Ərdoğan bildirib.