Xan qızı Natəvanın qocalıqda miras istəyi – Nazım Nasreddinov
Xurşidbanu Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsidir. Xalq arasında onu “Xan qızı” deyə çağırıblar. Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində XIX əsrin tanınmış şairi Xurşidbanu Natəvanla ilgili bir çox materiallar saxlanılır. Materialların çoxu Zaqafqaziya Şiə İdarəsinə aid 290 nömrəli fondda toplanıb. Tərtibinə 1890 -cı ilin martın 21-də başlanmış rus dilində yazılmış sənədlər toplusu yeddi vərəqdən ibarətdir. Həmin sənədlər şairin tərcümeyi -halını dərindən öyrənmək baxımından çox maraqlıdır. Sənədlər toplusunun başlığı onun məzmunundan xəbər verir:
( По прошению жителья гор.Шуши Хуршуд Бану Бегума дочери покойного генерал – майора Мехти Кули хана и выдать ей свидительство и ее родстве с бездетно умершим Давид ханом Агаларовым Джеваншир).
“Şuşa şəhərinin sakini mərhum general-mayor Mehdiqulu xanın qızı Xurşid Banu Bəyimə onun sonsuz mərhum David xan Ağalarov Cavanşirlə qohumluğunu təsdiq edən şəhadətnamə verilməsi haqqında”.
( По прошению жителья гор.Шуши Хуршуд Бану Бегума дочери покойного генерал – майора Мехти Кули хана и выдать ей свидительство и ее родстве с бездетно умершим Давид ханом Агаларовым Джеваншир)
Materiallardan aydın olur ki,Tiflisdə Cavanşirlər nəslindən David xan Ağalarov Cavanşir vəfat edib.
Cavanşirlər nəslindən bir neçə adam özünü David xanın birbaşa qohumu hesab edir, varissiz ölən David xanın mirasına sahib olmaq fikrinə düşür.
David xanla qohumluğunu təsdiq etmək üçün Xurşid Banu Bəyim daha diribaş tərpənir, Zaqafqaziya Şiə Ruhani İdarəsinin Sədrinə – şuşalı şeyxülislam Axund Mirzə Həsən Tahirova müraciət edir.
Yeri gəlmişkən deyək ki, Mirzə Həsən Tahirovun (1837-1893) ulu babaları əslən Güney Azərbaycanın Sərab vilayətindəndir. Bu nəslin törəmələri sonralar Arazın bu tayına köçmüş, Şuşa şəhərində, Kəngərli və Qapanlı kəndlərində məskunlaşıblar.
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə Tahiroğlular kimi tanınan şəcərənin Məhəmmədtahir soyundandır. O, Xurşidbanu Natəvandan 5 yaş kiçikdir. Çox güman ki, Həsənlə Natəvan uşaqlıq illərindəm bir-birini yaxşı tanıyıblar.
Mirzə Həsən bəy Tahirov haqqında oxucular üçün maraqlı ola biləcək bir faktı da xatırlatmaq istəyirəm.
Axund Mirzə Həsən bəy Tahirov Təbrizdəki məşhur “Talibiyyə” mədrəsəsinin ( mədrəsə -burada ali dini təhsil ocağı mənasındadır-N.N.) məzunudur.
O, 1878-ci il oktyabrın 25-dən 1879-cu il mayın 4-dək Sankt Peterburq Universitetinin şərq fakültəsində fars dili müəllimi işləyib. Onu bu vəzifəyə universitetin rektoru Andrey Nikolayeviç Beketov (1825-1902) dəvət etmişdi.
A.N.Beketov azərbaycanlılara yaxşı münasibət bəsləyən ziyalılardan idi. O, 1849-cu ildə Kazan Universitetini bitirəndən sonra bir neçə il Tiflis Gimnaziyasında botanika müəllimi işləyib.
A.N.Beketovun Mirzə Kazım bəy, Həsən bəy Məlikov(Zərdabi), Mirzə Həsən bəy Tahirov, şeyxülislam Axund Fazil İrəvani ilə işgüzar münasibətləri araşdırılmalıdır. Bu araşdırmalar bir çox nəsnələri aydınlaşdıra bilər.
Bu kiçik lazımi mövzu yayınlanmalarından sonra Natəvan mövzusuna qayıdırıq.
Beləliklə, Xan qızı Xurşid Banu Bəyimi, onun əslini, nəslini yaxından tanıyan şuşalı şeyxülislam tərəddüd etmədən lazım olan sənədləri cəmi altı günün ərzində hazırlayıb, ərizəçiyə çatdırır.
Sənədləri Şeyxülislamla yanaşı, Ruhani İdarəsinin üzvləri – Axund Molla Mustafa Talıbzadə (görkəmli pedaqoq, yazıçı Abdulla Şaiqin atası-N.N.) və Axund Hacı Məmmədhəsən Mollazadə imzalayıb.
Sənədlər Cavanşirlər nəslinin ailə şəcərəsini öyrənmək baxımından çox əhəmiyyətlidir. Xurşid Banu Bəyim mərhum general -leytenant İbrahim xanın oğlu mərhum general -mayor Mehdiqulu xanın doğma və qanuni qızıdır. Xurşid Banu Bəyimin anası – Bədircahan Bəyim Uğurlu xan qızı Ziyadxanovadır. General Mehdiqulu xan general-leytenant İbrahim xan Cavanşirin oğlu mərhum Əhməd xanın yeganə qardaşıdır. Əhməd xanın oğlu general -leytenant Həsən bəy Ağalarovdur. David xan general-leytenant Həsən bəy Ağalarovun oğludur.
Şəhadətnamə 1890-cı il martın 27-də imzalanıb.
***
…Həmişə ucalıqda olan, qocalığında kasıb həyat tərzi keçirən, “taqəti dizdən gedən”, “gözünün nuru tökülən “Xan qızı Natəvanın ölümünə hələ yeddi il qalırdı..
Natəvan ona heç də baş ucalığı gətirməyən miras davasına qoşulmuşdu.
Bu davada kim qazandı, kim uddu bilinmir.
… Qaranlığa və alatoranlığa işıq sala biləcək arxiv sənədlərinin axtarış davam edir..