Xəyalə ZƏRRABQIZI Yazdı Qulu Ağsəs

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Xəyalə ZƏRRABQIZI

Allah Adamı…

2013- cü il idi… Həmişə şeirlərində özünəməxsusluğu, yenilikçi ideyaları ilə seçilən Qulu Ağsəs “Ulduz” jurnalında maraqlı bir layihə başlamışdı -“Variasiya”… Layihə çərçivəsində hər ay oxuculara bir yazıçının hekayəsi təqdim olunurdu. Müəllif hekayəsini “razvyazka” mərhələsində (düyünün açıldığı məqamda) dayandırır, finalı tamamlamağı isə oxucuların ixtiyarına verir, beləliklə hər bir oxucu özü düşündüyü kimi əsəri tamamlaya bilirdi. Bu, ədəbi mühitimizdə tamamilə yeni, orijinal, həm də maraqla qarşılanmış hadisə idi. Elçin Hüseynbəylinin “Çıxılmazlıq”, Pərvinin “Çarəsiz yalan”, Firuz Mustafanın “Alın yazısı”, Natiq Rəsulzadənin “Xor adamı” və başqa hekayələr xatirimdədir. Tələbələrimi  həvəsləndirir, onları daxilindəki yaza bilməmək kompleksindən çıxarmaq üçün həmişə bu layihənin nə qədər uğurlu olduğunu deyirdim, bu hekayələrə sonluqlar yaza-yaza onlara yazmağın hətta eskizlərinin belə necə xoş qarşılandığını göstərmək istəyirdim. Layihənin rəhbəri Qulu Ağsəs hər ayın sonunda görüş təşkil edirdi, əsərin müəllifi bütün sonluq yazanlarla görüşür, gözəl müzakirələr olurdu. “Variasiya” həqiqətən ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanırdı…

Karantin sözü ilə lüğətlərdə qarşılaşdığımız vaxtlar idi… Onda hələ pandemiya deyilən illət insanların düşüncəsinə hopmamışdı… Adamlar bir-birini görəndə ürəklə əl verib görüşürdülər. Bir də gördün, on beş – iyirmi adam bir damın altına yığışıb elmi-ədəbi müzakirələr aparırlar…

         2013-cü ilin 1 apreli idi – Gülüş günü… Pərvinin “Çarəsiz yalan” hekayəsini müzakirə edəcəkdik. Dəvət olunduğumuz ünvana gedirdik. Hekayə mənəviyyatımızın başkəndi olan Şuşaya həsr olunmuşdu.

Maşında fikrim hekayə ilə məşğul ikən həyat yoldaşımın səsi məni xəyaldan ayırdı: Sabahınız xeyir, Qulu müəllim! Çatdıq Şuşaya! Aha, oldu, irəlidən işıqforu keçib sola dönürəm, saxlayıram. Çox sağ olun.

Gözlərimi ovuşdurub ətrafa boylandım, Şuşaya çatdıq nə demək idi? Baxdım ki, Şuşa restoranının qarşısında dayanmışıq… Güzgüdən pərişanlığımı görüb ovqatımı dəyişmək istədi: Darıxma, dedi. O da olacaq…

Baxışlarımız güzgüdə kəsişdi… İkimiz də eyni vaxtda köks ötürdük, Şuşanın içimizdə nisgilə dönən vaxtları idi…

Qulu müəllimin dediyi ünvana çatmışdıq. Pərvinin “Çarəsiz yalan” hekayəsinin möhtəşəm bir müzakirəsi keçdi. Latış yazıçısı, tərcüməçi, türkoloq Uldis Berzinş də hekayəyə sonluq yazmışdı, Riqadan zəng edib canlı bağlanmışdı görüşümüzə.

Sonda Qulu Ağsəsinolduqca təsirli çıxışı hələ də xatirimdədi: “Bu gün həmkarımız Hicran xanım Hüseynova da “Variasiya”nın qonağıdır, hekayəyə ümid dolu bir sonluq yazıb: “ Qarabağın qara bəxti açılmış, toy-bayram ovqatı görünməmiş vüsət almışdı. Çalıb-oynayan kim, qurban kəsən, qonaqlıq verən kim. Adamlar dəstə-dəstə işğaldan azad olunmuş bölgələrə axışır, yuxudaymış kimi hələ də reallığı tam mənasıyla dərk edə bilmirdilər.” Əziz dostlar! Mən ürəkdən inanıram ki, bu arzular hekayə, roman sonluğunda qalmayacaq. Bu hadisələrin sonluğu elə belə də bitəcək, biz qayıdacağıq!”

Qulu Ağsəs bu sözləri deyəndə, bütün məclis əhli kövrəlmişdi… 2013-cü ilin 1 apreli idi…

2016-cı ilin aprel döyüşləri ərəfəsi…

Qulu Ağsəs yazmışdı ki: “4 günlük müharibədə bir neçə yüksəklik, kənd və onlarla kilometr ərazini düşməndən təmizlədik. Əgər savaş 4 gün yox, 44 gün davam etsəydi, indi Şuşadaydıq!”

Vallah… Elə beləcə də yazmışdı…

 “Murovu demirəm, Suqovuşanı da demirəm. İlk fəth elədiyimiz yüksəkliyin adı Ruh yüksəkliyidir.Dünyada ən böyük yüksəklik Ruh yüksəkliyidir!Ordumuz əvvəl o yüksəkliyi fəth elədi….

İtki: 20 faiz torpaq.
İl: 2020.
Təsadüfmü? – bilinmir. 2020-də iki 20 var. İki 20 faizə də varıq!“

Burda da Qulu Ağsəs susub, sanki rəqəmlər danışır…

Bəlkə, bu sətirləri yazanda Şairin beyninin bir küncündə 20 noyabr 2020-ci il tarixi işıqlanmışdı, kim bilir?!

Sentyabrın 27-si səhər saat 6-da torpağımıza hücum elədilər…
Məlum oldu ki, onlar bizi yaxşı tanımırlar. Heç biz də özümüzü yaxşı tanımamışıq. Sentyabr 27-si səhər saat 6-dan tanışlıq başladı: indi bizi tək ermənilər yox, hamı tanıyır!

Qulu müəllim ruhunun diqtə elədiyi bu fikirləri dilə gətirəndə Vətən savaşı təzəcə başlamışdı…

Həmişə inanmışam ki, Şairlər sıradan, bizlərdən birimiz deyil, Haqq Elçisidir…

“Saat 6-nı gözləyirəm!”– deyirdi Qulu Ağsəs.  Qeyri-adi nə vardı ki, bu ifadədə?!

Amma bunu Qulu dediyi üçün hamı inanırdı. O, gözləyirsə, demək ki, saat 6-da mütləq nəsə olacaqdı. Axı Şair İlahi vəhyin pıçıltılarını kağıza köçürən adamdı…

Gözlədiyi kimi də oldu… Bir sabah saat 6-da oyandıq ki, dan yeri sökülməmiş Ali baş komandan savaşın bitdiyini elan edib… Ömrümüzə Azadlıq Günəşi doğub…

Şairin yuxusu da, duası da, gözləntisi də çin olmuşdu… Vaxtı da necə uzaqgörənliklə fəhmlə deyibmiş… Axı Göy Adamları yaxşı bilir Göylərin sirrini… Sözləri Tanrı duası, səsi Haqqın nəfəsidir şairlərin…

Ona görə Qulu müəllimin dediklərinə, yazdıqlarına elə Onun çin olmuş yuxusu kimi inanıram… Qulu Ağsəs Allah Adamıdı axı…

Gözlərindən ürəyinin içi görünən, misralarından ruhu duyulan Adamdı Qulu Ağsəs… Sözünü sevdiyim Adamdı. Sözünün ləyaqətini öz ləyaqəti kimi qoruyan Adamdı… Haqdan ruhuna hopan səsi Sözə çevirən adamdı Qulu Ağsəs…

20 aprel 1969-cu il Qulu Ağsəs oğlu Zeynalovun anadan olduğu gündür.

20 noyabr 2020-ci il isə Qulu Ağsəsin yenidən dünyaya gəldiyi – Azadlığın bətnindən doğulduğu gündür…

Adam Azadlığın bağrından qopub dünyaya gələndə daha böyük olur, daha da bütövləşir, tam olur, tamamlanır…

27 ildir ki, Qulu Ağsəs yarım qalmışdı, yaşadıqlarını ömürdən saymırdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəyi günü gözləyirdi…

Dəfələrlə hər hansısa beynəlxalq qurumun dəstəyi ilə ata yurduna gedə bilmək fürsəti əlinə düşsə də, getməmişdi, imtina eləmişdi. Kiminsə böyrünə qısılıb getməyi qəbul etməmişdi. Kimisə böyrüncə Yurduna qonaq aparacağı, süfrəsindən pay verəcəyi günü gözləmişdi… Şükür bu günə…

 Bu dünyada imtina etməyi bacarmaq ali bir dəyərdir, çox adamın boyunun çatmadığı bir məqamdır. (iştah boydan yuxarıdır axı)

Qulu Ağsəs bugünə qədər çox şeylərdən imtina edib, etməyi bacarıb. Əgər belə olmasaydı, o da olardı, hamı kimi sıradan adam. Amma Qulu xor oxuyan deyil axı… Qulunun öz Yolu var… Qulu bu dünyada bircə Yaradanın Qulu olmağı seçib, bir də əlahəzrət Sözün qabağında diz çöküb. Sözə səcdə eləyib, elə buna görə də Söz Qulunun əlindən tutub Dərgahına ucaldıb… Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir Quludan ötrü…

Bu dünyada təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu… Allah bu ucalığı Qulu Ağsəsin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!

Qulu Ağsəs məndən ötrü yeriyən Qarabağdır… Ağdamdır… Başından nə tufanlar keçsə də,  bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən Cümə məscidinin minarəsi kimi üzü Haqqa sarı yol alan Adamdı…

Ağdamdan ötrü üşüyəndə özünü yandıran, sonra külünə şükür eləyən adamdı Qulu Ağsəs… Viran qalmış el-obasını qurddan, sudan, ağacdan soruşan Qazan xan təkin yurdunun əhvalını Rza Diqqətinin fotolarından xəbər alan adamdı Qulu Ağsəs…

27 ildir, ruhu külə dönən Adam… Şəhərinin sütunlarıyla bərabər dünyası yıxılan Adam… Anadan ayrılan bala təkin yaşadığını ömürdən saymayan Adam… Sözü Özündən qabaq Vətənə yol alan, Ağdamın pərişan halına misralarıyla sığal çəkən Adam… Nə müddətdir, görüşünə gedən övladları Ağdamı Qulunun şeiriylə əzizləyirlər, hər gedən bir kərə “Ağam şəhərim!” deyincə Ağdam qəddini düzəldib ağayana görkəm alır, külünü tutiya kimi gözlərinə sürtən balalarını çalın-çarpaz dağlanmış köksünə sıxır… Balaların nəfəsi məlhəm olur Ağdamın yaralarına…

Deyirlər, Ağdama yazdığı şeir Qulunun yaradıcılığının zirvəsidir…

Bu hələ harasıdır?! Qulu yenicə dil açır… Qulu hələ innən belə danışacaq… Əli qələm tutacaq… Qulu hələ innən belə yazmağa başlayacaq… Ayağı Ağdama dəyən gün Qulu “Ağdamın novellası”nı yazacaq…

 27 ildir, darıxan Şair… 27 ildir, ağrıyan Şair… Ağdamsız dünyanı məhbəs sanan Şair… Azadlığın mübarək!

25 yaşın mübarək! Doğuluşun mübarək! Varlığın mübarək! Ömrünə doğan Günəşin – yurduna gələn baharın mübarək!

Pin It on Pinterest