Yaradıcı ömrün böyük bəhrəsi – Şirindil Alışanov
Şirindil Alışanov
Filologiya elmləri doktoru, professor
Yaradıcı ömrün böyük bəhrəsi
Professor Teymur Əhmədov “Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı”) adlı fundamental əsərini ədəbi-elmi ictimaiyyətə təqdim etmişdir. Azərbaycan xalqının tarixi taleyində müstəsna xidmətləri olan böyük-ictimai siyasi xadim, görkəmli ədib Nəriman Nərimanov fenomeninə XX əsrin hər tarixi mərhələsində münasibət fərqli olmuşdur. Bunun başlıca səbəbi siyasi konyunktura ilə yanaşı, N.Nərimanov fenomenini müəyyən edən tarixi-siyasi gedişatın mahiyyətini və Nərimanovun bu fonda böyük ədəbi-siyasi şəxsiyyət kimi təkamül prosesini əks etdirən fakt və sənədlərin bütövlükdə ortada olmaması, ona verilən təhlillərin elmi vüsət və vətəndaşlıq kəsərinin zəifliyində idi.
Professor Teymur Əhmədov XX əsr Şərqinin böyük ədəbi-ictimai siması olan N.Nərimanova böyük abidə qoymuşdur. Bu abidənin möhtəşəmliyi ona sərf edilən yarım əsrlik vətəndaş – alim ömrünün məzmununu ifadə edir. Teymur Əhmədov humanitar elmin müxtəlif sahələrini özündə ehtiva edən “Nərimanovşünaslığın” banisidir. Çoxsaylı kitabları, tərtibləri, məqalələri ilə bunu elmi reallığa çevirmişdir. Onun əsərlərində N.Nərimanov fenomeni bütün tərəfləri ilə XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan, Qafqaz, Rusiya hüdudlarında baş verən siyasi, ictimai və ədəbi-mədəni tarixi gedişat zəminində öyrənilir. Moskva, Tiflis, Sankt-Peterburq, Bakı, Astarxan kimi arxivlərdə çalışdığı uzun zaman müddətində N.Nərimanovla bağlı çoxsaylı sənədləri üzə çıxaran Teymur Əhmədov eyni zamanda ədəbi-tarixi prosesin də mahiyyəti, məzmunu haqqında dolğun təsəvvür yaradır. Başqa sözlə, bu dövrün ədəbiyyat tarixi, mətbuatın milli-ictimai məzmunu haqqında kitabda sistemli elmi kontekst yaradılır.
Professor Teymur Əhmədovun bu əsərini “N.Nərimanov ensiklopediyası” da adlandırmaq mümkündür. Bu başlıqda nəşrin ortaya çıxacağına şübhə etmədən cəsarətlə demək olar ki, bu səpkidə yaranacaq əsərin də bütün parametrlərini burada tapırıq. Nəriman Nərimanovun dövrü, mühiti, ictimai-siyasi görüşləri, ədəbi-mədəni sahədəki böyük fəaliyyəti, onun tədqiq tarixi, dünyagörüşünün formalaşması və təkamülü kimi amillər ilk dəfədir ki, eyni müəllif, tarixilik prinsiplərinə əsaslanan konsepsiya və yüksək vətəndaşlıq mövqeyindən təqdim olunur.
Nəriman Nərimanovun yaradıcılıq yolu XIX əsrin sonu – XX əsrin ilk onillikləri kimi çoxşaxəli gerçəkliyin fonunda keçmişdir. Yalnız vətəndaş tədqiqatçı inadkarlığı ilə bu dövrün mətbuat tarixi, onun görkəmli təmsilçilərindən olan N.Nərimanovun tarixi xidmətlərinin vüsətini, xalqın tərəqqisində rolunu üzə çıxarmaq mümkündür. Müəllif bu missiyanı bu gün də davam etdirir.
Teymur müəllimin bu əsərində ədəbiyyatşünas, tarixçi, teatrşünas və mübaliğəsiz demək olar ki, ictimai-siyasi gedişatı, dövlətçilik, milli müəyyənlik məsələlərini obyektiv dəyərləndirən fəlsəfi düşüncə, fəlsəfi mühakimə və ümumiləşdirmə qüdrətinə malik tədqiqatçı “məni” özünü büruzə verir.
Əsərdə mətnlə yazıçının dünyagörüşü, bədii sənətkarlığı üzərindəki paralellər əsasında təhlil üsulu N.Nərimanovun şəxsiyyəti və ədəbi irsinin kəsişən məqamlarının dəqiq müəyyən etməyə imkan verir. Özünün obyektiv izahından göründüyü kimi, “N.Nərimanovun bədii yaradıcılığını tədqiq edən ədəbiyyatşünaslardan heç biri “Bahadır və Sona” faciəsinin ilk nüsxəsi üzərində dramaturqun apardığı düzəlişlərdən qətiyyən söhbət açmamışlar”. İstər “Bahadır və Sona”, istərsə də “Nadir şah” əsərlərinin mətni üzərində yazıçının apardığı yaradıcılıq işi onun bədii və ictimai görüşlərinin təkamül göstəriciləri kimi öyrənilir. Bu məqamda Teymur müəllimin mətnşünaslıq səriştəsi öz təsdiqini tapır. Mətn və müəllif problemi N.Nərimanovun bu əsərləri kontekstində öz professional şərhini tapmışdır. “Bahadır və Sona” faciəsinin ilk və son avtoqrafının müqayisəli təhlili zamanı müəllif aparılan düzəliş, əlavə və təshihləri əsərin ideya-bədii təkamülünün göstəriciləri kimi şərh edir. “Bahadır və Sona” faciəsinin ilk və son nüsxəsinin müqayisəsi görkəmli dramaturqun öz yaradıcılığına qarşı təvazökarlığını, həm də faciəni imkan daxilində daha məzmunlu etmək cəhdini göstərir.
Əsərin ədəbi-elmi ictimaiyyət üçün mühüm dəyərlərindən biri N.Nərimanovun ədəbi-siyasi, ictimai portretini yaratmaqda əsas təhlil üsulu kimi bədii yaradıcılığının estetik tutumu ilə ictimai görüşlərinin paralel, müqayisəli təhlil olunmasıdır. Müəllifin bu barədə vaxtı ilə Y.Qarayevin aşağıdakı mülahizələrinə tərəfdar olması Teymur müəllimin bir tədqiqatçı kimi yüksək elmi əxlaqının təsdiqidir. “Tarixi Nadirin ideya və islahatları əsərdə yeni bir məna və vüsət almış, dövlət və cəmiyyət haqqında N.Nərimanovun öz manifestini elan edən vasitəyə çevrilmişdir” (Y.Qarayev).
Kitabın böyük bir fəsli N.Nərimanovun teatr mədəniyyətinin inkişafında xidmətlərinin tədqiqinə həsr edilmişdir. Vaxtı ilə akademik M.İbrahimov yazırdı: “… Nərimanov birinci dəfə olaraq keçən əsrin axırlarında böyük rus yazıçısı Qoqolun “Müfəttiş” komediyasını azərbaycancaya tərcümə etmiş və Qorodniçi rolunu özü oynamışdır”. Kitabda N.Nərimanovun elm aləminə məlum olmayan, müxtəlif qəzetlərdə dərc olunmuş məqalələri, həmçinin müxtəlif nəşrlərdə əksini tapmış informasiyalar əsasında N.Nərimanovu bir teatr xadimi kimi tanıda bilir və tədqiqatçının özünün də teatr tarixi haqqında zəngin məlumat sahibi olduğunu sübut edir. Kitabın “Nəriman Nərimanov və teatr mədəniyyəti” fəsli teatr tarixinin tədqiqi məqamında bir neçə baxımdan əhəmiyyətlidir. Əvvəla teatr mədəniyyətinin müəyyən zaman kəsiyində təkamül prosesi dramaturgiya, mətbuat və teatr hadisələrinin kontekstində tədqiq olunur. Müəllif bu zaman teatr mədəniyyətini irəli aparan yaradıcılıq prinsiplərini, həyat və teatr sənəti arasındakı “ünsiyyətin” tarixi mahiyyətini obyektiv müəyyənləşdirir. Bu bölmədə müəllifin öz sələfləri olan həmkarının fəaliyyətinə yüksək dəyər verir və sübut edir ki, ədəbiyyat, mətbuat tarixi ilə yanaşı teatrşünaslığın da nüfuzlu nümayəndələrinin yaradıcılığına dərindən bələddir və bu sahədə yeni söz demək iqtidarındadır.
Kitabda N.Nərimanovun maarifçilik görüşlərindən inqilabi-demokratizmə doğru keçdiyi yol onun dövriyyəyə gətirilmiş zəngin elmi-publisistik əsərləri əsasında təhlil olunur. Monoqrafiyada ədəbi-bədii janr, onun bir yazıçının timsalında təkamülünün tədqiqi xüsusi söhbətin mövzusudur və demək olar ki, ədəbi fikrimizin müəyyən dövrünün, daha konkret desək tarixi ədəbi prosesin özəlliyi haqqında yeni söz deməyə metodoloji fon yaradır. Məsələn, felyeton janrının tarixinə nəzər salan tədqiqatçı bu janrı təkcə N.Nərimanov yaradıcılığında deyil, ədəbi-ictimai fikir tariximizdəki yerini müəyyən etməyə müvəffəq olur.
T.Əhmədovun tədqiqatçılıq təcrübəsi bu gün sanballı örnəkdir. Onun N.Nərimanovun yaradıcılığı ilə bağlı Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsinə qədər və sonrakı dövrdə elmi təhlilə cəlb edilən faktların əksəriyyəti məhz Teymur Əhmədova məxsusdur və XX əsr ədəbiyyat tarixin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Təkcə onu demək kifayətdir ki, 1929-1935-ci illərdə, Sovet dövrünün plüralizmə imkan verdiyi bir müddətdə nəşr edilmiş “Literaturnaya ensiklopediya” kimi tarixi əhəmiyyətini itirməmiş bir nəsrdə N.Nərimanov haqqında yazılar ümumən Azərbaycan ədəbi-mədəni sərvətləri haqqında mülahizələr təsəvvürü yaradır.
Dövrünün nüfuzlu alimləri tərəfindən bu möhtəşəm elmi nəşrdə N.Nərimanov irsi fonunda ədəbi-ictimai fikir tariximizə ötən əsrin 20-ci illərinin münasibəti dəyərləndirilir. H.Zeynallıdan sonra bu nəşrə bir mənbə kimi ciddi elmi münasibəti T.Əhmədovun göstərilən tədqiqatında görürük.
N.Nərimanovun ədəbi-nəzəri görüşləri bu kitabda ilk sistemli təhlilini tapır və ədəbi-fikir tariximizin yaradılması baxımından müəyyən boşluğu doldurur. Müəllif haqlı olaraq göstərir ki, “N.Nərimanovun tənqidi görüşləri ictimai fəaliyyəti ilə üzvi bağlı olmuşdur”. N.Nərimanovun ədəbiyyat və sənət haqqında mülahizələrini ədibin bədii və siyasi dünyagörüşü ilə vəhdətdə təhlil edir. Onun estetik görüşlərinin mərkəzində maarifçilik, həm də, milli mənəvi müəyyənliyin daşıyıcısı kimi dəyərləndirilir. Müəllif haqlı olaraq belə nəticəyə gəlir ki, N.Nərimanov sənətin ali missiyasını milli-mənəvi tərəqqiyə xidmətdə görürdü. N.Nərimanovun rus və dünya ədəbiyyatının görkəmli əsərlərinə bələdliyi, bu əsərlərdə təlqin olunan böyük humanist ideyaların onun ədəbi görüşlərinə təsiri də monoqrafiyada kifayət qədər dolğun elmi şərhini tapır.
Azərbaycan Respublikasında obyektiv elmi mühitin, demokratik elmi meyarların bərqərar olduğu bir zamanda görkəmli ədəbi, ictimai-siyasi şəxsiyyətlər haqqında tarixilik prinsipinə əsaslanmayan subyektiv mülahizələrə ən yaxşı cavab belə fundamental əsərlərin yaranmasıdır. Bu baxımdan monoqrafiya haqqında akademik K.Talıbzadənin aşağıdakı fikirləri müasir ədəbiyyatşünaslıq elmimiz üçün də dəyərli tövsiyədir: ” T.Əhmədovun N.Nərimanov haqqındakı bu qiymətli əsəri elmi fikrimiz üçün belə bir həqiqəti aşkara çıxarır ki, Azərbaycan ədəbiyyatşünaslığının hələ ayrı-ayrı klassiklərə həsr olunmuş monoqrafik tədqiqatlara ciddi ehtiyac var. Qoy xalq həyatından, milli mədəniyyətimizn ruhundan, arxivimizdən, təzkirələrimizdən, mətbuat tariximizdən xəbərsiz ədəbiyyatçılar bilsinlər ki, hər hansı sənətkarın bioqrafiyasından, arxivlərdə unudulmaqda olan faktlardan kənarda bir çox nəzəri problemləri lazımi səviyyədə, dürüstlüklə həll etmək çox çətindir. T.Əhmədovun yeni tədqiqatı bu cəhətdən də diqqəti cəlb edir.”
Professor Teymur Əhmədov göstərilən əsəri N.Nərimanovun şəxsiyyəti və yaradıcılığı, görkəmli dövlət xadimi kimi fəaliyyəti ilə yanaşı böyük tarixi bir dövrün gedişatı haqqında mükəmməl elmi təsəvvür yaradır və son illərin ən sanballı tədqiqatlarından biridir. Bu əsərin Respublika Dövlət Mükafatına təqdim olunmasını məqsədəuyğun hesab edirik.
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi.