GenelGüncelKültür SanatTürk Dünyası

Xoca Əhməd Yəsəvi və ona həsr olunmuş ilk beynəlxalq elmi konfrans – Tofiq MƏLİKLİ

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Xoca Əhməd Yəsəvi və ona həsr olunmuş ilk beynəlxalq elmi konfrans 

Ahmet Yasevi
Ahmet Yasevi

 Yəsəvilik təriqətinin banisi, öz dini-fəlsəfi düşüncələrini cağatay türkcəsinə yaxın sadə bir dildə və heca vəznini xatırladan bir poetik sistemdə şeirləşdirən, Türkistanın mənəvi böyüyü anlamına gələn “Həzrət-i Türkistan” mərtəbəsinə yüksələn Xoca Əhməd Yəsəvi sovet ideologiyasına uyğun olaraq yasaqlanmışdır. Məsələ burasındadır ki, sufi yəsəvilik təriqəti yalnız Türkistanda, Orta Asiyada deyil, eyni zamanda, İran, Azərbaycan və Anadoluda da geniş yayılmışdı. Anadoludakı Bektaşilik, Babailik, Heydərilik Yəsəviliyin təsiriylə meydana gəlmişdir.

Sufi Yəsəvilik təriqətinin qurucusu, şair, Türk dünyasının mənəvi həyatını ciddi şəkildə etkiləmiş nadir din xadimlərindən olan Xoca Əhməd Yəsəvi (1093-1166, Qazaxıstan) Qərbi Türkistanın Sayram şəhərində anadan olmuş, yeddi yaşında atası Şeyx İbrahim vəfat etdikdən sonra bacısıyla Yəsi şəhərinə köçmüş, burada yaşamışdır.

Xoca Əhməd Yəsəvi, sufizmin əsas postulatları olan – nəfsini önləmək, dünya malına xor baxmaq, dinindən və soykökündən asılı olmayaraq insanları bərabər görmək kimi düşüncələrini özünə məxsus məntiq və inam gücüylə mənimsəyərək şeirləşdirdiyi “Hikmət nəsihətləri” xalqın arasında böyük rəğbət görmüş və geniş yayılmışdı. Əhməd Yəsəvinin “Divan-ı Hikmət”i bu gün də müxtəlif ölkələrdə yaşayan müridlərinin baş kitabıdır.

Yəsəvilik Şərq dünyasında o qədər geniş yayılmış, o qədər dini-mənəvi təsir gücünə sahib olmuşdur ki, ölümündən iki yüz il sonra Teymur Ləng, Əhməd Yəsəvinin məzarı üstünə türbə, məscid, karvansaradan ibarət və memarlıq baxımından çox gözəl bir əsər olan mavzoley tikdirir, üzərinə də bu ayəti yazdırır: “Yox olanın açarı Ondadır. Ondan başqa yerini heç kim bilməz”. Bunlar, əlbəttə, Xocaya verilən böyük dəyərin, sayğının, sevginin göstəricisiydi.

Yəsəvinin dini-fəlsəfi görüşlərini əks etdirən Hikmətlər və o hikmətlərin şeir strukturunun incələnməsi problemi, ümumtürk milli-mədəni dəyərlərinin, sufizmin qədim türk inansları, o cümlədən şamanizm ilə bağlılığının öyrənilməsi, mentalitetimizin formalaşmasında yəsəviliyin təsirinin araşdırılması, türk xalqlarının dini-fəlsəfi, ədəbiyyat və mədəniyyət tarixlərinin obyektiv bir şəkildə yazılması baxımından olduqsa böyük önəm daşımaqda və türkologiyanın əsas problemlərindən biri olmaqdadır. Məhz buna görə də müxtəlif ölkələrdə yaşayan və sayı çox az olan yəsəvişünasları bir araya gətirərək, yuxarıda bəhs etdiyimiz problemləri görüşüb dartışmağa böyük ehtiyac vardı.

Bakı və Türkiyənin Elazığ şəhərindən sonra üçüncü kollokviyumun “Qədim Türk runik abidələri: dil, ədəbiyyat, mədəniyyət, tarix, arxeologiya” mövzusundakı toplantısı 1990-cı ildə Qazaxıstanın o zamankı paytaxtı Alma-Atada keçirildiyi zaman Sovet Türkoloqları Komitəsi (STK) adından Qazaxıstan Elmlər Akademiyası və Nazirlər Kabinetinə belə bir təklif etdim ki, həmin ilin axırında müxtəlif ölkələrdən dəvət olunmuş yəsəvişünas alimlərin iştirakı ilə Qazaxıstanın Türkistan şəhərində Əhməd Yəsəviyə həsr olunmuş beynəlxalq konfrans keçirək. Qazaxıstan rəsmiləri bizim bu təklifi qəbul etdilər. Erdən Kajıbəy və mənim başçılığım ilə Sovet Türkoloqlar Komitəsi ilə Qazaxıstan Elmlər Akademiyasının nümayəndələrindən ibarət təşkilat komitəsi yaradıldı.

Mən konfransa Azərbaycan alimlərini də dəvət etmək istəyirdim. Bakıda olduğum zaman Ədəbiyyat İnstitutunun direktoru, dərin hörmət duyduğum dostum Yaşar Qarayevə bu istəyimi bildirdim. Yaşar bəylə söhbətdən məlum oldu ki, bizdə heç kim Yəsəvinin həyat və yaradıcılığıyla məşğul olmur, görüşdüyüm bəzi alimlər isə onun adını belə eşitməyiblər. Biz ədəbi, fəlsəfi irsimizə, qardaş türk xalqlarıyla ortaq olduğumuz zəngin mədəni abidələrimizə nə qədər biganəymişik! Bu konfransda Azərbaycandan mütləq birinin olmasını istəyirdim, odur ki, qədim türk runik abidələri üzərində araşdırmalar aparan və III kollokviyumun iştirakçısı olan professor Əlisa Şükürlünü konfransa dəvət olunanlar siyahısına saldım.

1990-cı il oktyabrın 21-də “Yəsəvi dünyası” adlı beynəlxalq konfrans iştirakçıları – Türkiyədən Yəsəvinin həyat və yaradıcılığının tanınmış araşdırmaçısı professor Kamal Əraslan, professor Zeynəb Qorxmaz, professor Osman Fikri Sərtqaya, professor Əhməd Bican Ərcilasun, professor Mustafa Tahralı, dosent Xəlil Açıqgöz, Fransadan professor İren Melikoff, Polşadan professor Tadeuş Mayda, Sovet İttifaqından SSRİ EA müxbir üzvü Əthəm Tenişev, professor Aleksandr Şerbak, professor Kenesbay Musayev və heyəti müşayiət edən rəsmilərlə birlikdə avtobuslarla Alma-Atadan Türkistan şəhərinə unudulmaz səfərə çıxdıq. Unudulmaz deyirəm, çünki bu yolçuluqda biz uyğurların yaşadığı kəndləri ziyarət etdik, uyğur qardaş-bacılarımızla çay içdik, söhbət etdik, dağılmış qədim Otrar şəhərinin qala divarlarını gördük, Moskvada yaşayan qazaxıstanlı məşhur türkoloq Kenesbay Musayevin yaşının çox olmasına baxmayaraq at çapmasının şahidi olduq.

Türkistana çatan kimi birbaş Əhməd Yəsəvinin məqbərəsinə getdik. Gördüyümüz mənzərəni sözlə izah etmək mümkün deyil; məqbərənin hər tərəfini qamışlıq, yabanı otlar bürümüşdü. Çətinliklə binanın qapısına gəldik. Qapı bağlıydı. Bu səhnəni görən Kamal Əraslan göz yaşlarına hakim ola bilmir, hönkürtüylə ağlayırdı. Təşvişə düşən rəsmilər ora-bura adam yollayaraq gözətçini tapmağa çalışırdılar. Bir saatdan sonra o adamı tapıb gətirdilər, qapı açıldı və biz məqbərəyə girdik. Məscidin içi bərbad haldaydı, divarlar çatlamış, qapıların şüşələri qırılmış, hər yer toz içindəydi. Məqbərənin bu baxımsız halı hamını pərişan etmişdi. Üstəlik, məlum oldu ki, Türkistanda nə heyətin qala biləcəyi bir mehmanxana var, nə də konfransın keçirilməsinə yarayan yer. Ev sahibləri Türkistana yaxın olan Kentau şəhərinə getməyimizi və konfransı orada keçirməyimizi təklif etdilər. Onlar vəziyyəti bildikləri üçün əvvəlcədən hazırlıq görmüşdülər və biz beləliklə Türkistandan Kentauya yollandıq.

Mehmanxanaya yerləşdikdən həmən sonra Türkiyə heyətinin başqanı Osman Sərtqaya yanıma gəldi və onların təcili olaraq Ankaraya telefon etmək istədiklərini bildirdi. O vaxtlar hələ mobil telefonlar yoxdu, beynəlxalq telefon əlaqəsini yaratmaq da asan iş deyildi. Şəhərin rəhbərləri böyük çətinliklə Türkiyə ilə telefon əlaqəsi yaratdılar və Osman Sərtqaya, Zeynəb Qorxmaz, Türkiyə heyətinin başqa üzvləri Türkistanda gördüklərini ölkənin mədəniyyət naziri Namiq Kamal Zeybəyə həyəcanla anladır və Türk hökumətinin Əhməd Yəsəvi Məqbərəsini təmir etmək üçün memar və inşaatçılardan ibarət qrupun təcili olaraq buraya göndərilməsini xahiş edirdilər. Yaxından tanıdığım və Türk dünyasının mədəniyyəti, tarixi, ədəbiyyatına böyük maraq göstərən, Bəxtiyar Vahabzadənin bir çox şeirini əzbər bilən Namiq Kamal Zeybəyin bu məsələyə ciddi yanaşacağına heç kim şübhə etmirdi.

Türkistan və Kentauda qaldığımız 6 gün ərzində dəyirmi masa iştirakçıları ilk dəfə Sovet İttifaqında Əhməd Yəsəvinin dini – fəlsəfi düşüncələri, poetik hikmətləri, Yəsəvi təriqətinin özəllikləriylə bağlı problemlər ətrafında maraqlı çıxışlar edir və konkret təkliflər irəli sürürdülər. Seminarın yekun mətnində Sovet Türkoloqlar Komitəsi və Qzaxıstan Elmlər Akademiyasına bu görüşün formatının genişlədərək, iki ildə bir Türkistanda Yəsəvi simpoziumunun keçirilməsi təklif olundu. Lakin 1991-ci ildə SSRİ-nin dağılmasından sonra kollokviyum kimi, seminar da öz işini davam etdirə bilmədi.

Ancaq bizim Yəsəviyə həsr olunmuş elmi görüşümüz bir məsələdə öz bəhrəsini vermişdi. Biz hələ Türkistandaykən Namiq Kamal Zeybək xəbər verdi ki, Prezident Süleyman Dəmirəl heyətin təklifini qəbul etmış, yaxın zamanda məqbərənin əsaslı təmiriylə bağlı bir qrup memar və inşaatçı oraya göndəriləcəkdir.

Doğrudan da, bir müddətdən sonra Türkiyə dövləti tərəfindən Xoca Əhməd Yəsəvi Məqbərəsinin əsaslı təmir edildiyini, yenidən ziyarətçilərin üzünə açıldığını öyrəndik. 1991-ci ildə isə Qazaxıstan hökuməti Türkistan Dövlət Universitetinin yaradılmasına qərar verdi, 1992-ci ildə isə həmin ali məktəbin Türkiyə və Qazaxıstan Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinə çevrilməsi haqqında anlaşma imzalandı və 1993-cü ildən bu universitet Türkistanda fəaliyyətə başladı.

Keçən 29 il ərzində Türkistan sürətlə inkişaf edərək, baxımsız bir qəsəbədən gözəl bir tələbə şəhərinə çevrilmiş, Türkiyənin yardımı ilə aparılan təməlli təmir işlərindən sonra  Xoca Əhməd Yəsəvi türbəsi əvvəlki möhtəşəm görünüşünə qovuşmuş və qapılarını dindarların, yəsəvi təriqətinə inanların, turistlərin üzünə açılmışdır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest