Ziyayi-Qafqasiyyə”ni ağrıdan, göynədən və incidən nə idi?
Salam, dostlar! Mən digər tədqiqatçılardan fərqli olaraq, görkəmli hüquqşünas, jurnalist, ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 1884-cü ildə Tiflis Gimnaziyasını yox, Zaqafqaziya Müəllimlər Seminariyasını qutrardığını yazanda bəziləriniz əsəbiliklə mənim “səhv”imi təshih etməyə cəhd göstərirsiniz. Mən yazdığım yazılarımda inandığım və güvəndiyim tədqiqatlara və düzgünlüyünə şübhəm olmayan faktlara əsaslanıram. Fakt kimi irəli sürülən mənbələri də bəzən araşdırmalı oluram.
Ə.M.Topçubaşovun Sankt-Peterburqda saxlanılan arxiv materiallarından xəbərim yoxdur. Amma yeri düşdükcə onların bəzi vərəqlərinə baxmışam. Tiflisdə ərəb əlifbası ilə nəşr olunmuş “Ziya” qəzetinin (25.01.1879-26.06.1884 ) dili üzərində tədqiqat işi apararkən qəzetin sonuncu-26 iyun 1884-cü il tarixli 11-ci nəmrəsində bir maraqlı yazı ilə rastlaşmışdım. Burada Ə.M.Topçubaşovun və sonralar Zaqafqaziyanın IV şeyxulislamı olan Mirzə Həsən Tahirovun oğlu Nəsrulla bəyin də (Nəsir bəy də yazırlar-N.N) adı çəkilirdi. Yazıda onların hər ikisinin 1884-cü ildə Qori Müəllimlər Seminariyasını qurtardığı xüsusilə vurğulanırdı. Bu xəbəri oxuyana qədər mən elə bilirdim ki, Ə.M.Topçubaşov Tiflisdəki Klassik Gimnaziyanın məzunudur. Qəzetdəki xəbəri dostum, professor rəhmətlik Xeyrulla Məmmədova bildirdim. Məlum oldu ki, onun da bu faktdan xəbəri var və fikrinin təsdiqi kimi mənə qəzetin həmin nömrəsinin surətini verdi. …Söhbət 1991-ci ilin iyul ayına aiddir. Professor dostumun təkidi ilə mənə maraqlı görünən faktı indi oxucularla bölüşmək qərarına gəldim. “Yeni fikir” qəzetinin 24 iyul 1991-ci ildəki 29-cu sayında “Tiflis Gimnaziyası, yoxsa Qori Müəllimər Seminariyası?” adlı yazım dərc olundu. O vaxtlar indiki qəzet bolluğu yox idi. Yazılanlar oxunur, fikir müxtəlifliyinə hörmətlə yanaşılırdı. Yazı “Ziyayi -Qafqasiyyə”dəki maraqlı bir xəbərərin incələnməsinə, fakt kimi göstərilənin dəqiqləşdirilməsinə xidmət edirdi.
“Ziyayi-Qafqasiyyə”də Qoridən verilən xəbəri olduğu kimi oxuculara çatdırırıq:
“Qorı Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1884-cü ildə) imtahanın nəticəsi bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub cümləsinə (Attestat) şəhadətnamə verilübdür. Bunlardan 13-ü rusdur, 7-i gürcüdür, 4-ü polyakdır və bir yəhudidir və bir ğreqdir və 2 dəxi İslamdır. Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla bəy Tahirovdur və biri dəxi Tiflis bəyzadələrindən Əlimərdan bəy Topçubaşovdur”.
(Xəbərdə sası dinli qonşumuzun da adı var idi.).
Əlbəttə, yazı müəllifini ağrıdan, göynədən və incidən o idi ki, 35 məzundan təkcə ikisi islamdır. Müəllif burada söz içində söz demişdir. Bəlkə də onun başlığa çıxarmaqda məqsədi ərazidəki digər millət və xalqlarla müqayisədə təhsil sahəsində islam əhlinin geridə qalmasını göstərmək idi. Qəzetdə məzkur (adı çəkilən) yazının müəllifi göstərilmir. Çox güman ki, müəllif- Hacı Səid Əfəndi Ünsizadənin qızının əri – damadı (kürəkəni), Tiflisdə rus dilində nəşr edilən “Öridiçeskoe obozrenie” jurnalının əməkdaşı, müsəlman hüququ üzrə görkəmli hüquqşünas İsmayıl bəy Şilyanskidir. Belə ki, Səid Ünsizadə 1884-cü ilin əvvəlində Qafqaz rəhbərliyinin əmri ilə Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsinə rəhbər və Şamaxı qazisi təyin olunduğuna görə Tiflisdən Şamaxıya gəlmişdi. Səid Ünsizadə doğma şəhərinə qayıdanda “Ziyayi-Qafqasiyyə” qəzetinin mətbəə işlərini mətbuat sahəsində müəyyən vərdişləri olan damadına tapşırmışdı. Qəzetin 1884-cü ilə aid nömrələri Şamaxıda redaktə olunsa da, Tiflisdə İsmayıl bəyin rəhbərliyi ilə çap olunurdu. İsmayıl bəy günün bütün vacib xəbərlərindən hali idi və o, Qori Seminariyasının 1884-cü il məzunları haqqındakı xəbəri Səid Ünsizadə ilə razılaşaraq qəzetdə çap etmişdi. İndi ZMS-in arxivinə əlimiz çatmır. Ceminariyanın arxivindəki bir sıra sənədlər yoxa çıxca da, Tiflis Klassik Gimnaziyasının arxivi öz yerindədir. Mübahisələrə son qoymaq üçün “Öridiçeskoe obozrenie” jurnalının arxivinə, “Kavkaz” qəzetinin 1884-cü il nömrələrinə də baxmaq gərəkli görünür. Hər halda, Ə.M.Topçubaşovun 1884-cildə Nəsrulla Tahirovla birlikdə qurtardığı təhsil ocağının adı və yeri dəqiq müəyyənləşdirilməlidir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq