Genel

Əhməd Ağaoğlu haqqında düşüncələr

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Azər TURAN

          Əhməd Ağaoğlu haqqında düşüncələr 

            3 gün əvvəl, oktyabrın 26-da Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoydular103 il əvvəl isə Əhməd Ağaoğlu Cümhuriyyət Parlamentinə Zəngəzurdan deputat seçilmişdi.

Əhməd Ağaoğlu
Əhməd Ağaoğlu

                                          ***

          “Hürriyyət mələyinin aşiqi” Əhməd Ağaoğlu insanı mədəni kainatın şüuru, hürriyyəti şüurun müqəddəs cövhəri, sərbəst insanlar ölkəsini isə hürriyyətin məbədi hesab edirdi. Əhməd bəyin Vətən məbədində riya və yaltaqlıq ən ağır günahlardan sayılırdı. Yalançılar bu məbəddən qovulur, xəbərçilər vətəndaşlıqdan məhrum edilirdi. O təkcə Yaxın Şərqdə avropalaşma hərəkatının deyil, eyni zamanda XX yüzilin əvvəllərində türk millətinin qürubunu əngəlləyən milliyyət düşüncəsinin də ən səmimi ideoloqlarından biriydi.

          Bizə güllə atanlara gül atmaq adətimizə də Əhməd Ağaoğlu son qoyub. Erməni məzaliminə qarşı Azərbaycan türklərinin dirənişini, təşkilatlanmasını da o təmin edib. XX yüzildə erməni barbarlığına qarşı milli düşüncənin hərbi, silahlı bir güclə qaynayıb-qarışmasının ilk örnəyini “Difai”nin timsalında 1906-cı ildə Əhməd bəy Ağaoğlu yaradıb.

          Əhməd Ağaoğlu qədim türk yasasını, əcdadımızın dünyaya yer üzündəki ahəngin qorunmasına cavabdeh olaraq gəldiyini bilən, ulusu sevmək fənnini, harmoniyanı qorumaq görəvini fəhminin parlaq qüdrəti və qələminin ecazıyla “Tanrı dağı”nda mənəvi vəzifə olaraq mənimsəyən böyük insanlarımızdan biriydi.

         Ağaoğlu Qarabağ türklərinin səsini Avropanın elmi çevrələrinə, Sarbon auditoriyalarına, Londonun xitabət kürsülərinə daşıyan, Qarabağı Qərbə yansıdan ilk Azərbaycan aydınıdır. Fars milli düşüncəsinin mahiyyətində bərqərar olan gizli inanc cərəyanlarını şərqşünaslığın yüksək, elmi üslubunda tədqiq edən ilk Azərbaycan mütəfəkkiri odur.

        Əhməd Ağaoğlu milli varoluşun zamanına görə ən dürüst və sağlam yollarını özünün zəngin elmi təfəkkürü, açıq siyasi bəsirəti ilə müjdələyənlərin birincilərindəndi.

         Ağaoğlu millətə ruh kirinin vücud kirindən daha dözülməz olduğunu duyurmaq üçün sanki qədim mətnlərin üzərində inadlı palimpsestlər yaratdı, şamanlarcasına cəzbəli bir mücadilə verdi, yeniyetməlik illərində Şuşada ruhunu qapsayan milli vəcdini ölənəcən tərk etmədi. Maltadan Qarabağ aşırımlarına, Bakıdan Hira dağına, İstanbuldan Tanrı dağlarına boylandı…

        1888-1894-cü illərdə Parisdə – Sarbon Universitetində Renan, Darmesteter kimi dünya şöhrətli alimlərdən dərs almışdı. Hələ o zaman fransız elmi elitasının diqqətini çəkən Ağaoğlu Londonda Şərqşünaslar Konqresində “Şiə dinində məzdəki inanclar” mövzusunda məruzə etdi və bu əsər Kembric Universitetinin dəstəyi ilə bir çox Qərb dillərində dərc olundu.

          Əhməd bəy araşdırmasında məzdəki inancla şiə düşüncəsinin İranda necə və hansı yolla uzlaşdırıldığını, Sasani sülaləsinin Salman Farsi, Şəhrəbanu amillərindən necə yararlandığını, Məzdəki ənənəsinin şiə dəyərlərinə necə adaptasiya olunduğunu tədqiqata cəlb etmişdi.

           Paris Əhməd bəydən potensial, intellektual bir irançı, farsçı yaratmaq xülyasındaydı. Ancaq Ağaoğlu Parisdən Şuşaya İslam aləminin mədəni birliyinə, tərəqqisinə cəhd edən nüfuzlu bir panislamist kimi qayıtdı. Amma bu necə oldu? Necə oldu ki, Əhməd bəy Azərbaycana qayıdar-qayıtmaz həm də milli mücadilənin ön sıralarında göründü. Hələ Parisdəykən Sarbon tələbəsi Ağaoğlunun mütavaze mənzilində onunla həftələrlə davamlı söhbətlər etmiş Seyid Cəmaləddin Əfqani bu qarabağlı gənci paniranizmdən panislamizmə yönəldə bilmişdi. Elmdəki yolu Ernest Renanla başlayan Ağaoğlunun məfkurədəki yolu Seyid Cəmaləddinlə davam edirdi. Sonralar 1905-ci ilin noyabrında Ağaoğlunun “Həyat”dan ayrılıb “İrşad” qəzetini yaratması da, deyildiyi kimi, hər hansı milli maraqlara prinsipial münasibətlə yox, elə bu səbəblə bağlı idi. Azərbaycanda İran mədəni modelini və fars kultunu dağıdan panturanist Əli bəy Hüseynzadə ilə, panislamist Əhməd Ağaoğlunun fikir müxtəlifliyində…

         Avropada neçə yüz ildən bəri islam dəyərlərinə və Hz. Məhəmmədə qarşı yönəlmiş ədəbi-ideoloji sistemin də ilk elmi tənqidini 1901-ci ildə “İslamlığa görə və İslamda qadın” əsərini yazaraq Əhməd bəy gerçəkləşdirdi. Şərq-Qərb sivilizasiyalarının bütün qütblərinə, Budda-Brəhmən mədəniyyətinə, hind, Çin, yapon uyğarlıqlarına, İslam və Xristianlıqdakı bütün məzhəb və sektaların etiqad yollarına, yaşadığı zamanın sosial mahiyyətinə, Qərb amilinin mədəni və siyasi altyapısına, müqəddəs mətnlərin teoloji təfsirinəcən, ümumiyyətlə, ən ciddi mətləblərə vaqif bir zehniyyətin əsəri olan “Üç mədəniyyət” müasir fikir tariximizin ana kitablarından biridir.

       Əli bəy Hüseynzadənin məşhur üçlü triadasında nisbətən çətin dərk olunan çağdaşlaşmaq qanadının doğurduğu “nə üçün və necə avropalaşmaq?” sualına “Üç mədəniyyət”də olduğu qədər qapsamlı, sosioloji və fəlsəfi bir cavabı başqa kitablarda oxumaq bəlkə də heç mümkün deyil, ancaq buna rəğmən, üstündən yüz ilə yaxın bir zaman keçsə də “zavallı Ağayevin insafsız ittihamı” (C.Meric) hələ də “Üç mədəniyyət” opponentlərinin aramsız tənqidinə hədəf olur…

         Türkiyədə onun barəsində yazılmış kitablardan biri “Əhməd Ağaoğlu və rol dəyişikliyi” adlanır. Paris dönəmində paniranist kimi görünən Ağaoğlu, Bakıda panislamist, Türkiyədə türkçü və qərbçidir. Türk varlığının, o cümlədən Şərqin qlobal təhdidlərə, Məhməd Akif demişkən, tək dişi qalmış mədəniyyət canavarının (Qərb mənasında) pəncəsinə düçar olduğu o darmacalda Əhməd bəy tutaq ki, Sədinin padşaha mütləq itaət təlim edən ehkamçı baxışlarının əvəzinə Monteskyönün “Qanunların ruhu”nu mənimsəməyi daha uyğun görürdü. İtaət, qənaət, təvəkkül, təslim, dözüm modelinə söykənən dərviş əxlaqi prinsiplərinin yerinə Russonun “İctimai müqavilə” nəzəriyyəsini öyrənməyi tövsiyə edirdi.

         Əhməd bəyin milli və insani oyanış fəlsəfəsində Şiraz və İsfahan Roma və Yunanıstanla üz-üzə gəlirdi. Burada cəmiyyətə Parisi dağıdan dərvişin tilsimlərindən imtina, əvəzində isə Avropanı inkvizasiya məhşərindən xilas edən Lüter düşüncəsinin ibrət dərsləri öyrədilirdi. Şərq mistisizminin qarşısına Roma hüquq məktəbi çıxırdı və Əhməd bəyin qənaətinə görə, tutalım Roma hüquq məktəbi İslamın əsaslarına İran ənənələrindən daha məhrəm və daha uyarlıydı. Yenə də həmin sistem üçün ən münbit zəmini Əhməd bəy xristianlıqdan daha çox islamın simasında görürdü. Ancaq öz təbiriycə desək, əyrü-üyrü yollardan sərf-nəzər edirdi, Adam Smitlə Nizamüddövlənin, Spenserlə Nəsrəddin Tusinin görüşlərini bir-birinə qarışdırmamağı, yolun ən konkretini, mükəmməlini və ahəngdarını seçməyə çağırırdı…

         Beləliklə, yaradıcılığının son aşamasında Əhməd bəy Qərbi təlqin edirdi, ancaq autodafelər dövrünü yaşamış, Allahın yaratdığı sərbəst düşüncəli insanları Papanın əmri ilə tonqallarda yandıran Qərbi deyil, Fransız İnqilabından sonra doğulmuş yeni Qərb dəyərlərini təlqin edirdi. Bu təlqinləri o, yenə də “Sərbəst insanlar ölkəsi”ndə, yenə də qurultay və hürriyyətin (demokratiyanın) nə olduğunu əcdadlarından öyrənmiş türk fərdinin dilindən ifadə edirdi…

         Ağaoğlu Fatehdən sonra türk təməlindən uzaqlaşan Osmanlının son çağlarında şəxslərə, fərdlərə deyil, dövlətə bağlı olanların idarəetmə sistemindən qovulmasındakı və mücahidlərin sürgünə, Aramyanların rəyasətə sövq edilməsindəki mənanı da dövlətin yox, sultan hakimiyyətinin qorunması şəklində belə izah edirdi: “Üç yüz ildən bəri iş başına keçmiş olan dövlət adamlarının sicilləri incələnərsə, aralarında yüzdə iyirmisinin belə türk olmadığı anlaşılır. Böyük bir qism o qullardır ki, dövləti qurmuş olan ünsürlə ilgili olmayıb sırf padşahlara qarşı göstərdikləri rəzilcə bağlılıq sayəsində çeşid-çeşid hiylələr, ikiüzlülük və cinayətlərlə mövqe və məqam sahibi olmuşlar. Türkü anlamamışlar. Türkün sevincinə qatılmamışlar və fəlakətli zamanlarda türkü tərk edib getmişlər ki, bu da çox təbiidir. Çünki onları dövlətə bağlayan tək şey padşahın təvəccühüdür”.

         Əhməd bəy məmurlarının sədaqət dərəcəsinin yalnız padşahın təvəccühünə (rəğbətinə) bağlı olmayan milli və demokratik dövlətin qurulmasında maraqlıydı və elə bu səbəbdən də qərbçi Abdulla Cövdətdən fərqli olaraq, Ağaoğlu onun təmənnasındaydı ki, törəsi əsl, eli nəcib bir millətin təmiz qanı gərək özgə qanlara qarışmasın, qarışarsa kölə ellərin adətinə, törəsinə calanarıq, millətin ocağı sönər…

                                              ***

          Məndə bir şəkil var. İstanbulda Feyzavər xanımda görmüşdüm. Şəkildə Əhməd Ağaoğlu Əbdülhəq Hamidlə bir yerdədir. Sağda Yaqub Qədri Qaraosmanoğlu, ayaqüstə Yaqub Qədrinin xanımı Ləman, Əbdülhəq Hamid, Hamidin xanımı əfsanəvi Lüsyen xanım, Əhməd Ağaoğlu, Əhməd Emin Yalmanın xanımı Rezzan Yalman, Anadolu klubunun müdiri Cəfər Fəxri bəy… Şəkil İstanbulda Böyükadada Anadolu klubunun həyətində çəkilib. 1930-cu illərin ortalarıdır. Əbdülhəq Hamidlə Əhməd Ağaoğlunu eyni ortamda görüncə rəhmətlik Feyzavər xanımdan “Hamidin 1932-ci ildə babanıza yazdığı məktub “Müəzzəz və möhtərəm əfəndim həzrətləri” sözləri ilə başlayır” – demişdim. “Öyləmi?” deyə heyrətlənmiş, “Hamid xatirinizdədirmi? sorunca “Süleymaniyədəki evimizə bir-iki gəldiyini indi xəyal-məyal xatırlayıram. Hamid başına iri silindr geyərdi. Saida abla, Səlim abi və mən çocuqduq, öz aramızda onun silindr şapkasına gülərdik” – demişdi.

      – Bəs Əhməd Ağaoğlu?..

      – Atamın iki dəfə sarsıldığını, yıxıldığını, yasa girdiyini görmüşəm. Atatürk və Əhməd Ağaoğlu vəfat edəndə…

         Əhməd Ağaoğlu ilə Əli bəy Hüseynzadə ən yaxın dost idilər. Dostluqlarının çox dəlili var, biri də Ağaoğlunun Hüseynzadəyə yazdığı bu məktubdur: “Əziz qardaşım Əli Bəy! Sürəyya və Tezər xanımı sana evlad olmaq üzərə tevdi (əmanət) ediyorum. Təhsillərini natamam buraxmamaq için İstanbula göndərmək məcburiyyətində qaldım və səndən başqa onları etimad edəcək yer bulamadığım için sana və Əthiyyə xanıməfəndiyə zəhmət vermək ıztırarında (məcburiyyətində) qaldım. Onları qəbul etmək kibi lütfdə bulunmanız bəni və ailəmi şükranı ödənəməyəcək qədər minnətdar etdi. Artıq çocuqlar sənindir. Bəni biliyorsun. Bən insanda həsəb və nəsəbdən, elm və irfandan ziyadə əxlaqa, mətanətə qiymət veririm. Bən Türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını və bütün fəaliyyəti-ictimaiyyəyə iştirak etmələrini arzu edərim. Qızlarımın da o yolda hazırlanmış olmalarını istərəm. Fəqət hürriyyət və sərbəstiyi intizamsızlıq səklində tələqqi etməm. Onun için qızlarımdan da təvazö, iffət, hicab və hörmət dairəsində sərbəsti istərim. İştə qardasım! Hər cəhətdən onların babası sənsin… Binaenaleyh Saida, Feyzavər və Məhmət haqqında nasıl hərəkət ediyorsanız onları da o surətdə tələqqi (qəbul) edəcəksiniz. Artıq onları sizə, sizi də Allaha ısmarlıyoruz qardasım… Əziz qardasımız! Qardasınız Ağaoğlu Əhməd, 17 Ekim (oktyabr) 1922. Ankara”.

                                        ***

         Əhməd bəy düşündüyü kimi yazdı, yazdığı kimi yaşadı, “sanki Tanrının rəsuluymuş. Ölmüş damarlara can verdi”, – deyə dəyərləndirdiyi Atatürkün böyük təvəccöhlərinə rəğmən onun hökumətini də tənqid etməyi bacardı. Atatürk bir universitet professorunun, hələ üstəlik, Ağaoğlunun müxalif mövqedə dayanmasına dözə bilmirdi, Əhməd bəy isə bir məclisdə Atatürkə “rejim və iqtidar qüvvətli isə bir kimsənin həm darülfünunda professorluq etməsi, həm də müxalif olması heç bir zərər doğurmaz. Əgər rejim və iqtidar zəif isə bunun təhlükələri vardır”, – demişdi. O, belə bir Ağaoğlu idi. Böyük türk millətinin və dövlətinin naminə yaşamaqdan zövq alırdı. Bu yolda, hətta Atatürkün də rəğbətini itirmək bəzən “Moskva şiəsi” adlandırdıqları Ağaoğlunu sarsıtmırdı… Çünki xalis və uca şəxsiyyəti vardı. “Sərbəst insanlar ölkəsi”ndə xəyalını qurduğu utopik cəmiyyətin yasalarına, “Tanrı dağı”nda eşitdiklərinə (yazdıqlarına) ömrünün bütün mərhələlərində hamıdan qabaq özü əməl etdi: “İnsan Tanrının kainatdakı bənzəridir… yalan bilməz, riya sevməz, yaltaqlıq etməz…”.

          Əhməd bəy 1908-ci ildə Bakıdan inciyib getdi, ömür yolu sarsıntılarla, çilələrlə, məhrumiyyətlərlə, mübarizələrlə müşayiət olundu. Uzun illər adı Azərbaycanın elmi-ictimai çevrələrində anılmaz oldu, Ağaoğlu imzası məmləkətində qadağan edildi, Vorontsovun təqiblərini Stalinin yasaqları əvəz elədi… Bakıdan getdi. Amma İstanbulda Əli bəy Hüseynzadə, Yusif Akçura, Məhməd Əmin Yurdaqulla çiyin-çiyinə verib Türkiyənin ilk türkçü təsisatlarını – Türk dərnəyi, Türk Yurdu, Türk Ocağını yaradanlardan biri oldu. 1916-cı ildə Millətlər Birliyinin Konqresində Türkiyədən Lozana gedən nümayəndə heyətinin tərkibində Azərbaycanı təmsil etdi. Amerika Prezidenti Vilsona ünvanlanmış tarixi məktuba Əli bəy Hüseynzadə, Akçura, Abdurrəşid İbrahimlə birgə o da imza atdı. 1918-ci ildə Nuru Paşanın siyasi müşaviri kimi Əli bəy Hüseynzadə ilə bir yerdə Azərbaycana gəldi, Azərbaycan Cümhuriyyətinin təşəkkülündə xidmətlər göstərdi, Parlamentin Zəngəzurdan seçilmiş üzvü kimi bitərəf fraksiyasında təmsil olundu. Malta sürgünlərində əsirlik aqibətini yaşadı, Türkiyədə əvvəlcə Osmanlı Məclisi-Məbusanında, sonra Böyük Millət Məclisində vəkil, İstanbul və Ankara Universitetlərində professor, “Tərcümani-həqiqət”, “Akın” qəzetlərinin başyazarı oldu, Türkiyə Cümhuriyyətinin mətbuat müvəkkili, Anadolu Ajansının rəhbəri kimi fəaliyyət göstərdi. Hindistandakı milli azadlıq hərəkatını, etrusk mədəniyyətini, İran inqilabını… araşdırdı. Və ömrünün bütün mərhələlərində və son nəfəsinəcən Qarabağın xiffətini çəkdi… Maltada sürgündəykən içdiyi bir stəkan çayın ləzzətini ömür-gün dostu Sitarə xanıma yazdığı məktubda belə paylaşırdı: “Bilsən o bir bardaq çay mənə nə qədər zövq verdi: Xatirəm ta uzaqlara, gənclik zamanıma, Qarabağa, qalanın o gözəl dağlarına, Başıucaya, Daşaltına, Heydər düzünə, Şahnəçiyə və Dəlikdaşa, o yerlərdəki gəzmələrə getdi! Bütün keçmişlər, bütün əqrəbalar, dostlar, evimiz, sokaklar, bağçalarımız birər-birər önümdən keçdi! Və sonra sizi andım, bugünkü halınızı düşündüm, o qədər mükəddər oldum ki…”.

                    ***

       2014-cü ilin aprelində Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyində etdiyim  məruzənin sonunda Tanrıdan bir təmənnamı dilə gətirdim. Dedim ki, 5 il sonra Hüseynzadənin ən yaxın dostu Əhməd Ağaoğlunun da 150 yaşı tamam olacaq. Kaş ki, onun da 150 illiyini doğulduğu Şuşada qeyd etməyi Tanrı bu millətə nəsib etsin.

         Aradan beş il deyil, yeddi il keçdi və Tanrı Əhməd Ağaoğlunun əziz xatirəsini Şuşada anmağı bizə nəsib etdi.

       Bu il avqustun 31-də Şuşada Vaqif Poeziya Günləri çərçivəsində keçirilən “Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü” simpoziumundakı çıxışımda “Bizim vətən cənnətimiz səkkizguşəli cənnətdir. Əhməd Ağaoğlunun türk şamanizmi motivlərində yazdığı “Tanrı dağında” hekayəsində keçən “səkkizguşəli ana kainat” frazası bizə Azərbaycan bayrağındakı səkkizguşəli ulduzun mifoloji mənşəyini dərk etməkdə yardımçı olur” – dedim.

                      ***

         …Həyatını iztirab, sıxıntı, üzüntü içərisində yaşadı. 19 yaşında Parisə getdi, Şuşada atası dünyasını dəyişdi. 49 yaşında Nuru Paşanın siyasi müşaviri kimi Gəncəyə gəldi, İstanbulda evi yandı, 51 yaşında Maltaya sürgün olundu, ailəsi ehtiyac içərisində qaldı… Nisbətən asudə çağlarında universitetdəki professor görəvindən uzaqlaşdırıldı, redaktoru olduğu qəzet qapadıldı… Ancaq dözdü. Çünki məfkurəçiydi və öz yazdıqlarına özü hamıdan daha çox inanırdı: “Məfkurəçiliyin təbii nəticəsi nikbinlikdir”.

Əhməd Ağaoğlu
Əhməd Ağaoğlu

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest