“Ziya” qəzetində dərc olunan “Ey bülbül” rədifli qəzəllər və yaxud XIX əsr türkdilli ədəbiyyatının bülbülləri və gülləri
S.Ə.Şirvaninin (1835-1888) “Ziya” qəzetində dərc etdirdiyi nüktələrlə dolu “Ey bülbül” rədifli qəzəli haqqında açıqlamalar və incələələr bir çox mətləbləri üzə çıxarır.
Sovet dövründə aparılan tədqiqatlarda bu, “Ey bülbül” rədifli qəzəl epiqonçu şeir kimi qiymətləndirilir, məsələnin mahiyyəti başqa səmtə yönəldilirdi.Halbuki, ciddi məsələlərdən bəhs edən, maarifçilik ideyalarının təbliğilə gündəmə gəlməli olan bu mətbu orqanın gur işıqları qaranlıqların və alatoranlıqların işıqlandırılmasına yönəldilirdi.
“Ziya” qəzeti ( 25.01.1879,Tiflis-26.06.1884,Tiflis) Ezop maneralı, rəmzlərlə dolu materialları ilə tanınan mətbu orqan idi. O, “Əkinçi” qəzetinin (1875-1877) ideyalarını uğurla davam etdirirdi.
Qəzetin müxbirlərinin cərgəsində din xadimlərinin də olması heç də onu dini təbliğat vasitəsi kimi xarakterizə etməyə əsas vermirdi.
Qəzetin ən fəal müxbirlərinin əksəriyyəti dövrün yüksək səviyyəli, dərin düşüncəli din xadimi kimi daha çox tanınan müəllimlərindən dərs almışdılar.
“Ziya” qəzetində Zaqafqaziya müftisi Əbdülhəmid Əfəndizadə, Zaqafqaziya şeyxülislamı Əhməd Hüseynzadə, şair İsmi Sədrəddinbəyov, Məhbus Dərbəndi, M.Ağamirzadə, Mirzə Həsən Əlqədari kimi ziyalıların yazıları, əlifba məsələləri ilə ilgili rəy və təqrizləri, təhsil problemlərinə aid fikir və mlahizələrini oxucular maraqla qarşılayırdılar.
“Ziya”nın ən fəal müxbirlərindən biri Şərq ölkələrində ali dini təhsil alması iddia edilən görkəmli şair, təzkirəçi,yeni üsullu məktəblərdə müəllimlik edən S.Ə.Şirvani idi.
Burada maraqlı bir faktı xatırlamaq yerinə düşür.
1879-cu ildə S.Ə.Şirvani Tiflisə müəllimlərin müsabiqəsinə dəvət edilmişdi. Müsabədən uğurla keçəcəyi təqdirdə o, Zaqafqaziya Müəllimlər Seminariyasında yenicə açılmış müsəlman şöbəsində şiəməzhəb tələbəərə şəriət dərsi verməli idi. Lakin müsabiqədə Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü Əbdüssəlam Axunndzadə qalib gəlir və S.Ə.Şirvani doğma şəhəri Şamaxıya qayıdıb,burada əvvəlki işlərində -şəhərdəki rusdilli məktəbdə və Məclis Məktəbində müəllimliyini davam etdirir.
Seyid Əzim Şirvani -“Ziya” qəzetinin imtiyaz sahibi Səid Ünsizadə ilə ideya dostu idi. Qəzetdəki bəzi yazılardan hiss olunur ki, “Ziya”da “Ey bülbül” rədifli qəzəl müsabiqəsi məsələsi də bu qəbildən idi.
“Ziya” “Ey bülbül” çağırışı ilə xalqı maarif və mətbuata, işıqlı fikirlərə didqqət yetirməyə çağırırdı. Əslində “Ey bülbüül” ideyası İstanbuldan-Münif Paşadan gəlmişdi.
“Ziya” , bəlkə də,Münif paşanın Türkiyədə belə bir müsabiqədə iştirakına əsaslanaraq, söz içində söz demək qərarına gəlmişdi. Bu məsələ hələ tam dəqiqləşdirilməsə də, belə güman etmək olar ki, bu istiqamətdə tezliklə müəyyən işlər görüləcəkdir.
Səid Ünsizadə (1842,Şamaxı-1903,İstanbul) və Türkiyədə müxtəlif vaxtlardaüç dəfə maarif naziri olmuş Münif Paşanın dostluq və iş birliyi əlaqələrinin ətraflı öyrənilməsi də bir çox nəsnələri aydınlaşacaqdır.
S.Ə.Şirvanini “Ey bülbül” qəzəli şairin ideya dostu – “Ziya” qəzetinin naşiri və imyiyaz sahibi Hacı Səid Əfəndi Ünsizadənin sifarişilə yazmışdır.
Qeyd edək ki,“Ziya” qəzeti 25 yanvar 1879-cu ildə nəşrə başlayandan abunə çətinlikləriilə üzləşmişdir.
Qəzetin cəmiyyətdəki rolunu qiymətləndirən milli ziyalılardan başqa, ona kömək edən ,demək olar ki,yox idi.Heç bir sənəddə göstərilməsə də, qəzetin abunə çətinliklərinə hökumət tərəfindən qayğı göstərilirdi. Bu məsələdə Səid Ünsizadəyə vaxtilə Bakı qubernaoru olmuş D.S.Staroselskinin rolu danılmazdır.
Səid Ünsizadə bunu bir neçə yazısında söz içində qeyd etmişdir.
Hökumət məmurları, yerlərdəki pristavlar yuxarıların göstərişi ilə abunə çətinliklərin dəf olunmasına çalışır, tabe olduqları qurumlar qarşısında pis vəziyyətdə qalmaq istəmirdilər. Onlara bəzi kənd xudaları da köməklik göstərməyə məcbur idilər. Bunu “Ziya”ya göndərilən məktublar da təsdiq edə bilər.Hökumətin tapşırığını yerinə yetirən məmurlar müntəzəm olaraq, yerlərdə abunənin gedişatı haqqında Səid Ünsizadəyə məlumat veirdilər.
Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü olan Səid Ünsizadə də bu hesabatları başçılıq etdiyi “Ziya” qəzeti vasitəsilə işıqlandırırdı.
Maraqlı bir fakt da var ki,abunə yazılan bəzi mollalar, abunə pulunu versələr də,mütaliəyə meyilli olmadıqlarına görə, qəzeti başqa adamın ünvanına göndərməyi Səid Ünsizadədən və onun “Ziya”da işləyən qardaşı mühərrir Cəlaldan xahiş edirdilər.
Yerlərdə qəzetə qayğı göstərənlərin adları da “Ziya”nın sütunlarını bəzəyirdi.
”Ziya”ya maddı kömək edənlərdən biri İrəvandan Abbas Razi Məmmədzadə idi.O, qəzetə kömək məqsədilə Tiflisə Qafqaz Canişinliyinin İdarəsinə 50 manat pul və fars dilində bir təşəkkür məktubu da göndərmişdir.Səid Ünsizadə bu məlumatı qəzetində işıqlandırmış, başqalarına görk olmaqdan ötrü dostu S.Ə.ŞirvanininAbbas ağaya ünvanladığı 19 beytlik şeirini – qəsidəsini “Ziya” qəzetinin 11.10.1879-cu il tarixli 39-cu nömrəsində dərc etmişdir.Şeir belə başlayır:
“Mərhəba ,ey İrəvanın xaki zibamənzəri-
Kim, gəlib səndən vücudə əhli-məna sərvəri”.
S.Ə.Şirvaninin özü də qəzetin və mətbu sözün tərifinə aid bir neçə şeirini “Ziya”da çap etdirmışdir.
Qəzetə yardım edənlərdən biri Türkiyə sədr-əzəmi Fuad paşanın müşaviri Şəkili Ömər bəyin bacısı oğlu Şahin Əfəndi idi.M.F.Axundzadə 1863-cü ildə əlifba layihəsi ilə əlaqədar İstanbula gedəndə, Şahin əfəndinin səmimi münasibətindən sonralar fərəhlə söz açmışdır.
Türkiyə tarixində müxtəlif vaxtlarda üç dəfə maarif naziri olan Münif Paşa da “Ziya”nın Türkiyədəki qayğıkeşlərindən və fəal oxucularından biri idi.
Münif Paşa – M.F.Axundzadəyə də Sultanın yaxın əməkdaşlarından biri kimi kömək etmişdir.
Filologiya elmləri doktoru,professor Vüqar Əhmədovun Xiyabani kitabında yazdığı kimi, Münif Paşa M.F.Axundzadənin layihəsini başçılıq etdiyi elmi qurunmun jurnalında dərc etmişdir.
Münif Paşanı “Ziya”ya göstərdiyi ən böyük qayğısı 1882-cidə “Ziya”da müsabiqə adı ilə dərc olunan “Ey bülbül” qəzəlidir.
Münif Зaşanın “Ey bülbül” qəzəli “Ziya”da dərc ediləndən sonra Qafqazın 3 böyük şairi- Şəkili Nakam ( İsmi Sədrəddinbəyov.O, əslən Şamaxılıdır-N.N.),Şuxi və S.Ə.Şirvani Tiflisə – “müsabiqə”yə öz nəzirələrini göndərirlər.
Bu şeirlər 1881-ci ildə Türkiyədə “Ey bülbül ” rədifi ilə başlanan müsabiqənin davamı kimi qəbul oluna bilər.
Münif Paşa Türkiydəki müsabiqədə qalib gəlməsə də, “Ziya”da mətbu sözü Ezop maneralı qəzəli ilə qiymətləndirə bildi.
Filologiya elmlər doktoru, piofessor X.Məmmədov “Ziya”dakı “Ey bülbül” qəzəllərini sovet dövründə yazdığı monoqrafiyasında epiqonçu şeir kimi izah etsə də, sonralar öz fikrini dəqiqlşdirmk üçün yeni elmi axtarışlara başlamışdı.Təəssüf ki, amansız ölüm X.Məmmədova bu işi yerinə yetirməyə imkan vermədi.
Səid Ünsizadə “Ziya” qəzetinin abunə çətinliklərini “Ey bülbül” qəzəlləri ilə həll etməyə, mətbuatın cəmiyyətin inkişafındakı rolunu bədii sözün qüvvəsi ilə işıqıandırmağa cəhd östərdi.
S.Ünsizadə və onun dostlarrı “müsabiqə ” adı ilə türkdilli mətbuatın inkişafına ciddi təsir göstərməyə müxtəlif yollar və üsullar axtarırdılar. Müsabiqə ideyasının nəticəsi məlum olmasa da, Səid Ünsizadə “Ziya”ya kömək etmək üçün ziyalıları bu vacib məsələnin həllinə yönəldə bilmişdi.
Səid Ünsizadənin və Münif Paşanın bu birgə layihəsi ciddi öyrənilməlidir.
S.Ə.Şirvanini Münif Paşaya minnətdarlıq məktubu kimi ünvanlanan “Ey bülbül” qəzəlini oxuculara ərməğan edirik.
Bu qəzəl S.Ə.Şrvaninin Əsərlərinin 1967-ci il nəşrində verilsə də, şairin latın qrafikalı 3 cildliyinə, nədənsə daxil edilməmişdir.
Məlumat üçün onu da bildiririk ki,S.Ə.Şirvaninin ikinci bir “Ey bülbül”ü “Kəşkül” jurnalının problemləri ilə əlaqdardır. Burada da Bülbül və Gül metaforik obrazlardır. “Ziya”dakı bülbülər- Səid Ünsizadəni, güllər isə -“ZİYA” qəzetini və onun maraqlı yazılarını təmsil edir. Bu şeirdəki nüktələr incələnməli, rəmzlər açılmalıdır.
Türkdilli mətbuatda çoxlarının diqqətindən yayınmış Ezop üslubu, Ezop manerası, söz içində söz demək ustalığı bütün incəlikləri, nüktələri və elmi- filoloji təyinatı ilə təhlilə cəlb olunmalıdır.
Davamlı və daha cidi araşdırmalar S.Ə.Şirvaninin bülbülnamə və gülnamələrindəki analoji şeirlərin yeni nümunlərini ortalığa şıxara bilər.
S.Ə.Şirvaninin “Ey bülbül” rədifli qəzəli
Açıbdır çöhrə güli-gülüstanın,ey bülbül!
Nə vəchdən tutulur bəs lisanın, ey bülbül!
Gəhi dilin tutulur, gəh fəğan edirsən sən,
Nədir, bəyan eylə, dərdi-nihanın, ey bülbül!
Xəzan qəmilə məgər xatirin hirasandır, (bu söz Əsərlərdə pərişandır şəklindədir-N.N.) Bahari-vəsldə artır fəğanın, ey bülbül!
Baharım oldu fəğan, qoy mən eyləyim nalə,
Sənin ki döndi baharə xəzanın,ey bülbül!
Bücudeyi-Məryəmi-gülbəndə gəldi iyisi-gül,
Yəqindi tazələnir şimdi canın, ey bülbül!
Sənin zəbanələrin yandırır zəmanələri,
Əcəb ki, ol odə yanmaz zəbanın, ey bülbül!
Həzar mərtəbə şirindir nöqlü-şəkkərdən,
O Xosrovani əda dastanın, ey bülbül!
Zəman-zəman fərəhin var təbəssümi- güldən,
Xoşa bu gunə keçə hər zəmmanın, ey bülbül!
Sənin təranələrin şeirin nəzirəsidir,
Münifü xoşsüxənü-nüktədanın ,ey bülbül!
Həvayi-xar ilə sən tutmazsan qərarü şəkib,
Qızıl qəfəs ola gər aşiyanın , ey bülbül!
Qədəm gül üstünə qoymaq nədir, səzadır əgər,
Tökülsə xənçəri-xar ilə qanın, ey bülbül!
(səh.346)
Gərək ola qədəmi-yarda səri-aşiq,
Həsən degil bu rəviş dasitanın, ey bülbül!
Kitabi-güldən oxursan Rəsul mədhini sən,
Rəvadır Seyyid ola mədhxanın , ey bülbül!
Araşdırmalar göstərir ki,Münif Paşa, S.Ünsizadə və onun dostlarrı ilə bu “MÜSABİQƏ”yə ciddi hazırlaşıbmış.
Müsabiqənin nəticəsi məlum deyil.Məlum olan budur ki,Səid Ünsizadə “Ziya”ya kömək etmək üçün ziyalıları bu vazcib məsələnin həllinə yönəldə bilmişdi.
Səid Ünsizadənin və Münif paşanın bu birgə layihəsi ciddi öyrənilməlidir.
S.Ə.Şrvaninin Münif Paşaya minnətdarlıq məktubu ilə ünvanlanan “Ey bülbül” qəzəli Əsərlərinin 1967-ci il nəşrində verilsə də, latın qrafikalı 3 cildliyinə, nədənsə daxil edilməmişdir.
Məlumat üçün onu da bildiririk ki,S.Ə.Şirvaninin ikinci bir “Ey bülbül”ü “Kəşkül” jurnalının problemləri ilə əlaqdardır.
Burada da Bülbül və Gül metaforik obrazlardır. “Ziya”dakı bülbülər- Səid Ünsizadəni, güllər isə -“Ziya” qəzetini təmsil edir.
Bu şeirdəki nüktələr incələnməli, rəmzlər açılmalı,türk dilli mətbuatda çoxlarının diqqətindən yayınmış Ezop üslubu, Ezop manerası bütün incəlikləri ilə incələnməli və elmi filoloji təhlilə cəlb olunmalıdır.
***
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,türkoloq
Ədəbiyyat siyahısı
1″Ziyayi-Qafqasiyyə” qəzeti, 28.05.1882, N 18.
2.S.Ə.Şirvani.Əsərləri , 3 cilddə. I cild. Azərbaycan SSR EA Nəşriyyatı,
B., 1967.səh 346-347.
3.Xeyrulla Məmmədov.XIX əsrin sonu,XXəsrin əvvəllərində
Azərbaycan maarifçi realist ədəbiyyatı(xüsusi kurs).Bakı,1978.