GenelGüncel

YAŞAMAĞI ÖYRƏTMİRLƏR  – Eluca Atalı 

Eluca Atalı 

                                            YAŞAMAĞI ÖYRƏTMİRLƏR 

(Misir yazıçısı Yusif Ezeddin İsanın “Allaha məktub“ hekayəsinin təhlili əsasında) 

İnsan dünyaya niyə gəlib? İnsan dünyaya necə gəlib? Bu iki sual insanları daim düşündürür, əlbəttə, kimliklərindən asılı olmayaraq. Onun qəhrəmanı isə ətrafındakıları tərəfindən çağırıldığı, üstündə daşıdığı adın ona kim tərəfindən verildiyini belə bilmir. Bilmək istəmirmi? Yoxsa, bilməyi ilə onun həyatında “nə dəyişəcəyi”? sualı düşündürür onu? 

Əslində Yusif Ezeddin İsanın hər iki – istər “Allaha məktub”, istərsə də, “Yasəmən ağacı” hekayələrindəki qəhrəmanlar uşaqlardır. Özü də elə bir yaşda olan uşaqlardır ki, onlar heç bir suala təkbaşına cavab tapa bilməzlər. 

Əslində həyatın təbii qanununa əsasən onlar elə böyüməlidirlər ki, bütün bu suallara nəinki cavab tapmaq haqda düşünməli, özlərini yormalı, əksinə onlar bu növ suallarla rastlaşmamalıdırlar. Elə faciə də burdan başlanır: Azyaşlı uşaq adını ona kimin qoyduğunu belə bilmir və bu sualı ona izah edəcək bir kimsə də yoxdur. 

“O bilmirdi ki, “Zeynəb” adını ona kim qoyub. Onun nə vaxtsa ata-anasının, qohum-əqrəbasının olduğu heç yadına da gəlmirdi. Hətta o bilmirdi ki, neçə yaşı var. Lakin, kaş xatırlaya idi. Çünki bir neçə gündən sonra yeddi yaşı tamam olacaqdı”! 

Burda müəllifin məqsədi ədəbiyyat vasitəsi ilə həyat hadisələrini mənalandırmaqdır, axı, ədəbiyyat həyatı, dünyanı yalnız əks etdirmir. Əgər ədəbiyyatı bu şəkildə qəbul etsək kökündən yanlış fikirləşmiş olarıq, ədəbiyyat hadisələri mənaya yüksəldir, mənaya qaldırır. 

“Allaha məktub” hekayəsinin qəhrəmanı Zeynəb çaşqınlıq, iztirab, kədər içində onu alıb aparan fikirlərlə bir ünvanda qərar tutdu: “Niyə mən Allaha məktub yazmıram? Xanım Zeynəb ziyarətgahında ibadət etməyə gələnlərin əksəriyyətinin dilindən onun adını çox eşitmişəm. Namaz vaxtlarında müəzzin məscid minarəsindən hər gün onun adını yüksəkdən çağırır. Öyrənmişəm ki, o zavallıların pənahıdır, heç vaxt ədalətsizlik etmir və zülm edənləri də sevmir”. 

O, çıxartdığı qərarda israrlı idi, yazdıracağı məktubu adamların atdığı qutuya atsa, onda məktub öz ünvanına –Allaha çatar. Onun dərdindən xəbər tutub dadına yetişər. 

Dua da Allaha müraciətdir, amma şifahi, pıçıltı ilə. Allaha müraciətin məktub şəklini alması oxucunu heyrətləndirir, çünki oxucu heç vaxt Allahı maddi hesab etmir və maddi olmayana bu növ müraciət onu çaşdırır. 

Ətrafında köməyinə çatacaq kimsəni görməyən Zey-nəb yenə kömək üçün özünə müraciət edir – öz içinə boylanır, içindəki Allah sevgisinin boylanıb onun əlindən tutacağına güman edir, nəinki güman, hətta kömək edəcəyinə inanır. Kömək edəcəyinə ona görə inanır ki, onu həmişə özündən yüksək hesab edib və onu hər kəsin yaradıcısı kimi ona qəbul etdiriblər. Balaca qızcığaz Alalhı yaxında yox, birbaşa özündə, içində görür, ona görə də Allahı özünə hər kəsdən yaxın, doğma hesab edir. Bu yerdə balaca Zeynəbin baqqal Əbdül Qadirlə söhbətinə diqqət edək: 

“- Mən sənin üçün allaha məktub yazacam. Yaxşı, ona nə demək istəyirsən? 

-Yaz və ona denən ki, Zeynəb kimsəsizdir, köməksizdir. Məni yanına aparsın. Bəs, məni o yaratmayıb”? 

Doğma bildiyin böyükdür. 

Böyük olan əlçatmazdır. 

Zeynəb əlçatmaz və doğma bildiyini həmdərdi kimi qəbul edir, məhz ona görə də dərdlərini ona pıçıldayır. Baqqal Əbdül Qadir ürəyiyumşaq adam olduğu üçün izhar olunmuş dərdin mirzəsi olaraq onu qələmə alır. 

Zeynəb unudur ki, poçt qutusuna atılan məktublar markalanmalıdır. O isə ümidi ilə yola salır onu, bütün rəsmi markalardan fərqli olaraq, ümidi ilə nişanlayır göndərdiyi məktubu. 

Bir az əvvəl “Axı kimə məktub yazım?” sualı ilə düşünən uşağa qoşulur oxucu. Bizdə də sual doğur: “Axı kimə yazsın? Kimə üz tutsun? Onu həyata atanlar indi həyatda onunla birgə addımlamırlar. Onu həyata atanların yeganə və əsas borcu ona həyatı təqdim etmək idi, bunu isə etməyiblər. Etməyiblər, yoxsa etmək istəməyiblər? Bəlkə, həyat onların özlərinə qarşı da amansız olub? Bu sualların cavabını yazıçı oxucunun öhdəsinə buraxaraq istəyir özümüz düşünüb tapaq, istəyir görək ki, həyatda Zeynəblərin aqibəti necə həll olunur. 

                                                                 II 

Cəmiyyət udur Zeynəbi! 

Balaca zeynəbləri cəmiyyət böyüdə bilmir, udur. 

Çünki cəmiyyətin mahiyyətində doğmalıq yoxdur. 

Cəmiyyət ayrı-ayrı yadların birləşməsidir. 

Ayrı-ayrılıqda yaşaya bilməyən adamlar cəmiyyətdə birləşirlər, birgə yaşayış yerləri cəmiyyətdir. 

Yadlar birləşəndə doğmalıq yaranmır. 

Zeynəb ona görə uduldu ki, biclik bacarmırdı, sadəlövh idi, bu səbəbdən də o, cəmiyyət üçün heç kim idi. 

Mövqeyi olmayan, fərdi özünü idarəni bacarmayan başqaları tərəfindən idarə olunur. Hekayədə verilən başqalarsa, yadlardı. Zeynəbə isə bu cəmiyyət nə analıq etdi, nə də ananı əvəz edəcək bir qucaq açdı. Ona yalnız bir qarın çörək verəcəyini vəd etdi – o da ağır əməyin müqabilində. Özünün qayğısının çəkilməli olduğu bir zamanda, özü qayğı çəkməli oldu. Xatırladıram ki, “Allaha məktub” hekayəsinin qəhrəmanı – bu zavallı balaca, varlı ailəsində uşaq saxlamaqla məşğuldur. 

Balaca Zeynəbin zəifliyi cəmiyyətin soyuqluğuna tab gətirmədi. 

                                       III 

Mahiyyətinə catmayan hadisə əcaib görünür və gülüş doğurur. 

Zeynəbin Allaha məktub göndərməsi və poçt qutusunun yanında oturub ondan cavab gözləməsi körpə sadəlövhlüyündən doğan yazıqlıq səhnəsi yaradır görənlərin gözündə, amma gülməli deyil, əksinə, faciədi. Biz bu tip hadisəyə eynən Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsində rast gəlirik. Ilk baxışdan, gerçək gözlə baxanda bu hal Azərbaycanlı oxucu üçün təzə deyil, amma Novruzəlinin avamlığına gülsək də, Zeynəbdəki avamlığa gülə bilmirik. Müəllif onu gülüş obyekti etmir, faciə qəhrəmanı kimi təqdim edir. 

Zeynəb Novruzəlidən fərqli olaraq uşaqdır, uşaqlıqda isə sadəlik və sadəlövhlük birləşir. Biz Zeynəbə ona görə gülə bilmirik ki, o, cəmiyyətin və həyatın oyunlarına öz uşaq sadəliyi ilə qatılır, özü də istəmədən. Ona heç bir insana, ətrafındakıların mənafeyinə toxunacaq murdarlıq qatmır. 

                                                                                       IV 

Müəllif əsərdə iki Zeynəb adı çəkir: Biri gözümüzün gördüyü, məsumluq nişanəsi olan, əsər 

boyu hərəkətini, fikrini izlədiyimiz, digəri isə “gözümüzün görmədiyi”, amma dindən məlum olan və zavallı Zeynəblərin ac-yalavac həndəvərlərində yaşadığı Xanım Zeynəb ziyarətgahında qəbri ziyarət edilən. 

Böyük, müqəddəs kimi tanınan Zeynəblərin beş addımlığında olan balaca Zeynəblərin aqibəti acınacaqlıdı. 

31 Dözüm Günü, İşıq Ayı, 28-ci il, 

Bakı, 31.05.06 

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest