Xalq şairi Fikrət Qoca
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Xalq şairi Fikrət Qoca vəfat etdi
Azərbaycanın Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.
Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx
kəndində anadan olub.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya
Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan”
jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr
üzrə məsul katibi olub. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş
redaktoru idi.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.
Onun “Qağayı”, “Hamıya borcluyam”, “Stixi”, “Dənizdə ay çiməndə”, “Od
gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan
xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Taleyin ağır taleyi”,
“Seçilmiş əsərləri”, “Eldən elə – dildən dilə”, “Sükutun səsi” və s. kitabları
oxucuların ixtiyarına verilib.
1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 1998-ci ildə “Humay”
mükafatına layiq görülüb. 1995-ci ildə Azərbaycan Respublikasının “Şöhrət”,
2020-ci ildə isə “İstiqlal”ordeni ilə təltif olunub.
Azərbaycanın Xalq şairi Fikrət Qoca bu gün 05 may 2021 ci il də 85 yaşında
vəfat edib.
Allah rəhmət eləsin…
Fikrət QOCA
NECƏSƏN
Allahım, neyləyim ki, bu qanmazlar qansın.
Barı bir dəfə ağıllı söz deyəydilər;
Deyəydim: Necəsiniz, qanmayın, atamız yansın.
GÜNAH
Ağıllı: Gözələ baxmaq savabdı – dedi,
günaha batdı.
Bəziləri o saat çadraya əl atdı.
QAYDASI VAR
Çalmağın da, oynamağın da qaydası var.
Qaydasız yerdə
kar-kor olmağın da faydası var.
YAZIĞIM GƏLİR
Nələr görməyir gözüm,
Həm görüm, həm də dözüm…
Gözə hayıfım gəlir.
Bu nadan adamlara
Acı sözlər yazardım.
Sözə hayıfım gəlir.
SEVGİ
Sevgi ən şirin nemət,
Həm də ən ağır işdi.
Leyli-Məcnuna qalsa,
Kökümüz kəsilmişdi.
DÜNYA
Dünya qəliz dünyadı,
Sən yaşa, döz, dünyadı.
Dünya haqlı olacaq,
Əyri ya düz dünyadı.
HƏKİM VƏ XƏSTƏ
Dedilər: ağır xəstədir.
Xəstə lap can üstədir.
Həkim işə girişdi.
Dedi: çox ağır işdir.
Vaxt əridi, gün keçdi,
Həkim lap əldən düşdü.
Xəstə də durub baxır,
Nə ağlamır, nə gülmür.
Həkim yazıq neyləsin?
Xəstə dirənib durub,
Xəstə ölmür ki… ölmür!
XƏNCƏR KƏSƏRDİ
Xəncər kəsmir qınını,
Kəsərdi, onu qoymur
Mərdliyin sərt qanunu.
BAHAR GƏLİR
Bahar gəlir,
Yarpaqlar dolmalıq olur,
Qızlar yeməli.
Evdə nə oturmusan, ay dəli!
QATİL KİMDİR
Gülün gözəlliyi öz qatilidi,
Bülbülü ömürlük qəfəsə salan
Gözəl nəğməsidir, şirin dilidir.
ACGÖZ ARVAD
Acgöz arvadın
Allahı pul olur,
əri qul olur.
Özü də axırda dul olur.
QANUNDAN KƏNAR
Qanundan kənar
İki addım atırıq dünyada.
Biri dünyaya gələndə,
O biri də, hə də…
SƏN YAXŞI OL
Xoş söz de, gülər üz göstər bahara,
Qaya kövrələcək, daş ağlayacaq.
Qızılgül tikanla sülh bağlayacaq.
Bassan ayağını qara torpağa
Əlində barmaqlar yarpaqlayacaq.
Almas İldırımın birinci yüzilliyinə
Bakıda İldırım çaxdı,
Baxt ulduzun göydən axdı.
Dövran yandı, ellər yaxdı,
Bilinməz güzara kimi.
* Yaşamaq çox ağır işdi,
Ürəyini həsrət deşdi.
Doqquz cəhənnəmdən keçdi –
Rəncbərdən yazara kimi. *
Nərd kimidir bu kainat,
Al özünü zər kimi at.
Oyun oldu ömür, həyat
Bu zərdən o zərə kimi.
***
Tale əkib, baxtı biçib,
Göz yaşların Xəzər içib.
Bu yüz ili özü keçib
Beşikdən məzara kimi.
***
Sən oldun ellər sürgünü,
Türk dilli dillər sürgünü.
Haydı yüzillər sürgünü,
Xəzərdən Xəzərə kimi.
Elazığ Türkiyə-Xəzər gölü,
Xəzər dağı yaxınlığında
2006-cı il
Allah yaradanlarıq
Hamımız Allah uşağıyıq,
Hamımız Allahdan aşağıyıq.
Hərəmiz bir evin işığıyıq,
İşıq da yanır qurtarır.
Allah hamıya iştahına görə verir,
Artıq yeyənlər qaytarır.
Kiçik şeir
Demə bu boyda şeir olmaz!
Mənim gözüm toxdu.
Sənin sözün yoxdu?
Otur, özün yaz!