Genel

Zahid Sarıtorpaq – hekayə

Nazim Əhmədli / Kırımınsesi / Azerbaycan

Zahid Sarıtorpaq

Adam kişi olar, ölü!..
(hekayə)

Ölü olduğumu bircə özüm bilirəm. Hə, mən ölüyəm, ölü… Nə sinə daşım var,
nə baş daşım, nə də üstümdə gözünün yaşını tökən bir adamım. Ölüyəm, ölü.
Amma bunu kimsə bilməz, kimsə görməz, kimsə anlamaz. Bax beləcə, gün keçər,
ay ötər, il dolanar, Bayram, bax beləcə, heç nə dəyişməz, dəyişməz heç nə. Öz
meyitinin qoxusunu özün çəkərsən ciyərlərinə, özün çəkərsən bir müşk qoxusu
kimi, için çiçəkləyər eləcə… Cəmalənin bunlardan xəbəri olmaz. Bax, elə indiki
kimi, həmişə onun üzünə baxanda, çöhrəsinin işıqlı yerində, qaranquşları köç
eləmiş gözlərinin içində sevgi-filan deyil, üçcə kəlmə söz yazıldığını görərsən, cəmi
üçcə kəlmə. Bunlar uzaq keçmişlərdə olduğu kimi: “mən səni sevirəm…” kəlmələri
deyil, yox, orada iri hərflərlə, hirslə-hikkəylə, bircə sənin başa düşəcəyin dildə
yazılıb: “adam kişi olar!” Hər dəfə də ölüb yerə girərsən, ürəyin yağır olar bu
sözlərdən, Bayram, ürəyin yağır olar… Həmişə də lap indiki kimi özünü qınayarsan.
Bu sənin alın yazındı eey, alın yazın, – deyərsən, – özün həkk eləmisən öz əlinlə,
daha doğrusu əməlinlə, ta niyə sıxılırsan, niyə üzülürsən?! Ta niyə o üç kəlmə sözü
oxuyanda, özünü dünyanın məxluqu deyil, sərsəri bir kabus sanırsan, hər dəfə də
çarəsizcəsinə əlini alnına qoyub qızdırmalı olub-olmadığını yoxlayırsan? Ömür-gün
keçdikcə, bax beləcə, Bayram, bax beləcə, anlayırsan ki, artıq gecdi, iliyinə işləyən,
içini didən narahatçılığın həmişəlik yol yoldaşına çevrilib. Bir vaxtlar özünə çox
arxayın idin, “məndə elə səbr, elə güc var ki, istəsəm yeri-göyü önümdə diz
çökdürərəm; lazım gəlsə, lap ayı, günü göydən bir medalyon kimi qoparıb cibimə
qoyaram, lap saxsı bir boşqab kimi vurub çilik-çilik eləyərəm…” – deyərdin. İndisə,
yetim-yetim boynunu burub o üç kəlmə sözün əlində giriftar olduğunu, onları heç

2

zaman həzm edə bilməyəcəyini başa düşürsən. Bundan sonra üç bu qədər
yaşasan da, o üç kəlmə sözün hər biri çopur dabandaşı kimi canını sürtdükcə
sürtər, səni pilə kimi incələyər. İncələməz eey, gönünü aşılayıb qanını çıxarar! Di
gəl, təmizə çıxmazsan, ara yerdə ömrün tükənər, sonun yaxınlaşar. Həmişə onun
çöhrəsində, gözlərinin içində eyni yazını görərsən, həmişə də lap indiki kimi
başlayarsan çarəsiz-çarəsiz yozmağa: deyərsən ki, “yaxşı, qoy olsun, “adam”
kəlməsini başa düşdük: adam elə adamdı, bunun başqa tərifi yoxdu; “kişi” isə –
kişilik, mərdlik deməkdi, bunu da bildik; yəni bir sözlə, o, mənə çatdırmaq istəyir
ki, “qeyrətin yoxdu, şərəfin yoxdu, bu vaxta qədər sən həmişə nadanlıq etmisən,
nakişilik etmisən!” Amma bütün bu iradları yeri gəldi-gəlmədi “adam kişi olar!..”
şəklində üzümə püskürmək nəyə lazımdı axı, nəyə? Yaxşısı bilirsən nədi? Yaxşısı
odu ki, yaxınlaşıb, bax o əlindəki mətbəx bıçağını soxsun qarnıma, bağırsaqlarımı
dolasın ayaqlarıma, canım çıxsın, birdəfəlik dincəlim. Niyə mən axı ömür boyu bu
zülmü çəkməyə məhkum olmalıyam?..” Oyunun olsun Bayram, oyunun olsun! Bir
yandan deyirsən “mən ölüyəm”, bir yandan da deyirsən “canım çıxsaydı,
dincələrdim…”
– Axşama heç nəyimiz yoxdu, Bayram…
İndi bir-bir sadalayacaq: kartof da qurtarıb, yağ da tükənib… Hələ maaşa düz
yeddi gün var. Ancaq çörəyə, siqaretə, bir də benzinə verəcəyim pulu ayırmışam,
ondan başqa heç nəyim yoxdu. Hələ işdə pul da yığmağa başlayıblar: nə var, nə
var, hamının torbasını tikən Qasımın yubileyi gəlir qabaqdan. Pah, gözüm aydın!
Maaşda verə bilərəm, ancaq maaşda. Haram xoşu olsun! Çox elə xoşum gəlir
bütün günü müdirə xoş gəlməkdən ötrü əlli oyun çıxardan o murdarsifət
adamdan. Onun dostluğuyla düşmənliyini heç kim ayırd edə bilməz, heç kim.
– Qab pastası da yadından çıxmasın. İki gündü deyirəm, xeyiri yoxdu. Əlinin
üstünə bir üstəgəl qoy ki, unutmayasan…
Yaxşısı budu, çıx aradan, Bayram, sürüş, get. Amma hara? İşəmi? Orda da
aləm bir-birinə qarışıb. Neyləyəcəm bəs? İdrisov bu gün dirənəck ki, gətir görək,
nə yığmısan. Xarabada bu ay qazancın az olduğunu indi ona başa sal, görüm, necə
başa salırsan. Ağzını açıb, gözünü yumacaq həmişəki kimi… Az qala, o da deyəcək
ki, “adam kişi olar!” Səy-səy danışmaq, vəzifəsini adamın gözünə soxmaq adətidi

3

də zalım balasının. Ancaq sən ondan küsmə, Bayram, küsmə. Bu vaxtacan nə
eləmisən, onun əliylə, köməyilə eləmisən, daha doğrusu göz yumub elədiklərinə,
imkan yaradıb ki, qazanasan: yarımçıq evini tikdinmi? – tikdin. Arizəni
köçürdünmü? – köçürdün. Teymuru əsgərlikdən saxlatdınmı? – saxlatdın. Bu
Allahsız, qəddar, arvadının istədiklərini elədinmi? – elədin. Yenə də eləyirsən: onu
İrana da aparmısan, müalicəsinin arasını kəsilməyə qoymursan. Hamısı puldu eey!
Bu bədbəxt oğlu İdrisov gizlin-basırıqda qazandıqlarını bir dəfə də olsa üzünə
vurubmu?– yox. Ta neyləməlidi səninçün? Ayağının altına yıxılıb ölməli deyil ki?
Əslində sən özün ölüsən, buna müdir neyləməlidi?
– Günorta oldu. İşə getməyəcəksən?
Adama deyərlər ki, bax, neynirsən gedəcəm, ya getməyəcəm. Özüm bilərəm.
Gözlüyümü taxıb, Teymurun təzəcə öyrətdiyi “iqraya” başlamaq istəyirəm
kompüterdə. Amma belim ağrıyır haa, yenə canım üzülür. Kompüterə qurşansam,
ağrının artacağından yenə ehtiyat eləyirəm. O zibilin adına nə deyirlər? Hə… şey…
mmm… tapdım! – plastr!.. O zəhirmardan – o istiotlu yapışqandan almaq yenə
yadımdan çıxıb, tfu!.. Gərək bu gün alıb yapışdıram belimə, üstündən də qurşaq
taxam. Sonra da fikirləşirəm ki, əşi, cəhənnəmə, adamın belinin zədəli olması
dözüləndi, hə, buna birtəhər tablamaq olar… Təki adamın beli qırılmasın! Amma
Bayram, ölünün ya beli qırıldı, ya boynu, – nə fərqi var ki?..
Hər gün çıxıb ötürür məni. Bu, sevgidən-filandan deyil, bir adətdi ki,
cavanlıqdan qalıb başında. Ancaq bəbəklərində yenə həmin şüardı… Sonra da yol
boyu qalıram içimi yeyə-yeyə: nağayrım, neyləyim ki, bu adamın tavırı dəyişsin,
necə eləyim axı, necə? Bir dəfə kefli vaxtlarımda ağzımı doldurub dedim ki, “ər-
arvadlıqda itnən pişik kimi dolanmaq olmaz, Cəmalə, olmaz!..” Nə desə yaxşıdı?
Qayıtdı ki, “sən get itin də pişiyin də palçıqda, ya qar üstündə düşən ləpirlərinə
bax: düşmən olsalar da, elə bilirsən ikisi də öz ləpiriylə gül şəkli çəkir eey, gül
şəkli!.. Başa düşürsən?.. Biz özümüzü öldürsək də xeyiri yoxdu. Ayağımızın izi
bilirsən nəyə oxşayacaq? Qəbirə!.. Məzara!..” Gözümün qabağına üşənə-üşənə
əvvəlcə qarda düşmüş çılpaq ayaq izi gətirdim, sonra da ayaqqabı izi. Doğrudan da
adamın ayağının çılpaq izi qıraqlarına çay daşları düzülmüş təzəcə bir məzara
oxşayırdı. Çəkmənin izi isə lap betər idi: pəncəsi – qəbirüstü sinə daşı, dabanı isə –

4

baş daşıydı. Gözümü döyə-döyə qaldım. Nə deyir əə, bu? Bunun rəhmətlik dədəsi
vaxtilə şeir yazırdı, şair idi, qanında var yəqin, qanında! Gör nələr danışır eey!.. Bir
dəfə də neçə il qabaq onu kəndə aparmışdım, xalasıgilə. Səhər durub gördük hər
yan ağappaq qardı. Xalasının da bir sürü qazı vardı, qapıdakı tənha çinarın altından
keçib getmişdilər nohura. Baxıb, baxıb birdən qayıtdı: “qaz ləpirlərinə fikir ver, elə
bil qarın üstündə çinar yarpaqlarının şəklini çəkmisən… necə də oxşayır ee…
Bütün günü bu üryan çinarın yuxusuna yarpaqları girəcək…” Onda elə bil mənə
vəhy gəldi, bədahətən dedim ki, “yəqin yuxuda yarpaqları budaqlarındaymış, qış
küləyi bir badalaq vuran kimi bu bədbəxt ağac yıxılıb yerə, yarpaqlarının şəkli
düşüb qarın üstə, sonra da qalxıb üst-başını çırpıb, görüb ki, yoox, balam, qışdı,
yarpaq-filan yoxdu, budaqları çılpaqdı, gördüyü yuxudu…” Hə, mən də ondan geri
qalmayıb belə bir gic bənzətmə eləmişdim. Ancaq onda Cəmalə üzümə baxmırdı,
baxmırdı ki, görüm gözlərində nə yazılıb. Yenəmi “adam kişi olar!” yazılmışdı orda,
yoxsa bu romantik anlarda pozulmuşdu o andır şüar?.. Qayıdıb nə desə yaxşıdı:
“hamı sən deyilsən ki, badalaq vura. Hamı mən deyiləm ki, eləcə yıxıla…” Üzümə
baxmasa da bildim ki, hələ o yazı gözlərinin içindədi. Amma bir şeyə də tam əmin
oldum ki, doğrudan da mən ölüyəm, vəssalam.
Gün keçər, ay ötər, il dolanar… Bax beləcə, Bayram, bax beləcə…
Qırx doqquz yaş az deyil, az deyil, vallah. Başım, üzüm ağappaqdı. Cəmalə
qocaltdı məni, qocaltdı. İnsan nə qədər kinli olar, İlahi, insan nə qədər kinli olar?!
Olub-keçənlər çıxmır yadından, çıxmır! Arizənin toyunda bizi bir valideyin kimi
rəqsə dəvət etdilər. Adam bala toyunda oynayar daa, bundan gözəl nə ola bilər
ki?… Amma onda lap dəhşətə gəldim: Cəmalə mənimlə üz-üzə guya gülümsəyə-
gülümsəyə rəqs eləməyə başladı. Di gəl, gözləri o yana, gülümsəyən dodaqlarında
da o üç kəlmə sözün yazıldığını görüb bilmədim neyləyəm. Qəfil mənə elə gəldi ki,
hamı ora yazılanı oxuyur. “Rüsvayçılıqdı!..” dedim, ta rəqs eləmədim. Bu adamın
içi bitib-tükənmək bilməyən kinlə doludu mənə qarşı: səbəbkar özüm olmuşam,
danmıram. Xəyanət etmişəm, hə, özü də dəfələrlə, dəfələrlə! Bilib. Görüb.
Tutub!.. Neyləyim? Ört-basdır eləyə bilməmişəm. Bu isə mənim ömürlük
gözükölgəli olmağıma gətirib çıxarıb.
– Telefonuna zəng gəlir, eşitmirsən?

5

İdrisovdu, yüz faiz. İndi deyəcək ki, “harda qaldın, qaşqaldaq?..”
– Gəldim, müdir, gəldim…
Məndən cəmi iki yaş böyükdü, amma adımı gör nə qoyub…
Bu mənim adi bir günümdü. Oturub ömrümün buna bənzər hər gününü
incələsəm özümə qəsd etməyə “uf” demədən əlim gələr. Ancaq ölü də özünə qəsd
eləyərmi? Necə? Nə cür?
Evdən çıxıb, maşınımın sükanı arxasına əyləşib də hər gün olduğu kimi şirkətə
sarı gedirəm. On beş dəqiqədən sonra İdrisovun qarşısında olacam. Yenə
axşamacan hirs içində, dilim qarnımda, canım sıxıla-sıxıla idarədə gedən yüz cür
oyunu izləməyə məcburam. İkicə gün dözsəm, sonra obyektlərə çıxacam, demək
olar ki, dincələcəm. Çünki müdirin qulbeçələrinin sifətini görməyəcəm, onlardan
uzaq olacam.
Ömrünü, gününü toyda şabaş paylayan kimi, bax beləcə səpələyirsən,
Bayram, bax beləcə. Ancaq heç nə dəyişmir, heç nə… Ara yerdə dünyanı meyit
qoxusuna bürümüsən – sənə qızılgül ətri kimi gələn meyit qoxusuna…


– Darıxma, səhər hər şey yaxşı olacaq, Cəmalə, səhər hər şey yaxşı olacaq…
Yenə ağrıları başlamışdı. Öd kisəsi zülüm eləyirdi ona. Gecə boyu zarıdıqca
yazığım gəlirdi.
– Darıxma, səhər hər şey…
– Nə “səhər, səhər” salmısan… Səhər noolacaq guya? Səhər də gecənin astar
üzüdü.
“Səhər gecənin astar üzüdü…” Bu da dədəsindən gəlmə sözdü yüz faiz.
Əndirəbadi danışmaq qanındadı zalım qızının.
Fikirlərim qurğuşun kimi ağır idi. “Bu ölsə, mən neylərəm görəsən? Mən
neylərəm axı?” Birinci dəfə deyildi özümə belə sual verdiyim. Normal bir cavab

6

tapa bilmirdim. Dalana dirənib öz-özümə deyirdim ki, “mən də özümü
öldürərəm”. Bu sözləri deyəndə çoxdan ölü olduğumu, meyitimin qoxusunun
dünyanı məst elədiyini unudurdum. Lap diri adamlar kimi düşünürdüm: əslində o
sözləri demirdim, pıçıldamırdım, yox, bunu çox gizlində, içimin çox dərinində
fikirləşirdim, dilimin ucuna gətirmirdim qətiyyən. İçimlə duyurdum ki, çox yox,
vur-tut bircə dəfə beynindən intihar fikri keçdisə, sonra bunu dilinə gətirdinsə,
deməli işin əlli faizi görülüb: sən, yarıölü kimi bir şeysən.
Qapının ağzına çıxıb, siqaretimi sümürə-sümürə bunları düşünürdüm.
Gözümün qabağına gətirirdim ki, məni intihar kəndirindən xilas eləyib yarımcan
halda uzadıblar yerə, Allaha yalvarıram ki, üzümə kim baxırsa, baxsın – Cəmalə
baxmasın. Çünki təpəsinə güllə də vursan, gözərinin içində yenə o şüardan başqa
heç nə olmayacaq. Olmayacaq, vallah! Bu adamın gözləri üçcə kəlmə söz bilir:
“adam kişi olar!..” – vəssalam! – onu da ki, pıçıldamır ee, bar-bar bağırır…
Ölü olduğumu qoyaq bir kənara. Deyək ki, lap diriyəm. Cəmalənin başına bir
iş gəlsə, özümü öldürmək haqda düşünməyimin səbəbi axı, heç də o deyildi ki,
cavan vaxtı onu dəlicəsinə sevmişəm, yox. Sadəcə, yaşımın bu çağında arvadsız
neyləyəcəyimi fikirləşirdim: axı, bədbəxt canım, mən heç Allahın bir stəkan çayını
belə özümçün dəmləyə, süzə bilmirəm, onda qalmış, yemək bişirməyi, paltar
yumağı, evin tör-töküntüsünü yığışdırmağı bacaram. Teymurdan da mənə hayan
olmayacaq, köçüb birdəfəlik Almaniyaya getmək istəyir, özü də qərarında qətidi.
Bir az daşürək uşaqdı, anasına çəkib. Tərsin biridi, getsə də gedəcək. Arizə də ki, ər
evində. Başı ailəsinə qarışıb. Ayda, iki ayda bir dəfə üzünü ya görürəm, ya yox.
Ağlıma hərdən belə bir fikir gəlir: tutalım, günlərin bir günü, qapımızdakı nar
ağacına yaxınlaşıb cəmi bircə dəfə budağındakı meyvəsinə desəm ki, sən nar
deyilsən, əzgilsən, vallah, lap kal da olsa, dodağı çatlayar, dənələri tökülər yerə,
yəni ağac infarkt keçirər! Cəmalənin gözləri demək olar ki, mənə iyirmi ildi gecə-
gündüz eyni şeyi deyir: “adam kişi olar!..” Bu isə nara əzgil demək kimi bir şeydi!
İndi hesab eləyirəm ki, mən çox dözümlü, polad ürəkli bir adamam. Yoxsa çoxdan
oyanlıq olmuşdum…
Siqaretimdən sonuncu qullabı vurub, çiskinli göy üzünə baxa-baxa yuxarı
üfürdüm: beləcə, Bayram, beləcə… Allah Cəmaləyə dəyməsin! İkimiz də yazığıq.

7

…Cəmalənin həmişə üzümə iynəli-iynəli baxmağından savayı, hərdən şair
balası kimi ala-bəzək danışıb ürəyimi silkələməyi də var:
– Payızın xınası ağacların başından tökülüb ayaqlarına yaxılanda, anam
ölmüşdü. Deyəsən, mən də qışın tumanı əynindən düşəndə öləcəm…
– Ağıllı ol… Səni istəməyənlər ölsün!..
Bu dəfə üzümə baxmadı. Gözlərində yazılanı bilirdim onsuz da. Bilirdim orda
nə var, necə deyərlər, öz fitimi tanıyırdım.


İdrisovun tapşırıqlarından cana yığılsam da hara gedəydim? Haranın külünü
tökəydim təpəmə? Neyləyəydim? Bütün günü qaş-qabağı yer süpürən bu adamla
baş-başa qalmaq fəlakət idi. O, işə gələnəcən qayimələri götürüb malların
paylandığı obyektlərə gedirdim. Sevinirdim ki, iki-üç gün rahatlıq tapacam. Həmişə
də fikirləşirdim ki, bax beləcə, Bayram, bax beləcə, gün keçər, ay ötər, il dolanar…
hər şey yaxşı olar. Amma heç nə dəyişmirdi. Çünki ölüydüm, ölü…
Amma gözümü açıb-yumunca, başqa şeylər baş verdi, tamam başqa şeylər…
O gün obyektlərə baş çəkməmişdən öncə anbardan maşınıma yüklədiyim
təsərrüfat mallarını nəzərdən keçirib özlüyümdə götür-qoy etmək istəyirdim ki,
görəsən, onları paylasam, nə qədər gəlirim olar. Bundan ötrü maşını sakit
küçələrin birində yolun qırağına verdim. Təzəcə saxlayıb yerə düşmüşdüm ki,
birdən arxadan çox həlim, çox tanış, içimə yağ kimi yayılan bir qadın səsi eşitdim:
– Bayram!..
Bu, o idi – Müşkü! Hə, o idi. Mənə sarı gəlirdi, – amma nədənsə, ayağını
çəkirdi, axsayırdı. Ürəyim düşdü. “İndi neyləyim? Bunun əlindən necə qurtarım?
Nə deyim?”
– Bayram, nə yaxşı oldu, gördüm səni, yeriyə bilmirəm, bax…
İndi deyəcək ki, “ayağım axsayır, məni evə apar…” Elə də oldu. Nə sənə, nə
mənə, oturdu maşına.

8

– Getdik!
Müşkü çoxdankı tanışımdı. Özünü də bir vaxtlar çox istəmişəm, lap gedib-
gələn nəfəsim olub. İndikindən iraq, onda günaşırı görüşərdik. Sonra Cəmalə
başıma elə oyunlar gətirdi ki, əlim hamıdan üzüldü, eləcə də Müşküdən. Uzun
illərdi qaçıram ondan, quyruq ələ vermirəm.
– Hara?
–Nahara. – Gülüb başını buladı. – Hara gedəcəyik ki? Bizə! Görmürsən necə
axsayıram? İstəyirsən, düşüm…
Ax, dəymədüşər Müşkünaz, ax! Sən heç dəyişməmisən. İndi necə olacaq?
İşimi-gücümü buraxıb səninlə vaxt keçirməliyəm? Yoox! İdrisov dədəmi yandırar!
Mallar da maşındadı. Hə, mallar… Çıxış yolum var: malları obyektlərə
çatdırmalıyam, vəssalam!
– Nə fikirli görünürsən, Bayram? Deyəsən, Cəmalə ipliyini üzüb, mürmüc
olmusan. Noolub sənə?
Ax, Müşkü, ax! Sən niyə bilmirsən axı ölü olduğumu, niyə bilmirsən?
– Hər şey qaydasındadı, narahat olma.
– Nəvələrimin üçü də göy öskürəyə tutulub. Eşşək südü zakaz eləmişəm. İki
gündü gedib-gəlirəm, satan adam məni aldadır, gətirib çıxarmır. Yoxsa bu halda
evdən eşiyə çıxan deyildim…
Heç dəxli var? O, yenə başladı boşboğazlığa, özü də necə! Day ardına qulaq
asmadım, fikrim qaldı, yolu tez başa vurmaqda, yəni onu məhlələrində düşürüb,
tezbazar aradan çıxmaqda. Yadıma ötənləri salmadım, qorxdum halım dəyişə,
qoşulam ona iş-gücü unudam.
Evlərinin yanında saxladım.
– Heç soruşmursan ayağına noolub?
Güldüm.
– Nəyə gülürsən?

9

– Heç…
O da güldü:
– Ağlına başqa şey gətirmə. Bilirəm də xasiyyətini. İndi Allah bilir ağlından
nələr keçir. Getdi eey o vaxtlarım, getdi. Qıçım sadəcə burxulub.
Yenə nədənsə güldüm. Sağollaşıb tərpənəndə maşının pəncərəsindən gülə-
gülə, həm də çox məhrəm bir şəkildə pıçıldadı:
– Bayram, gijdəmə! Qıçımın dibi yox, topuğum burxulub…
Müşkünün yaşa dolduğu açıq-aydın görünürdü. Onun da mənim kimi qırx
doqquz yaşı vardı, amma elə biliridin altmışdı, altmış beşdi. İçki düşkünü olan əri
çoxdan ölmüşdü. Qızı boşanıb üç körpəsiylə gəlmişdi üstünə. Oğlu Rusyətdən
qayıtmaq bilmirdi. Özü isə yenə yaxınlıqdakı özəl klinikada tib bacısı işləyirdi.
Görünür qızı boşanandan sonra dolanışığı pisləşmişdi, həyat üzmüşdü onu. Ancaq
nə qədər yaşlı görünsə də ondan meyit iyi gəlmirdi, – məndən gəlirdi, məndən…
Yola düşdüm. “Sənin də vaxtların vardı haa, Müşkü, şeytanın özünü yolundan
çıxarardın…” – dedim öz-özümə. Ona soyuq yanaşdığıma görə özümü qınamadım.
İçimdən bircə şey keçdi: “görəsən, ölü olduğumu bildimi? Meyit qoxusu vurdumu
onu?..”
Üstündən çox keçmədi. Bir neçə gündən sonra başıma başqa hadisə gəldi:
malları paylayıb evə qayıdırdım. Bir az qazancım olmuşdu, kefim durulmuşdu.
Cəmalə tapşıranları aldım, evə yaxşı bir bazarlıq elədim. Hərçənd, mənim belə
şeylərdə səriştəm yoxdu, bu işlərə Cəmalə özü baxır. Bildim ki, ağrıları baş
qaldırdığından onsuz da bazar-güzara məni göndərəcək. Odu ki, getdim marketə.
Aldıqlarımı maşınımın baqajına qoyanda, yanımda kiminsə ayaq saxladığını hiss
elədim. Qanrılıb kimi görsəm yaxşıdı? Kimi? Heç özüm də inanmadım…
Mən inanıram ki, gözümü dünyaya açandan üstümə it hürüb. Keçmişdə
olanları qoyuram bir qırağa, son illər başıma gələnləri heç cür anlaya bilmirəm.
Xüsusilə də son günlər. Sən ölüsən axı, Bayram, ölü! Ölüyə də it hürər? Harda
görünüb? Harda görünəcək? – budeey, burda marketin yanında. Bu, o idi. İllər
öncə ayrılıb, izini-tozunu unutmağa çalışdığım Güldəstə. Hardan gəldi? Hardan

10

peyda oldu? Bəs, deyirdilər Özbəkistana köçüb. Nooldu? Qayıtdı geri? Onun
üstündə bir vaxtlar evim dağılmışdı az qala.
Uzun müddət susub durduq. Qarşıdakı balaca parkda, kiçik bir kafeyə girdik,
çay sifariş elədik. Ürəyi doluymuş:
– Boşadı… Zöhrab məni boşadı… İnanmazsan, məndən ötrü özünü körpüdən
atmaq istəyən, özünü asmaq istəyən birisi, gözünü yumub boşadı məni. Bəhanə
də tapa bilmirdi, sadəcə, əcalflıq elədi, üzümə qarşı: “uşağın olmur” – dedi. Ancaq
həkimlər azı əlli dəfə yoxlamışdılar, bir qucaq arayışım da var: doğmamağımın
səbəbkarı o idi, özü də gözəl bilirdi mənlik heç nə yoxdu…
Güldəstə məndən on–on iki yaş balacaydı. Vaxtilə qonşu şirkətdə işləyirdi. Bir
vaxtlar tez-tez Binəqədidə, babasından qalma evdə görüşürdük. Onda hələ Zöhrab
türmədən çıxmamışdı, maşınla adam vurub öldürdüyünə görə yatırdı. Onda
Güldəstədən ötrü çoxları dəli idi. O isə mənə qısılmışdı. Kimsə Cəmaləyə
çatdırmışdı ki, Bayramın ipini yığ, məhv olub gedir… İpimi yığmaq nədi? – Cəmalə
başıma it oyunu açdı, “qurban olasan iki balama, yoxsa bir gün də səndə
oturmaram” – dedi. Üstəlik də ki, o üç kəlmə söz bu günəcən gözünün içindən
alnımın ortasına güllə kimi çaxılır…
Güldəstəylə keçirdiyin sonuncu gecəni xatırlayırsanmı, Bayram,
xatırlayırsanmı? Qəribə bir gecəydi. Sənə kim baxsaydı gülmək tutardı. Kefliydin,
hə, lül-qəmbər olmasan da, yaxşıca vurmuşdun! İşıqlar keçmişdi. Yataqdan qalxıb
üz-üzə oturmuşduz. Gözünü kənara yayındırıb zilləmişdin stolun üstündəki nöyüt
lampasının öz dibinə saldığı dairəvi kölgəyə, eləcə susurdun. Şair demişkən,
pərvanə yerinə lampasına milçək çırpılan bəxtsiz bir aşiq idin o gecə. Yadına gəlir?
Özünü elə üzürdün ki, Məcnun yanında qələt eləyərdi. O gecə özünü söydün,
söydün… Axırda da milçəyin ölüsünə tüpürüb, lampanın şüşəsini qapıb çırpdın
yerə. “Heç nə, Güldəstə, heç nə! Bundan sonra day məni görməyəcəksən!.. Mən
ölüyəm, ölü!” – bağırdın. Bunları unutmusan? Unutmusan, Bayram?.. Amma
atmaralı Cəmalə başına oyun açandan sonra, elə bil, valın yüz səksən dərəcə
çevrildi: gecə-gündüz təkcə özünü yox, Güldəstəni də söyməyə başladın. Elə bil,
eşqin tərs-avand olmuşdu, Bayram, tərs üzü nifrinlə doluydu istəyinin…
– İdrisov yenə müdirinizdi?

11

– Hə…
O vaxtlar İdrisovun da Güldəstədə gözü olduğunu bilirdim. Ancaq o, mühasib
köməkçisi Svetayla daha çox əlaqədəydi. Yəqin ona görə, ya nədənsə, Güldəstəyə
çox da girişmirdi.
Əvvəl düşünsəm də ki, “bu, hardan gəlib çıxdı, ay Allah…”, sonra ürəyim pilə
kimi yumşaldı. O, bir para məsələlər barədə soruşdu, telefon nömrələrimizi
yazdıq, ixtiyarsız söhbət uzandı… və mən eşitdiklərimdən dəhşətə gəldim. Elə bil,
illərlə qıfıllı qalmış bir qapını açmışdım, azadlığa çıxarmışdım onu. Qısa vaxtda o
mənə nələr danışmadı, nələr danışmadı, İlahi!.. Gözlərimi onun həyəcan dolu
üzündən qaçırıb pəncərədəki kaktusa zilləmişdim. Eləcə quruyub qalmışdım.
Kaktusun şapalağa oxşayan üstü tikanlı, enli yarpağını qoparıb sifətimə
çırpsaydılar, yəqin ki, heç nə hiss eləməzdim, heç səsim də çıxmazdı. Şokdaydım
təmiz. Sən demə, Zöhrab bu bədbəxt qızının başına hər gün it oyunu açırmış.
Başına gətirdiklərini kiməsə desə, onu öldürəcəyilə hədələyirmiş. Hər gün evə kefli
gəlir, bu kimsəsiz qadını döyür, bəzən də bütün gecəni çarpayının altında
uzanmağa məcbur edirmiş. Özü isə yatağa sərələnib sabahacan məşuqəsiylə
telefonla danışıb-gülürmüş. Gündüzlərsə mənzilin qapısını qıfıllayıb gedir, elə vaxt
olur ki, sutkalarla evə gəlmirmiş. Güldəstə yazıq məşəqqətlər içində, telefonsuz,
əlləri dünyadan üzülmüş halda, çox vaxt da ac-susuz bağlı qapı arxasında günlər
keçirirmiş…
Amma qəribədi, görəsən indi Güldəstə niyə “boşadı… Zöhrab məni boşadı…”
deyib şikayət eləyir. Bəs buna niyə sevinmir?
“Sən ölüsən axı, Bayram, ölü! Ölüyə də it hürər? Harda görünüb?” – heç
harda, heç harda, heç harda!.. Elə bir ovqata köklənmişdim ki, ölü olmağıma
baxmazdım, itin üstünə özüm hürərdim. Bu nə zillətdi yazıq Güldəstə çəkib? Bu nə
zülmdü? Heç ondan inciməyə, yan durmağa dəyərmi? Adam kişiliyinə sığışdırmaz
heç!.. Zöhrab əlimə düşsəydi loppaynan tüpürərdim üzünə! Tüpürməsəm də
üzünə elə nifrətnən baxardım ki, payını götürərdi. Cəmalənin gözləri demişkən,
çatdırardım ki, “adam kişi olar!..”
– Harda qalırsan?

12

– Babamın evində… Sənəm bibim də mənimlə qalır.
Bu yaxşı olmadı, yaxşı olmadı heç… Sənəm bibisi… Yəni demək istəyir ki, tək
deyil. Eybi yox. Başqa vaxt… “Başqa vaxt?” Dəli olmusan, Bayram? Yenə başladın?
Qurdların dəbərdi yenə? Qorxmursan bəs Cəmalə dərinə saman təpər?!
Az qala işıqforun qırmızısında keçəcəkdim. Əyləci qəfil necə basdımsa,
arxadan gələn maşın çırpılacaqdı baqajıma, güclə saxladı. Üstəlik hiss elədim ki,
baqaja yükldiklərim aşıb dağıldı. Kənara verib əylədim. Doğrudan da yumurtalar
qırılmış, ərzaq aşıb-dağılmışdı. Sən beləsən də, Bayram, sən beləsən də!..
Qırmızıda keçmək qanındadı. Təkcə maşınla yox, elə həyatınla, ömrünlə, əməlinlə
qırmızını görməmisən heç vaxt! Odu ki, altını çəkirsən.
– İrəlidə düşəcəm.
Güldəstənin gözləri yaşarmışdı. O niyə kövrəlmişdi belə?
– Niyə düşürsən? Qoy aparım səni.
O çox fikirliydi:
– Yox, Bayram, yox… İşim var. Zəngləşərik.
Hə indi birinci dəfəydi ki, onun dilindən adımı eşidirdim. Keçmişdə mənə
“Bəbir” deyərdi. “Bəbirimsən, Bəbişimsən” deyərdi həmişə, indi “Bayram” çıxdı
dilindən. Nə dedi? Zəngləşərik? Qoy bəri başdan deyim, işini bilsin. Yoxsa çaşıb
birdən zəng eləyər, Cəmalə duyuq düşər, tifağımı dağıdar:
– Özüm sənə zəng eləyəcəm.
O gedəndən sonra özümü maşının içində yox, tabutda hiss eləyirdim.
Ölüydüm, ölü! “Özüm sənə zəng eləyəcəm…” Bu kişi sözüdü, Bayram? İndi o sənin
haqqında nə fikirləşəcək? Deməyəcək ki, bu adamda bəbirlikdən əsər-əlamət
qalmayıb? Deməyəcək ki, bu daha Bəbir yox – Pişikdi? Bəbiş yox – Piş-pişdi?
Deyəcək, əlbəttə, deyəcək. Artıq onu məndən gələn meyit qoxusu vurub. Ola
bilməz ki, vurmasın. Yəqin bu qoxuya dözə bilmədi, ona görə gözləri yaşardı, ona
görə düşdü maşından…

13

Evə necə çatdım, bilmirəm. Olub-keçənlərin hamısı o gecə ötdü gözüm
önündən. Müşkü, Güldəstə, Seva… daha sonra kimlər, kimlər… Bu nə ömürdü
mən yaşamışam axı? Mənimçün bir cüt gözəl-göyçək bala böyütmüş Cəmalə kimi
ağırtaxta bir qadına bu qədər xəyanət eləmək hansı kişilikdəndi? Bəs onun
gözünün içində nə yazılmalıdı səncə? Bəlkə “eşq olsun sənə!” yazılmalıdı, Bayram?
Yerimin içində özümdən ixtiyarsız üzümü yatmış Cəmaləyə sarı çevirib, “sənə
qurban olum…” pıçıldadım. Deyəsən, ürəyimdə deyil, bərkdən pıçıldamışdım,
səsimi eşitdi, hər halda nə dediyimi başa düşməsə də yerində qurcuxdu. Ağlına
başqa şey gəldi deyəsən: “Yat, – dedi, – ağrınıram…” Ölü yatarmı, Cəmalə? Ölü elə
ölüdü də… Daş da yuxu görərmi? Amma mən daş kimi yatmışam, hə… Yuxu
görməsəm də yatmışam…
Barmaqlarım ucunda, pəncələrim üstə sivişib çıxdım eşiyə. Eləcə də endim
həyətə. Zirzəminin qapısını kim qıfıllayıb? Açar… açar burdadı, divardakı
mıxçada… Şükür, petləsini yağlayıb Cəmalə, açılanda day cırıldamır qapısı. Fağır
cırıltısından necə bezibsə, ağına-bozuna baxmayıb, qarğıdalı yağı vurub eey buna.
Hə, Cəmalə, hə, sənə qurban olum. İşığı yandırmayacam, yox… neynirəm işığı?
Ölüyə qaranlıq gərəkdi, işıq yox… Güldəstə! İtin qızı! Zəng eləmə! Yox! İstəmirəm!
Ölünün qulağında pambıq olur, eşitməyəcəm onsuz da… Hanı? Hanı kəndir?
Yeşikdə olacaq, hə, yeşikdə… Yox, çəlləyin içində olmalıdı. Hə burdadı, deyəsən.
Yox, Bayram, yandır işığı, yoxsa heç nə alınmayacaq. Bu da işıq… Ölü, di aç
gözünü. Üsulluca… çəlləyi üsulluca diyirlət ayaqlarının altına. Yox.. çəllək
yaramayacaq… hə, yeşikləri sürüklə bura, yeşikləri. Bax, belə… Bax, beləcə,
Bayram, beləcə… İndi qalx üstünə. Qalx, adam kişi olar, qalx! Bu da mən. Həh,
gəldim… Hara? Hələ tezdi. Bağla kəndiri dirəyə… Bax, beləcə… İlgək düzəlt, əlin
əsməsin, əlin əsməsin… O nə xışıltıdı?.. Siçovuldu deyəsən. Qapı açıqkən, qoy
qovalayım rədd olsun… Yoxsa köhnə-kürüş nəyimiz varsa, gəmirib tökəcək… Hanı?
Yoxa çıxdı zındıq… İlgək düzəlt, ilgək. Hə, düşmə yeşiyin üstündən, yellənməyinə
baxma, təpikləməsən aşan deyil, düşmə üstündən… Bax belə… Keçir boğazına,
keçir… qorxma. Qorxma, kişi ol, kişi! “Adam kişi olar!..” Qorxursan, Bayram? Yaxşı,
onda sadəcə məzəyçün keçir, tax boynuna ilgəyi, görək noolacaq. Bu da ilgəy, bu
da boğazım. Hə, ancaq hələ nə sıxmışam, nə də yeşiyi təpikləmişəm ayağım
altından. Di gəl, boğazımı, çənəmin altını bu quru kəndir göynədir. Gərək bu gün

14

üzümü qırxmayaydım, qırxmayaydım gərək, amma hardan biləydim nələr
olacağını… Quru kəndir, təmiz dəri, əlbəttə, göynədəcək… Orda, küncdə mator
yağı olmalıdı, qoy yağlayım bu kəndiri, sonrasına baxarıq… Yavaş! Yavaş!!! Yeşiyi
aşırtdın, a yığvalsız!!! Cəə-maa-lə-əəə!!! Xxxx! Cəə-maa-lə-əəə!!! Xxxx!
Ömrümdə Cəmalənin bu qədər güclü olduğunu bilməzdim! Ayaqlarımdan
necə qucaqlayıb qaldırmışdısa, ilgək boğazımda boşalmışdı ancaq nəfəsim
kəsilmişdi deyəsən, kəndir işini görmüşdü, nə qədər dartışdırsam da xeyiri
yoxuydu…
Ömrümdə Cəmalənin bu gurluğunda səsini eşitməmişdim:
–Teeyy-muur!!! Teeyyy-muur!!! Çatdır özüvüüüü!!! Padvala gəl!!
Padvalaaa!!!
Teymurun güclü qolları məni qucaqlayıb necə yuxarı qaldırmışdısa, başım az
qala tavana dəyirdi, amma heyim yoxuydu. Cəmalə tələsik yeşiyi böyrü üstə
dikəldib üstünə qalxdı və ilgəyi dartıb baoynumdan çıxartdı… Elə oradaca məni
yerə uzatmışdılar… qollarımı, qıçlarımı hərəkət elətdirir, sinəmdən güclü basır,
ağzıma nəfəs üfürürdülər… Yavaş-yavaş özümə gəlirdim, daha doğrusu, nəfəsim
qayıdırdı yerinə. Gözlərimi açanda böyrü üstəydim, əynimdə tuman-köynək
zirzəminin torpaq döşəməsində uzanmışdım. Gözüm küncə zillənmişdi. Orada
üstünə boş balonlar yığılmış sınıq masanın altından, köhnə çəkmələrimiz
qalaqlanan yerdən bayaq gördüyüm siçovul büzüşüb gözlərini düz gözümün içinə
zilləmişdi. Amma o muncuq kimi xırda gözlərdə heç nə yazılmamışdı. İşıq
düşdükcə parıldayan o iki dənə gözün önündə özümü qəfil çox aciz hiss elədim,
hönkürdüm… Bilirdim ki, gözümdən yaş gəlmir, ancaq hönkürürdüm. Bədbəxt
canım, haçan ağlaya bilmişdim axı? Gözlərimə ağlamaq öyrətməyi kimdən
diləyəydim? Cəmalədənmi?
Məni evə gətirib yatağıma uzatmışdılar. Heç nə demir, heç nə danışmırdılar.
Ana-bala ikisi də böyrümdəydi. Üzlərinə baxa bilmirdim. Nə baş verdiyini guya
anlayırdımmı? Sonra deyəsən Teymur öz otağına yatmağa getdi. Cəmalə işığı
söndürdü və bircə kəlmə də danışmadan böyrümə girdi. İkimiz də arxası üstə üzü
qaranlıq tavana uzanmışdıq. Mən indi bilmirdim onun gözlərində nə yazılıb,
bilmirdim, vallah. Bəlkə də “Bayram, səni sevirəm!..” yazılmışdı, bilmirəm. Mən

15

yuxuya getməmişdim, o da yatmamışdı. Barmaqlarımın ucu bir naməhrəmə
toxunurmuş kimi ona dəyəndə gizildədim. Niyə? Niyə axı, niyə, Bayram, nəyin
çatmır sənin? Zalım qızı elə bil daş idi, heç bir nəvaziş-filan göstərmirdi… Haçan
gözümüzə yuxu getdiyini bilmirəm. Səhər telefonun səsinə ayıldım. Cəmalə
yerində yoxuydu, deyəsən, mətbəxdəydi. “Kimdi səhərin gözü açılmamış zəng
eləyən?” Divar saatına baxdım, on ikiyə qalmışdı. Boğazımın dərisi sıyrılmışdı
deyəsən, göyüm-göyüm göynəyirdi. Telefonsa özünü “didib-tökürdü”.
– Alo… – Səsim çox pis çıxdı. Elə xırıldadı ki, özüm güclə eşitdim.
İdrisovun zəhlətökən səsi qulağımı cırmaqladı:
– Harda qaldın, qaşqaldaq?..
Cəmalə otağa girdi. Başımı qaldırıb üzünə baxmadım. Onsuz da gözlərinin
içində nə yazıldığını bilirdim…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest